Zərnigar Ağakişiyeva: “Çox darıxıram, mənə zəng elə...” – ANIM

<span style="color:red;">Zərnigar Ağakişiyeva:  “Çox darıxıram, mənə zəng elə...” – <span style="color:red;">ANIM
9 fevral 2018
# 10:24

Bir vaxtlar hər gün geyinib-soyunduğu, yuyulan, ütülənən, indi də geyinib-soyunmaqdan nimdaşlaşmış, amma əslində işlənməyən səhnə paltarlarını bir çamadana yığıb özü ilə daşıyır. Hərdən çamodanı yerə qoyur, paltarları eşənəkləyib içindən gah Anna Kareninanın şlyapasını, gah da Dezdomonanın donunu götürüb geyinir, sonra hirslə qarmaqarışıq formada çemodana yığıb ağzını bağlayıb götürüb gedir. Hara? Özü də bilmir. Küçədə kimsə onu tanıyır, ayaq saxlayıb arxasınca baxır, amma yəqin inana bilmirlər ki, bir vaxtlar səhnələri lərzəyə gətirən cazibədar aktrisa indi belə səfil görkəmdə küçələrdə nə gəzir?!

Bu Afaq Məsudun əsrinin qəhrəmanıdır. Milli Dram Teatrında Mehriban Ələkbərzadə “Qatarın altına atılan qadın” adı altında səhnələşdirib. Fikrim tamaşadan deyil, az qala eynilə həmin tamaşanın qəhrəmanının həyatını yaşayan aktrisadan danışmaqdır. Özü də bu taleyi yaşamaqdan yaman çox qorxan aktrisadan - Zərnigar Ağakişiyevadan.

Həyatın bütün zərbələrinə sinə gərib, sənətdə öz sözünü artıqlaması ilə deyən, şəxsi həyatındakı uğursuzluqları uğruna belə almadan irəli getməyi, yaşamağı bacaran xalq artisti, azad-tənha qadın Zərnigar Ağakişiyeva.

Ona mütəmadi zəng eləyirdim, hər dəfə də deyirdi ki, bilirəm vaxtın yoxdur, amma mənə zəng eləməyi unutma: “Çox darıxıram, nə gələn var, nə zəng edən. Qaynar bir həyatdan sükuta, səssizliyə düşmüşəm, alışa bilmirəm. Yəqin zamanla alışacam, bəlkə də alışmayacam.”

Zərnigar xanım, evə qapılmayın, çıxın gəzin, yazdı, yaxşı hava var. Deyir utanıram: “Nə qədər küçələrdə gəzəcəksən, deyəcəklər havalanıb, nədir.”

Evdə kimsəsiz öldüyünü eşidəndən sonra vaxtıyla Kulis.azda gedən müsahibəsindən bəzi epizodları vermək istədim.

Baxışlardakı sevgidən ruhlanıram.


”Qubadan Bakıya ticarət texnikumuna qəbul olmağa gəlmişdim. Burda fikrimi dəyişdim ki, rəssam olmaq istəyirəm. Sənədlərimi rəssamlıq məktəbinə aparanda sənədləri qəbul edən adam dedi ki, neyniyirsən rəssam olmağı qız üçün tibb texnikumu yaxşıdır. Mənə qəribə gəldi ki, bu niyə qaramat tökür işimə. Çıxdım atama dedim ki, gedək pis adamlar var burda. Sonra məsləhətləşdik sənədlərimi verdim incəsənətə. Atam, anam savadlı insanlar deyildi, amma çox incə qəlbli, uşağa heç nəyə məcbur etməyən, arzularının qarşısına sədd çəkməyən. “Ötən ilin son gecəsində” anamı oynamışam, daha doğrusu, oynamamışam, sadəcə anamın həyatını yaşamışam. Atam da uşaqkən necə məcbur etməzdi, mən böyüyəndən sonra elə istəklərimlə hesablaşardı. Özləri elə tərbiyə etmişdilər, başqa cür ola bilməzdi. Valideynlərimə çox minnətdaram. İldə iki dəfə burdan maşın tutub Qubaya onların məzarlarını ziyarətə gedirəm. Yeganə övladlarıyam.

Bir qardaşım var, ana bir, ata ayrı, onunla da doğmalaşmadıq, həmişə yad olduq. Bayaq tədris teatrından danışırdıq, dedim ki, İlham Rəhimli, İsrafil İsrafilov, Əlabbas Qədirovla tədris teatrında işləyirdik. Həmin illər də iş stajıma daxildir. 40 ildir mən sənətdəyəm. İsmayıl Osmanlı, Tofiq Kazımov, Mehdi Məmmədovla bir yerdə işləmişəm. Çox nəhəng sənətkarlar görmüşəm. Niyə bunları deyirəm, çünki bu illər ərzində tamaşaçının məni qəbul etməsini, sevməsini hiss etmişəm. Özüm özümü qəbul etməsəm də, məni sənətə bağlayan tamaşaçı məhəbbəti olub. Şəkillərə baxıram özümü tanıya bilmirəm, inana bilmirəm ki, o xarakterlər məndən keçib.

Mən ömür boyu özüm özümü qəbul edə bilməmişəm, özümdən xoşum gəlməyib. Hətta səsimdən zəhləm gedir. Xüsusən Rusiya aktyorlarından bu fikri çox eşitmişəm ki, onlar da özlərinə vurğun deyillər. Şəhəri piyada çox gəzirəm, zövq alıram Bakının gözəlliyindən, insanlardan. Kimlərsə yaxınlaşıb ürək sözlərini deyirlər. Onların gözlərindəki sevgini, parıltını görəndə çox ruhlanıram. Başa düşürəm ki, əməyim boşa getməyib.

13 il birgə yaşadığım adamdan ayrıldım


İlk dəfə səhnəyə gələndə məni bir aktrisaya dublyor verdilər, gözləri ilə məni parçalayırdı. Gözləri açıqca deyirdi ki, rədd ol burdan. Çıxıb getdim. İnstitutun rektoru o vaxt Rahim müəllim idi, dedi ki, sən niyə baş teatrdan çıxıb getmisən, başqaları yalvarır ki, ora düşə bilsin. Dedim ki, məni çəkmədi. Sonra təkrar qaytardılar və bu dəfə Leyla Bədirbəyliyə dublyor verdilər. Düşündüm ki, yenə eyni vəziyyəti yaşayacam. Məşqlər başlandı, Leyla xanım əsərin oxunuşunda məni çağırdı yanına. Məsləhətlər verdi, isti münasibət, səmimiyyət göstərdi. Tamaşa təhvil veriləndə Leyla xanım xaricə istirahətə getdi, baş rol mənim ifamda premyera oldu. Ostrovskinin əsəri idi, Səməndər Rzayev, İsmayıl Osmanlı, “ağır texnika” ilə bir səhnədə oynadım. Tamaşa, ilk rolum çox gözəl qəbul olundu.

Münasib yaş dövrünə düşmədik. Mən eyni dövrdə oxuduqlarımızın hamısından yaşca böyük idim, teatrda isə əsasən məndən çox böyüklər, ya da çox kiçiklərlə ünsiyyətdə olduq. Rus bölməsində oxumuşdum, birdən-birə ətrafdakılara adaptasiya ola bilmirdim. Nə bilim, bunlar bəhanədir, əsas odur ki, tale belə gətirdi, Allahın yazısıdır.

13 il birinə bağlandım, bir yerdə yaşadıq, sonra anladım ki, bu adam ailə qurmağa layiq deyil. Əvvəla, mənim sənətimə maneə olmurdu, deyirdi işlə. Bu xoşuma gəlsə də, sonra acığıma gəldi ki, niyə bu mənim mehmanxanalarda, uzaqlarda olmağımı qəbul edir? Bir də ailə üçün yaranmamışdı elə bil, hər şeyə biganə idi. Mən də artıq tamaşaçı tərəfindən sevilmişdim, o sevgi üstün gəldi. Elələri də olurdu ki, yaxın düşməyə ürək eləmirdi ki, birdən sənəti atmaz. Qadınlar istəyir ki, kişi onun üzərində qələbə çalsın, amma kişilər güclü xarakterli, ağıllı qadınları sevmirlər. Xəyanətlə yoxam, dözə bilmərəm. Allah məni səhnə üçün yaradıb. Bir dəfə anam dedi ki, mən uşaq olanda qaraçı anama deyib ki, bu uşaq məşhur olacaq. Anam deyir dərd məni götürdü ki, bu hələ uşaqdır necə məşhur ola bilər. İndi başa düşürəm ki, o, qaraçı mənim özfəaliyyət dərnəyində çıxışlarımı görüb başa düşüb ki, aktrisa olacam, avam anama ona görə belə deyib. Anam da elə bilib ki, qaraçı uzaqgörəndir. Hələ beş yaşımdan səhnələrdə idim. Anam 40 hörük hörərdi mənə, həmişə səhnələrdə şeir deyərdim. O vaxt Ələsgər Ələkbərov məni Qubada səhnədə görüb deyib ki, bundan bir şey çıxacaq.

Çıxdı, özünü bütünlüklə sənətə həsr etdi, peşman da deyiləm. Əgər künc-bucaqda qalsaydım peşman olardım. Şükür ki, tamaşaçı da sevib dəyərləndirir, dövlət də sağ olsun, bu yaşımda təminatım var. Ömür boyu qaçhaqaçda olmuşam, məşqlər, qastrollar, əziyyətlər. İndi istəyirəm 12-yə qədər yatıram, rahat yaşayıram. Xalq artisti, ömürlük təqaüdçüyəm, bütün bunlar dəyərdir mənə. Bu güzəran üçün özünü həsr etməyə dəyərmiş. Bu gün məni yaşadan qüvvə odur ki, zəhmətim hədər getmədi.”

Bi optimism həm də bir qədər özünü gözlənilən qorxudan sığortalamaq xarakteri daşıyırmış. Bu gün tamam başqa cür danışır. Qorxur. Qorxur ki, bir-neçə ay əvvəl əvvəlcə öz taleyini oynayırmış kimi hazırladığı, sonra əlindən alınan “Qatarın altına atılan qadın”ın taleyi onu da izləyir. Ona görə küçədə görünməkdən, teatra getməkdən çəkinir.

Tamaşada aktrisa nə qədər qovulsa da hər gün teatra gedir. Bir gün teatrın səhnəsindən özünü qatar altına atırmış kimi zala atır. Anna Karenina taleyi… Bu talehli qadınlar hər dövrlərdə var.

Bəlkə nə qədər əlimizdə imkan var, zəmanəmizdə yaşayan bir qadını bu taleyi təkrar etməkdən qoruyaq…

Bunun üçün azacıq diqqətli olmaq yetər.


Ramilə Qurbanlı

# 3327 dəfə oxunub

Oxşar xəbərlər

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #