Lələyəm mən, başdan mən... – daha bir Lələtəpə əfsanəsi

Lələyəm mən, başdan mən... – daha bir Lələtəpə əfsanəsi
15 aprel 2016
# 16:03

Əfsanəvi el aşığı Lələnin izi ilə

Ramilə Qurbanlının “Lələtəpə əfsanəsi” yazısını oxuyub çox alınmışdım: əvvala yazı içimi titrətmişdi, ikincisi Ramilə xanımdan qabaq Facebook səhifəmdə qısa bir status yazmışdım, üçüncüsü... Ən əsası bu üçüncüsü idi: Ramilə xanımın Lələtəpəsi azad edilmişdi, mənim Lalalım qalırdı axı... (Düzdür, torpağımız bütövdür, burda sənin, mənim yoxdu... Amma... Qoy mən də öz Lələ əfsanəmi danışım, sizə dərdim aydın olsun deyə...)

Aprelin 9-da yazmışdım bu statusu:

“Azərbaycanda bir haqq aşığı olub LƏLƏ adında. Konkret yeri, ünvanı, kimliyi bilinmir. Amma bütün Azərbaycanda izləri var. Bizim Zəngilanda Şükrataz yüksəkliyinin yanında bir LALALI deyilən yer vardı. Cəbrayılda LƏLƏTƏPƏ, Qərbi Azərbaycanda Lələdağ və sair. LƏLƏ özü haqqında belə demiş:

Lələyəm mən, başdan mən,
Binadan mən, başdan mən.
Nə atam var, nə anam,
Yaranmışam daşdan mən.

Allah LƏLƏYƏ də, Lələli uğrunda şəhid olanlara da rəhmət eləsin.”

Ramilə xanımın yazısından sonra yazdığım status yadıma düşdü və yaddaşımı qurdaladım. Zəngilanda, Qaradərədə qalmış əlyazmalarımdakılar, kağız-kuğuzlara yazdıqlarım yavaş-yavaş bərpa olunurdu öz-özünə… Ramilə xanımın yazısındakı sınıq misraların da yeri dolurdu…

…1989-ci ildə Miyandərə yaylağına getmişdik ailəmizlə bərabər. Aranın təzə-təzə qarışdığı vaxtlardı. Miyandərənin Şükrataz yüksəkliyində - Lalalının yanında qoca bir kişiyə rast gəldim. Elə o dağların özü kimi qayım-qədim olan qocadan sordum:

- Nədir bu Lalalı kəlməsinin mənası?

- Lalalı deyil, əslində, - dedi qoca… - Lələlidi… Bu yerlər də bir haqq aşığı olub Lələ adında. Sözü keçərri, dili kəsərri, özü də hünərriymiş… Həm də sirri-xudaymış… Qurduğu, tikdiyi dam-daşı gözəgörünməz imiş. Ona görə özünnən sonra belə bir sözü qalıb:

Lələ bir kümə tikdi,

Ağzını günə tikdi.

Qumsuz-daşsız küməni

Tikdikcə genə tikdi...

(Genə - yerli ləhcədə yenə anlamındadır.)

Lələ həm də, dediyim kimi, elatın başbiləniymiş. Qolunu qolaylayıb atdığı daş hara düşsəydi, elat orda yurd salarmış. Amma Lələnin sirri-xuda olması, onu o qədər sirli-sehrli eləmişdi ki, özünün söylədikləri ilə, özgələrin söylədiyi qarışıb bir-birinə, olub Lələ dastanı. O dastandan belə misralar gəlib çatıb bu günümüzə.

Lələyəm mən başdan mən,

Binadan mən, başdan mən.

Nə atam var, nə anam,

Yaranmışam daşdan mən.

Lələnin elatda istədiyi Lala adlı bir qız da varmış. Amma insaf-mürvət bilməyən elatın bəyi qızı Lalanı ona vermək istəmir. Lələ Lalanın dərdindən yanır, cızdağı çıxır, elə yana-yana oxuyarmış

Lələyəm, Lalalıyam,

Eşq elminnən halıyam.

Lala loğmanım gəlsin,

Dərdinnən yaralıyam...

Bir adı Lalalı, biri Lələli olan dağda bir gün - günün günorta çağı Lələ ilə Lala əl-ələ tutuşub qeyb olurlar... O gün, bu gün, o dağın adına gah Lalalı, gah da Lələli deyərlər...

...Ramilə xanımın sağ əli bizim başımıza! Gün o gün olsun ki, Lələtəpə kimi, Lələli-Lalalı da düşməndən azad olsun!

Nə bimək olar? Bəlkə Lələ ilə Lala da o sirri-xudadan enib gələrlər azad olunmuş torpaqlarımıza...

# 1860 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
8 yaşlı oğluyla şəhid olan xanəndəmiz - Erməni qadın onu niyə 7 il həbs etdirmişdi?

8 yaşlı oğluyla şəhid olan xanəndəmiz - Erməni qadın onu niyə 7 il həbs etdirmişdi?

12:00 6 noyabr 2024
# # #