Marslılar amerikalıları necə qorxutdu? – ARAŞDIRMA

Marslılar amerikalıları necə qorxutdu? – ARAŞDIRMA
11 avqust 2016
# 12:50

1938-ci ilin 30 oktyabr axşamı amerikalılar ənənəvi “Hellouin” bayramını qeyd edirdilər. Heç kəs Amerikanın Şərq sahillərini və Kanadanın bir hissəsini əhatə edəcək kütləvi çaxnaşmanın baş verəcəyini əvvəlcədən bilmirdi. Əlbəttə heç gənc radio rejissoru Orson Uellsin ( “Vətəndaş Keyn” filminin rejissoru) də insanları vahiməyə salmaqda pis məqsədi yox idi. O, Hellouin günündə sadəcə insanlarla radio zarafat etmək istəyirdi.

Veriliş adi qayda ilə başladı: “Xanımlar və cənablar! “Kolambia” radioverilişlər korporasiyası Orson Uells və onun “Açıq havada Merkuri teatrı”nın səhnələşdirilməsində Herbert Uellsin “Dünyaların müharibəsi” əsərini təqdim edir.” Bundan sonra dinləyicilər səhərki günün hava proqnozunu dinləyirlər, daha sonra yüngül musiqi konserti başlayır. Bir qədər əvvəl tamaşanın elan olunması barədə xəbəri dinləyicilərin çoxu artıq unutmuşdular və musiqinin də tamaşa çərçivəsində səsləndiyini bilmirdilər.

Qəfildən konsert kəsildi. Diktor elan etdi ki, Priston observatoriyasının professor-astronomunun məlumatına görə Marsın səthində qəribə işartılar müşahidə olunub. Dinləyicilər deyəsən bu məlumatı da unudurlar və konsert təzədən efirə verilir. Tezliklə konsert yenidən kəsilir və bu dəfə başqa bir xəbər verilir: astronomun sözlərinə görə nəhəng bir cisim Marsdan Yerə doğru hərəkət edir.

Bundan sonra konsert lap tez-tez kəsilməyə başlayır, xəbərlər də daha kəskin hal almağa başlayır. Bir çox radiodinləyicilər artıq konsertə fikir vermir, səbirsizliklə növbəti xəbəri gözləyirdilər. Bir qədər sonra Si-Bi-Es radio korporasiyasının müxbiri canlı yayıma qoşularaq həyəcanla danışmağa başlayır. O, xəbər verir ki, Pristondan 8 km aralıda yerləşən Qrovers-Mill kəndinə Marsdan nəhəng meteorit düşüb. Növbəti xəbərləri o, artıq hadisə yerindən verməyə başlayır, meteoritin yaratdığı nəhəng krateri gördüyünü, xeyli insan tələfatının olduğunu, polislərin hadisə yerinə toplaşanları qovduğunu deyir. Müxbir ərazisinə meteorit düşən fermeri tapıb onu danışdırır. Fermer ağlaya-ağlaya məhv olmuş məhsulundan, ölən heyvanlarından və qonşularından danışır. Bu zaman müxbirin səsini batıran bir gurultu eşidilir. Məlum olur ki, səs böyük qapağı açılmağa başlayan nəhəng metallik silindr formasındakı meteoritdən gəlir. Radiodinləyicilər nəfəslərini udmuşdular.

Müxbir məlumat ötürməyə davam edirdi: qapağın altından qəribə varlıqlar çıxıb yerə düşməyə başladı. Onlar özləri ilə misilsiz dağıdıcı gücə malik silah da çıxarırdılar. Marslılar “ölüm şüaları”nı ətrafa saçaraq hər yeri külə döndərir, bununla güclərini nümayiş etdirirdilər. Bu vaxt radiodan təcili xəbər verilir. Hökumət Qrovers-Millə nizami orda yollayıb, qoşun marslıların silindrinin düşdüyü ərazini əhatəyə alıb. Müxbir dərhal mühasirədə iştirak edən əsgərdən müsahibə alır, daha sonra professor-astronom söhbətə qoşulur. Bu vaxt əraziyə göndərilmiş hissələrə komandanlıq edən zabit hadisə yerini dərhal boşaltmağı əmr edir, çünki hər an marslılarla müharibə başlaya bilər.

Gərginlik sürətlə artırdı. Dinləyicilər baş verənləri gerçək kimi qəbul edirdilər. Bütün bunlar azmış kimi bu vaxt Daxili İşlər Nazirinin xalqa müraciəti də səsləndirilir. O, xalqı sakitliyi qorumağa çağırır polis və ordunun hər şey nəzarətdə saxladığını söyləyir. Axı hansı normal adam hər şeyin nəzarətdə olduğuna inanar? Əgər Daxili İşlər naziri müraciət edibsə deməli vəziyyət olduqca ciddidir.

Hadisə yerindən növbəti reportaj insanları şok vəziyyətinə salır.

Marslılar silahlarını yenidən işə salaraq ordunun qurduğu mühasirəni və kəndi külə döndərirlər. Bu vaxt qaynar nöqtədən “qaçmağa” imkan tapmış müxbir hadisənin gedişatı haqqında məlumat verməyə davam edir, qaçqınlardan, yanan evlərdən, yanıb külə dönmüş cəsədlərdən danışır. Bütün bunlar dəhşətli qışqırıq, fəryad və partlayış səslərinin fonunda baş verir. Qəfildən efirdə partlayış səsi yayılır. Sakitlik yarananda isə kiminsə səsi eşidilir: “Ey, kim var burda” Ey...” Radioqəbuledicilər susur.

Bu susqunluq uzun müddət davam etmir, professor yenidən efirə qoşulur. Amma bu dəfə onu daha heç kəs dinləmirdi. İnsanları vahimə bürümüşdü. Baş verənləri gerçək kimi qəbul edən insanlar isteriyaya qapılır, pəncərələrdən özünü atır, əllərinə keçəni götürüb evlərindən qaçırdılar.

Şəhər yolları evindən qaçıb canını qurtarmaq istəyən insanlarla dolmağa başladı, avtomobil yollarında tıxac yarandı. İnsanların bircə arzusu vardı: Marslıların gətirdiyi bu dəhşətdən mümkün qədər tez qaçıb uzaqlaşmaq. İnsanlar dövlət müəssisələrinə, xəstəxanalara, polis idarələrinə zəng edir, onları xilas etmək üçün yalvarırdılar. Xalqın bir hissəsi isə tələb edirdi ki, silah anbarları dərhal açılsın, xalqa silah paylanılsın, yollara mina döşənsin, marslıların üstünə isə partlayıcı maddələrlə dolu ölüm təyyarələri göndərilsin. Sonradan telefon şirkətləri elan edəcəkdilər ki, həmin gün telefon xətləri həmişəkindən beş dəfə çox məşğul olub.

Sonradan bu faciəni öz gözləri ilə görmüş şahidlər də peyda olmuşdu. Guya onlar möcüzə nəticəsində marslıların əlindən xilas ola biliblər. Bu cür çıxışlar insanları daha da dəhşətə salırdı.

İnsanlar yalnız səhərə yaxın sakitləşməyə və evlərinə qayıtmağa başladılar. Təbii ki, çoxları üçün bu bayram məhv olmuşdu. Əvəzində jurnalistlər üçün xeyli iş yaranmışdı, bir gecəyə xeyli hadisə baş vermişdi. Bir çox qəzetlərin ilk səhifəsində müxbirlərdən və qəzəblənmiş insanlardan qaçmağa çalışan Orson Uellsin şəkli əks olunmuşdu. İnsanlar bunun oyun olduğunu başa düşmüşdülər.

Tezliklə qəzəblər soyuyur, Orson Uells isə Amerikanı qorxudan məşhur insana çevrilir.

Həmin gecə nə baş vermişdi, niyə insanlar istedadla hazırlansa belə bu tamaşanı həqiqət kimi qəbul etdilər. İnsanlar bir saatdan az müddətə marslıların yerə gəlib çıxmasına, böyük bir ərazini tarmar eləmələrinə, ordunun bir neçə dəqiqə ərzində o kəndə gətirilməsinə və döyüşə başlamalarına necə inana bilərdilər. Amma buna inanlar az deyildi, düz 1.2 milyon insan. Bu hadisə orduda ciddi marağa səbəb oldu. Onlar böyük gücə malik yeni psixoloji silah kəşf etmişdilər.

Bu hadisə aydın şəkildə sübut elədi ki, insanlar KİV-lər tərəfindən yaxşı hazırlanmış, mükəmməl rejissor işi olan istənilən yalana inanmağa hazırdırlar.

# 1525 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #