Hitlerə nekroloq yazan dahi

Hitlerə nekroloq yazan dahi
19 fevral 2018
# 21:00

Kulis.az bu gün anım günü olan Nobel mükafatı laureatı Knut Hamsun haqqında yazını təqdim edir.

Əsl adı Knud Pederson olan Knut Hamsun 1859-cu il avqustun 4-də Norveçin şimalında yerləşən Lom qəsəbəsində çoxuşaqlı ailədə dünyaya gəlib. Dərzi atanın bütün zəhmətlərinə baxmayaraq ailə olduqca kasıb həyat tərzi sürürdü. Bu səbəbdən də bir müddət sonra Knutun ailəsi dolanışıq ucbatından Xamayroy qəsəbəsində yaşayan qohumlarının yanına köçməli oldu. Knut da gücü çata bildiyi qədər ailəsinə köməklik etməyə çalışır. Ayağında taxtadan düzəldilmiş ayaqqabılarla hər gün səhər açılandan, axşama qədər sürü otarır, onların oğurlanmamasına, itməməsinə göz qoyurdu. Çox sərt insan olan dayısının istəyi ilə valideynləri Knutun səkkiz yaşı tamam olanda onu bir rahibin yanına təhsil almağa yollayırlar. Ata ocağından ayrı düşən oğlana kilsə həyatı və dayısının sərt həyat şərtləri çox ağır gəlir. Beş ildən sonra sərt dayısının tam əksi olan mülayim xasiyyətli digər dayısı onu özü ilə Knutun doğulduğu qəsəbəyə gətirib bir tacirin yanında işə düzəldir. Bir il sonra Knut daha varlı bir tacirlə işləməyə başlayır və tacirin qızına aşiq olur. Lakin iş elə gətirir ki, tacir iflas edir. Ortalıqda qalmamaq üçün Hamsun əlində olan pulla xırda-xuruş bazarlıq edib həmyerlisi olan bir oğlanla küçə satıcılığına başlayır. Şəhər, kənd demədən bütün günü yollarda dolaşan dostlar əsasən daraq, qələm, kibrit, şam kimi xırdavat alveri edirlər. Bir müddət sonra onların yolu ayrılır. Knut özü təkbaşında satıcılıq etməyə başlayır. Havalar soyuyub, qar yerə düşəndə, o, ailəsinin yanına qayıdır. Yaz gələndə isə yenidən öz işinə başlayır.

On səkkiz yaşı tamam olanda Hamsun pinəçilik öyrənmək üçün Bude şəhərinə yollanır. Bir müddət sonra ara-sıra oxuduğu kitab və qəzetlərdə çıxan şeirlərdən təsirlənərək şeir yazmağa başlayır. Daha sonra “Əsrarəngiz adam” adlı kiçik bir roman da yazıb bitirir. Bir il sonra “Qarşılaşma” adlı daha irihəcmli roman yazıb çap etdirdi. Həmin dönəmlərdə o, artıq İbsenin əsərlərini sevə-sevə oxuyurdu.

Ailəsi onun əsərlərini heyrətlə oxuyurdu. Lakin bir gün Hamsun atasından pul qazandıracaq işlərlə məşğul olması haqqında məsləhət dolu məktub aldı. O, elə Bude şəhərində yerləşən dəftərxana idarəsinə katib kimi işə düzəldi. Müdirin yaxşı kitablardan ibarət kitabxanası vardı. Hamsun boş vaxt tapan kimi ordakı kitablardan oxuyurdu. Qısa zaman ərzində onun gözləri zəifləyir və o, eynəkdən istifadə etməli olur.

İlk yaradıcılıq illəri...

İyirmi yaşında “Frida” adlı hekayə və şeirlər yazıb Kopenhagenə gedir. Əvvəl bir naşirlə, daha sonra şeirlərini bəyəndiyi şairlə görüşüb yazdıqlarını onlara oxutmaq istəsə də bütün cəhdləri boşa çıxır.

Knut həvəsdən düşür və yoxsul vəziyyətdə Oslo şəhərinə qayıdır. Əlində qalan pulla balaca bir otaq kirayələyib məqalələr yazır. “Frida” hekayəsini təkrar-təkrar oxuduqdan sonra vərəqləri cırıb yanan ocağa atır. Yenidən yol hazırlığı görüb Amerikaya gedir. Orada Henri Conson adlı bir müəllimlə tanış olub ondan ingilis dilini öyrənir. Mark Tven və digər yazıçıların əsərləri ilə də Henri sayəsində tanış olmağa başlayır. Əvvəllər ingiliscə sonra Norveç dilində konfrans mətnləri hazırlayır. Gün boyu oxumaq və işləmək onun səhhətinə mənfi təsir göstərdi. Konfransların birində yüksək səslə danışarkən sinəsindən tutan sancıyla öskürüb qan tüpürərək yerə yıxılan yazıçıya həkimlər sürətli vərəm diaqnozu qoyur. Onun bir, ya da iki aylıq ömrü qalmışdı. O, dostları ilə danışarkən deyir: “Ölürəmsə, Norveçdə ölüm”. Dostları müəyyən məbləğdə pul toplayıb onu Norveçə yola saldılar. Səfər başa çatandan sonra heç kimin gözləmədiyi halda Knut sağalmağa başladı. Aradan bir ay, iki ay hətta bir il keçdi. Amma həkimlərin diaqnozu özünü doğrultmadı.

1985-ci ildə Mark Tven haqqında hazırladığı yazıdakı adı Knut Hamsun kimi çap olundu. Soyadının sonundakı d hərfinin itməsinə əhəmiyyət verməyən yazıçı elə o vaxtdan Knut Hamsun imzasıyla yazmağa davam etdi.

Osloda onu yenidən aclıq dolu günlər qarşıladı. Tramvayda bilet satmaqla məşğul olan gələcəyin yazıçısı yazmağa davam edirdi. Yazıçıya şöhrət gətirən “Aclıq” romanı məhz həmin günlərin təcrübəsindən yarandı. Romanı yazdığı zamanlar Knut yenə ac qalırdı, amma bu aclıq onun romanı yazmasına daha çox kömək edirdi. Roman bitdikdən sonra onu “Politika” qəzetinin redaktoru Edvard Brandesə göstərdi. Əsər redaktorun çox xoşuna gəlmişdi. O əlyazmaları evə aparıb qısa müddət ərzində oxuyub bitirdi.

Beləliklə “Aclıq” romanından parçalar ilk dəfə 1888-ci ildə yazıçının adı qeyd olunmadan “Politika” qəzetində dərc olundu.

Otuza yaxın iri həcmli əsərlərin müəllifi olan yazıçının “Aclıq”, “Pan”, “Misteriyalılar”, “Torpağın bərəkəti”, , “Roza”, “Viktoriya” kimi əsərləri bir çox xalqların dilinə tərcümə olunub.

Nobel mükafatı və Göbbelsə bağışlanan hədiyyə...

1920-ci ildə Hamsun “Torpağın bərəkəti” adlı irihəcmli romanına görə “Nobel” mükafatına layiq görülür. 1943-cü ildə yazıçı öz hərəkətlərində daha radikal olmağa başlayır. Açıqdan-açığa faşizmi dəstəkləyir. Adolf Hitlerlə və Jozef Göbbelslə görüşür. Ona təltif olunmuş Nobel mükafatı medalını Göbbelsə bağışlayır. Bu görüşdən sonra milyonlarla oxucu ondan üz çevirir, əsərlərini yandırır.

Hamsun öz inamında səmimi idi və ciddi şəkildə Almaniyanın rəhbərliyi altında Norveçin işıqlı gələcəyinə inanırdı. Qanlı işğalı anlaşılmazlıq hesab edirdi. Özünün də dediyinə görə məhz bu mövzu Hitlerlə görüşündə əsas səbəb idi. İlk dönəmlərdə o, faşizm ideyalarından ilhamlansa da, 1938-ci ildən müharibənin sonuna qədər bir sətir də yaza bilmədi.

Çoxları onun Hitlerə olan münasibətini "zərərli" yazıçılığına bağlayırdılar: o həmişə cəmiyyətin əksinə gedirdi. Müharibənin sonunda Hitlerin intihar etdiyi məlum oldu. Hamsun Hitler üçün nekroloq yazaraq onu "xalqların hüquqları uğrunda mübarizə aparan qəhrəman" adlandırdı. Hamsunun ətrafındakı yaxın insanlar onu bu addımı atmaqdan çəkindirməyə səy göstərsələr də bir nəticə hasil olmadı. Sonralar o, öz hərəkətinin motivlərini oğluna belə izah etdi: "cəngavərlikdən irəli gəlirdi oğul. Cəngavərlikdən..."

Bağışlanan ömür...

Taleyin ironiyası olmalı ki, Hamsunun sonrakı müqəddəratı Moskvada həll olunurdu. Norveçin yeni qurulmuş koalisiya hökuməti Hamsun da daxil olmaqla bir vaxtlar faşizmə dəstək olmuş bütün tanınmış adamların ədalətli şəkildə mühakimə olunmalarını tələb edirdilər. Lakin, söhbət yazıçının üzərinə gəlib çatanda Vyaçeslav Moloxovun üzündəki sərt ifadə dəyişir. O, hesab edir ki, əvəzsiz ədəbiyyat nümunələri yaratmış yazıçını adi nasist kimi mühakimə etmək olmaz. Beləliklə Moloxov Knut Hamsuna toxunmamağı, ona öz həyatını sakit şəkildə sona çatdırmasına imkan yaratmağı məsləhət görür.

1945-ci ilin payızında Hamsun həyat yoldaşı ilə birlikdə psixiatrik xəstəxanaya yerləşdirilir. Yazıçı 4 aydan sonra qocalar evinə köçürülür. 1947-ci ildə böyük yazıçı faşizmə dəstək verdiyi üçün məhkəmə qarşısında dayanır və 80 min dollar məbləğində cərimə olunur.

Bütün bunlara baxmayaraq, Knut Hamsun 1949-cu ildə “Ot basmış cığır boyu” adlı sonuncu romanını yazdı. Əsər ona qurulan məhkəmə prosesi haqqındadır. Bu oxucularını yenidən onun yaradıcılığına qaytaran 90 yaşlı yazıçının son sözü idi. Knut Hamsun 1952-ci ildə 93 yaşında dünyasını dəyişir.

# 2267 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #