“Atamın bir qəpiyi yox idi, amma göyərçini min manata satmadı”

“Atamın bir qəpiyi yox idi, amma göyərçini min manata satmadı”
9 fevral 2013
# 08:30

Quşbaz Azərlə Sabunçuda yerləşən “Cındır bazarı”nda tanış olduq. Qarşısına balaca bir qəfəs qoyub göyərçin satırdı. Bazarda daimi alver edən göyərçin satıcılarından fərqli olaraq Azərin satdığı göyərçinlər daha ucuz idi. Yaxınlaşıb əvvəlcə quşların qiymətini soruşdum. Azər həvəslə satdığı quşları tərifləməyə başladı: “Əmioğlu, ən ucuz quşlar bu gün məndədir. Alverçi deyiləm, pula ehtiyac var deyə öz saxladığım quşların bir neçəsini satmağa çıxarmışam. Bir dənəsini 10 manatdan verərəm. Hamısını alsan endirim də mümkündür. Alverçilərdən soruşsan ən ucuzu 20 manatdır. Ehtiyacım var, ona görə ucuz satıram.”

“Atam köhnə quşbazdır...”

Hiss elədim ki, Azər yalan danışmır. Bütün diqqəti satmaq istədiyi quşlarda olsa da, onu söhbətə tutdum. Cəmisi 20 yaşı olsa da, 5 ildən çoxdur ki, quşbazlıq edir. Dediyinə görə doğulduğu Maştağada bu işlə məşğul olan insan çoxdur: “Bizim kənddə quş saxlayan çoxdur. Mənim atam da köhnə quşbazlardandır. Yaşı əllini keçsə də, gündə 2-3 saat quşlarla məşğul olur. Quş saxlamaq həvəsi atamdan keçib mənə.

İnternetdə vaxt keçirməkdənsə, “Play Station” oynamaqdansa, quş saxlamaq yaxşıdır. Uşaqlıqdan meylimi göyərçinlərə saldığım üçün, boş vaxtımı ancaq quşlarla keçirirəm. Avaraçılığa, oyun-oynamağa vaxtım olmur. Oxumağa həvəsim olmadığı üçün orta məktəbi 8-ci sinifdən buraxdım. Elə o vaxtdan başladım atamın göyərçinlərindən ayrı, özüm üçün göyərçin saxlamağa. Atam öz göyərçinlərini nə satır, nə də kiməsə bağışlayır. Keçən ildən özümə ayrıca quş damı düzəltmişəm. Quş uçuranda da, ayrı vaxtlarda uçururuq”.

Göyərçinlər sakitləşdirir

Azər göyərçinlərindən həvəslə danışır. Dediyinə görə, Bakı kəndlərində geniş yayılan quşbazlıq son vaxtlar həm də onun qazanc yeridir: “Əvvəl bir-iki dənədən artıq quş saxlamağa imkanım yox idi. Həm yer problemi, həm də quşları yemləmək problemim vardı. İndi çox şükür ki, quş damım var və 35-40 dənə göyərçin saxlayıram. Təcili pul lazım olanda bazara gətirib satıram. Dost-tanış quş saxladığımı bilir və gəlib məndən quş alır. Kənddə 10 manatdan baha quş satmamışam. Bazarda isə 20 manata satdığım göyərçinlər də olub. Bir dəfə isə bəzəkli bir göyərçini yüz manata verdim. Bəzəkli göyərçinlər çox bahadı. Amma mən daha çox ağ göyərçinləri sevirəm. Bir gün evdə quşlarımla məşğul olmasam darıxıram. Onlarla məşğul olmaq məni çox sakitləşdirir. Bütün quşbazlar sakit olur. Çünki göyərçinlər adamı sakitləşdirir və rahatlaşdırır. Nə siqaret çəkirəm, nə də içki içirəm.”

Min manatlıq uçuş

Quşbazlıq eləmək üçün xüsusi bacarıq lazım deyil. Balaca bir quş damın və quşlarla məşğul olmağa bol vaxtın varsa quşbazlıq edə bilərsən. Azər isə hələ ki işsiz olduğu üçün quşbazlıq eləmək üçün vaxtı boldur: “Hərbi xidmətdən gələndən iş axtarıram. Təhsilsiz olduğum üçün yaxşı iş tapa bilmirəm. Amma iş tapsam da quşbazlığı atmaram. Mən göyərçinlərimlə nəfəs alıram. Mehrimi elə salmışam ki, ayrıla bilmirəm. Bəzən bir göyərçinin uçmasını aylarla, həftələrlə gözləyirəm. Yaxşı uçan quşun yaxşı da qiyməti olur. Atamın bir göyərçini var idi. Elə gözəl süzürdü ki, hamının xoşu gəlirdi. Atamın bir quşbaz dostu var, xoşu gəldi bu göyərçindən. Gözümün qabağında atama 1000 manat saydı, atam o quşu satmadı. Həmin vaxt bilirdim ki, cibində bir manat da yoxdur. Pulu olmasa da, yaxşı uçan quşunu satmadı”.

Başqasının quşunu tutdunsa sənindir

Azər uzun müddətdir bu işlə məşğul olsa da, atası qədər təcrübəli olmadığını etiraf eləyir. Həm də atası kimi quşbazlığın qaydalarına riayət eləmir: “Başqasının quşunu tutdunsa sənindir. Köhnə quşbazlar azmış göyərçini fitlə aşağı salıb tuturlar, yeni yuvasına öyrəşənə qədər qanadlarını kəsirlər. Mən də çox quş salmışam. Amma yiyəsi çıxsa, qaytarıram. Yiyəsi çıxmasa, özümə götürürəm. Mən köhnə quşbaz adətlərini xoşlamıram. Halallıq əsasdır. Bir də görürsən ki, mənim göyərçinlərim hansısa xam göyərçini də gətirir yuvaya. O quşu geri qaytarıb-qaytarmamaq mənim üçün insaf məsələsidir. Atam isə deyir ki, azıb gələn quşu geri qaytarmaq lazım deyil. Amma mən belə şey eləmirəm. Elə quşum var ki, 2 il əvvəl satmışam amma qayıdıb, 2 ildən sonra qayıdıb. Belə quşu geri qaytarmıram. Quşu ac saxlamasan, heç vaxt qaçmaz”.

Quşbazlığa yaxşı baxmırlar

Azər bəzi tanışlarının quşbazlığa yaxşı baxmadığını deyir. “Çoxu məni avara hesab eləyir. Amma quşbazlıq mənim ürəyimcədir. Oğurluq eləmirəm, adam soymuram. Vaxtımı mənasız şeylərə yox, Allahın yaratdığı göyərçinlərə sərf edirəm. Göyərçini müqəddəs quş sayıram. Elə olmasa məscidlərin həyətində dəstəylə göyərçin olmaz. Televizorda görmüşəm ki, Türkiyədə, İranda məscidlərdə çoxlu göyərçin olur. Kərbəlaya, Məhşədə gedib gələnlər deyir ki, göyərçinlər məsciddə adamların arasında uçuşur, heç kəsdən də çəkinmir”.

Azərin vaxtını alsam da mənimlə söhbətdən sıxılmadı. Əksinə şəklinin saytımızda qoyulacağını eşidib zarafat da elədi : “Deyəsən məşhur olacam”.

# 8453 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #