Hər dövrün öz qəribəlikləri var. Uzun illər "inqilabdan əvvəl"... ifadəsinin kölgəsi altında dəfn etdiyimiz işıqlı keyfiyyətlərə, mənəvi qənimətlərimizə vaysınıb-ağlamaqdansa, onları üzə çıxarıb bərpa etsək daha yaxşı olmazmı?
19-cu əsrin axırlarında Bakı şəhərinin son dərəcə mürəkkəb, ziddiyyətli, eyni zamanda kəşməkəşli, cah-cəlallı bir dövrü olub.
Həmin dövrdə yaşamış işıqlı şəxsiyyətlərdən biri Məşədi Ələsgər Hacıgülməmməd oğludur. O, 1860-cı ildə keçmiş Quba dairəsinin Xızı rayonunda, ortabab mülkədar ailəsində dünyaya göz açmışdı. Olduqca dindar bir şəxs olan Hacıgülməmməd kişi beş oğlunun beşini də vaxtında Məşhəd və Kərbəla ziyarətlərinə aparmışdı. Qardaşları içərisində öz dərin ağlı və zəkası ilə fərqlənən Ələsgər, mollaxana təhsili alandan sonra, atasının təsərrüfat işləri ilə məşğul olmuş, ticarətin sirlərinə dərindən yiyələnmiş, Bakıda tanınan ticarətçilər sırasına çıxmışdır.
Cavan yaşlarında Bakı şəhərinə köçən Məşədi Ələsgər, indiki Nəriman Nərimanovun heykəlindən bir qədər yuxarı əldə, 4-cü Sovet küçəsində 10-12 gözdən ibarət ikimərtəbəli bir imarət tikdirmişdi.
Dağlıların, demək olar ki, ən dövlətlisi sayılan Məşədi Ələsgər geniş ticarət şəbəkəsinə malik idi. O, istər Rusiyadan, istərsə də İrandan, Türkiyədən külli miqdarda mal-qara, qoyun sürüləri alıb Bakıda və Azərbaycanın başqa şəhərlərində satdırırdı.
Bakıda yerləşən Qəssab bazarında dükanların əksəriyyəti onun ixtiyarında idi. Olduqca xeyirxah, kasıba əl tutan, "Əli süfrəsi" ehsanı verən Məşədi Ələsgər ibadət zamanı həmişə bu sözləri təkrar edərdi: "Ya xuda, mənə o qədər mal-dövlət yetir ki, mən bu kasıb-kusuba əl tuta bilim, ya da yetirmirsən, məni öldür!"
Görənlər söhbət edirlər ki, Məşədi Ələsgər "İmam ehsanlarında" 300 toyuq kəsdirər, hər adama bir toyuq qoydurardı. Orucluq aylarında onun evi növbəyə dayanmış camaatla dolu olar, hər kəs öz azuqəsini alıb gedərdi.
Məşədi Ələsgərin ən böyük xidmətlərindən biri Böyük Zirə adasında (Nargin ) əsir saxlanan türk əsgərlərinə etdiyi köməklik idi.
Türk əsirləri necə oldu ki, Böyük Zirə adasına gəlib düşdülər? Tariximizin bu ağ ləkəsi mətbuatımızda bu günə kimi lazımınca işıqlandırılmamışdır. Məsələnin əsas mahiyyəti belədir: 1914-cü ilin 19 iyununda Almaniya Rusiyaya müharibə elan etdi. Bu dövrdə Türkiyə Almaniya-Avstriya ittifaqına qoşuldu. Almaniya-Avstriya orduları Ukraynanı, Polşanı, Pribaltikanı zəbt etmək məqsədini qarşıya qoymuşdularsa, Türkiyə Qafqazı tutmaq fikrində idi.
Türkiyənin hərbi naziri Ənvər Paşa və daxili işlər naziri Tələt Paşa Qafqazı rusların pəncəsindən qoparmaq istəyirdilər. Bu məqsədlə Qafqaza 60 türk zabiti göndərilmişdi. Beləliklə, 1914-cü ilin oktyabrında Türkiyə Rusiyaya qarşı müharibəyə başladı. Bu müharibədə Qafqaz cəbhəsi Qərb və Şərq cəbhələrindən sonra əsas cəbhə hesab olunurdu.
Türklər Qars və Batum tərəfdən Qafqaza girdilər. Bu cəbhədə üçüncü türk ordusunun üç ordu korpusu özünün 11 diviziyası ilə iştirak edirdi. Baş komandan Ənvər Paşanın özü idi. Əsas zərbə Sarıqamış rayonuna endirilməli idi. Sarıqamış altındakı döyüşlərdə üçüncü türk ordusu rus qoşunları tərəfindən məğlub edildi. Doxsan min nəfərlik ordudan cəmi on min nəfər adam salamat qalmışdı.
1916-cı ildə rus qoşunları Qafqaz cəbhəsi boyu hücuma keçərək Ərzurumu və Trabzonu tutdular. Bu döyüşlər zamanı türklərdən çoxu əsir alınmışdı. Onlardan təxminən 400-600 nəfəri Bakı şəhəri yaxınlığındakı Böyük Zirə adasında saxlanılırdı. Türk əsirlərinin güzəranı burada olduqca pis idi. Aclıq, susuzluq və xəstəlik onları əldən salmışdı. Onlar arasında müxtəlif epidemik xəstəliklər gözlənilirdi.
Belə bir vəziyyətdə Məşədi Ələsgər onlara çox köməklik göstərmiş, müxtəlif yollarla, gah pulla onları satın almış, gah pendir çəlləklərində onların adadan qaçırılıb vətənlərinə yola salınmasını təşkil etmişdi. Əlbəttə, onun yaxşı əməllərinin səs-sorağı Türkiyəyə gedib çatmaya bilməzdi.
Bu xidmətlərinin nəticəsi olaraq şəxsən Ənvər Ppaşanın göstərişi ilə Məşədi Ələsgər qiyabi olaraq yüksək Türkiyə ordeni ilə təltif olunmuşdu. 1918-ci ildə türklər Bakıya gələndə, azərbaycanlıları ermənilərin soyqırımından xilas etdikləri vaxt Məşədi Ələsgər artıq öz dünyasını dəyişmişdi. Hörmət və ehtiram əlaməti olaraq türklər onun evinin damında türk bayrağını dalğalandırmışdılar. Vaxtilə Nargində olan türklər içərisindən, gələcəkdə Azərbaycanda tanınmış Əhməd Bədi Triniç, Mustafa Camaloğlu və başqa şəxsiyyətlər çıxmışdı.
1918-ci ildə Bakıda erməni-müsəlman qırğını zamanı həmin əsir türklər Bakı şəhərinin bir çox hissəsini, xüsusən İçərişəhəri qoruyub saxladılar. Doğrudan da, necə oldu ki, ermənilər İslamiyyə binasını və bir çox yerləri yandırdılar, ancaq İçərişəhərə girə bilmədilər?
Demə, bu hadisələrdə İçərişəhərdə qala bürclərinin müxtəlif yerlərində cəmisi 6 nəfər əli silahlı türk əsir əsgəri varmış. İçərişəhər sakinləri Kəblə Cavadın, Əbdül Cabbarın, qonşuları Bondr Moiseyin və Adam Qapanoviçin (polyak) təklifləri ilə türk əsgərləri güllələri dəmir boruların içindən atmağa başlayıblar. Bu zaman güclü səs effekti alınmış, ermənilər elə güman etmişlər ki, İçərişəhərdə topxana mövcuddur, ora girmək olmaz. Beləliklə, İçərişəhər xilas olmuşdur.
Bu hadisədən sonra həmin türk əsirlərinin bir hissəsi öz vətənlərinə qayıtmış, bir hissəsi isə yerli əhali ilə qarışaraq ömürlük bu torpaqda qalmışdır.
Orta boylu, gur səsli, yaraşıqlı bir şəxs olan Məşədi Ələsgər 1917-ci ildə arxadan vurulan bir namərd gülləsinin qurbanı olmuşdur.
Bu alicənab və xeyirxah insanın Bərməki tayfası (dağlılar) qarşısında ən böyük xidməti Dağlı məhəlləsində Dağlı məscidini tikdirməsidir. Bu məscid şəxsən onun pulu ilə hasilə gəlmişdir. Təəssüflər olsun ki, sovet dövründə o məscid sökdürülmüş, yerində hal-hazırda Cəfər Cabbarlı adına 161 nömrəli məktəb tikilmişdir. Heç təsadüfi deyil ki, onun cənazəsini məhz Dağlı məscidində dəfn ediblər.