Anar Xəlil Rzadan yazır: Onu həbsdən necə xilas etdik?

Anar Xəlil Rzadan yazır: Onu həbsdən necə xilas etdik?
28 noyabr 2017
# 21:00

Xəlil Rza Ulutürk son dərəcə istedadlı şairlərimizdən biridir.

Parlaq və qeyri-adi şəxsiyyət olan Xəlil öz alovlu poeziyası ilə şöhrətlənib, xalqın böyük sevgisini qazanıb. Xəlil kifayət qədər səmimi və təmiz adam idi, həmkarlarının çoxundan fərqli olaraq heç kəsə paxıllıq etməzdi. Mən heç vaxt onun dilindən kiminsə haqqında mənfi bir söz eşitmədim. Əksinə, bəzən insanlara dəyər verəndə hədsiz emosional, coşqun davranırdı, elə vətənpərvərlik hisslərini də çox böyük coşquyla ifadə edirdi. Amma Sovet dövründə bu hissləri yalnız bəlli bir ölçüdə, mövcud çərçivə içində göstərə bilərdin. O illərdə Xəlil Rza Azərbaycan dilini müdafiə edən ən hərarətli şeirlərindən birini yazmışdı. Başqa bir məşhur şeirində isə belə bir nəqarat vardı: "...O sahildə, bu sahildə".

Arazın iki sahilini nəzərdə tuturdu - Cənubi və Şimali Azərbaycanı. Bu iki sahildəki həyatı müqayisə edən şair şeirini belə bir əminliklə bitirirdi ki, tezliklə o sahildə də, bu sahildə də hər şey dəyişəcək. Bu misralara görə şairə mətbuatda hücumlar oldu. Bəxtiyar Vahabzadə danışırdı ki, Rəsul Rza Yazıçılar İttifaqındakı iclaslardan birində Xəlil Rzanı belə hücumlardan qorumaq üçün həmin misralara maraqlı bir yozum verib: “Siz bu gənc şairdən nə istəyirsiz axı? - deyib. - Əlbəttə, o sahildə də, bu sahildə də hər şey dəyişəcək. O sahildə xalq azad olacaq, bu sahildə isə biz sosializmdən kommunizmə keçəcəyik..."

Əslində, bu sözlərdəki ironiyanı çox adam hiss etmişdi, amma belə ciddi-mühafizəkar yozum qarşısında nə demək olardı ki?!

Xəlil Rza xatirələrində yazır ki, atam onu tez-tez hədsiz riskli söz və əməllərdən çəkindirirmiş. Rəsul Rzaya dərin hörmət və ehtiramla yanaşan Xəlil ona yeddi şeir və bir neçə məqalə həsr etmişdi. Şairin vəfalı ömür yoldaşı və poetik irsinin fədakar naşiri Firəngiz xanım Xəlilin vəfatından sonra bu yazıları ayrıca kitab şəklində çap etdirdi. Bu əməyinə görə Firəngiz xanım Beynəlxalq Rəsul Rza mükafatına layiq görüldü.

Dağlıq Qarabağa əsassız erməni iddialarına qarşı qətiyyətli etiraz tezliklə xalqımızın azadlıq uğrunda mübarizəsinə çevrildi.

Azərbaycan yazıçıları bu mübarizənin ön sıralarında idilər və onlar Xalq Cəbhəsinin yaradılması barədə müraciətə ilk imza atanlar oldular. İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Yusif və Vaqif Səmədoğluların, Aydın Məmmədovun, Sabir Rüstəmxanlının adları dillər əzbəri idi. Xəlil Rzanın da adı çox böyük sevgiylə çəkilirdi. Azadlıq meydanında öz üsyankar şeirləri və alovlu çıxışları ilə o, yüz minlərlə insanı vətən, istiqlaliyyət uğrunda mübarizəyə çağırırdı. Artıq bir az laxlamış, amma yenə də kifayət qədər sərt olan Sovet rejimi bunu şairə bağışlaya bilməzdi. Şairlər bəzən hansısa qəribə önduyumla öz talelərini qabaqcadan hiss edib yazırlar. Məşhur şeirlərindən birində Xəlil Rza yazırdı:

Davam edir 37...

Daha kəskin, daha ciddi...

1990-cı ilin Qanlı yanvar hadisələrindən sonra Xəlil Rza Ulutürk həbs olunub Moskvaya aparıldı. Biz Yazıçılar İttifaqında bunu bilən kimi Xəlil Rzanı müdafiə komitəsi yaratdıq. Mənim arxivimdə bununla bağlı yazışmalar qalır. O zaman SSRİ Ali Sovetinin deputatı idim və elə deputat blankında V.V.Kryuçkova məktub göndərdim. Məktubda deyilirdi:

“SSRİ DTK-nın sədri, yoldaş V.V.Kryuçkova

SSRİ Yazıçılar İttifaqının üzvü Xəlilov Xəlil Rza oğlu Dövlət Təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. O, məşhur Azərbaycan şairidir, 1954-cü ildən SSRİ Yİ-nin üzvüdür, KPSS-in üzvü, filologiya elmləri doktorudur, əməkdar incəsənət xadimi və Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvüdür. Biz inanırıq ki, ölkəmizdə insan düşüncə tərzinə görə həbs edilə bilməz. Şair, elə bütün şairlər kimi, davranışlarında hədsiz emosional, çıxışlarında çılğın ola bilər. Lakin onun mülahizələri ittiham üçün əsas ola bilməz. Xəlil Rza böyük şöhrət sahibidir və onun həbsi cəmiyyətdə əks-səda doğurub. Azərbaycan yazıçıları öz həmkarlarının həbsinə biganə qala bilməzlər, zira bizim kədərli 30-cu illər tariximizdən analoji vəziyyətlərdə göstərilən biganəlik məlumdur. Bu günlərdə həbs olunan, İttifaqımızın başqa bir üzvü Rafiq Ağayevlə də bağlı narahatlığımızı bildiririk. Azərbaycan Yazıçılar İttifaqının sədri və SSRİ Yazıçılar İttifaqının katibi kimi mən bu iki ədibin taleyilə sizin şəxsən maraqlanmağınızı xahiş edirəm. Bizim təşkilat X.R.Xəlilov və R.S.Ağayevi zaminə götürməyə hazırdır. Onu da qeyd edim ki, X.R.Xəlilov kəskin şəkərli diabetdən əziyyət çəkir.

Hörmətlə,

Anar Rzayev

Fevral-1990”

Mart ayının 14-də imzaladığı cavab məktubunda V.Kryuçkov yazırdı:

“SSRİ Ali Sovetinin üzvü, SSRİ xalq deputatı, yoldaş A.R.Rzayevə

Hörmətli Anar Rəsul oğlu!

Sizin müraciətinizlə bağlı bildiririk ki, hal-hazırda Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq şöbəsində Bakıda kütləvi ixtişaşlarla bağlı cinayət işi aparılır. Bu ilin 26 yanvarında bu iş üzrə 1933-cü il təvəllüdlü, Cinayət məcəlləsinin 67-ci maddəsi ilə (milli və irqi bərabərliyin pozulması) təqsirləndirilən Xəlilov Xəlil Rza oğlu həbs olunub. Bu iş üzrə ilkin istintaq qanuna ciddi şəkildə əməl olunmaqla aparılır. Xəlilovla bağlı götürülən ölçülərin dəyişdirilməsi üçün əsas yoxdur. Sizin adını çəkdiyiniz Rafiq Əliyevə qalanda isə onu Dövlət Təhlükəsizlik orqanları saxlamayıblar.

V.Kryuçkov

SSRİ DTK-nın sədri

14 mart 1990”

Sonra mən SSRİ Baş prokuroruna aşağıdakı məzmunda məktub imzaladım:

“SSRİ Baş prokuroru yoldaş Suxaryova

Məlum olduğu kimi, yanvarda həbs edilmiş şair, filologiya elmləri doktoru, Əməkdar incəsənət xadimi Xəlil Rzanın (Xəlilov Xəlil Rza oğlu) işi ilə bağlı istintaq başa çatır. Biz həmkarımızın taleyinə biganə qala bilmərik. Bildiyimizə görə, onu xalqlararası ayrıseçkiliyi alovlandırmaqda ittiham edirlər. Halbuki əksinədir, Xəlil Rzanın bütün yaradıcılığı və tərcüməçi fəaliyyəti mədəniyyətlərin və xalqların yaxınlaşmasına xidmət edib. Xəlil Rzanın respublikaların suveren hüquqlarının bərpası uğrunda, erməni millətçiləri və ekstremistlərinin ərazi iddialarından irəli gələn qanlı zorakılığına, insan ölümünə qarşı ümumxalq hərəkatında iştirakı onun fəal vətəndaş və vətənpərvər mövqeyini göstərir. Ola bilsin ki, mitinqlərin coşqusu içərisində Xəlil Rza emosional adam kimi bir qədər həddini aşıb, düşünülməmiş ifadələr işlədib. Amma indi ölkənin demokratiya və humanizm yoluna qədəm qoyduğu, hüquqi dövlətin yarandığı bir vaxtda hər bir insan taleyinə xüsusilə həssas yanaşma tələb olunur. O ki qaldı etnik ayrı-seçkiliyin təşviqinə, bu nanəcib işdə bizim qonşularımız təkcə mitinqlərdə yox, Yerevan Teatr meydanında, mətbuat səhifələrində, ədəbi əsərlərdə (Zori Balayanın zooloji nifrətlə və türkdilli xalqlara, azərbaycanlılara şovinist nifrətlə yoğrulmuş "Ocaq"ını xatırlamaq yetər) ciddi "müvəffəqiyyət"qazanıblar. "Ocaq" kimi həcvin müəllifinin provakasion və dağıdıcı ədəbi fəaliyyətini davam etdirdiyi bir vaxtda, Qarabağ hərəkatının liderlərindən biri, cinayətkar kimi həbs olunan A.Manuçarovun azad edildiyi bir zamanda, yeni silah-sursatla təmin olunmuş erməni terroristlərinin hər gün zorakılıq etdiyi, insanları öldürdüyü və DİN qoşunları tərəfindən sərbəst buraxıldığı bir vaxtda öz həmvətənlərini rus, ukrayn, özbək, tatar şairləri ilə, Ovanes Şirazın, Paruyra Sevakın, Silva Kapitukyanın poeziyası ilə tanış edən Azərbaycan şairi həbsxanada çürüyür. Biz hətta istintaq təcridxanasında da qələm-kağızdan ayrılmayan, Puşkini (xalqların fitnə-fəsadı unudub böyük ailədə birləşəcəyi zamanı arzulayan şairi) doğma dilinə tərcümə edən şair və alim Xəlil Rzanın taleyini həll edəcək hər kəsi deyilənləri nəzərə almağa, humanizmə çağırırıq.

(Yazıçıların 24 iyul 1990-cı il tarixli ümumi yığıncağında qərara alınmışdır.)

Azərbaycan Yazıçılar İttifaqının sədri Anar Rzayev

Eyni zamanda SSRİ Xalq Deputatlarının iclasında mən V.V.Kryuçkova müraciət edib Xəlil Rza və Etibar Məmmədovla görüşməyim üçün icazə istədim. Kryuçkov icazə verdi, mən Lyublyankada Etibar Məmmədovun vəkili ilə və şəxsən Xəlil Rzayla görüşdüm. Xəlil Rza bu görüşü gündəliklərində təsvir edib. Onların bir hissəsi Firəngiz xanımın kiçik giriş sözü ilə “525-ci qəzet”in 14 mart 2003-cü il tarixli sayında işıq üzü görüb.

Firəngiz xanım yazır: “Ədəbi-mədəni prosesin ön cərgəsində addımlamaqla bərabər, Anar heç zaman ictimai-siyasi hadisələrdən kənarda qalmayıb, xüsusən də millətimiz üçün taleyüklü zamanlarda, xalqımızın azadlıq uğrunda mübarizə apardığı illərdə görkəmli yazıçı öz sözünü deyib, əhəmiyyətə malik əməli işlər görüb. Azadlıq carçısı Xəlil Rzanın, vaxtilə imperiyanın Lefortovo zindanında həbsdə ikən, ona baş çəkməyə gedən Anar haqqında düşüncələrini qəzetin oxucularına təqdim edirəm...”

“Konvoy qabağında müstəntiqim Aleksandr Qubinskinin hüzuruna gəlirəm. Salamlaşırıq. Qarşıma bir stəkan çay, iki konfet qoyub deyir: - İndicə Anar zəng eləmişdi. Sən çayını içincə gəlib çıxar.

Sevincimin yerini möhkəmləndirmək üçün: - Hansı Anar? - soruşuram. - Mənim qardaşım oğlunun da adı Anardır.

- Yox - deyir. - Sizin Yazıçılar Birliyinin sədri, məşhur yazıçı, SSRİ Ali Sovetinin deputatı Anardan söhbət gedir.

Sevincimin yeri möhkəmlənir və birdən-birə bu geniş salon, ağ, ipək pərdəli hündür pəncərələri günəşə açılmış, küncündə yamyaşıl palma dibçəyi qoyulmuş böyük otaq, tavandan asılan büllur çilçıraq nəzərimdə bir az da şəfəqlənir. Dizlərimə taqət, gözlərimə işıq gəlir. Az qala qışqırıram ki, Anarın gəlişi mənim üçün Azərbaycanın gəlişi və Azadlıq deməkdir. Çox istəyirəm bu yazıçını. Əvvəla, parlaq şəxsiyyətinə, insani fəzilətlərinə, ikincisi, sənətkar gücünə görə! Mən bu düşüncələr içində ikən addım səsləri eşidilir, qapını açıb böyük salona qədəm qoyan və sürətli addımlar ilə gələn Anarımızdır. Qalxıram. Qucaqlaşıb öpüşürük. Və üz-üzə əyləşirik. O, pəncərə tərəfdədir. Mən də Anarla və günəşlə göz-gözə...”

***

Bu xoş və nəcib sözlərə Lefortovodakı görüşümüzə aid xatirələrimdən bir neçə ştrix əlavə etmək istərdim. Müstəntiqə (görüş yalnız onun iştirakıyla baş tuta bilərdi) Xəlil Rza yaradıcılığındakı böyük humanizmdən, beynəlmiləl ideyalardan danışdım və ömrünü ədəbi tərcümələri vasitəsilə xalqların yaxınlaşmasına sərf edən adamın xalqlararası, etnik ayrı-seçkiliyi alovlandırmaqda günahlandırılmasının mənasız olduğunu dedim.

Müstəntiq məni əmin etdi ki, bütün bunlar nəzərə alınır.

- Elə isə, nə üçün istintaq belə uzun çəkir? - soruşdum.

Müstəntiq gülümsədi:

- Mitinqlərdə o qədər danışıb ki, bütün bunları rus dilinə tərcümə edib tanış olmaq üçün zaman lazımdı.

- İgid! - Xəlil adətən mənə belə müraciət edərdi, - heç təsəvvür eləməzdim ki, çıxışlarım yazılır.

Bəzən şairlər hədsiz sadəlövh olurlarmış. Ona filtrli siqaret təklif etdim və Xəlil siqareti siqaretə calayaraq çəkdi. Bütöv qutunu ona vermək istədim, amma müstəntiq icazə vermədi. Sən demə, siqaretlərin bərkimiş filtrini kəsici alət kimi istifadə etmək olurmuş... Yazıçılar İttifaqında onun müdafiəsi üçün komitə yaradıldığını, azad olunması üçün respublika rəhbərliyi ilə söhbətlərimi, yazıçılarımızın və ümumən millətin onu bir an belə unutmadığını, azadlığa çıxması üçün hər şey etdiyimizi və tezliklə azad olacağına əminliyimi Xəlilə çatdırdım. Xəlil dedi ki, məhbusluğu müddətində xeyli yeni əsər yazıb və tərcümələr edib, Nizaminin “Yeddi gözəl” əsərini də çevirib və bu əsəri onun tərcüməsində çap etməyimizi istəyirdi. Mən bunu respublika Nazirlər Sovetinin sədri Həsən Həsənovdan xahiş etdim və kitab işıq üzü gördü.

Tezliklə Xəlil Rzanı azad etdilər. Məni şairin mənəvi gücü, sarsılmazlığı heyrətləndirirdi. Həbsxana şəraitində o qədər yeni şeir yazmış, tərcümələr etmiş, gündəlik tutmuşdu… Ümumiyyətlə, yazdıqlarının - şeirlərinin, poemalarının, həmçinin ömrü boyu hər yerdə, hər şəraitdə yazdığı gündəlik qeydlərinin, eləcə də türk, rus, dünya ədəbiyyatından tərcümələrinin həcminə görə Xəlil Rzanın tayı-bərabəri yoxdur.

Şairin 40 illik fasiləsiz yaradıcılığı boyu yazdıqlarını toplayan və nəşr edən Firəngiz xanıma bir daha təşəkkürlər! Bu mərd xanımın, həmçinin Xəlil Rzanın taleyinə heç nə ilə müqayisə olunmayacaq bir kədər yazılıb - oğlanları Təbriz, Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. Hamımız Xəlilin bu matəmi, faciəni necə mərdliklə, dəyanətlə yaşadığının şahidi olduq. Amma zahiri təmkinin altında onu tezliklə həyatdan aparan sağalmaz qəlb yarası gizlənirdi. Təbrizə Azərbaycanın Milli Qəhrəmanı adı verildi, Xəlil Rza isə - Bəxtiyar Vahabzadə və Məmməd Arazla birgə - Prezident Heydər Əliyevin sərəncamı ilə ilk dəfə ali “İstiqlal” ordeni alan şairlərdən biri oldu.

# 1300 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #