Qərb mədəniyyətini anlamayan qərbpərəstlərimiz

Qərb mədəniyyətini anlamayan qərbpərəstlərimiz
17 may 2016
# 15:00

Kulis.Az İlqar Fəhminin “Qapalı dairə və ya, bitmək istəməyən XX” məqaləsinin səkkizinci hissəsini təqdim edir.

Yazının yeddinci hissəsini burdan oxuya bilərsiz.

Bulanıq sular

Qərb mədəniyyətinin ümumi intişarından, mahiyyətindən, məzmumundan bir qədər danışdıq. Təbii ki, böyük bir sivilizasiyanın, böyük bir mədəniyyətin incəliklərini bir neçə məqalədə açmaq mümkünsüzdür. Həm də heç gərək də deyil, Qərb alimləri öz mədəniyyətlərini kifayət qədər izah ediblər və mən də əslində özümdən çox şey əlavə etməmişəm, dediklərimin böyük hissəsi elə onların özlərinin özləri haqqında yazdıqları kitablara, əsərlərə söykənir.

Mənimçün əhəmiyyətli olan Qərb mədəniyyətinin məhz o məqamlarıdır ki, son yüz ildə bizdə də bütləşib, mütləqləşib, halbuki onların özləri bu məqamları çoxdan lazımsız kimi kənara atıblar. Qərbdə düşüncə paradiqmaları bir birini inkar edərək, sonda gəlib ümumi inkara söykənib. Lakin bizdə bu mərhələlər qarışıq şəkildə özünü göstərir. Belə demək olarsa, onlarda artıq çoxdan təfəkkürlərdən çıxarılmış düşüncələr bizdə hələ də insanları riqqətə gətirməkdə davam edir. Biz hələ də maarifçilik ideyalarını təbliğ edirik; biz hələ də romantizm meyllərini maraqla qarşılayırıq; biz hələ də realizmin mahiyyəti barədə düşüncələrə dalırıq; biz hələ də tənqidi realizmin cəmiyyət üçün faydasından danışırıq; biz hələ də modernizmin dağıdıcı qüvvəsindən heyrətlənirik və nəhayət hələ də postmodernizmi bugünkü günümüzün hakim paradiqması elan eləmək istəyirik. Və maraqlısı odur ki, bir birini inkar və ifşa edən, bir-birinə qənim kəsilən bu təfəkkür paradiqmasının daşıyıcısı və təəssübkeşi olan insanlar bir cəmiyyətdə, bir dam altında, bir süfrə arxasında əyləşir. Halbuki Qərbin özündə bu mümkünsüz olub. Bizdə, hətta bir yaradıcı şəxsin əsərlərini diqqətdən keçirdəndə, görürsən ki, hər paradiqmadan nəsə var... Bir əsərdə bir birini inkar edən bir neçə paradiqmanın əlamətlərinin görünməyi onlar üçün mümkünsüz olsa da, bizim mədəniyyət bunu mümkün edib...

İlk baxışdan elə görünə bilər ki, bu da sintezdir, bəli, bir əsərdə bir neçə üslubun birləşməsində qeyri-adi nə var ki?

Əlbəttə, söhbət üslubdan, zahiri plastdan getsəydi, bəli, mümkündü. Hətta lazımdı. Lakin batini qatdan, cövhərdən danışırıqsa, bu absurddur. Axı bu düşüncə paradiqmalarının hər biri bəşər düşüncəsini və insan cəmiyyətini ali mərtəbəyə qaldırmaqçün müxtəlif istiqamətdə yollar ortaya qoyur. Və hər bir uğursuzluqdan sonra bir paradiqma özünü ifşa edir, digəriylə əvəzlənib. Məhz bu baxımdan bir əsərdə bir neçə istiqamətin təbliği, bir neçə paradiqmanın detalları necə sığışa bilər?

Bəli, bizim son onilliklərdə mədəniyyət nümunələrimizdə məhz bu tendensiyanı müşahidə edirik. Yazarlarımız Qərbdəki "izm"lərin mahiyyətinə varmadan "kopyalayırlar" və bir çox hallarda özləri də bilmədən çox absurd, ziddiyyətli və qəribə sənət əsərləri ortaya qoyurlar... Lakin bu absurdluq da Qərb mədəniyyətində təqdim və təbliğ olunan "absurd", "abstrakt" ideyalardan deyil, bu məhz bizim milli absurdumuzdur. Bilməməzlikdən və naşılıqdan doğan əcaiblik...

Dediklərimə sadə bir misal çəkmək istərdim. Təsəvvür edin ki, bir müəllif Qərbdən gələn müxtəlif "izm"lərin qarışığında elə bir əsər yaradır ki, burada həm realizm, həm maarifçilik, həm də modernizm elementlərini görürük. Axı belə olmaz.

Bəli, insan yaradıcılığının hansı mərhələlərindəsə paradiqma dəyişikliyi yaşaya bilər. Tutalım, Allaha inanan dönüb ateist olar. Yaxud milləti sevən dönüb millətinə düşmən olar. Bu mümkündü. Lakin insanın eyni vaxtda həm mömin həm də ateist olmağı mümkün deyil...

Buna görə də bizim ədəbiyyatın Qərbə çıxan azsaylı nümunələrinə onlar həmişə qəribə tərzdə yanaşıblar. Heç cür başa düşə bilməyiblər ki, bunlar zatən nə istəyir... (Əlbəttə ki, sırf milli dəyərlərə söykənən və orada Şərq ekzotikası kimi qəbul edilən sənət nümunələrini çıxmaq şərtiylə.)

Bu səbəbdən də son onilliklərdə bizim mədəniyyətimiz müxtəlif ziddiyyətli, bir-birini inkar edən "izm"ləri özündə həll edən bulanıq suyu xatırladır. Və bu bulanıq suyu durultmayınca, bizim böyük mədəniyyət yaratmaq şanslarımız o qədər də çox deyil...

Təbliğ və təqlid

İndi isə yenə də tarix kitablarının səhifələrinə baş vurmağa ehtiyac var. Qərbin mədəni elmi inkişafı bir neçə yüz il ərzində yalnız Avropa, Amerika və qismən də Rusiya ilə məhdudlaşsa da, İmperializm və Elmi-Texniki Tərəqqi dövründə təbii ki, yavaş-yavaş bütün dünyaya yayılmağa başladı. Zənnimcə bizimçün məhz bu yayılmanın tarixçəsini bir qədər araşdırsaq, bugünkü günümüz üçün çox maraqlı məqamlar üzə çıxarmış olarıq.

Ən maraqlı məqam Qərbin özündə İnkişafa və Tərəqqiyə münasibət nə cür idisə və hansı mərhələlərdən keçmişdisə, qeyri-qərb xalqlarında qərb mədəniyyətinə münasibət də eyni mərhələlərdən adlayıb... Gəlin sıralamaya diqqət edək...

Əvvəlcə onu qeyd edək ki, Qərb mədəniyyətinin dünyaya yayılmağa başlaması (XIX əsrin sonu, XX əsrin əvvəli) onların mədəniyyətindəki realizm dövrünə təsadüf edir. Lakin Qərbin özü bu müddətdə artıq İntibah humanizmindən, barokkodan, klassisizmdən, maarifçilikdən və romantizmdən keçmişdi... Başqa sözlə desək, Qərb öz fərdi inkişafının təxmini olaraq altıncı mərtəbəsindəydi... Bu vacib detalı xahiş edirəm unutmayaq...

Budur, Qərb imperialistləri dünya ölkələrini yavaş-yavaş özünə tabe etdirdikcə , paralel olaraq Qərb mədəni dəyərlərinin də təbliğatı aparılırdı. Afrikanın sahilyanı ölkələri, müsəlman Şərqi, Hindistan, Uzaq Şərq əhalisi odlu silahlarla onların ölkələrinə soxulmuş və xalqı istismar edən bu "ağalar"ın həyat tərzinə, geyimlərinə, adətlərinə, qulaq asdığı musiqilərə, oxuduqları kitablara əvvəlcə ekzotik bir maraqla baxırdılar, yaxın getmirdilər...

Lakin Qərb müstəmləkəçilərinin hakimiyyətləri gücləndikcə, dediyim ölkələrdə Qərb mədəniyyəti təxminən belə bir düşüncə meylləri yaranmağa başladı - əgər Qərb elmi-texniki baxımdan bizi üstələyib qalib gəlirsə, biz onların qarşısına çıxıb təzyiqinə duruş gətirmək üçün onların öz elminə-savadına sahib olmalıyıq... Bu meyllər artdıqca qeyri-Qərb ölkələrindən çıxıb Qərbdə təhsil alan, yaxud Qərbin həmin ölkələrdə yaratdığı məktəblərdə oxuyan qeyri-Qərblilər yavaş-yavaş artmağa başladı... Azərbaycanda bu meyllər daha çox Rusiyada, az miqdarda isə Avropa ölkələrində təhsil alanların artmasında özünü göstərdi...

Burda maraqlı bir məsələ üzə çıxır ki, yuxarıda dediyim "bulanıq su"yun yaranmasının ilk mərhələsi oldu. Əvvəlki fəsildəki sıralamaya fikir versək, görərik ki, maarifçilik ideyaları Qərbin fərdi təbii inkişafının dördüncü mərhələsi olsa da, Qeyri-qərb xalqları arasında Qərbyönlü inkişafın ilk mərhələsi oldu...

Elə ilk problemlər də bundan sonra başladı. Sual oluna bilər ki, maarifçilik nə problem yarada bilər axı?

Fərdi qərbləşmə

Problem isə bundaydı. Qərbdə maarifçilik ideyaları üç yüz il ərzində mərhələli şəkildə inkişaf eləmiş, Bekonun emprizminin, Dekartın rasionalizminin, klassik ingilis, alman fəlsəfələrinin davamı olaraq yaranmışdı. Qeyri-qərb xalqlarından Qərb təhsilinə meyllənənlər isə bir başa bu elm-savadla üz-üzə qalırdılar və "başlarını itirirdilər".

Axı nəzərə almaq lazımdı ki, bu insanların hamısı öz milli və dini əqidələrinin təsiri altındaydılar, öz mifləriylə böyümüşdülər, öz spesifik mentalitetindən kənara çıxmamışdılar... və birdən-birə Qərbin üç yüz illik inkişafının nəticəsi olan təfəkkür tərziylə - bir-birini inkar və ifşa edən çoxsaylı fəlsəfələrlə, ədəbiyyat nümunələriylə üz-üzə qalmaq onların beynində xaos yaradırdı...

Bu insanların çoxu öz vətənlərinə qayıdandan sonra da köhnə cəmiyyətlərdə özlərinə yer tapa bilmirdilər, yerli camaat onların fikir və düşüncələrinə şübhəylə yanaşırdı, qəbul eləmirdi, onlar da özlərinə çəkilirdilər, daxili ziddiyyətlərin içində çapalayırdılar, iztirab içində qovrulurdular... (Bircə Kefli İskəndərin nümunəsini göz önünə gətirmək kifayətdir. İnandırıram ki, dünyanın qeyri-Qərb xalqlarının tarixində yüzlərlə bu cür İskəndərlər mövcud olub ki, həmin vaxtlarda eyni taleyi yaşayıblar.)

Bu mərhələni qeyri-Qərb xalqları arasında qərbləşmənin ilk addımı kimi qəbul edə bilərik və təqribi olaraq "fərdi qərbləşmə" mərhələsi adlandıra bilərik...

Elitar qərbəşmə

İllər keçdikcə Qərbdə təhsil alıb gələn və qərb düşüncəsinin təbliğatçısına çevrilən ziyalılar elə Qərb müstəmləkəçilərinin dəstəyiylə yerli cəmiyyətlərdə aparıcı mövqelər tutduqca, xalq arasında münasibət də dəyişməyə başladı... Artıq Qərb mədəniyyəti, Qərb düşüncəsi "dəbə minməyə" başladı... Və bu dəb də ilk olaraq elitar təbəqə arasında yayıldı. Artıq hamı bilirdi ki, Qərb imperializminin təsiri altında olan ölkədə cəmiyyətin yüksək dairələrində qərar tutmaq istəyirsənsə, gərək mütləq bu yolla gedəsən, Qərb təhsili alasan, müasir elmi-texnikanı öyrənəsən, Qərb mədəniyyətinin təbliğatçısı olasan, əks halda, sən elə həmişə orta və aşağı təbəqədə məskunlaşmağa məhkum olacaqsan, yuxarı qalxa bilməyəcəksən.

Beləcə, qərbləşmiş ziyalıların sayı çoxaldı və bu insanlar XX əsrin əvvəllərindən başlayaraq, qeyri-Qərb xalqları arasında xalqın yüksək elitasını təşkil eləməyə başladılar...

Bu ikinci mərhələni "elitar qərbləşmə" adlandırmaq olar.

Onu da qeyd edək ki, ilk iki mərhələdə Qərb imperializminə qarşı üsyanlar, qiyamlar çox olurdu. Lakin bunlar təbii ki, nəticəsiz qalırdı, çünki Qərbin silah gücünə yeridilən məcburi inkişafını qəbul eləməmək, Əzrayıla şapalaq vurmağa bənzəyirdi...

Fərdi, yoxsa ümumi inkişaf

Lakin haqqında danışdığım ikinci mərhələdən başlayaraq qeyri-Qərb xalqları arasında fərdi spesifik inkişaf barədə hələ ki azsaylı şüarlar eşidilməyə başladı... XX əsrin ilk onilliklərində bir çox dünya xalqlarında eyni qarşıdurmanı müşahidə edə bilərik - bir tərəfdən Qərbin müasir təfəkkürünü tam olaraq birmənalı şəkildə qəbul edən ziyalılar, bir tərəfdə isə müasirləşmək istəsə də, milli mentalitetini - dinini əqidəsini milli düşüncəsini itirməyi qəbul etməyən qüvvələr dayandı...

Həmin vaxtlarda elə Azərbaycan ziyalı təbəqəsi içində Əli bəy Hüseynzadənin ortaya qoyduğu "Türkləşmək, müasirləşmək islamlaşmaq" şüarının da yaranması və aktuallaşmağı həmin dövrə təsadüf edir. Deməli qeyri-Qərb xalqlarının ziyalılarının bir qismi kor-koranə şəkildə Qərbi təqlid etməyin yaxşı hal olmadığını və son nəticədə millətin mənəvi uçurumlarla üz-üzə qalacağını uzaqgörənliklə dərk edirdilər. Həm də görürdülər ki, kənardan gələn mədəniyyət nümunələri, fəlsəfi təmayüllər yerli xalqların minillik mədəniyyətini, incəsənətini, ədəbiyyatını sıxışdırırdı, "köhnəlik" damğası vurub kənara atırdı...

Əli bəy Hüseynzadənin şüarına fikir versək nə görürük? Qərbləşmək sözü yoxdur. Müasirləşmək lazımdır, lakin dini və milli şüuru saxlamaq şərtiylə... Həmin illərdə istər müsəlman və türk ölkələrində, istər uzaq Şərq xalqları arasında oxşar şüarlar çox səslənirdi.

Paradoks isə ondaydı ki, Qərbin ortaya qoyduğu pozitivist və praqmatik inkişaf modeli ilk olaraq dini düşüncələri və daha sonra millətçiliyi qəbul eləmirdi.

Lakin əfsuslar olsun ki, XIX əsrin ilk yarısında qeyri-Qərb xalqları arasında bu cür spesifik inkişaf yolunun mövcudluğuna şübhələr yarandı. Niyə? Ona görə yox ki, belə inkişaf, belə müasirləşmək həqiqətən mümkün deyil?... Yox, mümkündü. Sadəcə çox çətindi. Bunu eləməkçün ziyalıların boynuna çox ağır bir yük düşürdü. Həm milli mentaliteti dərindən mənimsəmək, həm də Qərbin inkişaf modelini incəliklərinə qədər öyrənmək və bunların sintezindən fərdi yolu müəyyən eləmək... Bir əldə iki qarpız saxlamaq qədər çətindir. Qərbi sadəcə təqlid eləmək, hər şeyi olduğu kimi götürüb tətbiq eləmək daha asandır. Və buna görə də qeyri-Qərb xalqları arasında XX əsrdə daha çox məhz bu cür təqlidçilik aparıcı mövqeyi ələ keçirtdi. Həm də bir şeyi nəzərə alaq ki, Qərb kapitalı yerli xalqlar arasında öz spesifik inkişafını tapmaq istəyənlərə yox, məhz Qərbi olduğu kimi kopyalayanlara, Qərb təfəkkürünü gözüyumulu tətbiq edənlərə dəstək olurdu. Bu dəstək isə çox böyük faktordur...

Təsir

Biz bütün dünyanı başına götürmüş qərbləşmənin iki mərhələsini göstərdik. Bəs görəsən bunun ardıyca nə müşahidə olunur?

XX əsrin ortalarından başlayaraq məntiqlə elə görünürdü ki, bütün dünyada Qərb təfəkkür tərzi bütünlüklə ələ almağa doğru gedir. (Əlbəttə dünya iki qütbə bölünmüşdü, sosializm-kapitalizm savaşı gedirdi, lakin bu təzahürlərin hər ikisi Avropanın yetirməsiydi. Belə demək olarsa, iki Qərb paradiqmasının toqquşması idi, ancaq ziyanın çoxunu arada qalan qeyri-xalqlar görürdü. )

Məhz XX əsrin ikinci yarısında qeyri-Qərb cəmiyyətlərinə fikir versək, sanki daha çox qərbləşməkdə, daha çox tərəqqi eləməkdə yarışa çıxmış kimi görünürlər. Hansı xalq Qərb mədəniyyətini, incəsənətini, elmini daha çox əxz eləyə bilirdisə, təbii olaraq daha çox inkişaf eləmiş hesab olunurdu…

Bir haşiyə də çıxım ki, bu müstəvidə Azərbaycan xalqı bir çox qeyri-Qərb xalqlarından irəlidə idi. Faktdır ki, bizim bəstəkarlar simfoniyalar, operalar, baletlər yazanda, rəssamlarımız Qərb təsviri sənəti sahəsində uğurlar əldə edəndə, kinomu teatrımız inkişafda olanda o biri ətraf xalqlarda bu meyllər hələ rüşeym şəklindəydi. Məhz bu baxımdan, hətta Qərb inkişafını ideal və yeganə yol hesab edən müasirlərimizin də yaxın əcdadlarımızdan incimək hüququ yoxdur.

Fikrimizi davam edək. XX əsrin ikinci yarısında qərbləşmə, proqress, müasirləşmə, daha sonra qloballaşma adıyla bütün dünyaya yayılan bu təfəkkür paradiqması bəşər düşüncəsində hakimiyyəti tam ələ almış kimi görünürdü. Xalqların içində yalnız elm-mədəniyyət mərkəzlərindən, paytaxtlardan kənarda yaşayan toplumlar bir qədər zəif qərbləşirdi ki, bu da müvəqqəti hal kimi görünürdü. Məntiqlə belə fikir irəli sürülürdü ki, Qərb paradiqması yavaş-yavaş dünyanın ən ucqar yerlərində də şüurları ələ alacaq…

Bütün faktlar bunu deməyə əsas verirdi ki, XX əsrin sonunda, ən uzağı XXI əsrin əvvəllərində bütün dünya əhalisi təpədən dırnağacan qərbləşəcək – eyni düşüncəyə sahiblənəcək, eyni mədəniyyətin, incəsənətin daşıyıcısı olacaq, hətta eyni dildə danışacaq… Xalqların dini əqidələri, milli-etnik mədəniyyət, incəsənət nümunələri isə bu selin qarşısında tab gətirməyə aciz qalaraq kənara çəkiləcək, yavaş-yavaş muzey malına çevriləcək…

Bütün dünya eyni olacaq, fərq isə yalnız tarix və incəsənət muzeylərində müşahidə ediləcək – etiraf edək ki, yetmiş səksəninci illərdə biz də daxil olmaqla bir çox qeyri-Qərb xalqları öz gələcəyini məhz belə görürdü…

Qərb mədəniyyətini ruhu və düşüncəsi qəbul etməyənlər də, ağılla fikirləşib görürdülər ki, başqa bir gələcək təsəvvür eləmək mümkünsüzdür. Hətta öz ruhlarında olan milli mədəniyyət sevgisini, əqidə eşqini də süni surətdə boğmağa, bu geridə qalmış çərçivələrin təsirindən çıxmağa, azad olmağa can atırdılar. Alınırdımı? Bax sual məhz bundadır… İlk mərhələlərdə, elə görünürdü ki, alınır. Xalqlar toplumlar yavaş-yavaş öz milli köklərini unudurlar, dəyişirlər, başqalaşırlar…

Lakin sonrakı onilliklər göstərdi ki, əslində, bu, ən böyük illüziya imiş. Xalqları, toplumları eyniləşdirmək mümkün deyil.

Əks-təsir

Hər bir təsir əks təsir doğurmalıdı. Təbiətin qanunudu.

Məhz bu mənada, XX əsrin sonlarında kütləvi qərbləşməyə dünya xalqları arasında müəyyən müqavimət meyləri məncə o qədər də göydəndüşmə deyildi…

Öz tərkibində çoxsaylı xalqları əritməyə çalışan bir çox tarixi imperiyaların aqibəti də bunu göstərir…

Bir məqamı da unutmayaq – XIX əsrin sonlarında dünya xalqlarının Qərb mədəniyyətinə müqavimətinin səbəbi o idi ki, onlar bu sivilizasiyanı tanımırdılar. Tanımadığını yaxın buraxmağa isə təbii ki, ehtiyat edirdilər. Lakin yüz il ərzində yaxına getdilər, tanımağa başladılar.

XX əsrin sonlarında artmağa başlayan müqavimətin səbəbi isə o oldu ki, dünya xalqları Qərb sivilizasiyasını yaxşı tanıdılar. Bütün illüziyalar yavaş-yavaş dağıldı. Hamıya məlum oldu ki, Qərb öz iqtisadi və mədəni monopoliyasını könüllü şəkildə heç bir demokratik ideyalara qurban vermək fikrində olmayıb; Qərbə bütün dünyanın inkişafı heç də lazım deyil; Qərb hansısa ədalət prinsiplərinə riayət edərək dünyada haqq-ədaləti bərpa eləmək niyyətində bulunmayıb…

Qərbin əldə etdiyi bütün «mütərəqqi dəyərlər» yalnız özləri və onlara xidmət edən qeyri-qərblilər üçündür.

Bütün bu «ikili standartlar» dünya xalqların şüurunda Qərbin ideal dəyərlərini təbii ki gözdən salırdı…

(XX əsr qeyri-Qərb ölkələrinin tarixinə baxsaq, görərik ki, əksər «inkişaf eləməkdə olan ölkələr»də demokratik, qərbpərəst, liberal qüvvələr hakimiyyətdəydi. Amma əsrin sonlarına yaxınlaşdıqca, bu iqtidarlar yavaş-yavaş milli və dini təəssübkeşliyi ilə seçilən qüvvələrlə əvəz olunmağa başladı… Əlbəttə, bir çoxları bunu geri addım kimi dəyərləndirə bilər, lakin fakt faktlığında qalır.)

Lakin zənnimcə dünyada antiqərb təmayüllərinin yaranmasının əsl səbəbi təkcə bunda deyildi. Məsələ ondaydı ki, dünya xalqlarının yüz il ərzində Qərbin təzyiqi altında sıxılıb şüur və ictimai müstəvidən çıxarılan etnik mədəniyyəti, minillik təhtəlşüurundan gələn fərdi əqidələri, düşüncə paradiqmaları hərəkətə gəlmişdi. Təzyiq əks-təsir yaratmışdı.

Qərbin psixoanaliz, yaxud analitik psixologiya üzrə mütəxəssislərinin əsərlərini diqqətlə gözdən keçirsək, etnosun çoxminillik yaddaşına söykənən kollektiv təhtəlşüur arxetiplərini qısa zamanda şüurlardan sıxışdırıb çıxarmağın mümkünsüzlüyü iddiasını görərik…

Sadə dillə desək, tutalım Qərb üslublu beş-on simfoniya yazıb təbliğ eləməklə, türk xalqlarının minillik yaddaşına söykənən və kollektiv təhtəlşüurda möhkəm kök atmış aşıq musiqisini etnosun yaddaşından silmək mümkün deyil. Belə cəhdlərdə bulunmağı analitik psixologiya mütəxəssisləri Sizif əməyinə bənzədir. İlkin mərhələdə illuzor uğurlar ola bilər, hamıya elə gələr ki, Karl Qustav Yunqun mənalandırdığı minillik «arxetiplər» Jak Bodriyarın qeyd etdiyi müasir «simulyakrlar»a məğlub olub meydanı tərk edir… Lakin balinalara sancılıb qanını sovuran çoxsaylı piraniyalara bənzəyən yüzlərlə «simulyakr» qələbəni bayram etməyə hazırlaşarkən, «arxetiplər» var gücünü toplayıb möhkəm çırpınmaqla bütün bu piraniyaların dişlərindən azad olur.

Yenə də bəzi nümunələr göstərmək istərdim. Təbii ki, özümüzdən…

Yuxarıda haqqında danışdığım aşıq sənətinə diqqət edək. Bir çox müasir qərbpərəstlərimiz tərəfindən feodalizm qalığı, tərəkəmə mədəniyyəti, muzey malı kimi təqdim olunan bu sənət növünün son onillikdəki inkişafı danılmazdır. Eyni sözü muğam sənəti, milli poeziya və sair janrlara da aid etmək olar. Mən hətta ən kütləvi sənət növü olan meyxana sənətini də bura əlavə edərdim.

Hərçənd iyirmi il əvvəl bizə elə gəlirdi ki, həm elitar, həm də kütləvi sənət növlərində tam dəyişikliklər olacaq, XXI əsrdə meyxananı rep, muğamı simfoniya, aşıq sənətini opera-balet kimi müasir və proqressiv sənət növləri əvəz edəcək…

Ancaq ətrafa baxanda görürük ki, xalq kütlələri nə klassik Avropa musiqisi üslubunu, nə repi, nə cazı, nə roku, nə opera-baleti geniş mənada kütləvi şəkildə qəbul eləmədilər…

Düzdü, bu sənət növləri yaşayır, inkişaf edir, dövlət dəstəyi görür, ancaq müasir dövrümüzdə onların əsas funksiyası xarici qonaqların qarşısına çıxarılmaqla və xarici festivallarda bizi təmsil eləməklə məhdudlaşır…

Elitar riyakarlıq

Şəksiz ki, yenə də elitar qərbpərəstlərimiz bu halı millətin avamlığı cahilliyi ilə əlaqələndirəcək. Bəli. Millət hələ də nadan avam cahil olaraq qalır, çünki baletə baxmaq əvəzinə toylarda oynayan rəqqasələrə tamaşa edir; operaya qulaq asmaq əvəzinə meyxana meydanında çırtma çalır; simfonik musiqilərdən həzz almaq əvəzinə muğamı dinləyib ağlayır; Kamyunun, Kafkanın romanlarını oxumaq əvəzinə Füzulinin, Nəsiminin qəzəllərini əzbərləyir…

Mənsə belə düşünürəm ki, məhz bu hal avamlıq, cahillik yox, kütlənin bəlkə də yeganə müsbət xüsusiyyəti olan səmimiyyəti üzə çıxardır. Geniş xalq kütlələri heç vaxt heç nəyi özlərinə təlqin eləmirlər, olduqları kimi görünürlər, nəyi bəyənirlərsə bəyənirlər, bəyənmirlərsə, açıq bildirirlər. Elita isə əksinə, hisslərini gizlədir, olduğu kimi yox, istədiyi kimi görünməyə çalışır…

Başqa xalqları hələlik kənara qoyuram, özümüzə diqqət yönəltmək istəyirəm. Bəs görəsən bu, nə vaxtacan davam edəcək? Nə vaxtacan bizim müasirlik təbliğatçıları olduğu kimi görünməkdən xəcalət çəkəcək? Görəsən nə vaxtacan öz təhtəlşüurunun dərinliklərindən gələn meylləri sıxışdıracaq, kənardan gələn təsirləri öz ruhunda əritməyə çalışacaq… Niyə görə qərblilər kimi olmaq, heç olmasa zahirən onlar kimi görünmək həyat amalına çevriləcək?

Bəlkə deyəcəksiz ki, riyakarlıq filan deyil? Onlar həqiqətən də Qərb mədəniyyətini bütün varlıqları ilə başa düşüb sevirlər, təhtəlşüur filan da boş şeydi…

Ola bilər… Lakin uzunillik müşahidə və təcrübə tamam başqa şeylər deyir… Əslində mən israrla bəyan edirəm ki, bizim müasir qərbpərəstlərimiz ruhən qərb mədəniyyətinin mahiyyətindən dəhşətli dərəcədə uzaqdırlar. Əslində Qərb mədəniyyətindən mahiyyətini demək olar ki, başa düşüb hiss eləmirlər. Sadəcə onlara elə gəlir ki, anlayırlar, hiss edirlər, duyurlar… Və yaxud özlərini elə göstərirlər…

İnandırıcı görünmür? Tutalım onilliklər boyu Kafkanı təbliğ edən, Sartrın adı dilindən düşməyən, Kamyunu göylərə qaldıran, Coysu klassik elan edən bir ağıl sahibi necə ola bilər ki, onları dərindən başa düşməsin, bütün varlığıyla hiss eləməsin? Axı bu dühaların təbliğinə az qala bir ömür sərf edib? Məgər insan duymadığı hiss eləmədiyi bir nəsnənin təbliğinə də ömür qoyar?

Məncə yazımızın bu məqamında Qərb mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının qeyri-qərb xalqlar (ələlxüsus müsəlman əsilli xalqlar) tərəfindən tam dərinliklərinə qədər hiss edilib dərk olunmasının mümkünlüyünü araşdırmaq lazımdı…

Bəlkə həqiqətən də mümkündü? Və ya əksinə? Boş illüziyadır?

# 1501 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
#
#
# # #