Obamanın prezident olmağının 17 əsrlik tarixi

Obamanın prezident olmağının 17 əsrlik tarixi
10 may 2016
# 12:22

Kulis.Az İlqar Fəhminin “Qapalı dairə və ya, bitmək istəməyən XX” məqaləsinin yeddinci hissəsini təqdim edir.

Yazının altıncı hissəsini burdan oxuya bilərsiniz.

Ərəbistanlı “Roma İmperatoru” və Afrikali “ABŞ prezidenti”

Qapalı dairə və ya bitmək istəməyən XX

7 hissə

İki minin əvvəli və sonu

Qərb sivilizasiyasının yüksəlişi və sonrakı krizisləri eynən Antik-Roma mədəniyyətinin tərəqqisi və tənəzzülünü xatırladır. Hər ikisinin arasında xeyli dərəcədə analogiyalar aparmaq olar. Və bu analitik metodu əldə əsas götürərək, Antik-Roma mədəniyyətinin son dövrlərində baş verən hadisələri analiz edərək, müasir Qərb sivilizasiyasının, mədəniyyətinin də gələcəyini təxmini təsəvvür etmək mümkündür...

İndi həm onlarçün, həm də bizimçün bu sual çox maraqlıdır - Sonra nə olacaq?

Bu sualın cavabı nədənsə əksər hallarda qorxulu görünür. Əbəs deyil ki, Qərb ədəbiyyatında və kinosunda 60-70 il əvvəl çox populyar olan elmi-fantastika janrı demək olar ki, aradan qalxıb. İnsanlar gələcəkdən qorxmağa başlayırlar.

Dini əqidələrin və ezoteriklərin "Qiyamət günü" konsepsiyasını hələlik bir kənara qoyaq.

Dediyimiz suala ilk olaraq ağıla gələn məntiqi cavab budur - əgər müasir Qərb mədəniyyəti Antik-Roma sivilizasiyasını bir çox parametrlərdən təkrar edirsə, onda eyni süqutla yekunlaşacaq...

Çox qısa oldu. Zənnimcə bir qədər izahata ehtiyac var. Dünyada tarix boyu çoxsaylı imperiyalar, hakim sivilizasiyalar mövcud olubsa da, heç biri əbədi olmayıb, hər biri müəyyən tarixi ictimai sosial səbəblərdən məhv olub, süquta uğrayıb. Bu tənəzzül və süqut proseslərində ümumi oxşar cəhətlər var, fərqlər isə daha çoxdur . "Tarix təkrarlanır" prinsipi zənnimcə məkan fərqinə malikdir. Bəli, tarix təkrarlanır, amma hər yerdə eyni cür yox...

Məhz buna görə də istəyirəm yazımın bu yerində başqa mədəniyyətlərin, sivilizasiyaların süqutunu tarixçilərin öhdəsinə buraxaq, diqqətimizi Antik-Roma sivilizasiyasının son yüzilliklərinə yönəldək. Əslində məqsədim sadəcə tarixi analogiyaları göstərmək deyil, o əsrləri diqqətlə gözdən keçirdib, paralelləri üzə çıxardıb, bu gün üçün müəyyən nəticə hasil eləməkdi...

Tarixi ekskurs

Roma imperiyasının ən güclü dövründəki fikir və düşüncə meylləri Qərbin imperializminin yüz-yüz əlli il əvvəlki dövründəki fikir və düşüncələrlə demək olar ki, üst-üstə düşürdü...

Bu zaman maraqlı bir analogiya ortaya girir. Müasir Qərb cəmiyyəti deyəndə təbii ki, əski Avropa və yeni Amerika cəmiyyətləri göz önünə gəlir. İlk olaraq təşəkkül tapan Avropa və həmin sivilizasiyanın bir qədər fərqli müstəvidə davamı olan Amerika...

Eyni bazaya malik olsalar da, Avropa ilə Amerika sivilizasiyası arasında xeyli sayda fərqlər mövcuddur. Elə son yüzilliklərdə Avropaya "Köhnə dünya", Amerikaya isə "Yeni dünya" deyilməsi də bu fərqlərdən bir çoxunu nümayiş etdirir. Bu ifadələrdən belə məlum olur ki, spesifik inkişaf məfhumu əvvəl Avropada yaransa da, sonradan estafeti Amerika ələ alıb və daha böyük nailiyyətlər əldə edib, belə demək olarsa, öz ustadını da kölgədə qoyub...

İndi isə Antik dövrə qayıdaq. Antik mədəniyyətdə də Yunan sivilizasiyasının təşəkkülü və sonradan bu inkişaf elementlərinin Roma imperiyası tərəfindən götürülərək, daha böyük nailiyyətlər əldə etməsini müşahidə edirik. Antik müstəvidə Yunan dövlətləri "Köhnə dünya", Roma isə "Yeni dünya" kimi dəyərləndirilə bilər...

Ən maraqlı cəhət isə odur ki, Yunan və Roma mədəniyyətləri arasında hansı oxşarlıq və fərqlər var idisə, müasir Avropa və Amerika mədəniyyətləri, sivilizasiyaları arasında da eyni oxşarlıq və fərqləri görürük... Ancaq bu detalları şərh eləmək bizi əsas mövzudan yayındıracağına görə, yenə təşəkkül və tənəzzüldəki analogiyaların bəzilərinin üstünə qayıtmaq istəyirəm...

Təşəkkül analogiyaları

Antik sivilizasiyanın təşəkkülü dövründə həm yunanlar, həm də romalılar özlərini ali insani dəyərlərə məxsus «seçilmiş xalqlar» hesab edir, yerdə qalan xalqları isə heyvani səviyyədə qalan barbarlar sayırdılar... (elə «barbar» məfhumunun yaranması da həmin dövrlərə aiddir.)

Avropa və Amerika müstəmləkəçilik dövründə də oxşar düşüncənin yayıldığını müşahidə edirik. Əsasən on doqquzuncu əsr bu təmayüllərin ən pik dövrü idi.

Və bu fikirdən çıxış edən Antik imperiya ətraf xalqları idarə etməyi, istismara məruz qoymağı, qul kimi işlətməyi də təbii faktor kimi qəbul edirdi. İnkişafı ləngiyən icmalar ali inkişaf mərhələsində olan cəmiyyətə tabe olmalıdır.

XIX əsrdə Qərb müstəmləkəçiləri hətta bu fakta müəyyən elmi don da geyindirməyə çalışırdılar, istismarı Darvinin «təbii seçim» - güclünün gücsüzü məhv edib aradan qaldırması prinsipi ilə də izah edirdilər. Hinduların öz torpaqlarından qovulması, böyük tayfaların məhv edilməsi; Afrika aborigenlərinə divan tutulması; Hindistan və müsəlman qiyamlarının zor gücünə yatırılması da Qərbdə məhz bu prinsiplə izah olunurdu. Dünyəvi cəhətdən güclü olan gücsüzü idarə etməlidir və hər şey «imperiya»nın inkişafı naminədir...

Növbəti analogiya: əgər kənar cəmiyyətlər inkişafın aşağı mərhələsindədirsə, onda İmperiya vətəndaşları üçün mövcud olan hüquq və azadlıqlar, idarəetmə prinsipləri, hüquq normaları o biri xalqlara şamil edilməli deyil...

Bu halı da həm Antik imperiyaların təşəkkül illərində, həm də müasir Qərb cəmiyyətinin inkişaf dövründə müşahidə etmək mümkündür...

Növbəti analogiya: İmperiyanı müdafiə edən (kimdən?) və yeni istilaları təmin edən hərbçilərin cəmiyyətdə ali zümrəyə çevrilməsi və böyük nüfuz sahibi olmalıdır.

Daha bir analogiya: Həm siyasi idarəçiliyə, həm ali təhsilə, həm də hərbi sahəyə kənar xalqların nümayəndələrinin yaxın buraxılmamalıdır.

Və sonuncu: İmperiya mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının "mütləq ali keyfiyyət " nümunəsi kimi qeyri xalqlara "sırınmalı", qeyri xalqların mədəniyyətinin sıxışdırılmalıdır.

Paralelləri xeyli uzatmaq olar, lakin zənnimcə bizim mövzumuza aid olanları sadalamağımız kifayətdir.

İndi isə bizimçün daha aktual olan tənəzzül dövrünün analogiyalarına diqqət edək...

Tənəzzül analogiyaları

Hamının bildiyi faktdır ki, istənilən imperiyanın əzəmətinin ən pik dövrü onun həm də tənəzzülünün başlanğıcına təsadüf edir. Başqa sözlə desək, əzəmətin son həddi onu göstərir ki, bundan o tərəfə inkişaf mümkün deyil, yoxuş bitib, sonrakı hərəkət yalnız enişə aparır...

Antik Roma sivilizasiyasının ən pik dövrü erkən imperiya vaxtlarına təsadüf edir. Məhz eramızın ilk əsrində Roma dövləti az qala bütün Aralıq dənizi hövzəsini, bütün Avropanı və yaxın şərqi əhatə edirdi... Hərçənd bugünkü təsəvvürlərə görə, bu ərazi o qədər də böyük görünməyə bilər, lakin antik Avropa insanının dünya barədə təsəvvürləri məhz bu sahələrlə məhdudlaşırdı. Bu hüdudlardan kənarda olan, adları bilinməyən hansısa uzaq və lazımsız ölkələrə nüfuz eləməyə ehtiyac görülmürdü... Belə demək olarsa, Antik insanın "əli çatan" yerlərin hamısı Romanın tabeliyində idi...

Bəs bundan sonra nə baş verdi? Rahatlıq və sakitləşmə... Əbədi əzəmət illüziyaları... Əldə olunan bu qüdrət əbədidir və heç bir qüvvə onu süquta uğrada bilməz... Roma şəhəri haqqında deyilən "Ədəbi şəhər" ifadəsi də məhz həmin illərdən dilə düşüb...

Eramızın ilk əsri Roma imperiyasının pik dövrü olmaqla bərabər həm də bu əzəmətin mifləşməsi dövrü idi... Diqqət edək. Çünki çox əhəmiyyətli bir detala yaxınlaşmışıq. Həmin dövrlərdən başlayaraq "əbədi imperiya" mifi həm imperiya xalqlarının, həm də qeyri-xalqların şüurunda özünə yer eləməyə başlamışdı. Romanı heç bir qüvvə çökdürə bilməz. Nə daxili problemlər, nə də xarici qüvvələr... Hamı bu cür düşünürdü. Roma sərhədlərinin daxilində və xaricində yaşayan hər bir kəs...

Kobud da olsa bir misal çəkmək istəyirəm. Yumurtanın inkişafının son mərhələsi qabığın yaranmasıdır. Sonradan yumurtanın içərisi nə vəziyyətə düşsə də, qabığın salamat qalması yumurtanın bütövlüyünü nümayiş etdirir. Qabığı sındırmayınca, içinin nə vəziyyətdə olmasını həqiqətən də bilmək mümkün deyil...

Cəmiyyətlər də bu cürdür. İdeyanın yaratdığı mif sanki cəmiyyətin zahiri müdafiə qabığını təşkil edir, onu kənar təsirlərdən qoruyur... Lakin burda bir incə məsələ var. Bu müdafiə qatı zahiri təsirlərə qarşı nə qədər effektiv olsa da, daxili deqradasiya problemləri qarşısında o qədər acizdir...

Eramızın ilk yüzilliklərində Roma imperiyasının yaşadığı ictimai-sosial problemlər bunu bizə bariz şəkildə nümayiş etdirir.

İlk olaraq müşahidə olunur ki, həmin vaxtlarda Roma vətəndaşlarında tənbəlləşmə, passivləşmə başlamışdı. Keçmiş yüzilliklərdə hər bir azad romalı ilk olaraq şücaət, rəşadət göstərmək, döyüş meydanında şöhrət qazanmağı arzulayan potensial əsgər - legioner idisə, sonrakı yüzilliklərdə bu energetika zəifləməyə doğru gedir. Niyə? Çünki əldə olunası hər şey əldə olunub, daha fədakarlıq eləməyə, can verməyə, qan tökməyə ehtiyac qalmayıb... Bundan sonra yalnız rahatlanmaq, rifahdan həzz almaq, incəsənəti mədəniyyəti genişləndirmək, eyş-işrətdə gün keçirtmək - bir sözlə, kef çəkmək daha əhəmiyyətli görünür...

Psixoloqların müşahidələri də göstərir ki, insan əlində olmayanı əldə etməyə çalışarkən daha çox enerji, daha çox fədakarlıq nümayiş elətdirir, nəinki əlində olanı qoruyarkən... Hücumçular müdafiəçilərdən daha passionar olur. Romanın inkişafı üçün çalışanların energetikası ilə bu inkişafı qoruyub saxlamağa çalışanların enerjisi də təbii ki, çox fərqli idi... Bütün rifahlar əldə edildiyinə görə romalılar təzədən özlərini əziyyətə salmağa ehtiyac görmürdülər...

Bundan əlavə, məhz həmin illərdə imperiyanın düşüncə adamları arasında bədbin skeptisizm ideyaları daha da sürətlə yayılmağa başlamışdı. Sanki hər şey əldə olunub, bundan o tərəfə sonsuz bir boşluq var. Əgər əvvəllər hamı İmperiyanın dünyəvi qüdrəti üçün çalışmağı ən ali dəyər hesab edirdisə, indi bu qüdrət əldə olunub. Bəs indi nə üçün çalışaq? Epikürçülər, hedonistlər deyirdi ki, bundan sonra ancaq həyatdan həzz almaq lazımdır, həyatın mənası yalnız dünyəvi ləzzətlərdir. Skeptiklər və stoiklər isə əksinə, daha bədbin fikirlər irəli sürürdülər, həyatın mənasızlığından, boşluğundan yazırdılar...

Budur, tənəzzüllə bağlı ilk analogiya - Tənəzzülünün ilk əlaməti qüdrətin pik həddində olan imperiya sakinlərinin içində bədbinliklərin, mənəvi boşluqların yaranmasıdır...

Bir çox Qərb sosioloqları etiraf edir ki, onların müasir cəmiyyətlərində Romanın tənəzzülü dövründəki fəlsəfi cərəyanlar, fikirlər, ədəbi əsərlər daha populyardır... Niyə? Çünki sosial vəziyyət, hisslər və fikirlər üst üstə düşür... Dünyəvi güc, maddi əzəmət var, lakin mənəvi boşluq, daxili bədbinlik artır, əxlaq və mənəviyyat normaları pozulur, ideallar dağılmağa doğru gedir, insanlar daxilən çürüyür... Düşünən kəslər də bunun qarşısını almağa acizdirlər...

Həm min yeddi yüz il əvvəl, həm də indi...

Bu analogiya mədəniyyət müstəvisində də özünü göstərir. Qərbin müasir ədəbiyyatında, mədəniyyət və incəsənətində qəhrəman olaraq daha çox Romanın məhz çöküş illərinin tarixi şəxsiyyətləri seçilir. Misalçün, əgər XIX əsrdə və XX əsrin əvvəllərində Qərb incəsənəti, ədəbiyyatı üçün rəşadətli şücaətli Romullar, Sezarlar, Pompeylər, Avqustlar aktual idisə, son onilliklərdə daha çox əxlaqı pozulmuş, psixikası zədələnmiş Neronlar, Kaliqulalar, Kommodlar onlara daha maraqlı və cazibədar gəlir, bu imperatorlar çoxsaylı əsərlərin baş qəhrəmanına çevrilir, onların xarakterlərindəki eybəcərliklər, iyrəncliklər müxtəlif rakurslardan analiz edilir…

İndi isə mənəvi problemlərdən aralanıb sosial analogiyalara diqqət edək...

İmperiyanın öz əski insan resursları əvvəlki keyfiyyətini itirib. Amma dövlətə tikib quran yeni bacarıqlı əllər, qılınc çalan qüvvətli qollar, dərin düşünən yeni beyinlər lazımdır...

Beləcə, İmperatorlar ordular yığarkən kənar xalqların döyüşkən qüvvələrindən istifadə etməyə məcbur oldular; elmin-savadın qapıları tabeçilikdə olan xalqların üzünə açıldı; kənar xalqlara da bəzi hüquqlar verməyə başladılar.

Nəticədə Roma ordularında "xarici legionlar" formalaşdı, ölkənin ictimai-sosial sahəsində və idarəçilikdə qeyri-romalılar artmağa başladı; elm-təhsil yavaş-yavaş əski romalıların inhisarından çıxdı, müəyyən vaxtdan sonra bilik-savad sarıdan hətta bəzi qeyri-romalılar əski romalıları üstələməyə başladı... Niyə? Çünki romalıların özləri artıq bu sahələrə o qədər də meyl etmirdilər, təkrar edirəm, bütün maddi rifahlar əldə olunandan sonra passionarlıqları kəskin şəkildə aşağı düşmüşdü.

Eramızın ikinci yüzilində artıq bu proseslər əvvəlki əsrdə olduğu kimi yavaş-yavaş yox, sürətlə inkişaf etməyə başladı... İmperiya daxilən başqalaşırdı, amma heç kim bunu İmperiyanın zəifliyi, süquta doğru getməyi kimi qəbul eləmirdi. Çünki bayaq haqqında danışdığım "ədəbi İmperiya" mifi hələ güclü idi. Kənardan gələnlər də, İmperiya üçün çalışırdı, İmperiya üçün vuruşurdu, başqa sözlə desək, bu mifə xidmət edirdi...

Bəli, gəlib yazımızın əsas yerinə yaxınlaşırıq. Antik Roma tarixinə baş vurmağımızın əsas məqsədi məhz bu məqam idi. Müasir Qərb cəmiyyətinə diqqət edəndə eynən eramızın ikinci-üçüncü yüzilində Roma imperiyasının vəziyyətinin müasir formasını görürük... Məgər əvvəlki abzasda Romanın tənəzzülü dövrünü təsvir edərkən, çoxlu tanış lövhələr görmürükmü? Məgər indiki Qərb cəmiyyətində yerli əhali arasındakı təfəkkür passivliyi, kənardan gəlmələrin aktivliyi və cəmiyyətin bütün sahələrinə nüfuz etməsi, Avropada artan ərəblər, hindistanlılar, türklər, Amerikada çoxalan çinlilər, zəncilər - bütün bunlar Roma imperiyasının tənəzzülündəki hadisələrin təkrarı deyilmi? Məgər 244-49-cu illərdə əslən ərəbistanlı olan və öz mənşəyini gizlətməyən "Filip Ərəb"in Roma imperatoru olması indiki dövrdə Afrika əsilli Barak Obamanın ABŞ prezidenti seçilməsinə bənzəmirmi?

Ərəb əsilli birinin nə vaxtsa Romanın ən ali zirvəsinə qalxması faktı, tutalım, Sezar dövründə nə qədər gülünc görünərdisə, Afrika əsilli bir şəxsin ABŞ prezidenti seçilməsi də, iki yüz əvvəl amerikalılara o qədər inanılmaz, mümkünsüz görünürdü. Lakin mümkünsüz mümkün oldu...

Ümumiyyətlə, Romanın tənəzzül dövründə qeyri-romalı olan çoxsaylı imperatorların adlarını çəkmək olar. Çox güman ki, yaxın onilliklərdə qərb hökumətlərinin başında da qeyri-qərb xalqlarının nümayəndələrindən hələ çox görəcəyik...

Və nəhayət uzun tarixi ekskursdan sonra yenə özümüzə qayıtmaq olar.

Yenə miflər

Bizlər müasir dövrdə təbii ki, qeyri-qərb xalqlarının sırasındayıq. Və eynən min yeddi yüz il əvvəl Roma imperiyanın təsiri altında olan kənar xalqların yaşadığı prosesləri yaşayırıq....

(Əslində elə o vaxt da Azərbaycan əhalisi eynən indiki kimi iki təsir qüvvəsi arasındaydı. Bir tərəfdən Roma-Bizans imperiyası, digər tərəfdən Sasani dövləti... İndi ikinci qüvvə bir qədər yerini dəyişib, şimal qonşumuzla əvəzlənib...)

Qeyd etdik ki, həmin dövrlərdə Romadan kənardakı xalqların çoxu "Əbədi imperiya" mifinin əsarətində idi...

Eramızın başlanğıcında təşəkkül tapmağa başlayan xristianlığın təbliğatçılarından birinin camaata müraciətlə dediyi təxminən belə bir fikri rastıma çıxmışdı: “Romanı yaşadan sizin sevginiz və qorxunuzdur...”

Maraqlı fikirdir. Həmin dövrlərin prizmasından baxanda bu fikri təxminən bu cür genişləndirmək olar: Roma daxilən artıq çürümək üzrədir, imperiyanın əvvəlki əzəməti ovulub tökülür, yalnız zahirən İmperiya var, mövcuddur, hakimdir. Çünki sizin beyninizdəki "əbədi imperiya" mifi hələ dağılmayıb... İmperiyanı dağıtmaq üçün siz ilk növbədə beyninizdəki bu mifi dağıtmalısız...

Eyni vəziyyəti Qərbin dünya hakimiyyətinə də proyeksiya eləmək olar. Qərb sivilizasiyası bu saat bütün dünyaya hakim kimi görünür. Siyasi-iqtisadi rıçaqların çoxu onların əlindədir, dünya mədəniyyətində, ədəbiyyatında zövqləri onlar təyin edir, mənəvi prosesləri onlar tənzimləyir və sair və ilaxır... Lakin haqqında danışılan məlum deqradasiya qarşısı alınmaz prosesə çevrilib. Eynən eramızın ikinci-üçüncü yüzilliyində Roma imperiyasında olduğu kimi...

Kimsə deyə bilər ki, bu nə absurddur, müasir Qərbi qədim Roma ilə müqayisə etmək olmaz, Avropanın Amerikanın elmi, texnikası bu saat bütün dünyaya meydan oxuyur, kənardan heç bir basqı da təsir edə bilməz…

Min yeddi yüz il əvvəl də çoxu belə düşünürdü. Roma imperiyası kimi əjdahaya hansısa köçəri tayfalar neyləyə bilər ki? Amma elədi. Romanı vandallar, germanlar, barbarlar, hunlar dağıtdı… İnandırıcı deyil? Axı tarixi həqiqətdi…

İndiki Qərb sivilizasiyası o vaxtkı Roma imperiyasından heç də güclü deyil.

Gəlin yenə də diqqət edək.

İmperiyanın içinə yönələn müxtəlif miqrasiyalar güclənirdi - İmperiya arxayın idi.

Kənar xalqların nümayəndələri bir çox vacib hakimiyyət funksiyalarını ələ keçirirdi - İmperiya yenə də arxayın idi.

Daxili mənəvi krizislər, əxlaqi problemlər cəmiyyəti sarsıdırdı - İmperiya hələ də arxayın idi...

Niyə? Çünki psixikalarda, şüurlarda olan "Əbədi imperiya” ideyası hələ də real "imperiya"dan daha güclü idi və onun mövcudluğunu təmin etməkdəydi.

Başqa sözlə desək, bütün mənəvi çöküşünə, daxili krizislərinə, ictimai təbəddülatlarına baxmayaraq "Roma imperyası" həm öz sakitlərinin, həm də ətraf xalqların nəzərində daha ali dərəcədə qəbul olunurdu...

Hamı romalılar kimi olmağa cəhd edirdi, hamı romalılardan nəsə öyrənməyə çalışırdı, hamı romalıların təcrübəsindən bəhrələnmək istəyirdi... Romalılar hamıya ağıl öyrədirdi, romalılar hamıya yol göstərirdi... Hamı da başını tərpədirdi, razılaşırdı...

Deyən yox idi ki, belə ağıllı və bacarıqlısınızsa, niyə imperiyanı daxili krizislərdən hifz edə bilmirsiz? Niyə stabil funkisonallığı olan dövlət mexanizmini qoruyub saxlamağı bacarmırsız?

Bəlkə tək-tək kimlərsə bu sualları verirdi, amma çoxluq bu təklərin ağzından vururdu... Yox, romalılar bizdən daha yüksəkdir, romalılar bizdən daha ağıllıdır…

Yenə tanış mənzərəni görürük… Eynən indiki dövrdə qeyri-qərb xalqları ilə hakim qərb sivilizasiyasının qarşılıqlı münasibətlərini xatırlatmırmı?

Qərb sivilizasiyası mənəvi-iqtisadi krizislər içində çırpınır, daxilən ovulub tökülür, çürüyüb gedir, ancaq hamımız yenə də onların ardıyca gedirik, yenə də onlar kimi olmağa çalışırıq, yenə də onları imitasiya edirik... Onlar yenə hamıya yol göstərir, hamıya ağıl öyrədir... Biz də razılaşırıq...

Hətta etiraf edək ki, onlar kimi olmaq, onların mədəniyyətini öz içimizdə təbliğ etmək, onların dediklərini yaymaq bizimçün böyük fəxr və qürur mənbəyidir. Burdan ora gedənlər də, onlara xidmət edir, öz ağlını şüurunu, enerjisini, gücünü onlar üçün işlədir, onların inkişafına sərf edir…

İmperiya hamını özünküləşdirib yeyir…

Çünki ədəbi olaraq onlar böyükdü, alidi, güclüdü...

Deməli eyni hadisəni müşahidə edirik; Romanın çöküşü dövründə olduğu kimi indi də, Qərb sivilizasiyası, Qərb mədəniyyəti reallıqda ovulub tökülsə də, insanların şüurunda "ideya" şəklində, «mif» formasında öz möhkəm yerini qoruyub saxlamaqdadır...

Sonda həmin nəticə hasil olur ki, Qərbin sivilizasiyasının bugünkü böyüklüyünü əzəmətini təmin edən əslində BİZİK, qeyri-qərb xalqları...

İdeyaların reallığa təsir etmək kimi təhlükəli bir bacarığı var... Miflər isə birbaşa reallığın özüdür.

Əslində bu gün Qərb sivilizasiyası bütün əzəmətinə görə məhz bizə borcludur – bizə və bizim içimizdə, şüurlarımıza mismarlanmış «BÖYÜK QƏRB MƏDƏNİYYƏTİ» mifinə, «İNKİŞAF ETMİŞ QƏRB SİVİLİZASİYASI» ideyasına...

Miflər saf, təmiz, ideal insan sevgilərindən qidalanır. Qərbin özündə bu cür sevgi qalmayıb, çünki saf sevgi ideyalarını postmodernizm ideologiyası çoxdan məhv edib. Ona görə də bu saat onların mifləri bizim sevgilərimizlə qidalanır, bizim sevgilərimizin hesabına yaşayır, bizim beyin enerjimizi sovurur. Bizim təfəkkür impulslarımızı özünə tərəf istiqamətləndirir…

Lakin əslində bu ideya və bu mif bizim bəsirət gözümüzə taxılan eynək kimidir. Və o eynək bizə Qərb mədəniyyətini bu cür əlvan gözəl göstərir...

Sadəcə, gözümüzdə eynək olduğundan xəbərimiz yoxdu, elə bilirik ki, bu gördüklərimiz reallığın özüdür.

Bu eynəyi çıxarda bilsək, gözümüzün qarşısında boz dumandan başqa bir şey görməyəcəyik...

Və bu saat Qərb ölkələri bütün dünyada ən çox onunçün çalışırlar ki, qeyri xalqların gözündəki bu eynək çıxmasın....

Anti-mif

Və sizi əmin edirəm ki, bizlər (qeyri-qərb xalqları) bu "İDEYA"nı beynimizdən çıxartsaq, gözümüzdəki eynəkdən qurtulsaq, görəcəyik ki, BÖYÜK QƏRB MƏDƏNİYYƏTİ MİFİ əslində çoxdan reallıqdan gedib, indi illüziyadan, ilğımdan başqa bir şey deyil...

Əsərimizin əvvəlində haqqında danışdığımız «quyruğunu dişləyən ilan»lar da əslində bu «MİF»in övladlarıdır. Və bizim bütün varlığımıza sarılıb sıxır, nəfəs almağa qoymur.

Bu ilanlardan qurtulmaq üçün ilk növbədə onları qidalandıran həmin məşum «mif»i dağıtmaq lazımdır – «Ən ali dərəcəli, ən yüksək səviyyəli Qərb mədəniyyəti» mifini…

Bəs niyə iqtisadiyyat, maliyyə, hərbi sahə yox, məhz mədəniyyəti önə çəkirik?

Qəribə də səslənsə, əslində dünyanı miflər və ideyalar idarə edir. Bütün dünya tarixi sanki miflərin və ideyaların döyüş meydanıdır. Hansı mif-ideya qalib gəlibsə, onun təsiri altında olan xalq da o birilərdən güclü olub, hakim mövqeyi ələ keçirir…

(Hətta bəzi metafiziklər bir qədər də irəli gedib mifləri və ideyaları insan şüurundan kənarda mövcud olan irreal varlıqlar kimi də təsəvvür edir. )

İdeyaları və mifləri isə məhz MƏDƏNİYYƏT yaradır… Fəlsəfəni, ədəbiyyatı, incəsənəti özündə birləşdirən «MƏDƏNİYYƏT» məfhumu.

Elm-texnika, iqtisadiyyat, siyasət və sair sahələri də əslində mədəniyyət formalaşdırır.

Ümumi əsarətdən çıxmağın başlanğıcı məhz mədəniyyətin əsarətindən çıxmaqdır. Qərb bütün dünyanı silah gücünə tabe eləməyib. Əksinə, az qala silah gücünə öz mədəniyyətini yayıb. Niyə? Çünki Qərb mədəniyyətinin hökmranlığı, populyarlığı elə Qərbin ictimai-siyasi hökmranlığını təmin edən ən böyük, ən qüdrətli və ən qorxulu silahdır. Son iki yüz il ərzində Qərb sivilizasiyası bütün dünyanı öz miflərinin əsarəti altına almağa çalışırdı. Çünki bilirdi ki, ictimai-siyasi, sosial problemlər bu sivilizasiyanı daxildən sarsıdan zaman onların dünya hakimiyyətini məhz bu miflər hifz edəcək… Məgər indi eyni halı müşahidə etmirikmi?

XX əsri demək olar ki, bütün dünya « QƏRB MƏDƏNİYYƏTİ» mifinin əsarətində yaşadı. Əsr hələ bitməyib, daha doğrusu bitmək istəmir, çünki bu mif ortadan çəkilmək fikrində deyil… Məqsədi isə özüylə bərabər bütün dünyanı uçurumun dibinə aparmaqdır.

«Cəhənnəmə gedən özünə yoldaş axtarar» məsəli məncə bu saat çox yerinə düşür. Və biz o cəhənnəmə getmək istəmiriksə, ilk olaraq bu mifin və onun yaratdığı ideyaların əsarətindən çıxmalı - boğazımıza dolaşıb öz quyruğunu yeməkdə olan bu gözəgörünməz, mistik ilanları kəsib kənara atmalıyıq… Əlbəttə əgər ekzistensialistlərin, dekadantların təbliğ etdiyi «ən ali, ən gözəl ölüm»ə vasil olmaq istəmiriksə…

Əslində yazımızın bura qədərki hissəsi sadəcə bir müqəddimə idi. Həddən artıq uzun və böyük bir müqəddimə… Biz sadəcə boğazımızdakı ilanların – Qərb miflərinin və ideyalarının mahiyyətinə varmağa cəhd edirdik.

Yazının bundan sonrakı hissəsi isə dediyimiz təhlükəli miflərdən qurtulmağa yönələn cəhdləri özündə əks etdirəcək. Bəlkə də uğursuz cəhd olacaq. Lakin boğazımızdakı ilanlara təslim olmaqdansa, son nəfəsdə heç olmasa onlara bir iynə batıra bilsək, bunun özünü də «böyük qurtuluş»a doğru atılan bir addım kimi dəyərləndirmək olar…

Bədənə batırılan yüzlərlə, minlərlə xırda iynə bəzən böyük bir qılınc zərbəsindən daha təsirli olur…

# 1336 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #