Din olmasaydı dünya necə olardı?

Din olmasaydı dünya necə olardı?
27 may 2016
# 13:27

Kulis.az Orxan Rəcəbzadənin “Din elmə niyə ziyandır?” məqaləsinin ikinci hissəsini təqdim edir.

Birinci hissəni burdan oxuya bilrəsiz.

İkinci Dünya Müharibəsindən sonra Eynşteyn deyirdi: “Elm bu zamana qədər kölələr yaratmaqdan başqa bir iş görə bilmədi. Müharibə zamanı elm bizi zəhərləyir, sülh dövründə isə rahatlığımızı əlimizdən alır. Elm insanı əvvəlki köləlikdən xilas edib, texnoloji cihazların köləsinə çevirdi. Elm bəşəriyyətin ən dəhşətli silahıdır.” Bu 7,2 milyarddan çox insanın və xaraba qalmış şəhərlərin ahu-naləsi üzərinə çökmüş, bir elm adamının, elə xidmət göstərdiyi sahənin törətdiyi “sənət əsərləri” qarşısındakı ahu-naləsidi. Bu cəhətdən elm də sanki dinə bənzəyir, dini öz maraqları üçün istifadə edib, milyonlarla insanı necə məhv etmişlərsə, elm də milyonlarla insanın həyatını qurtarsa da, bir o qədərinin məhv edilməsinin səbəbkarı olub. Hər iki halı bu aspektlərin öz substantiv reyslərindən çıxmasının nəticəsi kimi götürmək olar.

Gəminin okeandakı hərəkətini məqsədli şəkildə iki yolla izah etmək olar. Bir onun matorunun iş prinsipini izahını verməklə, digər halda isə sadəcə bu gəminin bir Amerika şirkətinə məxsus olduğunu və Avropaya şəkər tozu daşımağını bildirməklə. Bu misaldan da görünür ki, elm “Necə?” sualına cavab verdiyi halda, din isə “Niyə?” sualına cavab verir və onların bir-birinə qarşı heç bir maneçiliyi yoxdur. Bəzi elm adamlarının fikirlərinə görə dinin verdiyi cavablar təfəkkür süzgəcindən keçmir və doqmatik olduğuna görə qəbul edilməsi də düzgün sayılmır. Onda ortaya belə bir sual çıxır: “Bəşəriyyətin mövcudluğunun zəruriyyəti nədir?”

Elm bu sualın qarşısında acizdir, çünki şüurlu bir varlığın öz mövcudluğunun əsl səbəbini bilmədən, kainatın fundamental varlığı barədə fikir yürüdə bilməsi mümkünsüzdür. Ətrafda isə milyonlarla şüurlu yaradılış nümunələri var ki, insan bu nümunələrin sahibinin yaratdıqları qarşısında aciz qalır. Tibb elmi yüz il də inkişaf etsə, 1 metrlik qulaqcıq iplərinin bir-birinə qarışdığı halda, 97000 km-lik insan damarlarının bir birinə qarışmadan mövcudluğunu və ya ağırlığı 77 kq olan dialez aparatının 4 saata 250 litr qanı 68% təmizləyərkən, 300 qramlıq böyrəklərimizin 2500 litr qanı 100% təmizləməsinin izahını verə bilməyəcək. Elmi öz sərhədlərindən daha uzaqlara “qovub” çıxarmaqla, “hərşeyəqadirlik” nümunəsi kimi göstərmək və bu yolla dinin əsas mahiyyətini ört basdır etmək istəyən “elm adamları” əslində elmi alver vasitəsinə çevirirlər. Onları tənqid edən filosof Tomas Kunb “Elmi inqilabların strukturu” kitabında vurğulayır ki, elmi istənilən suala cavab verə bilən obyektivlik meyarı kimi dəyərləndirmək yanlışdır. Çünki elm aləmində saysız-hesabsız ziddiyyətli və mübahisəli fərziyyələr irəli sürülür. Bu gün qüvvədə olan nəzəriyyənin yerini sabah başqa təlim tutur (məsələn, mexanikanı kvant fizikası, onu nisbilik nəzəriyyəsi əvəzləmişdir). Bu isə onun qüdrətinin sonsuz olmadığını və subyektiv səciyyə daşıdığını göstərir. Amerikalı araşdırmaçı bildirir ki, müasir qərb elmi böhran yaşayır və elmi araşdırmalarda adətən həqiqət axtarışı deyil, siyasi motivlər böyük rol oynayır.

Əslində yuxarıda yazdıqlarımla elmin cəmiyyətdəki rolunu kölgədə qoymaq istəməzdim. Çünki bu gün həyatımızı asanlaşdıran və ətrafımızda bizim üçün çox müsbət dəyişikliklər yaradan kifayət qədər “elm qanunları”nın bəhrələri var. Elm bu yolda dəyişikliklər edib, fərziyyələr yaradır və nəhayət üst mərtəbəyə qalxaraq ortaya nəzəriyyələr qoyur. Mənim toxunduğum məsələ sırf etik normaların qorunmasıdır. Elmi fəaliyyətdə mühüm prinsiplər sırasında zəruri riayət edilməli məsələlərdən biri də etik normalardır. Russo elmi biliklərin sürətlə inkişafı ilə bağlı yaranan ifrat optimizmdən çəkinərək belə bir fikir söyləmişdir ki, elmin inkişafı cəmiyyətdə mənəviyyatın yüksəlişinə aparmır. Elmə özünün kəskin münasibətini fransız yazıçısı F. Şatobrian da bildirmişdir. O, tam açıq və aydın şəkildə elan etmişdir ki, dağıdıcılıq ideyası elmin səciyyəvi xüsusiyyətidir. Misal kimi atom bombasını nümunə göstərmək olar. Tarixdə ilk dəfə olaraq elmin köməyi ilə elə bir silah yaradılmış ki, onun vasitəsilə nəinki bəşəriyyəti, eləcə də onun məskun olduğu mühiti də məhv etmək mümkündür. Bu milyonlarla xəstə insanı ayağa qaldırmağı bacaran, fiziki məhdudiyyətli insanların həyat tərzini asanlaşdıra bilən cihazları yaradan və bizim bir çox şeydən asılılığımızı aradan götürən həmən elmdir. Deməli hər bir halda elmi də, din kimi pis tərəfə yönləndirmək mümkündür və ortada yenə də insan xisləti kimi böyük bir məfhum ön planda qalır.

Yazımın birinci hissəsində müqayisə üçün sırf islam dinini seçdiyimə görə elə bu din üzrə də bəzi düzgün anlaşılmayan nüansları diqqətinizə çatdırmaq istəyərdim. Məsələn, insanların tarix boyu hər kəs tərəfindən qəbul edilən “islam qılınc gücünə yayılıb” şüarı ilə yaşaması və bu şüarı ateistlərin öz əllərində bayraq etməsi, əslində bunun insanlara düzgün çatdırılmamasının və ya kimlərinsə bu şüardan məqsədli şəkildə istifadə etməsinin nəticəsidir. Misirdə yaşayan və xristian alim olan Nabil Luka Babaui “İslam dövlətində xristianların hüquq və vəzifələri və milli təhlükəsizlik məsələlərində mövqeyi” adlı doktorluq dissertasiyasını müdafiə edərkən yazır: “1400 il müsəlmanların hakimiyyəti altında olan Misirdə hazırda təqribən 13 milyona yaxın xristian var. Əgər o torpaqlarda yaşayanlar qılınc gücünə müsəlmanlığı qəbul ediblərsə, orada nəinki, 13 milyon, heç 10 xristian da olmazdı.” Oxşar hal kimi İspaniyanı da nümunə göstərmək olar. Müsəlmanlar İspaniyanı 800 ilə yaxın idarə etdilər. Əgər ispanlara qarşı hər hansı qılınc gücünə məcburiyyət olmadan, hətta sadəcə iqtisadi sanksiyalar tətbiq edilsə idi, 800 il ərzində İspaniyada bir nəfər də olsun qeyri-müsəlman, yaxud xristian qalmazdı. Hətta müsəlman İspaniyası bəzən müsəlmanlar, xristianlar və yəhudilər arasında dini və etnik dözümlülük və dinlərarası harmoniyanın qızıl dövrü kimi təsvir edilir. Yaxud hansı ərəb qoşunları İndoneziyaya, Malaziyaya, Sinqapura, Nigeriyaya, Şərqi Afrikaya gedib orada İslam dinini yaydılar?! Ziyalılara, dindarlara, sıravi vətəndaşlara qarşı 70 il repressiv olan və bir çox qanlı cinayətlər, sürgünlər törədən kommunist-ateist Sovet sisteminin çöküşündən sonra Azərbaycan və Orta Asiya ölkələrinin türk xalqları yenidən öz istəkləri ilə İslama döndülər. Onları buna kim məcbur etdi?! Ortada kifayət qədər cavabsız suallar var və bu cavabsız suallara cavab verməkdənsə, onu ört-basdır edib, dünyaya islam nifrəti aşılayan insanların maraqları var. Bu gün insanların “əsl islam bu deyil” deyib, hər şeyi lağa qoymaqlarının da köklü səbəbi heç bir şeyi araşdırıb-aramadan, məsələlərə öz arşınlarıyla yanaşmalarıdır.

Pifaqor deyirdi: “İnsanlıq üçün 3 ən böyük təhlükə qarşısındadı: fanatik dindarların cəhaləti, materialist alimlər, vicdansızlıq və demokratların olmaması.” Bu fikirlərin əslinə varsaq bəşəriyyətin uzun sürən tarixi gedişində özünü necə reallaşdırdığını görə bilərik.

Əslində cəhalət təkcə bəzi islam ayinlərinin icrasında təzahür etmir. Bu, xristianlıqda da olub, elə indi də var. İŞİD-çilərin və qeyri-dini radikalların göz önündə insan başı kəsməsi necə dəhşətli təsir bağışlayırsa, bir vaxtlar - orta əsrlərdə inkvizisiyanın hökmü ilə insanları tonqalda yandırmaq da elə bir o qədər dəhşətli görünürdü.

Bu günlərdə Filippin xristianlarını göstərirdilər. İnsanlar özlərini çarmıxa çəkdirirdilər ki, İsa peyğəmbərin hansı hisslər yaşadığını, hansı ağrılar duyduğunu öz təcrübələrindən bilsinlər. Maraqlısı da odur ki, bütün bu dini ənənələr heç bir səmavi kitabda yazılmayıb və heç bir dinə söykənmir, sadəcə fanatik dindarların təxəyyülünün qayəsidir. Deməli cəhalət beyinlərdə və insan maraqlarında doğur.

Bəşər tarixində bir çox ideyalar mövcud olmuşdur ki, onlardan biri də materializmdir. Materialist fikir sisteminin hakim olduğu illərdə şəfqət, sədaqət, qürur, şərəf, səmimilik, fədakarlıq kimi gözəl əxlaqi keyfiyyətlər məhv olmağa başladı. Cəmiyyət daxilindəki əxlaqi degenerasiya bu gözəl əxlaqi keyfiyyətlərin bir növ “sadəlöhvlük” kimi göstərilməsi ilə nəticələndi. Eqoizm, mərhəmətsizlik, haqsızlıq, ədalətsizlik adi hal kimi qarşılanmağa başlandı. Yardımsevərliyin unudulduğu, hamının daha çox pul qazanmaq və daha çox xərcləmək istədiyi bu sosial mühitdə zəifləri əzmək, zəif insanlardan mərhəmətsizcə sui-istifadə etmək, əlilləri, qocaları və ehtiyac içində olanları cəmiyyətdən xaric etmək kimi zalımlıqlar normal hesab edilirdi. Muasir elektrofiziologiyanın banisi, Nobel mükafatı laureatı C.Ekls bu barədə yazırdı: “Materialist konsepsiyalar hamımızın dərk etdiyi unikallığı izah etmək iqtidarında olmadığına görə, şəxsiyyətin, yaxud qəlbin bu unikallığını fövqəltəbii mənəvi yaradılışın ayağına yazmaq məcburiyyətindəyəm. Ümumilikdə isə mən bu nəzəriyyəni əsassız hesab edirəm. Elm beyin haqqında nə qədər çox şey öyrənirsə, onun daxilində baş verən proseslərlə mənəvi hadisələr bir o qədər heyrətamiz olur. “Ümüdverici materializm” sadəcə materialistlərin özlərinin inandığı mövhümatdır. O, gələcəkdə bütün problemlərdən azad olunmağın vəd edildiyi bir peyğəmbərliyin bədbəxt gələcək nəsillərimiz üçün, bir növ, Nirvananın bütün xüsusiyyətlərinə malikdir.”

Elmi mövzularda məqalələr müəllifi Con Qlidman “Alimlər qəlb axtarışında” adlı məqaləsində Eklsin fikirləri barədə qeydlərində yazırdı: “Ekls insanda fiziki bədənlə qeyri-material ruhun əsrarəngiz şəkildə qovuşmasına dair dini təsəvvürə sadiq qalır. Hər birimizin daxilində qeyri-material, düşünən başlanğıc - embrion inkişafı dövründə və yaxud erkən uşaqlıqda, fiziki beynimizə “daxi olan” “mən”imizi əks etdirən başlanğıc mövcuddur. Müasir neyrofiziologiyanın mənbələrinə söykənən insan belə hesab edir. Bu “maşında ruh” bizi insan edən hər şeyə görə: şüur və özünüdərk, iradə azadlığı, yaradıcılıq qabiliyyətləri və hətta sevgi, qorxu, nifrət kimi emosiyalara görə cavabdehdir. Sürücünün avtomobili, yaxud proqramçının kompüterin işini idarə etdiyi kimi, bizim qeyri-material “mən”imiz də beynə nəzarət edir. Eklisin fikrincə, bəzi neyronların fəallaşması, bəzilərinin isə yerində qalması üçün insan ruhunun kompüterəbənzər beynə kiçik fiziki təsir göstərməsi kifayətdir. Bununla da Ekls bəzi alimlərin qəbul etmədiyi şeyi qətiyyətlə müdafiə edir və insan ölümündən sonra da onun mövcudluğunu qəbul edirdi.”

Ümumilikdə yazımın məqsədi dini və elmi ortaq nöqtədə görmək istəməyən, hər şeyi öz arşınıyla ölçüb, məsələlərə qapını açaraq yox, kiçik bir “qlazok” deşiyindən baxan cılız adamların absurd fikirlərinin, özləri kimi elə cılız və qeyri-konstruktiv mövqedə olduğunu göstərmək idi. Elm bədəndirsə, din ruhdur. Elm ağlın nuru, din isə ruhun qidasıdır. Din olub, elmsizlik olsa xurafat, elm olub, dinsizlik olsa küfr, qəddarlıq, zülm ortaya çıxar. Dinin inkarı gözəl bir maşını sürən, ancaq maşın zavodunu görmədiyi üçün onu inkar edən bir insanın durumuna bənzər. Yazını Eynşteynin bir fikri ilə tamamlamaq istəyirəm: “Fanatik dindarlar və ateistlərin dözümsüzlüyü oxşardır və bu, eyni mənbədən qaynaqlanır. Onlar ağır mübarizədən sonra atılmış zəncirlərin əzabını hələ də hiss edən qullara bənzəyirlər. Onlar “xalq üçün tiryək”ə qarşı üsyan edirdilər. Onlar üçün sferaların musiqisi dözülməzdir.”

# 1390 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #