Vaqif Bayatlı Elçibəy haqqında

Vaqif Bayatlı Elçibəy haqqında
25 iyun 2013
# 10:07

Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin 75 illik yubileyidir. Modern.az saytı mərhumun ən yaxın dostlarından biri olmuş şair Vaqif Bayatlı Odərlə elə onun özü barəsində müsahibəni sizlərə təqdim edir.

- Siz Elçibəyin çox yaxın silahdaşı olmusuz. Bu funksiyanı Sözün vasitəsilə etmisiz, ya siyasi fəallığınız da olub?

- Mən o vaxtı bəyin rəhbərliyilə yaranan gizli təşkilatın üzvü olmuşam. Həmin təşkilat ayrı-ayrı qruplara bölünürdü. Mən də o qruplardan birinin rəhbəri idim. Amma bəy heç vaxt öz rəhbərliyini hiss etdirmirdi. Həmişə özünü başqaları ilə bir tuturdu. Hətta mənə deyirdi ki, Vaqif, mənə Əbülfəz de, bəy demə! İndi çox istəməsin, məni çox istəyirdi. Ən gərgin məqamlarda, ən kritik vaxtlarda bir yerdə olmuşuq. Yadıma gəlir, gizli təşkilatlanma zamanı mənim “Müsəlman-türk qadınlarının vəziyyəti haqqında” oxuduğum məruzə onun çox xoşuna gəlmişdi. Bunu sonradan xatirələrində də qeyd edib. Həmin təşkilatların cəmi 10-15 üzvü olardı. Gizli təşkilatlarda bəyin məruzələri daha çox olurdu. Mən ilk dəfə onun məruzəsinə qulaq asanda çox heyrətləndim. Yəni, o elə şeylərdən danışırdı ki, bizim onlar barədə qəti məlumatımız yox idi. Bizim bilmədiyimiz şeyləri o bilirdi. Məndən cəmi 10-11 yaş böyük olardı, amma bildikləri daha çox idi.

- Daha çox hansı məsələlərdən danışardınız?

- 70-ci illər Azərbaycanın vəziyyəti, Sovetlər Birliyində Azərbaycanın yeri, Güney Azərbaycan məsələsi və digər mövzularda bizim müzakirələrimiz olardı.

- Aranızda heç mübahisə olurdu?

- Hərdən onunla mübahisələrimiz də olardı. Daha çox Türk dünyası və Güney Azərbaycan mövzularında. Mən həmişə deyərdim ki, əsas prioritet məsələ bütün Türk dünyasının bütövləşməyidir. O, isə deyirdi ki, “yox, ən vacib məsələ Güney Azərbaycandır. Əvvəl onun, sonra isə Türk dünyasının bütövlüyü bizi maraqlandırmalıdır”. Zaman keçdikcə hiss etdik ki, bəy daha doğru deyir. Sonralar isə gördük ki, biz ikimiz də düz deyirmişik. Bunların hər ikisi eyni anda aktual məsələ olmalı idi. Həm Vahid Azərbaycanın birliyi, həm də Turan birliyi. Bu yanaşmamı bəyə dedim. Onun çox xoşuna gəldi. Bəy də qeyd edirdi ki, biz həm türk dünyasının, həm də Azərbaycanın birliyi uğrunda mübarizə aparmalıyıq. Çünki bunlar bir-birindən ayrılmaz hissələrdi.

- Elçibəylə aranızda yaşanan hər hansı bir maraqlı detal....

- Çox nəhəng insan idi. Mən bu faktı onunla bağlı xatirələrimdə də demişəm. Bilirdim ki, o bu sözə hirslənəcək amma deyirdim: “Bəy nə təhərsən, arvad-uşaq nə təhərdi?” Cavabında isə: “Ə, nə arvad-uşaq? Sən deyəsən xarab olmusan. Vətən olan yerdə arvad uşaq-nədi?! Əsas vətəndi, əsas Azərbaycandı!” Mən bilirdim ki, o mənim bu sualıma hirslənəcək, amma yenə verirdim. Nədənsə onun bu cür hirslənməyi mənim xoşuma gəlirdi.

- Əsasən harda görüşürdünüz?

- Gizli təşkilatlarımız var idi. Biz müxtəlif yerlərdə görüşürdük. Hətta dağlardakı gizli yerlərdə də görüşlərimiz olub. Bizim Mehdi Məmmədov adlı gözləri yaxşı görməyən bir tarixçimiz var, sonradan elmlər doktoru oldu. Onun evində görüşürdük. Görüşlərimiz barədə aidiyyəti qurumlara xəbər verilirdi. Ona görə də biz elə yerlər seçirdik ki, öz gizli görüşlərimizi keçirə, açıq sözümüzü deyə bilək.

- Şeirlərinizi çox sevirdi. Hərdən yeri düşəndə deyirdi də. Daha çox hansı şeirlərinizdən sitat gətirərdi?

- Mənim dinlə, insanlıq, humanizm, türk insanı və onun ruhu ilə bağlı şeirlərimi çox sevirdi. Demək olar ki, bütün şeirlərim ona doğma idi. Çox maraqlı duyğuları var idi. Yeri gələndə şeir də deyirdi.

- Sizin üçün Elçibəy kim idi?

- Elçibəyi adətən Milli Azadlıq Hərəkatının başqa insanları ilə müqayisə edirlər. Elçibəy müqayisə olunmazdır. O, 60-70-ci illərdə Azərbaycan istiqlal hərəkatını ən çox dəstəkləyən bir insan idi. Onun yanında sən Azərbaycanın hansısa bir görkəmli ziyalısı haqqında pis söz deyə bilməzdin. O saat sənin cavabını verərdi.

- Məsələn...

- Ziya Bünyadov haqqında bir dəfə kimsə pis bir söz demişdi. Daha doğrusu, demək istəyirdi. Amma Elçibəy həmən onun cavabını verdi. Ziya Bünyadovu Azərbaycanın ən böyük ziyalısı hesab edirdi. Mənim yadımdadır ki, xarici mətbuat orqanına verdiyim müsahibədə Elçibəyi Azərbaycanın ən böyük siyasətçisi adlandırmışdım. O buna etiraz etmişdi. Dedi ki, gərək Ziya Bünyadovu deyərdin. Dedim ki, Ziya müəllim daha çox tarixçi kimi məşhurdur, amma mən sizi əsl siyasətçi kimi tanımışam. O, buna heç nə demədi, sadəcə gülümsədi. Yəni, etiraz etmədi.

- Elçibəyi kimlə müqayisə edərdiniz?

- Bir dəfə xarici KİV-ə müsahibəmdə demişdim mən Elçibəyi ancaq Mahatma Qandi ilə müqayisə edə bilərəm. Çoxlarına bu ironiyalı gəlirdi. Çoxları isə deyirdi ki, çox dəqiq məqamı tutmusan, yəni, düzgün müqayisə etmisən. Mən Elçibəyi hətta Mahatma Qandidən də üstün tuturam.

- Niyə?

- Çünki Qandi nisbətən mədəni bir dövlətə - Böyük Britaniyaya qarşı mübarizə aparıb, insan azadlığı uğrunda çarpışmışdı. Amma biz azərbaycanlılar olaraq, heç bir qayda - qanunun olmadığı Sovetlər Birliyi daxilində mübarizə aparmışıq. Bu birliyin özünün dissidentləri var idi. Əksəriyyəti yəhudilər idi. Mən Moskvada olarkən onlarla çox əlaqədə olmuşam. Onlar öz mənafeləri uğrunda vuruşurdular. Mən buna görə də onlarla mübahisə etmişəm. Buna görə də Elçibəy onların hamısından üstün idi. Elçibəyin işi Qandiyə nisbətən çox çətin idi. Çünki o, daha kəskin düşmən qarşısında mübarizə aparırdı. Sovetlər Birliyi öz dissidentlərinə qarşı mənfi rəftarda idi. Amma türklərə, azərbaycanlılara münasibət bundan beş dəfə pis idi.

- Onun, eləcə də sizin mübarizəniz daha çətin idi...

- Bəli ... Çoxları elə bilir ki, Sovetlər dağıldı və buyur, biz müstəqil olduq. Xeyr, elə deyil. Sovetlər dağıdıldı və onu bizlər dağıtdıq. Mən qətiyyətlə deyirəm ki, bu nəhəng imperiyanı biz yıxdıq! Bu imperiyanı yıxanların arasında ən nəhənglərdən biri isə Əbülfəz Elçibəy idi! O, təkcə Azərbaycanın istiqlalını quranlardan biri deyil, həm də Soveti yıxanlardan idi.

- Hazırda, Elçibəyin hansı kitablarını oxuyursunuz?

- Onun kitablarının hamısı məndə olub və hamısını da oxumuşam. Amma mən özümdə heç bir kitab saxlamıram. Oxuyuram, paylayıram uşaqlara. Onsuz da bir köhnə riyaziyyatçı kimi iti yaddaşım var, oxuduqlarım yadımdadır.

# 2664 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
# # #