Oğlunun bakenbardlarını pulla alan, filmi əlindən alındığı üçün yatağa düşən, qışqıraraq can verən Xalq artisti

Həsən Seyidbəyli, Xalq artisti

Həsən Seyidbəyli, Xalq artisti

25 iyun 2023
# 21:00

Bu gün Xalq artisti, rejissor Həsən Seyidbəylinin anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Həsən Seyidbəyli 22 dekabr, 1920-ci ildə Bakı şəhərində anadan olub. 132 saylı şəhər orta məkətbində təhsil alıb. 1938-ci ildə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-cü ildə isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində oxuyub. "Azərbaycanfilm" kinostudiyasında kinorejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib.

***

Həsən Seyidbəyli ictimai xadim kimi də Azərbaycan kinosunun inkişafına böyük təkan verib. Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin I katibi, sədri vəzifəsində çalışıb. Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülüb.

***

Ailədə üç qardaş olublar. Həsən evin ortancıl uşağıdır. Onlar hər üçü uşaqlıqdan idmana meyl ediblər. Böyük qardaşı Kamil voleybolla, Həsən akrobatikayla, kiçik qardaşı Adil isə gimnastikayla məşğul olub. Həsən Seyidbəyli sonralar yazıçı, rejissor, ssenarist kimi fəaliyyət göstərməyə başlayıb. Rejissorluq onun öz seçimi olub.

Gallery

Ümumittifaq Kinematoqrafiya Universitetində oxuyarkən Sergey Eyzenşteynin və Qriqori Kozintsevin tələbəsi olub. Təhsilini başa vurub Bakıya qayıdandan sonra burada onu təxminən dörd, beş il kinoya yaxın buraxmayıblar.

***

Sonralar “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Cəbhədən cəbhəyə” kimi nəsr əsərləri yazır. “Telefonçu qız” və “Uzaq sahillərdə” ekranlaşdırılır. “Cəbhədən cəbhəyə” əsərindən “O qızı tapın” filminin ssenarisində qismən istifadə olunub. Demək olar ki, bütün filmlərinin ssenarisini özü yazıb. “Bizim Cəbiş müəllim” ssenarisini yazmadığı yeganə filmidir. Həmin filmdəki dialoqların çoxu aktyor improvizasiyası üzərində qurulub. Filmlərində birgə işlədiyi aktyorlara sərbəstlik verib, onları sıxmayıb.

***

Övladlarını öz filmlərinə çəkib. Oğlu Ziya Seyidbəyli “O qızı tapın” filmində iştirak edib. Bu filmə oğlunu çəkmə səbəbi rola uyğun aktyor tapa bilməməsidir. Sonralar övladlarının hər üçünü “Bizim Cəbiş müəllim” filminə çəkib. Bunu isə uşaqlarından kinoda yadigar qalması üçün edib. Övladlarının heç bir kino sahəsinə istiqamətlənməyib.

Gallery

Yaxşı musiqilər dinləməyi, bilyard oynamağı, ova getməyi və dənizdə üzməyi xoşlayıb. “Bitlz” qrupunun ifa etdiyi musiqiləri çox sevib. Xüsusilə, üzgüçülüyü çox yaxşı bacarıb. Gənc olanda Nardaranda dənizdə iki qızı batmaqdan xilas edib.

***

“Nəsimi” çəkilən zaman filmin ssenari müəllifi İsa Hüseynovla bir neçə dəfə davaları düşüb. Hətta İsa Hüseynov bir neçə dəfə inciyib çəkiliş meydançasından gedib.

***

Xeyirxah adam olub. Misal üçün, həbsdən çıxan bir insana köməklik etdiyi deyilir. Tahir adlı bu adamın ayağında problem olub, yolu keçən zaman axsayıb, Seyidbəyli az qalıb ki, maşınla onu vursun. Sonra həmin adamı yanacaqdoldurma məntəqəsində işə düzəldib.

***

60 illik yubileyi üçün “Nizami” filmini çəkmək istəyib. Amma səhhəti pisləşdiyi üçün məktub yazıb filmi çəkə bilməyəcəyini bildirib.

Gallery

Deyilənə görə, “Babək” filmini çəkmək istəsə də bu filmi onun əlindən alıb Eldar Quliyevə veriblər. Hətta bu faktı onun ölümünü tezləşdirən hal kimi də qiymətləndirirlər. Rejissorun oğlu müsahibəsində deyir:

“Atam diabet xəstəsi idi. Xəstəlik onu daxilən yeyirdi. Axırıncı iki-üç ili onu anam iynələrlə saxladı. Onun sənət eşqi çox güclü idi, xəstəliyi də buna mane ola bilmirdi. Gecələr səhərə qədər işləyirdi. Atamın ölümünü tezləşdirən siz deyən kimi “Babək” filmi yox, açıqlanmasını istəmədiyim başqa səbəblərdir”.

***

Mircəfər Bağırov Seyidbəyli soyadına görə Həsən Seyidbəylini Mərkəzi Komitəyə çağırıb. O vaxt Azərbaycanda Seyidbəyli soyadı bir onda, bir də əslən qarabağlı olan nəsildə vardı. Onlar Sibirə sürgün olunublar. Mircəfər Bağırov da rejissoru çağırıb həmin nəsildən olub-olmaması ilə maraqlanıb. Biləndə ki, o, bakılıdır, sərbəst buraxıb.

***

Çox maraqlı, lətifə danışmağı, gülməyi çox sevən biri olub. Hərdənbir adamlarla səviyyəli əylənməyi olub. Oğlu Ziya bakenbard saxlamağı xoşlayırmış. Onun isə bakenbarddan xoşu gəlmirmiş. Bir gün oğlu evdən çıxmağa hazırlaşanda deyib ki, pul istəyirsənsə gəl, bakenbardlarını mənə sat, neçəyə desən alacam. Oğlu əlli manat deyib. Bakenbardın birini təraş edəndən sonra o, oğluna iyirmi beş manat verib. Oğlu təəccüblənəndə isə deyib ki, o biri bakenbardı saxlaya bilərsən.

Gallery

Çox tələbkar rejissor olub. Onun bir sözünü iki eləmək mümkün deyilmiş. Hətta kiminsə üstünə qışqıra bilərdi. Qışqırırmış da. Amma “Nəsimi” filmində maraqlı bir jesti ilə yadda qalıb. Aktrisa Xalidə Quliyevanın uzun hörükləri varmış. Rola uyğun olaraq qrimçi onun hörüklərini kəsmək istəyib. Aktrisanın məyus olduğunu görən Seyidbəyli qrimçiyə deyib: “Xalidənin bir telinə də toxunmayacaqsan, gətirin başına şinyon taxın.”

***

Xalidə xanım müsahibələrinin birində başqa bir əhvalatı da xatırlayır: “Filmdə bir səhnə də vardı. Yusif paltarlarımı gətirir ki, əynimi dəyişim. Orda Həsən Seyidbəyli istəyirmiş ki, mən paltarı soyunub-geyindiyim səhnəni çəksin. Mən çox sonralar bunu başa düşdüm. O, mənə dedi ki, Xalidə, elə et ki, paltarın sürüşsün, çiynin görünsün. Nə qədər əlləşdim, utandığımdan paltarımı sürüşdürə bilmədim. Seyidbəyli bunu başa düşdü və heç üzümə də vurmadan qayıtdı ki, artıq çəkildin. Film ekranlara çıxanda heç o səhnə yox idi. Anladım ki, həmin səhnə alınmadığı üçün filmə daxil etməyiblər.”

Gallery

Sənətdə güzəştə getməyib. Ona nəyisə diktə etmək mümkün deyildi. Aktyorları özü seçirdi və heç vaxt da seçimində yanılmırdı. “Nəsimi” filminə Rasim Balayevi çəkəndə Mərkəzi Komitədən ona qarşı çıxıblar. Hər kəs Rasimin bu filmə çəkilməsinin əleyhinə olub. Amma Seydbəyli qərarından dönməyib. O qədər etiraza baxmayaraq, Rasim “Nəsimi” roluna çəkilib və film gözlənildiyindən də artıq uğur qazanıb.

***

Filmin bu uğurundan sonra ona qarşı çıxanlar peşman olmayıb. Əksinə, Seyidbəylini hədəfə götürüblər. Onunla açıq və gizlin mübarizəyə başlayıblar. Ona film çəkməyə imkan vermək istəməyiblər.

***

“Nəsimi”dən sonra o “Babək” filmini çəkmək istəyir. Hətta filmin hazırlıqlarına da başlanır. Amma çəkiliş başlamamış filmi onun əlindən alıblar. Bu hal gizlin baş verib. Həmin vaxt stress nəticəsində Seyidbəyli xəstəxanaya düşür. Bu əhvalatdan sonra “Babək”i Eldar Quliyev çəkir. O film ekranlara çıxanda artıq Həsən Seyidbəyli həyatda yox idi. Deyilənlərə görə, bəstəkar Tofiq Quliyev Babək filmində Seyidbəyli ilə bəstəkar kimi işləməli imiş. Amma eşidəndə ki, filmi o yox, öz oğlu Eldar Quliyev çəkəcək, bəstəkarlıqdan imtina edib.

Gallery

Ölümü çox ani baş verib. Otuz saniyənin içində dünyasını dəyişib. Naharını edəndən sonra qəfildən halı pisləşib. Həyat yoldaşı ona iynə vursa da vəziyyəti düzəlməyib. Bir-iki dəfə möhkəmdən qışqırandan sonra oğlu Ziyanın qucağında can verib. Onda 1980-ci il iyunun 25-i idi və Həsən Seyidbəylinin 59 yaşı vardı.

# 18985 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
# # #