Uşaqkən anasız qaldı, gözlənilmədən varlandı, müəmmalı şəkildə öldü – Azərbaycanın ilk rəsmi milyarderi

Uşaqkən anasız qaldı, gözlənilmədən varlandı, müəmmalı şəkildə öldü – Azərbaycanın ilk rəsmi milyarderi
30 aprel 2021
# 14:30

Kulis.az Azərbaycanın ilk rəsmi milyarderi Yelmar Məmmədov haqqında maraqlı faktları təqdim edir.

Yelmar İsbəndiyar oğlu Məmmədov 28 iyun 1957-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində anadan olub. Çox kiçik yaşlarından anasını itirir, körpəlikdən həyatın acılarını dadır, zəhmətin nə olduğunu öyrənir.

***

Orta məktəbi bitirəndən sonra Bakıya gələrək ali məktəbə imtahan verir, ancaq müsabiqədən keçə bilmir. Bundan sonra doğulduğu rayona qayıtmaqdan vaz keçən Yelmar Məmmədov 1975-1976-cı illərdə Bakıda qalıb zavodda fəhlə işləyir.

1976-cı ildə hərbi xidmətə yollanır. Hərbi xidmətini Rusiyanın Çita şəhərində başa vurur. Hərbi xidmətdən sonra, 1978-ci ildə tale təsadüfən onu Özbəkistanın paytaxtına - Daşkəndə gətirir. Şəhər və adamları onun xoşuna gəlir. Bir müddət Daşkənddə qalıb fəhlə işləyir, eyni zamanda, 1983-cü ildə Daşkənd Ali Milis Məktəbinə daxil olur. Sonralar isə Moskvada Ümumittifaq Ali Hüquq Məktəbinin qiyabi şöbəsində təhsil alır.

***

Ehtiyac üzündən Daşkəndi tərk etməyə məcbur olan Yelmar Məmmədov Rusiya Federasiyasının Komi Muxtar Respublikasındakı Uxta şəhərinə gedir. Orada Neft Kəşfiyyatı İdarəsində işə girən Yelmarın bəxti üzünə gülür. O, əvvəlcə fəhlə, sonra usta, mühəndis, daha sonra şöbə rəisi və baş mühəndisin müavini olur.

1988-ci ildə sahibkarlıq haqqında qanunun qəbul edilməsindən faydalanaraq, lazımi yerlərə müraciət edib, əvvəlcə dörd nəfərlik "Trud" kooperativini açır. İlk işləri bir zavodun damını örtmək olur. Bu işdən əldə olunan gəlirlə yeni avadanlıq alır, əlavə işçi qəbul edir. Artıq bir ildən sonra onun işçilərinin sayı min nəfər olur.

***

Biznes sahəsində böyük uğurlar qazanan yelmar Məmmədov az sonra Komi Respublikasının Xalq deputatı seçilir.

***

O, 1990-cı ildə "Mariya" Assosiasiyasını təsis edir. Bundan sonra fəaliyyəti bir qədər də genişlənir. Bir neçə şəhərdə "Mariya" Assosiasiyasının filiallarını yaradır. Eyni zamanda, bir neçə bank açır. Rusiya televiziyası ilə göstərilən "Mariya” Assosiasiyası” adlı sənədli filmdən sonra keçmiş SSRİ-nin hər yerində rəsmi azərbaycanlı milyarder kimi tanınmağa başlayır. Həm milyarder, həm də səxavətli adam kimi şöhrətlənən Yelmarın sorağı vətəni Azərbaycana da gəlib çatır.

Yelmar Məmmədov Almaniya və Finlandiyada müxtəlif müqavilələr bağlayır, Ermənistan istisna olmaqla, keçmiş Sovet respublikaları ilə əlaqələr yaradır. Fəaliyyət dairəsini daha da genişləndirib, ABŞ-la iqtisadi əməkdaşlığa başlayır.

***

1992-ci ilin avqust ayında cəbhədəki məğlubiyyətlər ona pis təsir edir. Məhz buna görə də bir təyyarə icarəyə götürür, cəbhə üçün paltar, müxtəlif ərzaq malları yükləyib Bakıya gəlir. Azərbaycanda vəziyyətlə tanış olandan sonra görür ki, cəbhəyə humanitar yardım yox, həqiqi kömək lazımdır. Elə bu məqsədlə də Bakıda "Yelmar İnterneyşl" kooperasiyasını yaradır. Həmin kooperasiyaya 3 tikinti idarəsi, 3 müstəqil bank, ticarət mərkəzi, sığorta şirkəti və s. daxil idi. 3 mindən çox işçisi vardı.

Bakıda olduğu dövrdə Azərbaycan Yurddaş Partiyasının sədr müavini seçilir və "General Məhəmməd Əsədov" mükafatına layiq görülür.

***

Yelmar Məmmədov Bakıya gələndə H.Z.Tağıyevin qızı Sara xanım çox ağır xəstə idi, həm də qulaqları eşitmirdi. Pis ev şəraitində yaşayır, dava-dərman və ərzaq almağa pul tapmırdı. Y.Məmmədov Sara xanıma baş çəkir, ev şəraitini yaxşılaşdırır. Eyni zamanda onun bütün dolanışıq və müalicə xərclərini öz üzərinə götürür.

Müsahibələrinin birində deyir: “Nəinki Azərbaycandakı, Rusiyadakı müəssisələrimin gəlirini də Azərbaycana xərcləyirəm. Təki müharibə bizim xeyrimizə qurtarsın. Vətən, torpaq hamınındır. Fəhlə də, milyarder də, nazir də, alim də öz övladlıq borcunu verməlidir.”

***

Lakin Yelmar Məmmədov arzu və istəklərini gerçəkləşdirə bilmir, ömrü yarıda qırılır.

Üç dəfə ailə həyatı qurub. Dörd övladı – iki qızı, iki oğlu olub. Onun birinci həyat yoldaşı haqqında məlumat yoxdur. Sadəcə, azərbaycanlı olduğu bilinir. Bu evlilikdən bir oğlu, bir qızı doğulub. Sumqayıtda yaşayıblar. Son illər isə onların harda yaşadığı bilinmir. İkinci dəfə rus mənşəli qadınla evlənən Yelmarın bu evlilikdən dünyaya gələn uşaqları Rusiyada yaşayır. Onun üçüncü - özü ilə birlikdə ölən xanımı da azərbaycanlı olub.

***

Yelmar Məmmədov 12 aprel 1995-ci ildə Daşkənddə üçüncü həyat yoldaşı ilə birlikdə müəmmalı şəkildə vəfat edib. Rəsmi məlumatlara görə, onlar yatdığı zaman otağa qaz sızıb və qazdan boğulub ölüblər. Lakin bu versiya geniş ictimaiyyəti inandıra bilməyib.

# 14865 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
# # #