Görünməmiş xəstəlik tapdı, xanımına yaxın dura bilmədi, içkiyə görə ittifaqdan qovuldu - Şövkət Ələkbərovanın intihar edən əri kimin əli ilə öldü? - Son məktub

Görünməmiş xəstəlik tapdı, xanımına yaxın dura bilmədi, içkiyə görə ittifaqdan qovuldu - Şövkət Ələkbərovanın intihar edən əri kimin əli ilə öldü? - Son məktub
30 sentyabr 2021
# 12:09

Bu gün mərhum rejissor Lətif Səfərovun doğum günüdür. Kulis.az bu münasibətlə rejissor haqqında maraqlı faktları təqdim edir

Lətif Səfərov 1920-ci il sentyabrın 30-da Şuşada doğulub. 7 yaşı olanda rejissor Leo Murun "Gilan qızı" filminə çəkilib. 1928-ci ildə “Sevil” filminin çəkilişi başlayanda Gündüz obrazı Cəfər Cabbarlının tövsiyəsi ilə Lətifə həvalə edilir. Ziyalı, vəzifə sahibi olan atası Bəşirlə anası Maya xanım Lətifin dörd yaşı olanda boşanırlar. Ata onu və balaca qızını keçmiş həyat yoldaşının himayəsində qoyub başqa bir qadınla ailə qurur. 37-ci ildə Lətifin on yeddi yaşı tamam olanda atası xalq düşməni kimi repressiya olunaraq sürgün olunur. Uzun illər bu faciənin əzabı ilə yaşayan Lətifin həsrətinə on səkkiz il sonra son qoyulur. Atası 1955-ci ildə günahsız qurban kimi bəraət alaraq sürgündən qayıdır.


Kinorejissor Lətif Səfərov

Sonralar o, özü bu barədə belə yazır:
“...Mən xalq düşməninin oğlu olanda cibimdə pasportum yox idi. Müstəqil həyatımı küçədən başladım. Onda yay kostyumunda idim, cibimdə də 10 qəpik pulum vardı. Allaha şükür ki, yay idi, hələ gecələr bulvarımız isti, amma skamyalar gündüzkü kimi bərk olurdu...”.
Atası sürgündən sağ qayıdır. Onların görüşü baş tutur. Bu təsirli səhnə Lətifin xatirələrindən yan keçməyib:
“...Mənə bu yaxınlarda atamı görmək xoşbəxtliyi nəsib oldu. Bədbəxtlikdən o da uzun sürmədi... O, vəfat etdi...”

***

1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna qəbul edilir. Məşhur rus kinorejissoru Qriqori Kozintsevin tələbəsi olur. Moskvada Qriqori Kozintsevin kursunda Eldar Rzyanovla bir oxuyur.


"Bəxtiyar" filminin yaradıcı heyəti

Orada Faina adlı rus qadınla evlənir. Bu evlilikdən onların iki övladı doğulur. Onlar Bakıya gələndən sonra Faina Bakıda qala bilməyəcəyini əsas gətirərək ondan ayrılır, uşaqlarını da götürüb Moskvaya gedir. Lətif Səfərov isə vətənində qalıb işləməyə başlayır. Bəxtiyar filminin çəkilişi zamanı Şövkət xanımla tanış olur. Həmin filmdə Bəxtiyarın uşaqlıq səsini Şövkət xanım oxuyur. Hər ikisi tək olduğundan tale onları sanki birləşdirir. Onlar ailə qurur. Bu evliliklərindən isə rejissorun Bəşir adlı övladı doğulur.

***

Lətif bəy hələ uşaqlıq illərindən vərəm xəstəliyindən əziyyət çəkir. Hətta Şövkət xanım sonralar öz tələbələrinə danışırmış ki, o, oğlunu qorxa-qorxa, bağrına basır, hətta onu öpməkdən belə çəkinirmiş. Xəstəliyinin oğluna həyat yoldaşına keçəcəyindən ehtiyat edərək oğlunu tamamilə evindən uzaqlaşdıraraq Bərdəyə oxumağa göndərib. Şövkət xanıma isə deyirmiş ki, mən yediyim qablarda sən yemək yemə...


Lətif Səfərov

Rejissorun gəlini Gülnarə xanım müsahibəsində deyir:
“Lətif müəllim Türkmənistanda “Leyli və Məcnun”u çəkəndə orda nə isə yeyir və xəstələnir. Bu xəstəliyə isə sümük vərəmi deyirlər. Onda da indiki kimi dərmanlar yox idi. Lətif Səfərov həmişə soyuqdan üşüyən adam kimi titrəyir, üşüyür. Həkimlər isə ona tapşırır ki, uşağa və arvadına yaxın durmasın. Bu səbəbdən otağı ayrı olur. Şövkət xanım onunla bir otaqda qala bilmir. Lətif müəllim də buna görə çox əziyyət çəkir. Bir yandan da film çəkilişlərinə başlayıb, pulunu alıb. Vaxt isə gedir. Bir gün dayanmaq külli miqdarda pul itkisi deməkdir. O, da titrəməsi dayansın deyə gedib içir və tez də filmi çəkirdi. Onda da onun yaxın adamları - kimləri ki, Lətif müəllim adam edib, onun haqqında “Lətif Səfərov film çəkilişi zamanı içkili olur, sərxoşluq edir” kimi fikirlər yazmağa başlayırlar. Sovet dövründə bu dəhşət idi. Lətif müəllimin öz əli ilə yaratdığı ittifaqdan onu çıxarırlar. Onun yerinə Həsən Seyidbəylini qoyurlar. Hansı ki, onu Lətif müəllim Moskvaya oxumağa göndərir. Ona növbəti zərbə isə “Möcüzələr adası” filminin ssenarisini yazıb bitirəndən sonra dəyir. Həmin ssenarini də onun əlindən alıb, xəstəliyini bəhanə gətirib verirlər Həsən Seyidbəyliyə”.


"Leyli və Məcnun" filminin çəkilişi

Bütün bu baş verənlər Lətif Səfərovun səhhətinə və psixologiyasına ciddi təsir edir. 1963-cü il dekabrın 9-da ailə silah səsinə yuxudan oyanır. Lətif Səfərov 43 yaşında intihar edir! İntihardan əvvəl isə məktub yazır, qeyd edir ki, onun ölümündə heç kimi günahkar tutmasınlar, o, həyatdan bezib. Hadisə baş verəndə onun oğlunun 5 yaşı olur.

***

Lətif Səfərov intiharını bir neçə gün öncədən planlaşdırır, həmin gün sübhdən Şövkət xanıma deyir ki, anana deyə bilərsənmi, gəlib qalsın bizdə. Gecəyarısı ova gedəcəyik dostlarla. Səni oyatmaq istəmirəm. Ayılıb qorxarsan birdən. Şövkət xanım sonralar yaşadığı bu dəhşətli gün haqqında deyir: “Qəfil atəş səsi gəldi. Qaçdım qonaq otağına, amma gec idi...”


"Qızmar günəş altında" filminin çəkiliş meydançası

Bu hadisənin heç bir mənbədə göstərilməyən, amma sənət adamları arasında geniş yayılan bir variantı da var. İntihar etmək fikrinə düşən rejissor Lətif Səfərov, xanımı Şövkət Ələkbərovanı o qədər sevir ki, onun əli ilə ölmək istəyir. Buna görə də ov tüfənginin tətiyini iplə qapının dəstəyinə bağlayır. Şövkət xanım qapını açmaq istəyəndə tətik çəkilir və Lətif Səfərov həyatını itirir. Onun ölümünə o vaxtlar müxtəlif don geyindirirlər. Amma bu intihar sırf siyasi məsələ olur. Sovet dövründə sovet vətəndaşı özünə qəsd edə bilməzdi. Ona görə də, o vaxtkı rəhbər dairələrə “rejissor özünü qısqanclıq üstündə öldürüb” mövzusu sərf edirdi. Lətif Səfərovun Şövkət Ələkbərovanı qısqandığı üçün özünü öldürməsi söhbəti buradan qaynaqlanırdı. “KQB”-dən isə Şövkət xanıma tapşırırlar ki, bu barədə heç nə danışmasın. Şövkət xanım axırıncı nəfəsinə qədər övladlarına görə bu mövzu barəsində danışmaqdan çəkinir.


Lətif Səfərovun həyat yoldaşı Xalq artisti Şövkət Ələkbərova və oğlu Bəşir

Şövkət xanım Moskvaya dekadaya gedəndə orda olan sənət adamları eşidirlər ki, Lətif Səfərovun həyat yoldaşı gəlib, hamısı Şövkət xanımın görüşünə gəlir. Rusiyanın məşhur aktyoru Smaktnovski Şövkət xanımın qarşısında diz çöküb əlindən öpür və deyir, Lətif Səfərov möhtəşəm rejissor idi.

# 28974 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
# # #