Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün Kulis.az “Gözü yol çəkən məzarlar” adlı yeni layihəyə başlayır.
***
2009-cu ildə Sloveniyaya səfər etmişdim. Ramiz Abutalıbov mənə tövsiyə etdi ki, vaxt edib Milan yaxınlığındakı Monte di Neze kəndinə gedim. Orda 120 azərbaycanlı partizanın məzarı var. Məzarı tapmaq təbii bizə çətin odu. Ancaq dostum Anar Rəsulovla bu işin öhdəsindən gələ bildik. Həmin məzarlıqdan Ramiz müəllimə zəng vurub söz verdim ki, bu haqda film çəkəcəm. Beləliklə 2012-ci ildə “Qafqazdan Appeninə” sənədli filmi yarandı.
***
1945-ci ilin martında, Berqamo şəhərinin ətrafında alman hərbi uniforması geyinmiş, demək olar ki, 4000 nəfərdən ibarət diviziya peyda oldu. Diviziyaya əsl adı Vilhelm Hintersaç olan islamı qəbul etmiş yaşlı avstriyalı hərbiçi Harun Rəşid bəy komandanlıq edirdi.
Hitler əsirliyinə düşmüş bu azərbaycanlılar, vermaxtın qaydalarını qəbul etməyə məcbur idilər, əks halda onları ölüm gözləyirdi, Əsirlərdən çoxu ilk imkan düşən kimi qaçmağa ümid bəsləyirdi. Bundan başqa Almaniya yalançı vədlər verərək əsirləri aldadırdı, guya müharibədən sonra bu ölkələr SSRİ-nin caynaqlarından xilas olub azad yaşayacaqdılar.
Qoşunların İtaliyaya gəlməsindən sonra legionerlər yerli partizanlarla əlaqə yaradırlar. Qəti tədbirlərə baxmayaraq partizanlar tərəfinə keçmə prosesi günbəgün artır.
Azərbaycanlı legionerlər İtaliya Müavimət Hərəkatının Triyest, Berqamo, Modena və Milan şəhərləri yaxınlığındakı üzvlərinə qoşularaq, bu ərazilərdə fəaliyyət göstərir, faşist qüvvələrə qarşı vuruşurlar.
Bu dövrdə Adriatikin sahillərində 9-cu Harribaldi korpusu fəaliyyət göstərir. 1944-cü ilin əvvəlində legionerlərdən ibarət 314-cü alaydan 3-cü batalyonun komandiri Məmmədov, Triyest yaxınlığında Kontevolloda yerləşmiş 3-cü rotanın şəxsi heyəti ilə birlikdə italyan partizanları tərəfində keçməyi planlaşdırır. Ancaq bu xəbər alman komandanlığına çatdırılır. 15 dəqiqə ərzində bu batalyon mühasirəyə alınır, şəxsi heyət həbs edilir, batalyon komandiri və 2 nəfər başqa təşkilatçı şəxsi heyətin gözü qarşısında güllələnir. 162-ci diviziyadan qaçan azərbaycanlılardan başqa bir qrupu da tələyə düşürülür. Monte di Neze kəndi yaxınlığındakı bu qarşılaşma yerli sakinlərin xatirələrində böyük miqyaslı faciə kimi yer alıb. Bu, müharibə müddətində İtaliya ərazində törədilmiş ən kütləvi qətl idi.
Sakit Monte di Neze qəsəbəsində baş vermiş bu faciəyə qəsəbə sakinləri şahidlik edib. Yerli keşiş Severino Vitale öz memuarlarında yazır ki, 12 aprel, 1945-ci ildə “ rus monqolları”nın gəlişi ilə kənd vəlvələyə düşmüşdü. Keşiş “rus monqolları” deyərkən almanların əlindən qaçıb, son anda faşizmə qarşı vuruşan azərbaycanlıları nəzərdə tuturdu. Səhər tezdən, hələ yuxuda olan azərbaycanlılara alman və italyan faşistlərindən ibarət dəstə hücum edir. Azərbaycanlıların əksəriyyəti elə yuxuda ikən öldürülür, sağ qalanları isə sonradan pulemyot atəşinə tutulur...
Yerli sakin don Severino Vitale öz xatirələrində yazır: “12 aprel 1945-ci ildə bütün kənd əhalisi ümidlə “rus monqollarını” gözləyirdi. Onlar almanlardan qaçaraq faşizm əleyhinə vuruşmaq üçün partizanlara qoşulacaqdılar. Səhər tezdən qaçan legionerlərə italyan və alman faşistlərindən ibarət bir qrup hücum edir, kütləvi qırğın törədilir. Həlak olanların Monte di Nezedə dəfni ilə yerli sakin Covanni Gerardi məşğul olur. O, böyük bir qardaşlıq məzarlığı salır. Xatirə kompleksində yazılır: “Faşistlərin əlindən ölən 120 monqolun xatirəsinə” (“A ricordo di 120 mongoli caduti per mano fascista “).
Qeyd edək ki, italyanlar etnik mənşələrini bilmədiklərindən azərbaycanlıları "rus monqolları" adlandırırdılar.
Almanların amansız təqibi Monte di Neze ərazisi ilə yanaşı qonşu şəhər Bergamoda davam edir. 8 azərbaycanlı tutularaq burada güllələnir. Onların uyuduğu qardaşlıq məzarlığında isə “azadlıq mübarizəsində həlak olanların xatirəsinə” lövhəsi həkk olunub. Amansız təqibə baxmayaraq bir neçə azərbaycanlı bu tələdən xilas olaraq partizanlara qoşula bilir.
Qanlı-qadalı illərdən sağ qurtularaq Vətənə dönən həmyerlilərimiz də oldu.
Müttəfiqlər arasında razılaşmaya əsasən, bütün azərbaycanlı hərbçilər sovet tərəfinə təhvil verildi. Sovet xüsusi xidmət orqanlarının yoxlamalarına məruz qalan sabiq partizanlar böyük əzab-əziyyətdən sonra nəhayət, canlarından artıq sevdiyi Azərbaycana qovuşa bildilər.
Müqavimət hərəkatı Avropa xalqlarının ortaq ideal uğrunda, azadlıq və insanlıq uğrunda mübarizəsi idi. Azərbaycanlılar işğal altında olan ölkələrin, şəhərlərin azad olunmasında yaxından iştirak etdilər. Faşizm üzərində qələbənin təmin edilməsində Azərbaycanın və azərbaycanlıların müstəsna rolu oldu. Azərbaycandan uzaqlarda – Avropa ölkələrində faşizmə qarşı cəsarətlə mübarizə aparan soydaşlarımızın ağlasığmaz qəhrəmanlıqları partizan hərəkatı tarixində parlaq səhifə təşkil edir.
Avropa xalqları həmyerlilərimizin adlarını hər zaman hörmət və ehtiramla yad edirlər.
Rus qəbiristanlığında uyuyan azərbaycanlılar – “Gözü yol çəkən məzarlar”
Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi