Günümüzdə reinkarnasiyaya (ruhun davamlı təkrar-təkrar bədənlənməsi) inanan insanların sayı bir milyardı keçib. Ruhların mütləq təkamülünə ümid edən reankarnasiya fəlsəfəsi həm də adama nikbinlik aşılayır. Şəxsən mən reinkarnasiyaya buna görə inanıram. Daha doğrusu, inanmaq istəyirəm. Və bu inancın Qərblə müqayisədə Şərq xalqlarında daha çox olmasını təsadüfü saymıram. Çoxdan mənəvi, mədəni, elmi təkamül keçmiş xalqlar niyə belə bir fəlsəfəyə inanma ehtiyacı duysun ki?
İndi bu dünyanın ortasında reankarnasiya söhbəti hardan çıxdı, deməyə haqqınız çatar, əgər sözümün canını yazmasam.
Allah ölənlərinizə reinkarnasiya qismət eləsin, xalqımızın həyat tərzini və dünyaya baxışını nəzərə alanda renikarnasiyanın bizim adamlar üçün labüd və qaçılmaz olduğunu yazmamaq, yaxud arzulamamaq əldə deyil. Təsəvvür edin ki, cəmi-cümlətanı bircə dəfə gəldiyin həyatda belə gözübağlı yaşayıb, elə yaşadığın kimi də mənasız ölüb gedəsən. Vəssalam!!! Yəni bu qədər bəsitdir, hə? Ömür boyu “el-aləm nə deyər” təfəkkürü əsasında qurasan həyatını, qonaq gələndə qarşısına qoymaq üçün aldığın şokolad-konfeti uşaqlarından gizlədəsən, kreditlə şuba alasan, ayrılaram qonum-qonşu sevinər, deyə evlilik adı altında özünü çürüdəsən, borc götürüb dost-tanışın toyuna yazdırasan, pul verib bisavad uşağını universitetə qoydurasan, adamların haqqını istismar etməklə qazandığın pulla həcc ziyarətinə gedəsən və sonra da ayağını uzadıb öləsən?!
Dünyadan və əsil həqiqətlərdən bixəbər. Mən də gəldim, yaşadım, getdim deyəsən?!
Yəni yaradan yaratdığı ilə bu qədər pis zarafat edər, deyirsiniz?
Yazmaq istədiyim tam başqa məsələdir əslində. Sadəcə, bütün bu faciəmizi gətirib əlaqələndirmək istəyirəm həyat tərzimizlə. Bu qədər dayaz qafayla yaşayan insanların ölümünü və ölümünə qurulmuş yas mərasimlərini başqa necə təsəvvür edə bilərik?!
Bu toy deyil ki, bəy bir il sərtamam fəhləlik edib qazancına gəlinə “tək qaş” alsın, qız tərəfi beli sınınca kreditin altına girib dəstbədəst mebellər yollasın oğlan evinə. Axı qəfil ölüm deyə bir şey var! Bütün ölənlər ay-il xəstəsi olmur ki, evdəkilər də əl altından tədarük görsünlər. Gedib daha ucuz qiymətlərə İrandan –Turandan meyvə-tərəvəz, kar-konfet alıb gətirsinlər. Ölü sahibinin sosial durumundan asılı olmayaraq, istənilən məclisdə ortaya elə naz-nemətlər düzürlər ki, bəlkə də, rəhmətlik sağlığında onların çoxunun rəngindən dadından bixəbərdir.
Elə ölülərə də arxasınca “toy tuturlar” demək olar.
Vəziyyət o yerə çatıb ki, dədəsini, anasını, balasını, qardaşını, bacısını, bir sözlə, doğmasını itirən adamlar itkilərinin dərdi qalır bir kənarda, gələnlərin yeyib-içmək dərdinə düşürlər. Dərd elə yeyib-içməklə bitsəydi nə qəm?
Hamınıza məlumdur ki, yas adətlərimizdən biri də, mərhumun böyük ölçülü bir şəklinin təcili hüzür yerinin yuxarı başına asılmasıdır. İndi, allah eləsin ki, mərhumun əvvəlcədən böyük ölçüdə şəkli ola evdə. Yoxdursa o vurhavurda adam göndərib təcili mərhumun şəklini böyütmək lazım olacaq. Burası dananın quyruğunun qopduğu yerdir. Böyük sual: “Hansı şəkli?” Deməli, mərhumun bəlkə ömründə bircə dəfə üzü gülən, səliqəli geyimdə, saç-başı daralı, (kişidirsə, mütləq qalstuklu, üzü təraşlı) yaşlıdırsa azı 10 il əvvəl çəkdirdiyi, sənəd, pasport şəkillərindən-filan tapıb vururlar məclisin yuxarı başına. Guya yasa gələn qohum-qardaş dünənəcən mərhumu heç tanımırdılar. Ciddi sual doğurur ey, bu qədər qeyri-səlis məntiq, bu qədər səmimiyyətsizlik nəyə və kimə lazım? Olənəmi, qalanamı, anlamadım getdi.
Bütün bunları görəndən sonra adam geyinib-keçinmək, gözəllik salonunda saç-başını yığışdırıb sırf həmin gün üçün bir şəkil çəkdirmək istəyir. Zarafatımı yersiz bula bilərsiz, amma, “Baxma, dost var, düşmən var... Hərə bir niyyətlə gəlir yasa...” Belə düşünənlərin olduğunu hamımız yaxşı bilmirikmi?
Yeri gəlmişkən, mənim üçün acı da olsa bir xatirəmi sizinlə bölüşmək istərdim. Atamın içki düşkünü olduğunu bir-iki yazımda demişəm. Bunu yazdığıma görə, istər doğmalar, istər yadlar tərəfindən kifayət qədər qınanmışam. Bütün bunlar nə mənim həqiqətimə, nə də həqiqətimin üzünə dik baxmağıma mane olmur. Təkrar-təkrar da bu barədə yazmaq atamın bu faciəsiylə fəxr etmək deyil. Necə ki, buna görə heç vaxt utanmamışam, eləcə də, yeri gələndə yazmaqdan çəkinmirəm. Utanılası bir yanı da yoxdu axı. Hər halda rüşvətxor, adamların haqqını yeyən, oğru, savadsız, ləyaqətsiz, əqidəsiz, haram pullarla bizi böyüdən adam olmayıb. Yoxsa yenə haqqında olduğu kimi yazardım, utana-utana da olsa!
Yenə qızışıb mətləbdən uzaqlaşdım. Həyatımın ilk kişisi olan spirt ətirli atamın cavanlığı çox yaraşıqlı olub. Sonralar içki onun bu yar-yaraşığından əsər-əlamət qoymamışdı. Arada bir neçə il fasilələrlə içkini tərgitdiyi vaxtlara təsadüf edən bir-iki şəklindən başqa bütün şəkillərində sərxoş görkəmdə, uğursuz taleyi üz-gözünə hopmuş qırışlarda əks olunurdu. Bu “Hansı şəkil?” sindromu atam rəhmətə gedəndə bizdə də yaşanmışdı. Anam ağlaya-ağlaya xeyli vaxt itirmişdi bədbəxtçilik içində yaşayıb, eləcə də ölən atamın bir xoşbəxt göründüyü şəklini tapmaqda. Bibilər, dayılar, əmilər də bu şəkil məsələsinə xüsusi diqqət ayırmışdılar, yadımdadır. Eyni situasiya atamın baş daşına vurulacaq şəkli seçəndə yarandı. Onda diqqətimdən qaçmayan bu məqamın üstündə çox durmamışdım. Məni incitdiyi üçün şüuraltımın mümkün qədər dərininə gömməyə çalışmış və tamamən unutduğumu zənn etmişdim. Taa ki, bu yaxınlarda məşhur klinikaların birində müalicə aldığım vaxtacan. Səhhətimdəki problemlərə görə, bir-neçə gün qalası olduğum klinikada palata yoldaşlarım iki nəfər yaşlı xanım idi. Biri vəzifəli idi və təbii, maddi imkanı yaxşıydı. Digər xanımınsa, öz dediyinə görə, klinikaya yerləşdirilməsi üçün oğlu kredit götürmüşdü.
İmkanlı yoldaşımızın kimliyi tezliklə bütün klinikaya yayıldığı üçün başda həkimlər olmaqla bütün klinika personalı həmin xanıma xüsusi diqqət və qayğı göstərirdi. Təbii ki, belə imkanlı bir adamın qohum-qardaşının da sayı-hesabı olmaz. Ziyarətçilərinin əlindən boğaza yığılmışdıq. O biri xəstə xanımınsa, canının dərdi qalmışdı bir kənarda, bu xanıma olan aşırı diqqəti özünə əlavə dərd eləmişdi. Bütün günü yatağından mənə him-cim etməkdən üzülmüşdü. Bir də görürdüm girib tualetdən evdəkilərə zəng edib:
- Ay bala, harda qaldız, burda elə biləcəklər kimim-kimsəm yoxdu. Yığın uşaqları da, gəlin yanıma. Heç nə lazım deyil. Yeyib-içmək klinikanın hesabınadı. Quru gəlişiniz yetər. Qoy görsünlər ki mənim də adamım var.
Yemək demişkən, bir ayağı o biri dünyada olan bu adamın acgözlüyü məni heyrətə gətirirdi. Hər iki saatdan bir xəstələrə verilən bütün yeməkləri ölə-ölə də olsa yeyirdi. Məni də öldürürdü ki, ye, o boyda pul keçirdirik klinikaya, heyifdi!
Yanına gələn ailəsiylə mütləq şəkil çəkdirirdi. Mənə elə gəlirdi ki, oğlu-qızı anasının dərdini unudub, onun belə məşhur bir klinikada yatmasına sevinir. Hər dəfə övladları yatağının ətrafına yığışıb şəkil çəkdirəndə arvad şəkil çəkənə xüsusi tapşırıq verirdi: “Elə çək, palatanın başında klinikanın adı da düşsün” Klinikanın adını da hər dəfə elə içdən, elə yüksək səslə deyirdi ki...
Bir gecəyarı arvadın vəziyyəti pisləşdi. Təcili reanimasiyaya köçürdülər. Səhəri arvadın öldüyünü eşitdik. Həmin an sadəcə hüzür yerinin yuxarı başına asacaqları şəkli düşündüm. Əmin idim ki, həmin şəkil son günlər çəkdirdiyi şəkillərdən olacaq. Arxasında məşhur klinikanın adı görünən şəkillərindən biri...
Belə bədbəxt yaşayıb elə bədbəxtliyi ilə də dünyadan gedən insanları görəndə reinkarnasiyaya inanmaq istəməyib neyləyəsən?!