Ərə getmək üçün başmaq falı

Ərə getmək üçün başmaq falı
19 mart 2014
# 12:39

Nuri Bilgə Ceylan sənətinin şedevrlərindən saydığım, kinosevərlərin mütləq baxdığı (Baxmayanlara şiddətlə tövsiyə edirəm) “Bir zamanlar Anadolu”da filmində yəqin ki, mənim kimi hər kəsin içini titrədən “muxtarın qızı” səhnəsi var. Və ondan daha ötəsi, bu ecazkar gözəllik haqqında prokurorun həkimə dediyi bir söz: “Allahın unutduğu ucqar bir kənddə belə mələk kimi bir qız yox olub gedəcək”.


Sizi bilmirəm, mən baxdığım bütün filmləri, oxuduğum bütün kitabları unutsam da, içində özümü gördüyüm, yaşadıqlarımı xatırladığım yerlər yaddaşıma hopur.


Mentalitetəmi desəm, cəhalətəmi desəm, bilmirəm, taleyini bu faciələrdən birinə uduzan, məğlub bir kənd qızı kimi deyirəm:
“Ayaq uydurmaqda çətinlik çəkdiyimiz zaman və bu sürətlə keçən zamanın özü ilə gətirdiyi mütləq sivilizasiya nədənsə bizim kəndlərimizin yanından, özü də gözüyumulu keçir. Və sözügedən filmdə gördüyümüz qızdan min qat gözəl, istedadlı qızlar o kəndlərdə yox olub getməkdədir.


Neqativ cümlələrlə bayram əhval-ruhiyyənizi korlamaq istəməzdim, amma elə umu-küsünü bir kənara qoyub barışıq içində yaşamaq da Novruz adətlərimizdəndirsə, o zaman biz niyə öz reallıqlarımızla barışmayaq?!


Kənd qızlarının uşaqlığına sonralar məhkum olacaqları taleyin altyapısı da demək olar. Uşaqlığımız xəbərimiz olmadan kitabsız-qələmsiz, ağsaqqal-ağbirçəklərimizin dırnağıyla cızdığı qanunlara əsaslanan həyata hazırlanmaqla keçib.


Hövsələli olun, indicə sizi qələmimin tərkinə alıb uşaqlığımın bir bayram axşamına aparacam.


Hər il Novruz bayramını doğulub-böyüdüyüm Naxçıvanın ucqar dağ kəndlərindən birində keçirirəm (Bu arada, bayramınız mübarək!).


Bu il də adətimə sadiq qaldım. Dünən kəndimizin azyaşlı qızlarının hələ də "İlaxır çərşənbə" adətlərindən biri olan dama başmaq tullayaraq məlum gələcəklərinə tələsdiklərinin şahidi oldum. Sizin də düşündüyünüz kimi, bu yazı da dünən gecə, o andaca beynimdə yazıldı.


İnsafən, kəndimizdə mənasız ənənələrimizdən beşəlli yapışıb havada yellənənlər Novruz bayramının gözəl adətlərinə də xüsusi həssaslıqla yanaşırlar. Bayramda umu-küsünü kənara qoyub hər kəs qəlbini qırdığı adamların könlünü almağa cəhd edir. Nə gözəl. Deyilmi?!


Başqa bir adət bayramlaşmaqdır. Hər kəs bir almayla da olsa yaxınları ziyarət edir. Hələ qız-gəlinlərin qulaq falına çıxması, qayıdıb eşitdiklərini aralarında müzakirəyə çıxarıb yozmaları da var.

Ən maraqlısına gələlim: papaqatma. Biz tərəflərdə buna torba atma deyirlər. Yaşından-başından asılı olmayaraq hər bir azərbaycanlının uşaqlığında papaq atmaqla bağlı unudulmaz bir xatirəsinin olduğuna əminəm.


Qayıdaq, dünənə.


Axşamdan xeyli keçmişdi, öləziməkdə olan Novruz tonqalının kənarında oturub közlərin bir-neçə dəqiqə daha yaşamaq üçün necə canfəşanlıq etdiyinə baxırdım. Qonşudakı qızların qayğısız gülüşləri diqqətimi bu mənzərəsindən ayırdı. Qalxıb, hasardan başımı qonşunun həyətinə uzatdım. Məmə yerləri yenicə göynəməyə başlamış qızlar dama ayaqqabı tullayırdılar. İlahi, elə bil hasarın o biri üzündə zamanı 16-17 il əvvələ çəkmişdilər.

Gecənin yarısı məhəllə uşaqlarıyla papaq atmaqdan qayıdırdıq. Oğlan yoldaşlarımızı birtəhər başımızdan edib, qızlarla evimizin damına başmaq tullayardıq. Bu il ərə gedib getməyəcəyimizi yoxlamaq üçün… İnanca görə, başmağın üzü yola tərəf düşsə həmin qız yaxınlarda gəlin köçəcək. Əksinə düşsə, vüsala çatmaq üçün ən azı bir il daha gözləməli olacaq. İlk məndən başladıq. Əlimdəki əl fənərini və yığdığım yumurtaları qızlardan birinə verib palçıqlı başmağımın tayını aldım əlimə. O vaxt sevdiyim, elə təzəcə yanından ayrıldığım (birlikdə papaqatdıya getmişdik) qonşumuz Səfər əminin oğlu Qurbanı ağlımda tutaraq gözlərimi yumdum. Bütün səmimiyyətimlə başmağı, üzü yola düşməsini arzulayaraq, tulladım dama. Gözlərimi açıb cummaq istədim nəticəyə baxmağa. Evimiz ikimərtəbəli olduğuna görə gecənin bir aləmində asanlıqla dama çıxmaq müşkül məsələydi. Çox uğraşdım. Qızların “dır-dır”ına baxmayaraq, nərdivan tapıb gətirdim. Nərdivanın axırıncı pilləsinə çatanda ayağım sürüşdü, guppultuyla yerə dəydim. Evdəkilərin, xüsusən də böyük bacılarımın məsələni anlayandan sonra məni necə ələ salacaqlarını gözümün önünə gətirdim. Odur ki, ayağım bərk əzilsə də cınqırımı çıxartmadım. Birtəhər qalxıb kənarda xısın-xısın gülən bacılıqlarımı söydüm və üst-başım palçıqlı girdim evə. Səhərə kimi ayağım topuq hissədən sız-sız sızıldadı. Ağrıdan yata bilmədim. Səhər anamgilə yolda yıxıldığımı dedim. Nənəm ayağıma baxıb çıxıq olduğunu söylədi. Sarıdılar. Ağrılarım bir az sakitləşən kimi Qurbanı, yəni başmağı düşünməyə başladım. Atamla anamın həyətdən gələn səsinə dözməyib bir ayaqla tullana-tullana çölə çıxdım. Dama ot yendirmək üçün çıxan atamı görəndə həyəcandan az qaldı ürəyim dayana. Anam üstümə qışqırdı: «Bu vəziyyətdə niyə qalxmısan yerindən?!» Tualeti bəhanə edib, vəziyyətdən çıxdım. Birdən atam başmağımı yerə atdı. Dəli oldum. Atam anamdan soruşdu:


- Bu bura hardan gəlib çıxıb?


Tez dedim:


- Dünən çıxmışdım dama, orda ilişib çıxdı ayağımdan.

Atamla anam bir-birlərinə baxıb gülümsədilər...


Qıp-qırmızı oldum.


Üzümü gizləmək üçün dönüb evə tərəf axsamağa başladım.
Bütün günü evdəkilər pıçıldaşıb güldülər. Bu vecimə də deyildi artıq. Məni sadəcə bir şey düşündürürdü. Görəsən başmaq necə düşmüşdü?


Atamdan soruşmağa heç cür cəsarət etmirdim...


İndi bunları yazdıqca acı-acı da olsa, gülməkdən özümü saxlaya bilmirəm. O zamanlar 13-14 yaşımız vardı. Ərə getməkdən o tərəfə kənd tanımırdıq! Bizi belə böyütmüşdülər.

Həyatın, xoşbəxtliyin ərə gedib, uşaq doğub ərinin qulluğunda durmaqdan ibarət olduğunu anlatmışdılar. Bəli, anlatmışdılar. Biz yaşantımızla, yaşayacaqlarımızla bağlı hər şeyi böyüklərimizdən duyduq, dinlədik, öyrəndik, inandıq. Tərəddüd etmədən. Çünki onların bizə sunduğu dünyadan başqa heç nə haqqında təsəvvürümüz yox idi. Təsadüfən gözümüzü açıb bəlli cizgilərdən kənara çıxmağa, öz taleyimizi özümüz yazmağa qalxsaq belə, o qədər hazırlıqsız və zəifdik ki, həyatın labirintlərində ya it-bata düşdük, ya da param-parça olduq. Sonra da yazdığımız yazılarda, oxuduğumuz kitablarda, baxdığımız filmlərdə özümüzü tapdıqca tikə-parçalarımızı toplamağa çalışdıq...

# 4902 dəfə oxunub

Müəllifin son yazıları

# # #