Texnologiya insanın alətidir, yoxsa insan texnologiyanın?

Texnologiya insanın alətidir, yoxsa insan texnologiyanın?
18 aprel 2023
# 13:00

Kulis.az Simran Qədimin “ChatGPT” və ya söhbətcil robot” adlı yazısını təqdim edir.

Gəlin belə bir sual üzərində düşünək. Bu gün real vəziyyət necədir: texnologiya insanın alətidir, yoxsa insan texnologiyanın?

Son aylarda hər kəsin haqqında danışdığı, oxuyub-eşitdiyi çox önəmli bir texnoloji yenilik var: "ChatGPT". Süni zəka sahəsində inqilabi dəyişikliklərin yaşandığı bu ərəfələrdə hər kəs mövzu ilə bağlı maraqlanır, maraqlanmalıdır. "ChatGPT" nədir? Nəyə görə hamı bu qədər həyəcanla, təəccüblə ondan danışır, onu müzakirə edir?

İlon Maskın da vaxtilə təmsil olunduğu "OpenAI" şirkətinin hazırladığı "ChatGPT" insanlarla ünsiyyət qurmaq, danışmaq bacarığına malik süni zəka proqramıdır, belə demək olarsa, "söhbət robotu"dur. "ChatGPT"nin saytına daxil olub qeydiyyatdan keçən hər kəs asanlıqla, heç bir ödəniş etmədən onunla söhbətləşə bilər. Çatbot sanki canlı-qanlı, şüurlu bir adamdır, özünü gerçək insan kimi aparır. Söhbət boyu danışılanları yadda saxlayır, yeri gələndə əvvəl deyilən fikirlərə qayıdır, sitatlar gətirir...Bir sözlə, onun, sadəcə, süni zəka alqoritmi olduğunu anlamaq elə də asan deyil.

Az qala məşhur “Türinq testi”ni keçən “ChatGPT”də söhbət təkcə söhbət etməkdən, çatlaşmaqdan getmir. Müxtəlif dillərdə danışa, daha dəqiqi, yazışa bilən çatbot məharətlə həmsöhbətinin suallarına cavab verir, irili-xırdalı cürbəcür tapşırıqlar yerinə yetirir. Ondan çox şey istəmək olar: şeir yazmaq, hekayə uydurmaq, məqalə, esse, ssenari hazırlamaq... Hətta riyaziyyatçı kimi qəliz misalları, tənlikləri həll edir, proqramçı kimi kod yazır.

Türinq testi

Əslində, insanlarla söhbətə girişən, bənzər tapşırıqları yerinə yetirən süni zəka proqramları çoxdan var. Amma "ChatGPT" digərlərindən açıq-aşkar öndədir, ağılı, biliyi, məntiqi ilə fərqlənir. Əgər o, cavablarındakı məna-məzmunla, intellektual potensialla seçilməsəydi, az vaxtda çox marağa səbəb olmazdı. Statistikaya görə, feysbuk, votsap, tvitter 3-5 il ərzində 100 milyon insan arasında yayılmışdısa, "ChatGPT" bu rəqəmə ikicə aya çatdı. Əlbəttə, burada süni zəka alqoritmlərinin “ittifaqı”, bir-birlərinə dəstək göstərmələri də rol oynadı. İnternetin, sosial şəbəkələrin saldığı səs-küy, hay-haray bir andaca “ChatGPT”yə dünya şöhrəti qazandırdı.

Mütəxəssislərin fikrincə, belə getsə, "ChatGPT" qısa zamanda "Google" axtarış sisteminin yerinə keçə bilər. Əgər bu gün internetdə nəyisə axtaranda “google”dan məlumat əldə ediriksə, daha doğrusu, axtardığımız şeylər haqda mövcud mənbələri tapırıqsa, çatbot həmin mənbələri bir araşdırmaçı kimi özü oxuyub təhlil edir, bizə hazır, konkret cavablar verir.
Bəs işin sirri nədədir? Bunun çox sadə cavabı var: internetdə, oradakı sonsuz məlumat bazasında – “Big data”da...Belə ki, “ChatGPT” şəbəkədəki bütün məlumatları yaxşıca “oxuyub”, “öyrənib”, “əzbərləyib”. Axı onun yaddaşı ucsuz-bucaqsız kainat kimi sərhədsizdir. Eyni zamanda, hamımız onun savadlanmasına, təkmilləşməsinə kömək edirik. Heç xəbərimiz belə olmadan...

Bir məqamı unutmayaq: əgər sosial şəbəkələrdən tam ödənişsiz, “təmənnasız” istifadə etdiyimizi düşünürüksə, yanılırıq. Əslində, hər kəs məhsuldur, şəbəkədə atdığımız hər addım – nəyi bəyənib-bəyənməmək, hansı xəbərə nə şərh yazmaq, hansı paylaşıma neçə saniyə baxmaq – tək-tək qeydə alınır. Sonra nəhəng həcmli data bir yerə toplanır, yavaş-yavaş, tədricən süni zəkanın “zəka”sını artırıb, ağlını itiləşdirir.

Kompüterin, internetin həyatımızı sürətləndirdiyi, asanlaşdırdığı kimi, bu cür proqramların da gələcəkdə bir çox faydası olacaq. Amma başqa sahələrdəki kimi, burada da mənfi cəhətlər, yan təsirlər var. Axı yenilik fərqlilikdir, dəyişiklikdir. Dəyişikliyin isə müsbət, yoxsa mənfi nəticələrə yol açacağını, hansı istiqamətlərdə üstünlük gətirib, hansı cəhətlərinə görə zərərli olacağını dəqiq hesablamaq mümkün deyil.

Yaxın məsafəyə irəliləyəndə bir qədər yoldan yayınmaq bizi azdırmaz, amma uzaq məsafəyə gedəndə azacıq başqa səmtə yönəlmək yolumuzu tamam itirər.

Bir nüansı da nəzərə alaq: yeni texnologiyalar həmişə yaradıcılıqla yanaşı dağıdıcılığa da yol açıb. Bununla belə, hər şey bizim seçimlərimizdən, qərarlarımızdan asılıdır. Slavoy Jijek, Daron Acemoğlu, Yuval Noah Harari kimi dövrümüzün ağıllı, uzaqgörən insanları da həyəcan təbili çalırlar. Məsələyə etik-fəlsəfi, iqtisadi-sosial baxımdan yanaşır, təkrar-təkrar xəbərdarlıq edirlər:

“Süni zəkanı təkmilləşdirəndə fəsadlarını da düşünün, indidən qabaqlayıcı tədbirlər görün!”
Düzdür, “ChatGPT” hələ tam qüsursuz, mükəmməl deyil, onun da çətinlik çəkdiyi, bir çox hallarda dilinin topuq vurduğu məqamlar var. Amma gələcəyi, onun yeni-yeni, daha ağıllı, dərrakəli versiyalarının yaradılacağını düşünəndə heyrətlənməyə bilmirsən. Əgər sözügedən çatbotun “GPT-3.5” versiyası təkcə yazını, mətni anlayırdısa, “GPT-4” həm də şəkilləri “görür”, onları təsvir edir. Bəs “GPT-4”ün ardınca “GPT-5” ortaya çıxsa, necə? Onun hansı bacarıqları olacaq? Çox yox, 20 il ərzində mobil telefonların təkamülünə baxmaq yetərlidir.

Digər tərəfdən, onsuz da həyatımızı süni zəkaya həvalə etmişik. “Google Maps” yolumuzu göstərir, “YouTube” nəyə baxacağımıza qərar verir, sosial şəbəkələr ictimai fikri formalaşdırır. İnternetdəki reklamlar nə alacağımızı, necə geyinəcəyimizi, harada istirahət edəcəyimizi qulağımıza, şüuraltımıza pıçıldayır.

Bu gedişlə, amerikan fantastı Ayzek Azimovun hekayələri əsasında çəkilmiş, baş rolda Vill Smitin oynadığı “I, Robot” (“Mən, robot”) filmi, deyəsən, əvvəl-axır gerçək olacaq. Hər halda, yazının əvvəlindəki sualı təkrarlamaqda fayda var. Bəs bu gün real vəziyyət necədir: texnologiya insanın alətidir, yoxsa insan texnologiyanın?



# 3016 dəfə oxunub

Müəllifin son yazıları

# # #