Axşamlar Astrid Lindqernin "Balaca və Karlson" əsərini oxuyuram qızlarıma. Mənim dilimdən hekayə dinləmək onların ən sevdiyi işdi.
Oxuduqca düşünürəm ki, hətta uşaqlar üçün yazılan ən yaxşı əsərlər kədərlidir. Düzdü, kədər çox xırda və incə detallarla verilir Astrid Lindqernin mətnlərində, amma elə şeylərə rast gəlirəm ki, ağlamaq tutur.
Əsərin bir fəslində dünyanın ən məşhur balacası Svantenin bacısı Betan öz oğlan dostunu evlərinə gətirir. Uşaqların ata-anası yeniyetmələri baş-başa qoymaq üçün kinoteatra gedir. Böyük qardaş Bosse isə futbol oynamağa... Ona tamamilə yad olan bir oğlanla qonaq otağında görüşən Betanı Balaca qısqanır. Betan tapşırıb ki, otağından bayıra çıxmasa, ona iyirmi beş ere verəcək. Balaca o qədər qürurludur ki, həmin puldan imtina edib küsür və otağına çəkilir. Amma çox darıxır. Betana isə çox acıqlıdır. Bu vaxt köməyə Karlson yetir. Pəncərədən uçub gələn Karlson Betanla yekəqulaq Pellenin görüşünü məhv edir. Adyalı başlarına atır, Karlsonla Balaca uçub qonaq otağına gedirlər. Özlərini o vaxt çatdırırlar ki, Betan Pelleni az qalıb öpə. Betanla Pelle çox qorxur. Amma Betan bilir ki, bu, onu Pelleyə qısqanan balaca qardaşının işidir.
Çox güman ki, böyük qardaş Bosse də qısqanardı. Amma o, artıq böyükdür, mədəni olmağa çalışır, özünü tox tutur. Amma Balaca hələ zorən mədəni olmağı bilmir. O, Pelleyə qədər Betanın neçə-neçə oğlan dostunun canını boğazına yığaraq qovub.
Mən ikinci, qardaşım birinci sinifdə oxuyurdu. İkimizin də oxuduğu sinifdə xoşuna gələn qız, oğlan vardı. Biz az qala bacı kimi mehriban idik. Mən ona sinifdə ən çox xoşuma gələn oğlanın adını deyirdim, o da mənə siniflərində ən çox xoşladığı qızın adını.
Bir dəfə əlimizdə tabaşir qarajda oynayırdıq. Qarajın divarını cıza-cıza söhbətləşirdik iki uşaq. Mən öz sevimli adımı yazmışdım qarajın divarına, o da öz sevimli adını. Atam qəfil içəri girdi. Qardaşım məni qorumağa çalışdı, mən qardaşımı. Mən divara Rafiq yazmışdım, o Aksana. Mən Aksananı pozdum tələsik, o, Rafiqi. Hardansa bilirdik atamız bizi danlayar, döyər, bir-birimizi qorumalıyıq.
Uşaqkən mənə dost olan qardaşım, böyüdükcə yadlaşdı. Hər addımımı güdməyə, xoşuna gəlməyən ən xırda hərəkətimi valideynlərimə xəbər verməyə, məni döydürməyə başladı. Zaur adlı bir oğlan guya sevirdi məni. Məktub-zad yazırdı. Cırıb üzünə səpirdim. Amma bu Zaur mənim kabusum olmuşdu. Məktəbdə beş addım aralıdan da keçsəydim, qardaşım başımın üstünü alır, mənimlə dalaşırdı. And içirdim ki, Zaurdan nifrət edirəm, inanmırdı. Halbuki azacıq dost olmağa çalışsaydı, bilərdi ki, mənim dərsini oxumayan, məktəbə kitabsız gələn oğlanlardan zəhləm gedir. Savadlı riyaziyyatçılardan xoşum gəlirdi. Zaursa iki eşşəyin arpasını bölə bilmirdi.
Qardaşım xoşuna gələn qızlardan mənə danışırdı. Uzun illər onun məktub daşıyanı olmuşam. Mən həmişəki kimi onun dostu idim, o, yox! Qarşılıqsız dostluq idi bizimki. Amma bu o demək deyildi ki, qardaşım məni sevmir. Əlbəttə, o, məni həmişə çox sevib.
Yadımdadır, ilk şeirlərimi yazanda, şəkillərim qəzetlərdə çıxanda dalaşırdı mənimlə. Yalnız mən ailə qurandan sonra gələcək taleyimdən həmişəlik arxayın oldu. İndi hətta şeir yazmağım xoşuna gəlir. Mən magistraturada oxuyanda o, bakalavrda idi (eyni universiteti bitirmişik). Ailəli idim. Ədəbiyyat kafedrasının müəllimi onlara müasir ədəbiyyatdan mühazirə oxumuşdu. Mühazirənin içində mənim də şeirlərimdən misal gətirmişdi.
Qardaşım bu barədə mənə deyəndə, təlaşlandım, rəngim qaçdı, dodaqlarım titrəyə-titrəyə soruşdum:
- Sən dedin ki, bu mənim bacımın şeirləridi?
- Yox, demədim!
Amma gözlədiyim kimi niyə onu belə, bunu elə yazmısan demədi. Çünki artıq bir uşağım vardı. “Məsuliyyətim” ondan çox həyat yoldaşıma aid idi.
Bu yaxınlarda feysbukda bir qızla tanış olmuşam. Daha doğrusu, guya onun xarici bir şairədən tərcümə elədiyi şeir yaxınlaşdırdı bizi. Şeir çox xoşuma gəlmişdi. Mən belə şairə tanımıram, çox təəccübləndim, axırda dedim ona. Qız açdı ürəyini. Bu şeirləri özü yazdığını söylədi. Qardaşı imkan vermirmiş şeir yazmağına. Evdən gizli yazırmış. Hələ qadın səmimiyyəti ilə yazmağına heç imkan vermirmiş. Qızsa yazır və əcnəbi şairədən elədiyi tərcümələr kimi paylaşır sosial şəbəkədə.
Kədərlidir. Azərbaycanda bacılar qardaşlarına sirdaş, dost ola bilirlər, qardaşlar bacılarına dost olmurlar. Çünki səmimiyyət olmayanda dost ola bilmirsən. Səmimi olmalarına isə mane olan səbəblər çoxdur.