Məni oğurluqda ittiham edən əmim qızları – Sevinc yazır...

Məni oğurluqda ittiham edən əmim qızları – Sevinc yazır...
23 sentyabr 2021
# 11:30

Kulis.az Sevinc Elsevərin “Bu dəfə uşaqlar yazacaq” yazısını təqdim edir.

Necə oldu ki, yaza biləcəyimə inandım və yazmağa başladım? Hələ də qəribə gəlir mənə. Çünki əyalətlərdən birində böyüyürdüm, ətrafımda qələm adamları yox idi. Nə bir canlı şair tanıyırdım, nə yazıçı.

Ancaq nənəm həmişə danışırdı ki, anası “sinədəftər” olubmuş. O qədər nağıllar, əfsanələr bilirmiş, gecə-gündüz danışsa bitməzmiş. Lap Şəhrizad kimi durmadan nağıl uydurub danışa bilirmiş. Nənəm anasının uydurduğu nağılları mənə danışıb qurtarandan sonra məktəbimizin kitabxanasından nağıl kitabları alır, evə daşıyırdım, gecələr yerimizə girməmiş oturub o kitabları nənəmə oxuyurdum. İkimizin də ən böyük əyləncəsi o nağıllar idi.

Bir gün hardansa tapdığım həvəslə nağıl yazmağa başladım.

Məhz yazmağa!

“Sinədəftər” Minə nənə kimi ordan uydurub ordan danışmırdım, nədənsə 12 vərəqli yaşıl üzlü dəftərimə yazırdım. İddiasız-filansız, çap olunmaq arzusunu xəyal edə bilməyəcək halda. Məqsədim nənəmə nağıl oxumaq, onu darıxmağa qoymamaq idi. Təbii, yeganə və ilk oxucum nənəm hər dəfə məni oxşayıb-öpür, əzizləyir, həvəsləndirirdi. Uzun zaman yazdıqlarımı nənəmdən başqa kiməsə göstərmək ağlımın ucundan da keçmədi.

Sonra bir şeir qaralamışdım. Əvvəllər düşünürdüm ki, beş yaşımda olub bu. Ancaq yazı yaza bildiyim zamanlara təsadüf edir, deməli yazmağı bacardığım vaxtlar olub. Ancaq çox balaca idim yenə də. Özümü xəyal edib görə bilirəm, gözümün qabağından getmir o səhnə, dəhşətli sevinc içində anama doğru qanadlanmışdım. Xəttim belə gözlərimin qabağından getmir hələ də. Çox iri hərflərlə yazırdım:

Anamın adı Gülsüm
Sanki güldən yaranmış
O, güldür, mən kəpənək
Dolanıram başına

Ona ilk şeirim deyə bilərəmmi, bilmirəm? Ancaq nə idisə məni qanadlandıran bir şey idi. O qanadlanmağımı hələ də unuda bilmirəm, unutmayacam. Anamı necə sevindirdiyimi, onun məni necə qucaqladığını, öpüb əzizlədiyini, əlimdəki balaca kağız parçasını az qala öpüb gözünün üstünə qoyduğunu...

Sonra yenə hardan cəsarət aldığımı bilmirəm, ancaq sirr açırmışcasına əmim qızlarına pıçıldadım: “Mən şeir yazıram, istəyirsiz oxuyum?”

Əmim qızları on yaş məndən böyük idilər, məktəbi bir neçə il idi bitirmişdilər. Onlar əvvəlcə güldülər, ələ saldılar, sonra oxumağımı təkid etdilər. Küsdüm, əlimi qoynuma qoydum, bir az naz edəndən sonra hər şeyi unudub sevinclə “şeirimi” oxumağa başladım. Şeir bitəndən sonra anam, nənəm kimi məni əzizləmədilər, tərifləmədilər də. Açığı bu tərif canıma yağ kimi yayılırdı, stimul verirdi.

Əmim qızları gözlənilmədən məni ittiham eləməyə başladılar:

“Səməd Vurğundan, Süleyman Rüstəmdən köçürüb yazmısan, yalandan goplayırsan. Bizi aldada bilməzsən”.

Əslində haqsız da deyildilər, 3-4-cü siniflərdə oxuyan qızcığaz təsir altında yazmasın, neyləsin? Ancaq onlar təsir altında yazdığımı demirdilər, kişilərin şeirlərini birbaş qabağıma qoyub misra-misra oğurladığımı iddia edirdilər. Həm də indi əlimin içi kimi əminəm ki, o kişilərin yazdıqlarından özləri də xəbərsiz ola-ola.

Haqsızlığa düçar olmuş, üstəlik pərtlik yaşamışdım. Məni yalançılıqda ittiham edirdilər.

Dərsliklər, Sovet təbliğatı qələm adamlarını elə ilahiləşdirmişdi ki, əmim qızları xırdaca bir uşağın qələm götürüb yazmağa cəsarət edə biləcəyini belə təsəvvür edə bilmirdilər. Necə yəni, şairlər ki vergilidirlər, şeir yazmaq Allah vergisidir. Hər adam niyə şeir yazsın? Yaza bilsin? Üstəlik, gözümüzün qabağında böyüyən, dünənki ayağı palçıqlı, burnu fırtıqlı uşaq bu cəsarəti hardan tapsın? Allah vergisi ona hardan verilsin? Bu ki bizim cubbulu Sevincdir!

Həm öz uşaqlarıma, həm başqa uşaqlara deyirəm: özünüzü sınamaqdan əsla çəkinməyin. Bu gün uşaqlara daha çox güvənilir. Onlar müxtəlif elmi-texnoloji sahələrdə özlərini sınayırlar, müsabiqələrə göndərilirlər, kəşflər edirlər. Uşaqlar üçün cürbəcür yarışlar, olimpiadalar təşkil olunur. Uşaqlar robotlar düzəldir, aparatlar, kompüter proqramları hazırlayırlar. Onların sərgiləri təşkil olunur, kitabları çap olunur, solo konsertləri keçirilir, onlar öz animasiya filmlərini belə yaradırlar. Bir sözlə, bugünkü uşaqların qarşısını “uşaqsan, otur uşaq yerində!”, “ağzının sarısını udmamısan”, “uşaqsan, bacarmazsan!” kimi fikirlərlə kəsmək olmaz! Əksinə, onlara özümüzdən daha çox güvənir, onları daha böyük işlərə həvəsləndirir, daha vacib işlər görməyə səsləyirik. Onlara ağ kağızlar uzadır, fikrindən keçirdiyini yazmasını, çəkməsini istəyirik.

Yeni dövr uşaqları üçün “Mücrü” nəşriyyatı daha bir imkanı yaradıb. Uşaq müəlliflərin nağıllarından ibarət “Balamın dilindən” nağıllar kitabını nəşr etməyi planlaşdırır. Yazmağı bacaran, çap olunmağı arzulayan uşaqlar öz yazılarını [email protected] ünvanına göndərə bilərlər.

Əziz böyüklər, ətrafınızda yazmaq istedadı olan uşaqları yuxarıdakı ünvana yönəldin, onlara sevinc bəxş edin!

İlk dəfə onuncu sinifdə oxuyanda məktəbimizin nəşr elədiyi iki səhifəlik qəzetdə çap olunmuşdum. Yəqin, ondan sonra bir də tələbə adını qazananda o qədər sevinmişdim. Bu,onlar üçün çox böyük sevinc olacaq.

Yaza bilməsi üçün uşaqlara sadəcə bir vərəq, bir qələm uzatmaq və “xəyalındakını bura köçür” demək, inanmaq, dəstəkləmək lazımdır. Onda onlar gözəlliklər yaradacaqlar. Onlara rəngli qələmlər, kağızlar uzadırıq, “xəyalını çək” deyirik, ancaq yazmağa gələndə bunu eləmirik, düşünürük ki, onlar bunu bacarmazlar.

Hər uşaq şəkil çəkə bildiyi kimi öz nağılını da uydurub yaza bilə.

İnanmırsınız yoxlayın!

İndi onların yazdıqlarını çap eləmək istəyən nəşriyyatlar, jurnallar, saytlar da var!

Əlbəttə, onların arasından yeni qələm adamları çıxacaq, bəlkə də sabahın dünya şöhrətli yazıçıları olacaqlar. Biz bunu ürəkdən arzulayır, onlara uğurlar diləyirik!

# 3975 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #