Kulis.az istedadlı şairə Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.
***
bircə
xoşbəxt adamlar üçün
xoşbəxt evlər tikən
işçilərin əynində
əsgərlikdən gətirdikləri
hərbi paltarları görəndə
batmıram qəmə
müharibədən xəbər vermirlər onlar
evləri dağıtmırlar
evləri qururlar...
***
xırda dibçəkdən
iri dibçəyə köçürdü
boy atan çiçəyini qadın
dibçəyin dibindən çıxan soxulcanları isə
akvariumdakı balıqlarına atdı
bəlkə balıqçılardan qaçıb gizlənmişdilər
dəryadakı balıqlara yem olmaq istəmirdilər
qarmaqların ucunda
taledən qaça bilmədilər sonucda.
Siçan qız
gecələr yuvasından çıxıb
kitabları gəmirən
siçan kimi
gizlicə yanaşır kitab şkafına
daşıyır yatağına
qadağan olunan kitabları
qaranlıqda oxuyur qızcığaz
tərgidib daha
gəlinciyini qucaqlayıb yatmağı
kitablarla yatır hər axşam
cəzalanır kitabı
balışının altında unudanda
səhər oğurluq üstündə tutulanda
öyrənmək istəyir o kitablardan
böyüklərin nə sirlər gizlədiyini
həyata dair
insana dair
eşqə dair
***
hər gecə kəlmeyi-şəhadətini
söyləyib yatan yaşlı qadın
günün günorta çağı öldü qəfil
kəlmeyi-şəhadətini deməyə imkan tapmadan
***
körpəsinin qırxılan saçları
bərbərin ayaqları altında qaldıqca
narahat olur kişi
amma bir söz də deyə bilmir bərbərə
saçlara görə...
***
tökülən süd dişlərinin yerinə
o saat yenisinin çıxmamağından
şikayətlənir balaca
laxlayan süd dişini bərk-bərk
qoruyur ağzında
təzə dişi görməyincə
köhnəni vermək istəmir...
***
zamanı o qədər dəyərləndirirdi
darıxanda kiminsə
lap elə ən yaxın dostun üstünə qaçmağı
pula möhtac olanda
pul axtarmaq kimi bilirdi artıq
***
körpəsinin bədəninə
qırmızı xalları
hansı ağcaqanadın qoyduğunu
təxmin eləyən qadın
digərlərindən daha böyük qəddarlıqla
öldürür onu
***
böyük ürəyi olmalı
köynəyinin yaxasında
özündən daha gözəl qadının
şəklini gəzdirən xanımların
***
kişilər qoyun kəsir
qadınlar və uşaqlar
qoyun şəkilli tort
qurban bayramlarında
Rüzgarla xəyanət
elektrik sayğacının
çox pul yazmağına deyindi
qadının qənaətcil əri
bütün günü
ona elə gəlirdi
bahalığa görə suçlanası tək adam
evinin xanımıydı
başqa heç kimi günahlandırmaq
ya ağlına gəlmirdi
ya çox qorxaq idi
rüzgarı səslədi qadın
söndürüb sərinkeşi
möhtac hiss etməsin
minnət duymasın deyə
pəncərələri açdı taybatay
göz yaşını içinə axıtdı
uşaq kimi küsdü Tanrıdan
onu qadın yaratdı
rüzgar gəldi axşamüstü
yellədi pərdələri
zivədəki paltarları
pəncərədəki qadının
alnına tökülən saçlarını
köynəyinin yaxalığından
içəri doldu
qadını yanğınların içindən aldı
qadın təslim elədi özünü
rüzgarın qollarına
bu dünyada ən xeyirxah
ən duyğulu
əliaçıq sevgiliydi o.
Cehiz
nəvəsinə cehiz verməkdən ötrü
təqaüd kartıyla
bankdan kredit almaq istəyən
77 yaşlı qocaya
pul vermədi bank işçisi
“ömrünə vəfa yoxdu sənin ” - deyərək üzünə
biganə və sərt
“mən hələ heç yana tələsmirəm,
hələ ölmürəm, bala ”- dedi qoca
gözləri dola-dola
üç gün sonra
qəza keçirdi bank işçisi
qoca gecə xəbərlərində
izlədi onun
üzünə qəzet vərəqləri örtülmüş cəsədini
amma bu nə təsəlli idi qocaya
nə azaldırdı qəmini
əksinə dərdinin üstünə dərd gəldi
“üç gün əvvəl danışırdı mənimlə
indi ölüdü” - deyə köks ötürdü
nəvəsinə cehiz düzəltmək üçün
axtardığı pulu düşündü
köhnə evinə göz gəzdirdi
satmalı nə qaldı deyə
***
bayaqdan parkda oynayıb tərləyən uşaqlarının
üzündəki, kürəyindəki, boynundakı təri siləndə
az əvvəl əlindəki məndilləri
satan balaca oğlan uşağının da
alnından, üzündən qan tər axdığını xatırladı
Kaktus gülü
Pərdənin arxasında unutduğun
Kaktus gülünə
Toxunmaq kimidi
Yenidən eşqə düşmək
Sən pərdəni çəkmək
Nə zamandı qaranlıqda qalan otağını
Aydınlatmaq istərsən
Kaktus gülünü ovuclar barmaqların
Acılar içindən keçərək
Qovuşarsan gün işığına...
Sonra... sonra
Yenə qaranlıq çökər
Sən kaktus gülünü unudarsan pərdə dalında