Kulis.az Sevinc Elsevərin “Əsir balıqlar” hekayəsini təqdim edir.
- Başın xarabdı? Oralara getmək təhlükəlidi. Balıqdan ötrü öldürtdürəcəksən özünü! - Qərib əsəbiləşirdi.
-Heç nə olmaz mənə! Könlü balıq istəyənin quyruğu suda gərək!
-Quyruğun suda olsun e! Amma təhlükəli sularda yox da! Özün də bilirsən axı, indi çayın yuxarısı necə təhlükəlidi. Köpəyoğlunun ermənisi çayın qabağını kəsib, camaatın əkinləri susuzluqdan mələyir. Yayın cırhacırında susuz qalıb millət. Düşməndi, düşməndən nə desən gözləmək olar, görüb eləyərlər, vurarlar səni.
-Hamı gedir nə qədər balıq tutub gətirir. Bazara çıxardıb satanlar var. Rasim dayının oğlu balığın pulu ilə özünə babat Jiqulu aldı. Allah bir tərəfdən alanda, o biri tərəfdən verir.
- Mən sənə bazardan balıq alaram. Özüm də qızardaram, bir dənə də çubuş götürəcəm Məmməd dayıdan.
-Çubuşu neynirik? Çəkmə arağım var. Bibioğlu Tofiqi qılıqlayıb almışam. Balığı da özüm tutacam.
Çayın qabağını kəsiblər, çay quruyub. Balaca-balaca gölməçələrdə balıq qaynayır. Əlini atırsan balığa dəyir. Özü də qızıl balıqdı hamısı. Yayın günündə harda var elə balıq?
-Gəl sən mənə qulaq as. Sən canım, getmə! – Qərib son bir ümidlə yalvardı.
-Sən əməlli-başlı qorxaqsan ki! Oğlanlar olub erməni ilə üz-üzə səngərlərdə can qoyublar. – Əsgər deyindi.
-Bir var səngərdə can qoyasan, bir də var balıq gölməçəsində. Eyni şeydimi?
-Qorxaq orda da qorxar, burda da!
Yas mağarında oturan Qərib Əsgərin çərçivəyə alınmış şəkli ilə ürəyində təzədən, dönə-dönə yuxarıdakı söhbəti eləyirdi. “Sənə demişdim getmə! Qulaq asmadın mənə! Bu da axırı!”
Qadınların səsi kişilərin oturduğu yerə qədər çatırdı. Qərib Əsgərin anasının səsinə dözə bilmirdi. Bir azdan qadınların səsi səngidi. Uşaqlardan biri qaça-qaça mağara girdi, Qəribə yaxınlaşdı.
Qərib əmi, Telli xala səni çağırır!- uşağın yalın, ora-bura qaçmaqdan qapqara qaralmış ayaqlarından gözünü çəkmədən Qərib mızıldandı:
-Məni neynir Telli xala?
-Bilmirəm,- uşaq sıçrayıb qaçdı.
Qərib mağardan çıxa-çıxa Telli xalanın nə soruşacağını, nə deyə biləcəyini təxmin eləyirdi. Ayaqları ağırlıq eləyirdi, elə bil ayaqları bədənini aparmırdı, bədəni ayaqlarını sürüyürdü.
Tellinin qabağında Qərib günahkar uşaq kimi dayanmışdı.
-Sən bilirdin Əsgər hara gedəcək, hə? –Telli acıqlı-acıqlı danışırdı.
-Bilirdim, - Qərib günahkarlıq duyğusunun ağırlığı altında daha da kiçildi, səsi də balacalaşdı.
- Niyə gəlib xəbər vermirdin, hə? Ay Allah erməninin evini yıxsın! Bunlar nə vaxtadək balalarımızın canını alacaq?! Nə vaxtadək ziyan vuracaqlar?! Vertalyotnan qucağımda uşaq gətirmişdim! Erməninin əlindən götürüb gəlmişdim balamı! –Telli xala dizlərinə döyə-döyə dedi.
Yanındakı qadınlar Telli xalanı sakitləşdirməyə çalışdılar. Biri bir qolunu qucaqladı, biri o biri. Yerbəyerdən erməni qarasına qarğışlar yağdırıldı.
Qərib başını qaldıra bilmirdi.
- Balamın telefonundakı sonuncu nömrə sənin nömrəndi. O axşamı mesaj da yazıb sənə, sabah balıq yeyəcəyik - deyib səs atıb vatsapdan. Bəs sən niyə getmirdin, hə? Niyə tək buraxırdın Əsgəri? –Telli xala danışdıqca daha da qəzəblənirdi.
-Mən ona dedim ki, getməsin! –Qərib özündən asılı olmadan kəkələdi, -dedim ki, orda düşmən var, getmə ora!
-Belə yaxşıydısa, özün niyə qoşulub getmədin? Bəlkə yanında olsan köməyin dəyərdi. Bəlkə belə olmazdı! Qərib, səni ölüncə bağışlamayacam. Erməni nə qədər günahkardısa, sən də o qədər günahkarsan! Altını çəkəcəksən, görərsən! Ölüncə qarğış tökəcəm sənə!
Dərddən başını itirmiş Telli xala Qəribin üstünə yeriyə-yeriyə bu sözləri dedikcə Qərib yerində uçunurdu. Telli xala onun gözünə azğın bir div, yeddibaşlı əjdaha kimi görünürdü. Ona elə gəlirdi ki, ömrünün axırı çatıb. Bu saat Telli xala onu diri-diri udacaq. Sümüklərini şaqqıldada-şaqqıldada, ətini iti dişləri, caynaqlarıyla didə-didə gəmirəcək.
Qəfildən bir əl peyda oldu, Qəribin qolundan tutub dartıb apardı. Sanki onu Məlikmməmmədin düşdüyü qaranlıq quyudan çəkib xilas elədi. Gözləri yarıqaranlıq otaqdan eşiyə çıxdığına görə əvvəlcə qara-qırmızı gördü. Yavaş-yavaş hava almağa başladı, ona elə gəldi ki, bayaqdan bəri boğulurdu, havasız qalmışdı. Özünə gələndə baxdı ki, qoluna girib onu Telli xaladan xilas eləyən adam Əsgərin atası Nemət kişidir.
Nemət kişi Qəribin qolundan dartıb mağarın arxasına gətirdi. Cibindən siqaret qutusunu çıxardıb içindən bir siqaret çıxartdı, Qəribə uzatdı.
Qərib güclə ağzını aralayıb, qurumuş dil-dodağını yalayandan sonra siqaret çəkmədiyini dedi.
Nemət kişi onu məcbur elədi:
- Al birini qoy damağına, heç zad olmaz. Sakitləşərsən!
Qərib çar-naçar siqareti alıb damağına qoydu. Nemət kişi özü üçün də bir siqaret çıxartdı. Alışqanla hər iki siqareti yandırdı. Siqaretindən bir qullab alıb tüstünü havaya üfürdü. Siqaretdən çıxan tüstü bir az kənarda qaynamaqda olan samovardan çıxan tüstüyə doğru can atdı.
- Bilirəm, səninçün də çox çətindi. Əsgəri çox istəyirdin. Uşaqlıqdan əmioğlu kimi böyümüsüz. Sirriniz də, sözünüz də bir olub. Dəcəlliyi də bir yerdə eləyirdiz, dərslərinizi də, qapı-bacanızdakı işləri də. Telli xalan bir az da buna görə hirslənir sənə. Həmişə səninlə bir gəzirdi, hər yerə bir gedirdiz, ölümə tək getdi. Onun qabağını almadın.
-Vallah, mən çox dil tökdüm! Mən....
Nemət kişi siqaretindən bir qullab da alıb əlini Qəribin kürəyinə vurdu:
-Telli xalan yandığından sənin üstünə düşdü. Sən onu çox ürəyinə salma! Əsgərin ölümündə nə sən günahkarsan, nə o erməni köpəyuşağı. Kəndin kanalında da balıq tutsaydı, tok vura bilərdi Əsgəri. Yanında da adamlar olub, tək də olmayıb. Torpağa da basdırıblar, xeyri olmayıb. Sən də orda olsan, eyni şeyi eləyəcəkdin, - Nemət kişi siqaretini axıra çatdırmamış atdı, - səhv özündə olub. Kəndin cavanları hamısı gedib balıq tutur. Rasimin oğlu ordan tutduğu balığın hesabına Jiquli alıb!
Qərib Nemət kişinin son sözlərindən diksindi. Bayaq mağarda olduğu kimi, yenə qulaqlarına Əsgərin səsi gəldi:
“Rasim dayının oğlu balığın pulu ilə özünə babat Jiqulu aldı. Allah bir tərəfdən alanda, o biri tərəfdən verir”.