Ermənistanı üç gün matəm keçirməyə vadar edən komandirimiz

Ermənistanı üç gün matəm keçirməyə vadar edən komandirimiz
26 fevral 2018
# 11:04

Bu gün Xocalı faciəsinin ildönümündə Nizami Abbasın, Milli Qəhrəmanlar - Əliyar Əliyevə həsr olunan “Pəhləvan komandir” və Elman Hüseynovdan bəhs edən “İlk komandir” sənədli filmlərini izləməyə dəvət edirəm. Öncə, Milli Qəhrəmanlardan çəkilmiş filmlər arasında niyə məhz bu iki sənədli lentin üzərində dayanmağıma aydınlıq gətirim.

Kulis.az-da vaxtaşırı müharibənin kinoda təsviri mövzusunda– söhbət bədii filmlərdən gedir, - yazılar yayımlanır. Bədii kinoda müharibə mövzusunda son illər, çox az - bir neçə uğurlu film (“Nabat”, “Yarımçıq xatirələr”) çəkilsə də, ümumən bu sual hələ də aktuallığını itirməyib: Müharibə hekayəsini necə nəql etməli ki, o, xarici və yerli auditoriyanı cəlb eləsin?

Çünki birbaşa, illüstirativ təsvir, hay-küylü vətənpərvərlik, didaktika, plakat estetikası, ənənəvi yanaşma təsirsiz vasitələrdir.

Dünya kinosunda isə keçərli düstur çoxdan mövcuddur: ümumini yox, özəli mərkəzə gətirmək, kütləviliyi yox, fərdin hekayəsini nəql etməklə müharibəni anlatmaq...

Hazırda müharibənin mərkəzində olan biz, bu movzuda necə bir bədii yanaşma təklif etməliyik? Sual hələ də açıqdır...

Səslənən sual bədii kinoya ünvanlanlb. Bəs sənədli kinoda vəziyyət necədir?

Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə və eyni zamanda müxtəlif telekanallar öz təşəbbüsü ilə fərdi mərkəzə gətirən- Milli Qəhrəmanlardan sənədli filmlər istehsal edir. Bu filmlərin çoxu hazır qəlib üzrə çəklir: süjet xətti əsasən qəhrəmanın bioqrafik məlumatları üzərində qurulur. Nəql texnikası ümumiyyətlə mövcud deyil: kadrarxası, bəlağətli mətn, lirik musiqi, danışan başların düzümü, monoton montaj və s.

Nizami Abbasın üstünlüyü hər şeydən əvvəl ondadır ki, müharibə onun şəxsi təcrübəsidir və o təcrübəsini, iztrablarını nəqlinin enerjisinə çevirə bilir. Bu mənada filmləri onun üçün təkcə kinematoqrafik yox, həm də ruhi aktdır. O, vətənpərvərlikdən sözlə danışmır, onu fərdin hekayəsinin təmkinli nəqli fonunda aşılayır.

Rejissor filmlərində kadrarxası mətndən yararlanmır, süjeti elə qurur ki, buna ehtiyac qalmır. Bunun üçün o, qəhrəmanın həyatını diqqətlə öyrənir, vacib bir xətti seçir və nəql texnikasını da seçdiyi xətt diktə edir. Doğru təsvir, pauza vurğuları, montaj dramaturgiyası, müsahiblərini ovqata salmaq bacarığı- filmi iri planda “danışan başlara” yox, qəhrəmanın təsirli hekayəsinə çevirir.

Qəhrəmanlar haqda digər filmlərdə faktlar daha çox nəticə olaraq yer alır. N. Abbasın filmlərində isə faktlar yanız fakt deyil. O, faktlara gətirən vəziyyətləri, detalları verir.

“İlk komandir” filmində Elman Hüseynovun hekayəsi sırf onun döyüş fəaliyyəti əsasında qurulub. Onun hekayəsi eyni zamanda Azərbaycanda ordu quruculuğunun ümumuləşmiş tarixidir. Bu film həm də “Gerçək bir komandir necə olmalıdır?” sualına dolğun cavab verir.

Müharibədən əvvəl Tərtərdə yüksək vəzifələrdə ( Xalq nəzarəti komitəsinin sədri, rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini və s.) işləyən, müharibə başlayanda vəzifəsindən imtina edən Elman Hüseynov orudunun qurucularından, Tərtər özünümüdafiə batalyonunun ilk komandiri olub.

Müəllifin digər filmlərində olduğu kimi, burda da qəhrəmanının bioqrafiyası, doğum ili, haranı bitirməsi və s. haqda məlumat almırıq. O, qəhrəmanlarının statistikləşdirmir, bioqrafiyasını təsirli bir cümlyələ, bir təsvirlə dəqiq anladır. Məsələn, döyüşçü yoldaşlarından biri Eldəniz İbadovun fikri kimi:”Müharbə başlayanda meydana dəliqanlılar atılır. Elman müəllim dəliqanlı deyildi. Amma dəliqanlıları idarə etmək qabiliyyəti avrdı. Dəliqanlıları idarə etmək isə asan deyildi”.

Yaxud E.Hüseynovun olduğu bütün kadrlarda onun sakit, təmkinli və qətiyyətli görünüşü yetərincə informasiya verərək bütöv portretini yaradır.

Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin azad edilməsində xüsusi xidmətləri olan Elman Hüseynovu erməni silahlıların nəzarəti altında olan ərazidə 13 şəhidin meyidi narahat edirdi. O, nə olursa-olsun onları ordan çıxartmağı özünə borc bilir. Amma heç cürə alınmır. Hətta döyüşçü yoldaşları da bu fikrindən daşındırmaq üçün onu dilə tutur.

Amma o, inadkarlıq göstərir, “rahat ola bilmərəm” deyir. Batalyonla hücuma keçir, onları çıxartmaqla özü də şəhid olur... Film E.Hüseynovun rəhbərliyi ilə kəşfiyyata hazırlıq, döyüş təsvrləri, saspens yaradan böyük epizodla və rejissorun sözləri ilə bitir: “Elman Hüseynovla mən Şişqaya əməliyyatında tanış oldum. O vaxt həmin uğurlu əməliyyat nəticəsində düşmənin 35-ə yaxın canlı qüvvəsi məhv edildi, iki tank, bir BMP ələ keçirildi. Bu, mənim Elman Hüseynovla son görüşüm oldu”.

“Pəhləvan komandir” filmi Əliyar Əliyevin xatirəsinə keçirilən yarışla başlayır. Kamera (hər iki filmin operatoru Üzeyir Abbasdır) döyüşü izləyən insanların həyəcanını xüsusi vurğulayır. Və bu həyəcan seyrçini danışılacaq əhvalatın ritminə kökləyir.

Və rejissor süjeti məşqçi kimi tanınan, beynəlxalq yarışlarda Yunan-Roma güləşi üzrə qalib olmuş, ölkədə milli oyunların ilk təşkilatçılarından biri olan Əliyar Əliyevin xatirəsinə keçirilən güləş üzrə yarış ətrafında qurur. Bütün film boyu yarışdan fraqmentlər görüntülənir. Əliyarın güləşdəki təlim metodikasının hərbi fəaliyyətinə uğurlu tətbiqi ön plana çıxır. Təsadüfi deyil ki, komandiri olduğu batalyon əsasən onun yetirmələri olan idmançılardan ibarət idi və həm də “İdmançılar” batalyonu adlanırdı.

Qubadlının müdafiəsinə böyük rol oynayan, kəşfiyyata çox vaxt təkbaşına gedən Əliyarın rəhbərlik etdiyi batalyon Xocalı soyqırımından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusa hücum etmiş, 336 erməni hərbçisini öldürmüşdü. Bununla bağlı Ermənistanda üç gün matəm elan olunmuşdu.

Filmdə diqqəti çəkən bir epizod var. Polkovnik Məhərrəm Cahangirov Müdafiə Nazirliyindən gəlmiş yüksək vəzifəli məmura Əliyara birbaşa mayor rütbəsini verilməsini təklif edir. Ancaq o baş leytenant olduğundan bu təklif məmuru çaşdırır. M. Cahangirov onun buna layiq olduğunu, batalyonun bir gündə üç hərbi vertolyotu vurduğunu, heç olmasa kapitan rütbəsinin verilməsinin vacibliyini deyir və digərləri də onun təklifi dəstəkləyir. Həmin müddətdə qəhrəmanlıq göstərmiş bu adam təvazökarcasına susur, utanaraq gülümsəyir...

Film yarışın mükafatlandırma mərasimi və Əliyarın müsahibəsi ilə bitir...

Hər iki film Mədəniyyət və Turizm Nazirliyini sifarişi ilə “Yaddaş” studiyasənda istehsal olunub.

# 1792 dəfə oxunub

Müəllifin son yazıları

# # #