Ermənilər “Oskar”ın iki addımlığında - Sevda Sultanova

Ermənilər  “Oskar”ın iki addımlığında - Sevda Sultanova
17 yanvar 2024
# 14:30

Kulis.az Sevda Sultanovanın bu il Ermənistanın Oskar mükafatlarında "Xarici dildə ən yaxşı film" kateqoriyasındakı namizədi "Amerikalı" filmi haqqında yazısını təqdim edir.

Bu il Oskar mükafatının “Xarici dildə ən yaxşı film” nominasiyasının qısa siyahısına düşmüş, Ermənistan istehsalı olan “Amerikalı” (2022) bədii filmi erməni əsilli Çarlinin milli özünüdərkə canatma, milli identifikasiya axtarışı hekayəsidir.

1915-ci il hadisələri zamanı ailəsini itirən balaca Çarli Amerikaya köç edir və İkinci Dünya müharibəsindən sonra, gənc yaşında Ermənistana qayıdır. Onun kapitalist Amerikasından sovetləşmiş Ermənistana qayıdışı 1940-ci illərin ortalarında Mərkəzi Komitənin Siyasi Bürosunun qərarına istinad edirdi. Müharibədən sonra xaricdə yaşayan ermənilərin Ermənistana yerləşdirilməsi ilə SSRİ rəhbərliyi öz sərhədlərini Cənub istiqamətində Türkiyə ərazilərinin hesabına genişləndirməsi məqsədini güdürdü. Həmin qərara əsasən, Amerikada, Avropada, Latın Amerikasında, həmçinin, Yaxın və Orta Şərqdə yaşayan ermənilərin guya tarixi ərazilərinə qayıtmasına izin verildi. Sovet İttifaqına qayıdan erməniərin əksəriyyəti məişət çətinlikləri, sosial problemlər səbəbindən Sovet reallığına məyus oldu və onların bir qismi yenidən xarici ölkələrə mühacirət etdi…


Filmin rejissoru Maykl Qurdjian eyni zamanda, hekayənin mərkəzi obrazı Çarlini ifa edir. Məsələ ondadır ki, Qudjianın ata-babası və nənəsi 1915-ci il hadisələri baş verəndə Amerikaya köçüb. Anası amerikalı olan Qurdjian 1971-ci ildə doğulub, əsasən televiziya filmlərində oynayıb, “İllüziya”, “Əbədi gənc”, “Las-Veqası tərk edərkən” filmlərində epizodik rollar ifa edib.

Bir neçə bədii, sənədli flmin müəllifi olan Qurdjian “Amerikalı”nın ssenarisini də özü yazıb, maliyyə isə Ermənistan Milli Kino Mərkəzi tərəfindən ayrılıb. Yaradıcı heyətin əsas qismini erməni kinematoqrafçıları təşkil edir.

Dramatik bir hekayəni anlatsa da, təhkiyə, dramla yanaşı komediya və melodram janrlarının xüsusiyyətlərini daşıyır. Rejissor hər üç janrın məziyyətindən səliqə olə istifadə edərək, janrarası keçidləri dramaturji-vizual planda əsaslandırır, süjetboyu yumorla tragizm həm konfliktdə, həm də dialoqdadırlar. Çıxılmaz, faciəvi situasiyaya düşən qəhrəmanın hekayəsini bəzi kino tənqidçiləri Roberto Benininin “Həyat gözəldir” filmi ilə müqayisə edirlər. Hərçənd, “Həyat gözəldir” filmində Benininin qəhrəmanı balaca oğluna görə tragizim içində şən, əyləncəli oyun qurmağa məcbur olur. “Amerikalı” da isə Çarli bir qədər Çarli Çaplinin obrazları konsepsiyasında işlənir. Və onun sadəlövh, avam qəhrəmanı, həm də gerçəkliyi tanımaması səbəbindən tez-tez gülməli, axmaq vəziyyətlərə düşür. Bu fənd rejissora imkan verir ki, repressiyalar dövrünün Ermənistanını bir qədər yumşaq, xoş tonallıqda ifadə eləsin.


Beləliklə, Yerevanda absurd ittihamla – bəzəkli qalstuk taxdığına görə Çarli həbs olunur və burada casusluq etdiyinə görə cəza kəsilir. Həbsdə qaldığı müddət onun həyatının ən ağır sınağına çevrilir. Hərçənd, rejissor hadisələrin gedişatını elə qurur ki, qəhrəman düşdüyü vəziyyətin çıxılmazlığına baxmayaraq, Ermənistana gəldiyinə görə peşmanlıq duyğusu keçirmir, oradan çıxıb getmək istəmir. Əksinə, həbsdə olan zaman millətinə dərin bağlılığını, sevgisini onun genetik yaddaşı ilə, instinktləri ilə ortaya çıxarır. Məsələn, təsadüfən eşitdiyi erməni mahnıları ona doğma gəlir, uzaq uşaqlıq illərini xatırladır.

Ümumiyyətlə, “Amerikalı” filmi, Çarlinin Stalin dövrünün repressiyaları ilə üzləşdiyi çətinliklərin təsvirindən, nəqlindən çox, heç nəyə baxmayaraq, erməni ruhunun sarsılmazlığını, guya dərin, qədim tarixi, mədəni köklərə malik olduğunu göstərən təbliğat və təşviqat filmidir. Film bütünlüklə məhz belə bir ideyanın üzərində qurulub. Hətta Çarlinin həbsə düşməsində əsas günahkar kimi, milliyətcə erməni kommunistləri yox, onların rəisi, rus zabiti (Mixail Truxin) göstərilir. Truxinin qəhrəmanı bu hekayənin əsas mənfi qəhrəmanı, bədheybətidir. Çarlinin həbsə düşməsi şəxsi zəmində, zabitin qısqanclığı üzündən baş verir. O, Çarlini erməni arvadı Sonyaya (Nelli Uvarova) qısqandığından həbsə atdırır. Elə ilk epizod da Çarli və Sonyanın tanışlığı ilə başlayır. Sonya ərindən fərqli olaraq mərhəmətli, humanist göstərilir və finala doğru Çarlinin xilaskarına çevrilir.


Çarlini istintaqda dindirən erməni müstəntiqlər, həbsxanadakı nəzarətçi ermənilər daha çox karikatur obrazlar kimi göstərilir. Bu isə belə demək mümkünsə, Stalin rejiminə xidmət edən ermənilər haqda heç də neqativ təəssürat yaratmır. Hətta onlar Çarliyə acıyaraq, birləşib onu rus zabitinin qəzəbindən qoruyurlar.

Filmin əsas süjet xəttini isə Çarlinin həbsxananın dar pəncərəsindən qarşıdakı evdə yaşayan gənc ailəni izləməsi təşkil edir. Həbsxanada nəzarətçi işləyən Tiqranın (Xovik Keuçkeryan) arvadı ilə münasibəti, məişəti, musiqili və şən məclisləri ona mənəvi güc verir və o, erməni kimliyini dərk edir. Filmin başlıca ideyası da buradadır: yuxarıda dediyim kimi, erməni soyqırımından əziyyət çəkmiş insanların mənəvi gücünü göstəmək və gənc ailənin həyatı fonunda Ermənistanın ailə, mədəni-mənəvi dəyərlərinin nümayişini dünyaya elan etmək… Ona görə də Tiqranın arvadı üçün birdən-birə tar ifa etməsi təbiilikdən çox, “tar aləti bizə məxsusdur” mesajı kimi oxunur.

Tiqranla Çarli arasında sözsüz bir ünsiyyət yaranır və o, məhbusa dadlı ev yeməkləri göndərir. Təbii ki, həmin dadlı yeməklər arasında, mütləq şəkildə dolma da var. Dolmanın iri planda göstərilməsi, Çarlinin bu dadı keçmişdən xatırlayırmış kimi bəh-bəhlə yeməsi, naturada səslənən azərbaycan milli musiqisindən bəhrələnən erməni melodiyaları (bəstəkar Andranik Berberyan), laylalar, Yallı rəqsi – bütün bunların erməni mədəniyyətinə məxsusluğunun təsviri, ümumilikdə, erməni kinosunun ideoloji diskursunu təşkil edir. Üstəlik, yaşlı erməni məhbusun ayrı-ayrı kadrlarda ilk dəfə pivənin, şərabın məhz ermənilərin istehsal etməsi, onların ilk xristian olması və bütün “ilk”lərə imza atması haqda bəyanatlarının, rejissorun yarıyumorstik intonasiyada çatdırması bunlara paranoya təəssüratı verməməkdən ötrüdür.


Rejissor, Sonyanın simasında isə erməni qadının əzəmətini, cəsarətini, mərhəmətini, humanizmini simvollaşdırır. Ərinin – rus zabitinin onu itirməkdən qorxmasını qabartmaqla eyni zamanda, erməni qadınlarının seksual cazibəsi qarşısında kişilərin zəifliyinə eyham vurur.

Təhkiyənin strukturu ağıllı düşünülüb. Xüsusilə, Çarlinin milli kimliyinin dərkinə xidmət edən, həbsxana pəncərəsindən ailənin həyatını film kimi izləməsini nəzərdə tuturam. Əlbəttə ki, özlüyündə bu, novator, orijinal yanaşma deyil. Buna qədər belə bir metod Hiçkokun “Küçəyə açılan pəncərə” filmində, həmçinin, müxtəlif variasiyalarda dünya kinosunda işlənib.


Filmin premyerası 2022-ci idə Vudstok festivalında baş tutub. Festivalda “Amerikalı” filmi “Ən yaxşı süjet” və “Ən yaxşı operator işi” mükafatını alıb. Hamburq festivalında isə “Tamaşaçı rəğbəti” mükafatına layiq görülüb. Filmin operatoru, iranlı Qasem Ebraxaymayn Şirin Neşatın filmlərində işləyib. Onun rejissor kimi çəkdiyi filmlər müxtəlif festivallarda nümayiş edilib.

Qeyd edək ki, Oskar mükafatının 96-cı təqdimetmə mərasimi martın 10-da baş tutacaq. Bu kateqoriyada “Amerikalı” filmi ilə yanaşı Aki Kaurismyakinin “Xəzəl”, Vim Vendersin “İdeal günlər”, Conatan Qleyzerin “Maraq zonaları”, Çan An Xunqun “Sevginin resepti” filmləri yarışacaq. “Amerikalı” filmi Oskar mükafatının “Ən yaxşı xarici film” kateqoriyasında qısa siyahıya düşən ilk Ermənistan filmidir.

"Kinoyazar"

# 2311 dəfə oxunub

Müəllifin son yazıları

# # #