Uşaq evində böyüyən qızı oğluna almaq istəməyən ana

Uşaq evində böyüyən qızı oğluna almaq istəməyən ana
10 iyun 2017
# 09:30

Kulis.az “Naməlum kino” layihəsində Aydın Dadaşovun 1989-cu ildə çəkdiyi “Dəvətnamə” və Ömür Nağıyevin 1990-cı ildə ekranlaşdırdığı “Bəxtəvər” qısametrajlı filmlərini təqdim edir.

Süjet: Filmin qəhrəmanı Fərman (Ötkəm İsgəndərov) karxanada fəhlə işləyir. O, anası Fatma (Lətifə Əliyeva) ilə kasıb daxmada yaşayır. Fərman karxananın yeməkxanasında təzə işə düzələn gənc qız Gülsümə (Arzu Əliyevaya) vurulur. Gülsüm uşaq evində böyüyüb, fəhlə yeməkxanasında yemək bişirir, yır-yığış eləyir. Amma onun evlənməsi üçün yetərincə pulu yoxdur. Fərman əlacsız qalaraq qızı qaçırır. Anası gəlini qəbul etmək istəmir. Oğluna el adəti ilə dəm-dəsgahlı toy eləmək arzusunda olan ana vaxtilə kəndə səs salmış toyunu yada salıb ağlayır.

Fərman illərlə pul yığdığı kassanı sındırır, amma toy etmək üçün lazım olan məbləği yığa bilmir. O, valideynlərinin yadigar saxladığı toy dəvətnaməsini götürərək fotostudiyaya gedir. Fotoqrafdan xahiş edir ki, həmin dəvətnamənin surətini çoxaltsın. Axşam evə gələndə dostlarının, qonum-qonşularının onu təbrik etmək üçün evinə yığışdığını görür. Fərman dəvətnamələri qonaqlara, uşaqlara paylayır. Sonda artıq qalan dəvətnamələri isə həyətdə sevinclə göyə tullayır...

Milli kinomuzda toy motivinə müxtəlif aspektlərdən toxunan bir neçə film çəkilib. Məsələn, Həsən Seyidbəylinin “Xoşbəxtlik qayğıları” filmində maddi imkansızlıqdan qızlarına cer-cehiz ala bilməyən, onların xoşbəxt həyatını buna bağlayan ananın qayğıları, onunla razılaşmayan övladları ilə toqquşması əks olunur.

Yaxud Nicat Feyzullayevin “Toy” ekran əsərində toya mənəvi yanaşma edir: gənc qız ailəsinin müdaxiləsi ilə imkanlı bir adamla ailə qurur, sevdiyi kişidən imtina eləyir.

Toy adət-ənənələrinin kinoda işlənməsi təsadüfi deyil. Çünki mentallığımızda mühüm yer tutan toy kultu, ona həddən aludəçilik indi də zaman-zaman gündəmə gəlir, müzakirələrə səbəb olur.

Aydın Dadaşovun da “Dəvətnamə” filmində toy mövzusuna həm sosial, həm də mənəvi baxımından yanaşılır. Ana adət-ənənənin əleyhinə gedən oğlunun qız qaçırmasını, üstəlik, ata-anası bəlli olmayan qızla ailə qurmasını faciəyə çevirir. Oğlunun seçimini qəbul etmək istəmir.

Bununla belə rejissor filmi öz xarakterindən irəli gələn yumorla yükləyir, onu dramatizmə kökləmir.

Fərman üçün önəmli olan ənənəyə uyğun toy edilməsi deyil. O, valideynlərinin toy dəvətnaməsini çıxarmaqla, dostlarından birinin atasından qalan, onun vəfatından sonra çalınmayan sazın dindirilməsi ilə arzularını simvolik də olsa həyata keçirir. Maddi çətinliklər üzündən ananın qonaqlara yemək təklif edə bilməməyi, əncir mürəbbəsi ilə çay verməsi epizodu da sosial gərginliklə müşayiət olunmur, əksinə, rejissor yüngül atmosferlə - yumorla həll eləyir.

“Dəvətnamə” Aydın Dadaşovun kinoda rejissor kimi ilk işidir. Ssenari müəllifi Aydın Dadaşov, operator Rafiq Əliyev, bəstəkar Cəmil Əmirovdur.

“Bəxtəvər” filminin qəhrəmanı Gündüz (Kamil Məhərrəmov) arvadı Dilşad (Mehriban Xanlarova) ilə gölün kənarında yaşayır. Gündüzün gözəl səsi olsa da sənətdə uğur qazana bilməyib. O, dincəlmək istəyən imkanlı adamları qayıqla göl ətrafına gətirir, onlara qulluq eləyir və bundan qazanc götürür. Adi günlərin birində o yenə üç nəfəri qayıqla göl kənarına gətirir. Məclisin sonunda Gündüz qonaqlar üçün muğam oxuyur. Onun səsindən valeh olan qonaqlar “nadir istedadsan, yerin səhnədir” deyib onu alqışlayır, pul verir. Gündüz isə istehza qarışıq laqeydliklə onlara baxır.

Ömür Nağıyevin lentə aldığı “Bəxtəvər” filmi istedadını realizə edə bilməyən, bunu üçün cəmiyyətin də ona fürsətlərin vermədiyi uğursuz adam haqdadır. Rejissor sadə əhvalatda Gündüzün simasında layiqli yerini tapa bilməyən, laqeydlikdən mənən boğulan itirilmiş insanların ümumiləşmiş obrazını yaradıb. O insanların ki, son nəticədə özləri də özlərinə biganələşir, inamlarını itirirlər. Eyni problem günümüzdə də yaşanır. Müəllif bunda cəmiyyəti, quruluşu günahlandırır.

Film Yuri Kazakovun “Ləhlülülü” hekayəsinin motivi əsasında çəkilib. Ssenari müəllifi Tatyana Bəkirzadə, operator Telman Məmmədov, bəstəkar Eldar Mansurovdur.

Hər iki film “Debüt” studiyasında istehsal olunub.

# 1484 dəfə oxunub

Müəllifin son yazıları

# # #