Fahişə ifadələr

Fahişə ifadələr
22 dekabr 2014
# 13:49

Şair ruhlu adam! Bu ifadəni çox eşitmişik... Hətta o qədər ki, artıq ironik çalar kəsb etməyə başlayıb.

Kimdir şair? Reallıq hissini itirən, yerlə-göylə əlləşən, saçı dağınıq, şalvarı düşük dərvişvari insanmı? Yoxsa Nizami təmkini ilə əsrlərə hökm edən müdrik? Birmənalı cavab vermək çətindir. Amma ən azı modern çağın Nazim Hikmət modeli də var ki, nadinc kimi nadinc, müdrik kimi müdrik, romantik kimi romantik, realist kimi realistdir. Amma hanı?

Baxın FB-yə... Səhər-səhər mehdən inciyən kövrək şairlərlə doludur. Misraları eh-lə başlayan bu məxluqlara adamın yazığı gəlir. Bir növ, bədbəxt olmağı iş-peşəyə çeviriblər. Dünyanın ən güclü kitabları belə onları “şair bədbinliyi”ndən xilas edə bilməz. İki normal misra yazmaq üçün özlərini yeyib-tökürlər, qəmli baxışlarını uzaqlara dikib susurlar! Dərdləri də özləri kimi miskin və cılızdır. Bir qayda olaraq şeirlərində təbiətin ən incə varlıqlarından bəhs olunur: gül, çiçək, çəmənlik, kəpənək, bülbül, sərçə... Ən diri halda, daş, ağac, cırcırama, qarğa, qurd... Təbiətin yalnız incə səsləri eşidilir bu şeirlərdən. Məsələn, bulaq şırıltısı, çay zümzüməsi, bülbül nəğməsi və s.

Bir test edin. Heç vaxt bu tip şairlər meşə uğultusundan yazmazlar. Nə üçün? - deyə içinizdən bir sual keçməmiş olmaz. Onçun ki, bayaqdan saydığım həmcins üzvlərdən fərqli olaraq, meşə uğultusu simvolik düşüncənin məhsulu deyil. Məhz təbiətin öz səsidir. Bu ifadə indiyədək hansısa hoqqabaz klassikin gizli məcazına boyun əyməyib. Necə var, eləcə, öz mənasını ifadə edir. Hoqqabazlığa, spekulyasiyaya, yalançı eqo təminatına yaramır.

Əvət!

Problem simvolik düşüncə problemidir. Simvolika şeirin asan və ucuz yoludur. Çünki səndən əvvəl bu sözləri poeziya üçün ovsunlayıblar, onlarla yatıb-durublar, sürtükləşdiriblər. Bir növ “fahişə ifadələr” demək olar bu ifadələrə.

Qan olar həzin ruhlu bu şairlərin bircə misrasını tənqid etsən! O saat küsürlər. Kövrək qəlbləri sınır səndən. Üzlərini həssaslıqla yana çevirirlər. Əslində isə, qanını içməyə hazırdırlar. Çünki onlar təkcə şeirdə deyil, həyatda da simvolik düşünürlər. Beyinləri mötərizə içindədir. Məsələn, sevməyə evlənməyin, evlənməyə uşaq yaratmağın, uşaq yaratmağa həyati sürəkliliyin simvolu kimi baxırlar. “Müdrik” olmağa, “dərin” düşünməyə məhkumdurlar. Sevgiyə sadəcə sevgi, uşağa sadəcə uşaq, yaşama sadəcə yaşam kimi yanaşmaq lüksündən məhrum ediblər özlərini. Hamısı gül-çiçəkdə sirli mənalar axtarır... Gülün bülbülə deyil, xara yar olması onların ən böyük dərdidir. Saatlarla oxusan bu dərdləri biri-birindən ayıra bilməzsən. Əslində, elə dərdləri birdir bu adamların: xəstədirlər!

Və həyatı simvollaşdırmanın içində tənqidə də şüuraltı olaraq simvolik münasibət bəsləyirlər; tənqid adamı repressiya etməyin simvolu kimi gəlir onlara... Çünki sovet dövründə adamları öldürməzdən əvvəl “Ədəbiyyat qəzeti”ndə tənqid edirdilər. İndi ölüm-itim olmasa da, vəzifəni itirmək, şöhrətdən məhrum olmaq qorxusu var. Ən azı perspektivdəki iş-şöhrət imkanları tükənə bilər. Səni tənqid edən, əlbəttə ki, düşməndir sənə! Bunun, o yanı-bu yanı ola bilməz!

Odur ki, bu incə ruhlu şairlər məmləkətin dağ boyda problemləri qarşısında bircə dəfə “cük” eləmədikləri halda, avaragor bir şeirin tənqidinə görə adamı qətlə yetirə bilərlər!

Bu qədər miskin, yani...

# 1098 dəfə oxunub

Müəllifin son yazıları

# # #