İnsanların içindəki küçük zingilitisi

İnsanların içindəki küçük zingilitisi
4 iyul 2020
# 14:22

İllər əvvəl yaz vaxtı əsəb həkimi mənə təmiz hava buyurmuşdu. Ağcabədiyə getdim. Ağ göl Milli Parkının yaxınlığındakı obada qardaşımın balaca bir daxması vardı. Çox sakit, cənnətə bənzəyən bir yerdə tikilmişdi. Göl tərəfdən əsən sərin meh, ruha dinclik gətirən yaşıllıq, adamı sərməst edən iydə qoxusu... Səhərlər tez qalxıb gəzirdim və özümü çox gümrah hiss edirdim.

Bir gün gördüm qardaşım köşküldə balaca, yumruq boyda it balalarını harasa aparır. Dalınca düşdüm. O, yavrucuqların dördünü də əvvəldən qazıb hazırladığı quyuya atdı, üstünü tələsik torpaqladı.

Dəliyə döndüm!

Qaçıb küçükləri çıxarmaq istədim, imkan vermədi.

Birdən əmcəkləri südlə dolu it göründü. Hinə girib burnu ilə balalarını saydı və həyəcanla bayıra çıxdı. Onun içində adamın sümüklərini üşüdən sakit bir zingilti vardı.

Tövləyə girdi, daxmanın qabağına qaçdı, quyruğu ilə evin qadınından mərhəmət dilədi.

Laqeydlik!

Özünü ot tayasına çırpdı, kərmələri yaladı, hinə girib bir də çıxdı, bütün tikililərin dibi ilə balalarının qoxusunu axtardı. Ən axırda qardaşımı tapıb üstünə sırmandı. Qardaşım ona təpindi. İt məni adam yerinə qoymadan zingiltisini də götürüb qeyb oldu.

Qardaşıma qışqırdım.

“Vəhşisən” dedim.

Əlini işdən soyutmadan təmnkinli səslə buyurdu: “Səyləmə, get, dərmalarını at! Gözü açılmamış küçükləri həmişə basdırırlar, bilmirsən? İt özü bilir, sən bilmirsən.”

Susdum. Aralandım. Elə həmin gün veş-vüşümü yığıb şəhərə qayıtdım.

...İndi o çarəsiz zingilti səsini insanların içindən eşidirəm.

# 3735 dəfə oxunub

Müəllifin son yazıları

# # #