Ramiz Rövşənin tutuquşuları

Ramiz Rövşənin tutuquşuları
29 may 2014
# 12:02

Bayram günü Kulis.Az-ın köhnəli-təzəli yazılarının içində qurdalanırdım. Beyqəfil Xaqani Qayıblı çıxdı rastıma. Açığı, son vaxtlar şeir oxuya bilmirəm. Xüsusən kvadratdırsa, heç oxumuram. Amma bu imza yaddaşımın bir küncündə ilişib qalmışdı. Üstəlik tərcümeyi-halı maraqlı idi. Gürcüstanda doğulub, Qorkidə təhsil alıb, Estoniya prezidentinin tərcüməçisi kimi fəaliyyət göstərib... Bir sözlə, şəxsiyyət və imza kimi yetişmək üçün Tanrı ona xeyli fürsət verib. Amma Xaqanı bəy nə edir? İlk bənddəncə səhifəni bağlamaq məcburiyyətində qaldım.

Adımı qoydular “Dəli”,

Çətin daha yola gəlim…

Bir başımdı iki əlim –

Döydüm, öz başımı döydüm!

İnanıram ki, usta oxucular intonasiyanın haradan gəldiyini asanlıqla tutdular. Bu ritorika Xaqani Qayıblı ilə bitsəydi, təbii ki, bu yazını qələmə almayacaqdım. Məsələ budur ki, Rüstəm Behrudidən tutmuş bələkdən yenicə çıxmış bəzi şairlərə qədər yüzlərlə qələm adamı Ramiz Rövşənin 60-70-ci illərdə şeirimizə gətirdiyi bu “yüngül havaya” süzməkdədirlər. Məşədi İbad demişkən, bu bisavadları başa düşdük, bəs Qorki adına Ədəbiyyat İnstitutunda oxuyan 50 yaşlı bir şairdəmi bunu başa düşmür?!

Bir dəfə dostum Salam Sarvanla söhbət edirdik. Söz gəlib şeirdəki intonasiya məsələsinə çıxanda o, qəribə bir etiraf etdi. Dedi ki, lap cavan vaxtı xeyli səkkiz hecalı şeirlər yazmışdım, gəraylı formasında, amma çap üçün tələsmədim, bir müddət keçəndən sonra, bunların Ramiz Rövşən havasıyla yazıldığını anladım və hamısını cırıb atdım.

Məncə, Salamı yaşıdlarından fərqləndirib irəli çıxardan bu ciddi amil idi. Hətta o vaxtlar ətraf dolu idi Nəriman Həsənzadənin, Məmməd İsmayılın havasına uçanlarla...

Heç nə:

Ah, bu qızın barmaqları,

Uzun-uzun barmaqları...

Bu qədər sadə və oynaq bir ritmin artıq qeyri-orijinal olduğunu bilmək bu qədərmi çətindir? Bu ritmdə “qol vura bilən” şairlərin də “xalı” Ramiz Rövşənə yazılır.

Bəs nə bilmişdiniz?!

Xaqani Qayıblı bir yana, Qulu Ağsəs, Səhər Əhməd, Böyükxan Pərviz, Əlirza Həsrət, Əlizadə Nuri, Balaxan Qərib, Hikmət Məlikzadə, Səlim Babullaoğlu, Kənan Hacı, Narıngül və digər istedadlı adamlar da Ramiz Rövşən dalğasında xoşbəxtcəsinə süzürlər.

Və bu “simvolizm cəngavərləri” olduqca dəymədüşərdir.

Təbii ki, bu yazıya görə məndən də inciyəcəklər.

Nə edək?! Arada imkanlaşdırıb könüllərini alaram. Onlar həm də qəlbitəmiz və sadəlövhdürlər... Yoxsa adam da belə yüngül havaya qol götürüb oynayarmı? Üstəlik özgə havasına... Xüsusən, həmin “ÖZGƏ” bu havada yazdıqlarını yüngül şeirlər və ya nəğmələr adlandırırsa...

# 4803 dəfə oxunub

Müəllifin son yazıları

# # #