Laçın haqqında dörd misra

Laçın haqqında dörd misra
17 may 2019
# 11:03

Laçının işğal gününü 17 mayda qeyd edirəm. Öz içimdə. Heç bir rəsmiyyətə, real hərbi-siyasi vəziyyətə baxmayaraq. Çünki Laçına elə həmişə içimin nəğməsi kimi baxmışam. Adamlarına da, təbiətinə də, heyvanlarına da. Başqa cür baxmağa fürsətim oldu ki? Gözümü açar-açmaz qaçqınlıq düşdü.

Mayın 17-si atamla Qubadlıya qayıdıb heyvanlarımızı gətirən dayımı qarşılamalı idik. Axşam çatdıq ora. Hərbçilər Güləbird kəndinin üstündə yolu kəsmişdilər. Heç kimi o tərəfə buraxmırdılar. Elə adamlar vardı ailəsi-uşağı, hətta bütün qohum-əqrəbası o üzdə qalmışdı. Səssiz gərginlik nəfəs kəsirdi.

Qəfil bir hərbçi rayonu tərk edən tankın üstünə çıxıb qışqırdı: “Laçını aldılar!”

Adamlar başladı qışqırıb ağlaşmağa və işğal yaddaşıma bax bu incə məqamla yazıldı.

Mən o an Laçınla birlikdə uşaqlığımla da vidalaşdım. Çünki “yekə kişi” olmaqdan başqa şansım yox idi.

27 ildir oxuduğum, yazdığım, izlədiyim nə varsa bu incə duyğunu dəyişə bilmir. Mən işğalı onda gördüm, onda hiss elədim. Mayın 17-si... Axşam radələri...

Elə o illərdə, 16-17 yaşlarımda Laçın haqqında bir şeir də yazdım. Sonralar “Laçın” qəzetində dərc olundu. Deyəsən, çap olunan ilk yazım idi.

Qəribəsi budur ki, o şeiri o zamanlar yazdığım bir çox şeirlə birlikdə tamam unutmuşdum.

40 yaşdan sonra unutduğum misralar həzin-həzin yadım düşməyə başladı. Hansı saz havası üstündə zümzümə edib yazmışdımsa, o hava üstündə içimin dərinliklərindən qımıldamağa başladılar. Yaddaşım pis deyil. Yaddaşımla maraqlı yoldaşlığım var. Bu axmaq ömrümdə yaddaşım mənə xeyli söykək olub. Onu nə vaxtsa itirəcəyimdən qorxmuşam. Xəstəlikdən sonra özümə gələndə, əməliyyatdan ayılanda ilk yaddaşıma səyahət etmişəm. Yerindəmi bildiyim misralar? Yerində! Şükür. Demək yaşamaq səbəbim var.

İndi Laçınla bağlı “zəif uşaqlıq şeirləri” adı ilə unutduğum misraları yaddaşım özü mənə təklif edirdi və bu təklifin içində hüznlü bir ərk vardı. Oxuyurdum öz-özümə. Bu vəsilə ilə Laçın haqda yazdığım ilk şeiri də xatırladım. Misra-misranı çəkib gətirdi, bənd-bəndi qovub yuxudan oyatdı. Şeiri beynimdə bərpa etdim:

Sözümün əvvəli, sözümün sonu

Məskənim, beşiyim, anam, ay Laçın

İstərəm eşqinlə Xan Kərəm kimi

Alışam, ay Laçın, yanam, ay Laçın

Çırpılan qoynuna əsən yel kimi

Sızlayam dərdinlə incə tel kimi

Duyam nəfəsini, açam gül kimi

Bülbülüm, ay Laçın, sonam, ay Laçın

De kimlər iz qoydu izlərin üstə?

Axar su töküldü közlərin üstə

Kükrəyən yaş olam gözlərin üstə

Həsrət yanağında donam, ay Laçın

Qoynunda vursaydım ömrümü başa

Baxmazdım yolumu azdıran qışa

Dönəm dar qəfəsdən qurtulan quşa

Uçam, sinən üstə qonam, ay Laçın

Dərdinin zərbiylə yenə vuruldum

Yolunda çəkdiyim ünə vuruldum

Arzum-eşqim deyib sənə vuruldum

İnanma əhdimi danam, ay Laçın

İndi qürbət eldə çəkər ahu-zar

İlhamı dağlardan alan duyğular

Sənsiz yaşamağa gümanımmı var?

Ürəyin itirmiş canam, ay Laçın...

Son bənd...

Son bənd də vardı...

Günlərlə düşünsəm də yadıma sala bilmədim.

Aradan keçən 20 il bu şeiri müvəqqəti unutdurmuşdusa, son bəndi yaddaşımdan tamam silib atmışdı. Hiss edirdim, onu heç vaxt xatırlamayacaqdım. Və bu itki mənə bir insan itkisi qədər ağır gəlirdi. Dəliyə dönmüşdüm.

Qeyri-ixtiyarı yaddaşımın o bəndin dalınca sərgərdan olduğunu görürdüm. Yaddaşımı Məcnun kimi səhralardan tutub gətirirdim. Hər gedən karvana qoşulurdu. İt kimi dallarınca hürürdü. Adam ol – deyirdim – bir bəndə görə zəhləmi tökmə! Olmurdu. İlk dəfə aramıza narazılıq düşmüşdü.

Bir gün bu şeiri tələbəlik illərində hansısa dəftərə yazdığımı xatırladım. Orda bütöv olacaqdı. Dağınıq, darısqallıq ucundan kitabxanadan çox kitab-dəftər anbarını xatırladan arxivimi ərinmədən axtardım. Saatlarla. Əvvəlcə dəftərin rəngini yadıma saldım, sonra qalınlığını. Çox çətinliklə, bir az da mistik bir təsadüflə rastıma çıxdı. Elə təntidim, üç-dörd dəfə o başa-bu başa vərəqlədim. Hərflərin qarışqa kimi qaçıb gedəcəyindən qorxdum. Amma yox. Hər şey qaydasındaydı. Yazılar azca nəmlənib dağılsa da oxunurdu. Axtardığım şeiri tapdım. Son bənd belə idi:

Söz qoşam qoynunda hər daşa, dağa

Saralan çiçəyə, solan yarpağa

Yatam qucağında, dönəm torpağa

İtməyə qəlbimdə inam, ay Laçın

Məskənim, beşiyim, anam, ay Laçın!

İlahi!

Mən bu şeiri yazanda məhz bu bəndi nə zamansa unudacağımdan qorxmuşammış!

Bu 20 ildə əvvəlcə dördüncü bənddəki o “inam” sözü silinib yaddaşımdan.

Sonra o biri sözlər, o biri misralar.

Çünki inamın özünü itirmişəm!

Mən özümdən xəbərsiz Laçından əlimi tamam üzmüşəmmiş!

Yoxsa, yaddaşıma bələdəm, o biri bəndlərdən əskik olmayan ilham və enerjiylə yazılmış bu bəndi heç zaman unutmazdım!

Laçının 27-ci ildönümündə sizin və tanrının qarşısında söz verirəm: bu bəndi bir daha unutmayacam!

# 23262 dəfə oxunub

Müəllifin son yazıları

# # #