Velosipedin dözülməz yoxsulluğu

Velosipedin dözülməz yoxsulluğu
25 dekabr 2015
# 10:10

Şərif Ağayar

Bu yaz bir ədəbiyyat tədbirində iştirak etmək üçün Türkiyənin Samsun şəhərində idim. Alaçam ilçəsinə meşə gəzintisinə apardılar bizi. Qəfil bir dəstə velosiped sürən uşaq çıxdı qarşımıza.

Və... xeyli təsirləndim.

Uşaqlıqdan velosiped aşiqi olmuşam. Xəstələnmişəm, sağalmağıma ümidi getdikcə azalan valideynlərimə demişəm: “Mənə velosiped alsanız sağalaram!”

Valideynlərim velosipedi alıblar və mən həqiqətən sağalmışam...

Laçında keçən uşaqlığımın və yeniyetməlimin ən şaqraq xatirələri “Desna” markalı həmin velosipedlə bağlıdır.

İndi həm məkan, həm zaman baxımından əlim çatmayan o “yer”lər Samsunun Alaçam ilçəsində velosiped sürən bu şən-şux türk balalarıyla metafora olunurdu. İçimdəki həzin xatirə bu yeniyetmələrlə məni daha da doğmalaşdırdı.

Deyəsən, velosiped dəstəsi mənimlə qoşa addımlayan böyük ədəbiyyat uzmanı, əslən Makedoniyadan olan türk şair Erol Tufanın da yaddaşını tərpətmişdi. Velosiped sürən uşaqlarla o saat curlaşdı, ərinmədən hamısıyla əl tutdu, hətta məni də tanış elədi onlarla. Nəsə deməli idim mən də. Amma söz tapmırdım. Uşaqlara iki daşın arasında xatirə danışası deyildim. Birdən, özümdən asılı olmadan bu sözlər çıxdı ağzımdan: “Velosiped oğruları” filminə baxmısız?” Uşaqlar təəccüblə üzümə baxdılar. “Yox” demədən öncə azca gülümsədilər də. Dedim, evə dönüncə, internetdən axtarış verib baxmanızı rica edirəm, türkcə dublyajı da var, alt yazısı da.

Hamısı söz verdi ki, baxacağıq.

O uşaqlar o filmə baxdılar-baxmadılar öz işləridir və açığı bu məni o qədər də maraqlandırmır. Sadəcə, həmin an hiss etdim ki, o uşaqlar o filmə baxmalıdır. Dünyada belə bir əzab çəkilibsə, belə bir duyğu yaşanıbsa və lentə alınıbsa ən azı bütün velosiped sürən insanlar uşaqlı-böyüklü bundan agah olmalıdır. Hətta, olmasa, günaha yazılar, Allaha xoş getməz...

Mən həm də “Velosiped oğruları” filminin adını çəkməklə öz hisslərimi, öz kədərli xatirələrimi adamlardan gizləməyə çalışmışdım.

Amma bacarmışdımmı?

Uşaqlardan hə, Erol Tufandan yox!

“Həyatında yoxsulluqla bağlı hansı travmalar olub?” – velosipedçi dəstədən ayrılıb meşənin yaşıllıqlarına doğru irəliləyərkən Erol bəy qəfil soruşdu.

Diksindim.

“Nədən soruşdunuz, əfəndim?” – dedim, vaxt qazanmaq üçün.

“Bir insan durub-dururkən o filmi düşünürsə, işin içində iş var deməkdir.”

“Durub-dururkən niyə? Velosiped sürənləri gördüm, filmi xatırladım. Təbii deyilmi?”.

“Mən də o filmə baxmışam, amma uşaqları görəndə ilk izlədiyim velosiped yarışması yadıma düşdü, çox əyləncəli idi.”

Və beləliklə mən Erol bəyə başımdan keçənləri iki-üç cümləylə anlatmağa məcbur oldum.

Qolumu ərklə sıxıb gülümsədi: “Hər şey yaxşı olacaq!”

Dünyanın kino şedevrlərindən sayılan “Velosiped oğruları” filminin mənim üçün ən vurucu yeri budur: Roma küçələri doludur ucuz qiymətə kreditə verilən velosipedlərlə, amma bir ailə velosipeddən ötrü acından ölmək təhlükəsi ilə üz-üzədir.

Üstəlik, ailə başçısı Antonionun özünün velosipedi olub, onu oğurlayıblar. Polis kömək edə bilmir. İnsanlar laqeyddir. Deyəsən, tanrının da başı qarışıb. Güclə tapıb işlədiyi reklam şirkətinin afişalarını isə velosipedsiz daşıyıb şəhərin müxtəlif yerlərindəki divarlara vurmaq mümkün deyil. İndi bu utancaq kişi 10 yaşlı oğluyla dayanıb küçələrə düzülən minlərlə satlıq velosipedə əlacsız-əlacsız tamaşa edir.

Bütün variantlar nəticəsiz qalandan sonra Antonionun ən təbii insan instinktləri işə düşür: minlərlə velosipedin birini oğurlayıb ailəsini xilas etmək!

Və rejissorun mesajı: bir gün qanunun, humanizmin və tanrının kömək eləmədiyi aclar, gözünün qabağına qoyulmuş, amma ona yasaq edilmiş səadəti çalmağa qalxacaqlar.

Bu, qaçılmazdır!

Rejissor oğurluğa əl atan qəhrəmanını oğlunun yanındaca rüsvay etməklə bu yolun məqbul olmadığını göstərir, amma əvəzində insanı bu vəziyyətə salan qanunun, insanlığın və dinin sifətinə əlinin tərsiylə sərt bir şillə çəkir.

“Belə cəmiyyət olmaz” – deyir.

“Əgər o boyda elmin, təhsilin, mədəniyyətin nəticəsi kimi gəlib çıxdığınız nöqtə budursa, tüpürüm sizin qəlibinizə” – söyləyir.

...Deyirəm, Samsun ola, Erol Tufan ola, bir dəstə də velosiped sürən uşaq.

Və bir də gözünün qarşısındakı səadəti əl uzadıb götürmək imkanın ola...

Başqa da heç nə!

# 1394 dəfə oxunub

Müəllifin son yazıları

# # #