Şadlıq evlərinin soyğunundan necə qurtulmalı? – MÜTƏXƏSSİS SÖHBƏTİ

Şadlıq evlərinin soyğunundan necə qurtulmalı? – <span style="color:red;">MÜTƏXƏSSİS SÖHBƏTİ
7 yanvar 2017
# 08:30

Toy insan həyatında ən unudulmaz və yaddaqalan rituallardan biridir. Lakin son illər gedən proseslər, toy mərasimlərində əndazənin gözlənilməməsi, israfçılıq, adət-ənənələrin aşınması, hətta bəzən baş verən kriminal hadisələr toy mərasimlərinə yeni yanaşma tələb edir.

Kulis.Az tanınmış jurnalist, uzun illərin toy aparıcısı Süleyman Qaradağlı ilə toy mövzusunda müsahibəni təqdim edir.

- Süleyman müəllim, elə bil son illər toylar azalıb...

- Qoy bunu ailə problemləri ilə məşğul olanlar, sosioloqlar, statistiklər, şou-biznes nümayəndələri araşdırsınlar. Amma mən toylara olan marağın getdikcə azaldığını deyə bilərəm...

- Doğrudan da nə üçünsə toya getməyə də həvəs yoxdur...

- Guya nəyə həvəs var? Bir dəfə “Neftçi”nin köhnə futbolçularından biri dedi: “Bizim dövrümüzdə üstü ağ-qara xallı toplarla oynayırdıq. Udanda üzümüz ağ olurdu, uduzanda qara. İndi oynanılan topların üstü zolaqlıdır. Elə bil udmağın da dadı gedib, uduzmağın da.” Həmin futbolçunun sözü olmasın, indi hər şeyin dadı, ləzzəti gedib. Əvvəllər toy gününü səbirsizliklə gözləyər, ona xüsusi hazırlaşar və toyda çox böyük ürəklə iştirak edərdilər. İndi hanı o həvəs?

Azərbaycan toyuna marağın itirməsi onun biznesə çevrilməsindən sonra başladı. Valideynlərin, ata-ananın illərdən bəri gözlədiyi, qohumların arzu etdiyi iki gəncim izdivac məclisi bir qrup işbaz üçün qazanc mənbəyi rolu oynadı. Getdikcə çox asan və sadə yolla toy sahibinin rolu minimuma endirildi. Onlar valideynlərin əvəzindən hər şeyi etməyi öz öhdələrinə götürdülər və elə beləcə də dedilər: “Əli cibində gəl, get...”

Image result for Şadlıq evləri

- “Əli cibində” ifadəsini çox dəqiq söyləyirlər...

- Əlbəttə, məsələ də elə ondadır. Mən toya qədər olan xərcləri bir kənara qoyuram, təkcə toy günü valideynin əli neçə dəfə cibinə gedir: gəlin maşının tutulması, bəy-gəlin evdən çıxararkən musiqiçilərə verilən xələt, şadlıq sarayına daxil olanda şərbət süzülməsi, gənclərin taxt-taca əyləşdirilməsi, musiqiçilərə şirinlik, qazan ağzı açılması, şirin çay gətirilməsi, tort kəsilməsi, foto-albom, video-disk, qarderob, giriş qapısı və avtomaşın dayanacağında dayanan xidmətçilər... Bunları üst-üstə gələndə, yalan olmasın, az qala bir toyun xərci qədər vəsait gedir.

Menyu və israfçılıq barədə çox danışıldığına görə həmin məsələlərin üzərində çox dayanmaq istəmirəm. Amma evində yeməyə pendir-çörəyi güc-bəla ilə tapan toy sahibinin şadlıq sarayında səkkiz-doqquz cür isti xörək, 40-a yaxın soyuq qəlyanaltı süfrəsi açmasının mənası nədir? Bir oturuma xaşlama, sac içi, lülə, tikə, toyuq, bildirçin və balıq kababı, plov və digər yeməklərin yeyilməsi nə dərəcədə düzgündür? Biz bunu etməklə özümüzü kimə göstəririk? Onsuz da camaatımızın təbiəti elədir ki, nə qədər zəngin süfrə açılsa da, toydan sonra süfrədən narazı olanlar həmişə tapılır. Təşkilatçılıq nə qədər yüksək olsa da, çoxsaylı qonaqların içində nədənsə incik düşənlər də.

Toy nə eyş-işrət, nə əyləncə, nə də şou məclisidir. Burda iki ailənin qohumluğu, iki gəncin izdivac məclisi qeyd olunur. Təəssüf ki, müasir toylarda bunlar arxa plana keçərək kimin hansı sarayda toy etməsi, süfrəyə neçə adda xörək verilməsi, neçə müğənninin oxuması önə çıxır. Toya dəvət edilənlər də çox vaxt həmin məsələləri müzakirəyə çevirirlər.

Son vaxtlar bir sıra sahələrdə Avropa dəyərləri əsas götürülür. Halbuki xalqımızın böyük ziyalısı Həsən bəy Zərdabi vaxtilə deyirdi ki, biz iqtisadiyyatı Qərbdən, mənəviyyatı isə Şərqdən öyrənməliyik. Əslində, sözdə özümüzü şərqli hesab etsək də, həyatımıza qərbin təsiri daha çox hiss olunur. Bəs toy mərasimlərini keçirməkdə neyçün Qərb ölkələrindən nümunə götürmürük? Niyə biz bu məsələdə başqalarından fərqlənməliyik?

- “Fərqlənmək” deyəndə nəyi nəzərdə tutursunuz?

- Yəni toy adəti bütün xalqlarda var, hamı evlənir, ailə qurur. Niyə bizdə bu, yeni qurulan ailənin və onun valideynlərinin bankrot olması hesabına baş verməlidir? Orada yazılan nəmərin, toplanan vəsaitin yüzlərlə məclis iştirakçısının üç-dörd saat yeyib-içməsi, qol götürüb oynaması üçün sərf olunması düzgündür, yoxsa yeni qurulan ailəyə maddi dəstək olması? İndiki toy iştirakçıların yazdırdığı nəmər ünvanına gedib çatırmı? Yüksək dəbdəbə ilə keçirilən toy hansı xoşbəxtliyi vəd edir və bununla müstəqil həyata qədəm qoyan gəncləri ilk addımdan ehtiyac və problemlər girdabına yuvarlamırıqmı? Heç kəsin ruzisinin bacadan gəlib düşmədiyi indiki ağır dövrdə boğazından kəsib gənc ailəyə yardım və kömək üçün yazdırdığı nəmər onsuz da varlı olan bir qrup işbazın daha da varlanmasını aparıb çıxarmırmı?

Image result for Şadlıq evləri

Heç nəyə xidmət etməyən və getdikcə bayağılaşan toy adətimizlə yeni qurulan ailəni maddi cəhətdən quyunun dibinə salırıq. Mövlanənin gözəl bir sözü var: “Dünyadakı aclıq və səfalətin səbəbi yetimləri və kasıbları doyurmamağımıza görə deyil, varlıları və zənginləri doyurmamağımıza görədir.” Neçə illərdir bu barədə danışılır, söhbət gedir, nə bu işdən qazananların gözü doyur, nə də onların əlində alət olan sadə adamlar bu labirintdən qurtula bilirlər.

- Sizcə, çıxış yolu varmı?

- Çıxış yolu həmişə var, biz onu axtarmırıq axı. Heç kəs bu labirintdən xilas olmaq istəmir, hamı gileylənə-gileylənə, narazılıq edə-edə ətalətlə bu yolu gedir. Bəzi valideynlər hətta övlad toyuna müəyyən ümidlə baxırlar. Əslində isə... Uğursuz bənzətmə olsa da, müasir toy nəticəsi əvvəlcədən bəlli idman yarışı kimdir, toy sahibi həmişə məğlub durumdadır.

Şadlıq saraylarının əsarətindən qurtarmaq, soyğunçuluqdan xilas olmaq üçün müxtəlif üsullar təklif edirlər: kimi çadır toylarına qayıtmağı, kimi icarə əsasında toy etməyi təklif edir. Həmin yolları seçənlər olsa da, kütləvi hal almır və heç də hamıya sərfəli deyil...

- Bəs nə təklif edirsinız?

- Əvvəla, mən bir dəfə də sizin saytda bu barədə müsahibə vermişəm, o vaxt digər sayt və qəzetlər də həmin müsahibəni dərc etmişdilər. Sosial şəbəkələrdə məsələni müzakirə edənlərin böyük əksəriyyət mövqeyimə şərik çıxsa da, onların çoxunu bir sual maraqlandırırdı: bəs yeni toy modeli necə olmalıdır? Əlbəttə, mən hamının birmənalı şəkildə qəbul edəcəyi toy modeli təklif etmək fikrindən uzağam, çünki bu elə məsələdir ki, israrla konkret bir ideya ortaya qoymaq çox çətindir.

Ən yaxşı yenilik unudulmuş köhnəlikdir. Vaxtilə sovet dönəmində “komsomol toyu” deyilən bir ənənə var idi. Mən nə eynən onun təkrar olunmasının, nə də indiki kimi yeyib-içmək, çal-çağır məclisi açmağın tərəfindəyəm. Hesab edirəm ki, toy məclisinə ailənin ən yaxın, ən doğma adamları dəvət almalıdır, daha kontingenti orta, ali məktəb, əsgər və iş yoldaşları, məhlə uşaqları, bəyin qardaşının dostları və s. kimi qonaqlar hesabına artırmağın, sonra da ömür boyu onların qarşısında borclu qalmağın nə mənası var? Süfrəyə gəldikdə elə etmək lazımdır ki, orada ən minimum xərclə bir qarın – deyək ki, küftə-bozbaş, piti, dönər və s. yeməklərdən biri verilsin. İştirakçıların toya saldığı nəmər isə gənc ailənin ilkin büdcəsini təşkil etsin.

İnanın ki, biz məclisi böyütməklə, iştirakçıların sayını çoxaltmaq və dəbdəbəli etməklə özümüzü ağır vəziyyətə salırıq.

Image result for varlı toy

- Deməli, siz yalnız yaxın adamların iştirakı ilə keçirilən, bir qarın yeməklə ötüşən yığcam toyun tərəfdarısınız...

- Mirzə Cəlil deyirdi ki, mən yazıram, siz düşünün. İndi mən təklif edirəm, qəbul edib-etməmək hər kəsin öz seçimidir. Toyun necə keçirilməsi yalnız valideynin müstəsna səlahiyyətində olan məsələdir. Qoy kimin arzusu necədirsə, o cür də etsin. Mən qətiyyən indiki kimi, hətta bundan da dəbdəbəli toyların əleyhinə deyiləm. Bu sahədə heç kim valideyn arzusuna qarşı çıxa bilməz. Qoy kim necə istəyirsə o cür də etsin, kim istəyirsə toy üçün slayd-şou da, mini-klip də çəkdirsin, xınayaxdı mərasimi, atəşfəşanlıq etsin, çadır toyuna üstünlük verənlər, icarə əsasında toy edənlər də həmçinin... Mən bunu imkansız ailələrin, səmərəsiz xərclərin əlində əsir-yesir qalan bəzi toy sahiblərinin mənafeyini nəzərə alaraq təklif edirəm. Məşhur aktyor Çarli Çaplin deyirdi ki, məni hər kəs öz səviyyəsi qədərində başa düşür. Yenə təkrar edirəm, seçim toy sahibləri və valideynlərindir.

Kiminsə daha uyğun təklifi varsa o da buyursun, amma biz gec-tez, əvvəl-axır toy sahiblərinin cibinə süpürgə çəkən, övlad toyunun sevincini doyunca yaşamağa imkan verməyən, hətta bəzən onları qırx arşın quyunun dibinə salan bəhsə-bəhsə, “qanşudan qalma dala” prinsipi ilə keçirilən müasir toy adətlərinə nə vaxtsa “yox” deməliyik. İntibah dövrünün şairlərindən olan Dante deyirdi: “Getdiyin yolun düzgünlüyünə əminsənsə və heç kəs səni başa düşmürsə, yenə öz yolunla get.” Hesab edirəm ki, nə vaxtsa dayanıb bu barədə düşünərək doğru yola çıxmalı və onun doğruluğuna inanaraq kimin nə deməyindən asılı olmayaraq həmin yolla da getməliyik...

# 3224 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #