Rafiq Tağının şlyapa söhbəti

Rafiq Tağının şlyapa söhbəti
22 noyabr 2013
# 11:11

Rafiq Tağı ilə çox söhbətlərim olurdu. Bu söhbətlərdə adəta, o susar, mən danışardım. Amma çalışardım ki, onunçün maraqlı olsun. Bir qayda olaraq İNSANlar diqqətini çəkirdi. Sosial vəziyyətləri, sevgiləri, kaprizləri, sağlamlığa və kitaba münasibətləri...

Rafiq Tağıya bəlkə yüz adam tanıtmışdım bu cür.

Aşıq damarıma salıb xırdalamışdım bölgəmizin ən maraqlı adamlarından ona. O da, sağlığına, ağızdolusu, bəzən ürəkdolusu gülmüşdü.

Bir gün Rafiq Tağı öz dostu haqqında danışdı mənə. “Araz” kafesində... Bir növ, gənc həmkarına borclu qalmaq istəmədi.

“Əli və Nino” mağazasından hansısa tədbirdən çıxmışdıq.

Dedik, çayla da olsa boğazımızı yaşlayaq və bir az dərdləşək! Ölüm-itim dünyasıdır.

Rafiq Tağının qələminə baxmayın, nitqi elə də səlist deyildi.

Danışmağı sevməzdi. Amma dostu ilə baş verən bu çexovvari hadisəni xüsusi şövqlə danışırdı...

Elə gülürdü, səsi boğulurdu və sifətindəki işığı birə-on artırdı. Eynəyi parıldayırdı bu işıqdan.

Əhvalat Moskvada baş verib.

Şəhərin ən məşhur şlyapa mağazasında.

Rafiq müəllimin həmişə başına şəstlə şlyapa qoyan saçları seyrək dostu şəhərin yeganə və ən məşhur mağazasına getməyi xahiş edir ondan. Şlyapasını yenisi ilə dəyişdirəcəkmiş! Baxmayaraq ki, təzəcə alıbmış. Elə bu mağazadan...

Rafiq Tağ istəmədən dostunun “xuliqanlığına” şahidlik edir.

Dostu paltar dəyişmə yerində götürdüyü təzə şlyapa ilə başındakı nisbətən köhnəlmiş şlyapanı dəyişir, köhnəni vitrinə, təzəni başına qoyur. Mağazadan çıxmaq istəyəndə ayıq-sayıq satıcı onu tutur, səsə-küyə mühafizəçilər gəlir. Papağın tərliyini qoxlayıb onun vitrindən indicə götürüldüyünü asanlıqla sübut edirlər. Rafiq müəllimin dostu özünü itirir. Bu zaman Çexova bənzəyən doktor-yazıçı mübahisə edənlərə yaxınlaşır və hadisəni təfərrüatı ilə danışır. Rafiq Tağının mədəniyyətinə və dürüstlüyünə hörmət edən satıcılar, mühafizəçilər vitrinə yaxınlaşıb onun dostunun köhnə şlyapasını axtarırlar. Deyilənlərə ən tutarlı sübut bu olardı, əlbəttə ki! Axı adam mağazaya başıaçıq gəlməyib!

Vitrinə yaxınlaşırlar. Şlyapalar qarşısında böyük növbə düzəldən adamlardan hansısa Rafiq Tağının dostunun şlyapasını yeni şlyapa hesab edərək alıb aparıb!

Mağaza nadinc dostlara başqa şlyapa satmaqdan imtina edib.

Saçları seyrək dost başıaçıq və dilxor şəkildə Rafiq müəllimin yanına düşüb küçəyə çıxır və onun yanınca donquldanaraq addımlayır... Rafiq Tağı isə hər ona baxdıqca uğunub gedir gülməkdən... Dostunu qəzəbləndirir!

***

Rafiq Tağıdan sonra bütün şlyapalı adamlara münasibətim dəyişdi.

Onları nə yəhudi milyonçularına, nə detektiv film qəhrəmanlarına bənzətdim artıq.

Rafiq Tağıdan sonra bütün başıaçıq adamlar papağını itirmiş kimi gəldi mənə!

# 3089 dəfə oxunub

Müəllifin son yazıları

# # #