Cavanşir Yusifli: “Çoxu ədəbiyyat adına başqa şeylərlə məşğul olur”

Cavanşir Yusifli: “Çoxu ədəbiyyat adına başqa şeylərlə məşğul olur”
24 sentyabr 2015
# 10:00

Bu gün görkəmli tənqidçi Cavanşir Yusiflinin doğum günüdür. Onun 57 yaşı tamam olur. Bu münasibətlə Kulisin suallarını cavablandıran tənqidçi ilə müsahibəni təqdim edirik.

- Təbrik edirik... Ad günü bu yaşda hansı əhvalı doğurur?

- Sağ olun. Kədər doğurur. Ancaq bu, yaşın artması ilə bağlı deyil, insanın daha çox duyduğu və bildiyi şeylərlə əlaqəli olur. Elə şeylər var ki, onları ifadə etmək çətindir, həm də getdikcə çətinləşir, belə olduqda əvvəllər bildiyin və haçansa boşluğa gedən şeylərin yerini dünya və gerçəklik haqqında kədərli, qüssə dolu mənzərələr, anımlar tutur. Bir də… bizdəki əyalət xisləti, əyalətçilikdən doğan sevinclər adamı öldürür. Düşünürsən, belə də sevinmək olar, belə də xoşbəxt olmaq olar? Əksinə, indi kədəri “tədqiq eləmək” lazımdır.

- 57 yaş vermək olmaz… Açığı…

- Yadımda ancaq uşaqlıq lövhələri qalıb, sonra kim yaşayır ki? Dünyanın qəribə sirləri var, insan doğrudan da öldüyü günü, saatı, dəqiqəni bilmir. Düşün ki, bu adam nə zaman ölmüşdü, kimin nəyinə lazımdı? Bütün sirlər biz bilmədiyimiz yerlərdədi.

- Ad günlərinizi qeyd etmirsiniz deyəsən…

- Əvvəllər edirdim. Qalabalıq olardı. İndi yox. Mistik bir aura yaranır, onun içində olmaq, heç olmasa bir gün... yaxşıdı.

- Bu sual verilməsə olmur: ad günü hesabatdır, geriyə baxanda gözə nə görünür?

- Mən keçmişdə olan adamam. Sevdiyim adamların da keçmişdəki üzünü görürəm. Amma hesabatlıq da bir şey yoxdur, yəqin. Yazdıqlarıyla sevinmək və fəxarətlə “mən” demək cahillərin işidir və cahil də həmişə cəsur olur.

- Son vaxtlarkı esselərinizdə mücərrəd bir narazılıq hiss olunur. Niyə bu qədər gizli, niyə bu qədər mübhəm? Bəlkə bu üslubduir?

- Yaş ötdükcə insan açılmır, bu yalan söhbətdi. Adam içinə çəkilir, imkan olduqca ordan da çəkilib gedir hara gəldi. Bu dünyada hər kəs itkin düşür, biri tez, biri gec. Bunları bilib də səsini çıxarmaq, danışmaq ən azı ayıbdır, yerini bilməməkdir. İndi mən diqqət eləyirəm, bu sosial şəbəkələrdə müxtəlif xislətli adamlar var, içində ən maraqsızları elə yazı-pozu adamlarıdır. Bir də gördün kərpic-kərpic hikmətli sözlər yazırlar, Rumini, Şəmsi... kimi-kimi... öldürürlər. Bu, hikmətə, onun içindəki gözəl şeylərə çəkilmək deyil, əksinə onları abırdan salmaqdı. Bizdə Füzulidən yazanların böyük əksəriyyətinin yaradıcılığını xülasə eləsək, belə bir nəticə alınar: Füzuli çox böyük şairdir, amma kədərlisi nədir? Füzuli bu vətənin mənəvi xəritəsində, mənəvi ərazisində bir ovuc torpaqsa onun araşdırmaçıları bu vətəni, bu bir ovuc torpağı qoruya bilmirlər, difiramba bataqlığı yaradırlar.

Belə çıxır ki, biz ancaq hikmətli sözləri lövhəyə ard-arda yapışdırmağı bacarırıq. Bu cəhət gənclərdə də özünü göstərir. Yaza bilməyəndə, nəfəs gəlməyəndə insanı yerinə tikən bir hikmətli pasaj verir, sanki işlər bununla da bitdi. Fikir verin, bütün istedadlı uşaqların sonrakı yaradıcılıq məhsullarına, əvvəldə bir işıq vardı, sən onun bütün şölələrini, bütün parlaqlığını fəhm edə bilirdin, amma görürsən ki, bu işıq sozalır, ölür, sən artıq burda heç nə eləyə bilməzsən. O adam bir gün qərar qəbul eləyir: yıxılmaq lazımdı, hara gəldi, yəni, məni məyus edən hal budu ki, şeiri daha çox ona dəxli olmayan adamlar yazır. Başqa bir cəhət: nekrofillik. Adam nə qədər sağdı, heç kəsin işi yoxdu onunla, başını yerə qoyan kimi, sürü hərəkətə gəlir, ət yemək, özü də çiy-çiy... necə deyərlər, iştaha diş altındadır. O işığı qoruyub saxlayan bir-iki adam var, onlar da mübhəm bir vəziyyətdə, dərin kədərin, iztirabın içində çırpınırlar. Hərdən o adamlarda şöhrət həsrəti görəndə çaşıram, məlum olur ki, onlarda mən dediyim yerdə yox, “araf”dadırlar.

- Azərbaycanda doğulmaq. Azərbaycanda ədəbiyyat adamı olmaq. Azərbaycanda məhz şair, yazıçı yox tənqidçi olmaq. Bunlar ağır söhbətlərdir. Sizcə necədir? Peşman olduğunuz olubmu heç?

- Şair, yazıçı olmaq ayrı söhbətdir, tənqidçi olmaqsa bunların ikisini birləşdirməkdir. İkiqat, üçqat tənhalıq... Nə olur-olsun hər kəs öz vətənini xəstə dərəcəsində sevməlidir, aşiq olduğu, çata bilmədiyi bir gözəl kimi. Bizim qəlbimizdəki bütün duyğuların bu torpaqda ayaq izləri var, hərdən ayağını torpağa basanda diksinmiş kimi olursan, yaxud bir almanı dişləyəndə, dişlərin qamaşır, kimin dərdidir görən düşünürsən. Belə bir mətn də vardı: əvvəl öləcək insanlar, sonra yaşanacaq ömür...

Bircə şeyi deyim, tənqidçi, yaxud ədəbiyyatçı olmaq fikrini heç zaman beynimdə dolandırmıram və məncə bu çox böyük bir üstünlük sayıla bilər müəyyən mənada. Niyə? Hamı bilir ki, indi Azərbaycanda şair, yazıçı, tənqidçi ictimai adam deyil, heç lazım da deyil olmağı, çünki artıq ictimai rəy deyilən bir şey də yoxdur. Şairin, yazıçının, tənqidçinin... rəyi artıq heç kəsə lazım deyil, çünki hər şey, ən qəliz məsələlər belə sxemlə həll edilir, biz deyən sənət adamları isə emosiya ilə yaşayan varlıqlardır. Bir də ki, kərpic-kərpic kitabı çıxan, ölçü hissini itirmiş adamlardan rəy soruşmağın nə mənası var? Onlar sadəcə yazırlar... Sabir nə deyirdi: bənzərəm bir qocaman dağa ki, dəryada durar... Bu qədər ciddi bir hadisəni biz nədənsə qulaqardına vururuq. Voznesenski də deyirdi: müstəbidlər başa düşmür şairləri, o zaman ki, başa düşür, fərman verir ölümünə.

- Bügünkü tənqidi qısa da olsa necə xarakterizə edərdiniz?

- Bu gün tənqid yoxdur, ədəbiyyatşünaslıq heç yoxdur, bu gün dəstə maraqları var ki, mən də onların heç birində yoxam. Kiminsə papağı altında olmaq, onun işarəsi ilə oynamaq hər şeydən qabaq mənlik söhbətidir, bu da olmayanda artıq dünyada heç nə olmur. Belə bir qanadlı ifadə var ki, şair, yəni əsl şair bu dünyanın qələbə meydanlarından zəfər marşı altında keçib gedən bir fiqur deyil, şair tənhalığı ilə də ətrafı lərzəyə salan, ətrafda ciddi “qorxu yaradan” bir şəxsdir, yəni keçmişdə. Bir yazıçının az qala hər cümləsindən yazan “tənqidçi” və ədəbiyyatşünaslar var, anlamırlar ki, bu, xırdalanmaq söhbətidir, dünyanın bu vaxtında, yəni devalvasiyanın dərinə işlədiyi zamanda bu qədər xırda pul kimin nəyinə lazımdı.

- Azərbaycanda az sayda olan fransız dili mütəxəssisiniz. O dilin içindən Azərbaycan necə görünür?

- Əksinə, farnsız dili mütəxəssisləri var, institutda bu dili tədris edirlər, fransız dili mərkəzi, institutu və sair qurumlar mövcuddur. Bir dilin içindən baxanda dünyanın hər yerində bir Eyfel qülləsi görünür. Biz də öz dilimizdən dünyaya bu şəkildə baxa bilməliyik, bunu bacarmasaq çox pis olacaq. Dünyaya çıxmaq ora uyğunlaşmaqdan daha çox ordakı dəyərləri bu və ya digər şəkildə zənginləşdirməkdir.

- Ədəbiyyatımızın sabahına ümidiniz nə qədərdir? Məndə hərdən səmimi bir hiss yaranır ki, bizlik deyil, axı niyə ədəbiyyatla məşğul olmalıyıq?

- Sabah-filan söhbəti ədəbiyyatda şərti məsələlərdir. Əslində, sözün düzünə qalsa, insanların çoxu ədəbiyyat adına başqa şeylərlə məşğul olurlar və bunun fərqində deyillər. Nə ilə məşğul olsan da, ilkin şərt bütün məsələlərdə özün kimi qalmağı bacarmağındır. Bu isə, iman məsələsidir.

- Arzularınız…

- Nə bilim. Arzulardan nə danışmaq olar ki? Cızılan planlardan danışmaq olar. Bir kitab var, müasir poeziya haqqında, həcmi az olsa da ideyası geniş və məncə, maraqlıdır. Onu bir mütəxəssislə yazıram, zənnimcə çox maraqlı bir şey alına bilər, çünki mənimlə birgə o kitabı yazan adam gözəl şeyləri dərindən hiss etmək qabiliyyətinə malikdir və ədəbi proseslə bağlı kompleksləri yoxdur, əsas da budur.

Bir silsiləm var: “Bir şeirin dedikləri”. Bu silsilə bitən kimi kitab eləmək olar. Hekayələrlə bağlı da buna bənzər layihə var. Görək nə olur.

# 1342 dəfə oxunub

Müəllifin son yazıları

# # #