Yazmağın indiki zamanı

Yazmağın indiki zamanı
27 dekabr 2016
# 12:09

Bir dəfə məndən gənc yazıçılar üçün tövsiyələr istəmişdilər.

“Dediklərim həm də özümə aiddir” məntiqiylə çəkinmədən fikirlərimi yazdım və bu fikirlər içərisində xoşuma gələn məqamlardan biri bu idi: yaradıcılığın yalnız indiki zamanı var!

Bu nə deməkdir?

İyirmi ildən artıqdır ki, ədəbi mühitdəyəm. Ən yaxşı şairlər və yazıçılarla şəxsən dostluğum var. Üstəlik ən məşhur, ədəbi-mədəni cameyə az qala istiqamət verən mətbu orqanlarda işləmişəm.

Bu illər ərzində istedadlı adamlara qənim kəsilən bir uydurmanı özüm üçün aydınlaşdırmışam: “Yazacam!”

Nə vaxt?

“Yazacam”, “Yazacam” deyə-deyə dünyadan köçən onlarla istedadlı adam tanıyıram.

Ona görə ən vacib şərtlərdən biri kimi indiki zamanın adını çəkmişəm və demişəm ki, qələmi əlinə alıb, yaxud kompüterin qarşısına keçib başlayırsan yazmağa.

Yaradıcı insanlar təkcə keçmişə bağlı olmur.

Onlar gələcək haqqında nağıllara da həssasdırlar və özlərini asanlıqla aldadırlar.

Gələcək nağıllarının uydurulmasında tənbəlliyin danılmaz rolu var.

Tənbəllik çoxsaylı əsaslı və əsassız bəhanələr istehsal edir: “Vaxt yoxdu”, “Yazırıq, oxuyan olmur”, “Heç bir qazanc gətirmir”, “Həvəs qalmayıb” və s.

Yaradıcılığı alınla qaya çapmağa bənzətmək olar.

Yaradıcılıq hünərli adamların işidir və bu hünər tələb olunan yerdə belə dolu-boş bəhanələr, kimsəni bilmirəm, mənə vız gəlir.

Yazmaq lazımdır!

Bütün şərtlər altında.

Müharibədə, türmədə, evdə, işdə, yolda...

Hər yerdə.

İçində deyiləcək söz varsa bu səni narahat edib bir yolla üzə çıxacaq.

O sözün üzə çıxmasına mane olmasan, yetər.

Həmişə başlamaq çətin olur.

Hər şeydən əvvəl psixoloji baryeri aşa bilmirsən.

Amma bir gün qəti şəkildə əyləşirsən və yazırsan, görürsən yavaş-yavaş hər şey öz yerini alır.

Yazırsan və yazırsan...

Qələm adamı üçün yazmaqdan böyük həqiqət yoxdur.

Və qələm adamı yalnız yazdığı an ictimai faydalıdır.

Hətta qrafomanlıqdan da qorxmaq olmaz.

Çünki alınan əsərin sevinci, alınmayan əsərin hüznündən qat-qat böyükdür.

Cəsarətlə ələ qələm götürmək eqonu yenməkdir həm də.

Çünki aldıra bilməməyin hüznünə bəri başdan qələbə çalırsan.

Ən sonuncu yerdə durmağa hazır olursan.

Yazmaq istedadlı adamın ibadətidir.

Yaradıcı adam ona istedad bəxş edən ulu göylərə öz borcunu yalnız yazmaqla qaytara bilir.

Yaradıcı adamın tənbəlliyi istedada asi düşməkdir.

Bu, möminin ərincəklikdən namazını keçirməsinə bənzəyir.

Öz mahiyyətinə asi düşən insan xoşbəxt ola bilmir.

Tənbəllik yaradıcı adam üçün dəhşətli xəstəlikdir.

Tənbəllik bəhanələr doğurur.

Bəhanələr yazmamağa “əsas” verir.

Nəticədə hamımız uduzuruq.

Yazıçı da...

Oxucu da...

Ədəbiyyat da...

Yazıçının, oxucunun və ədəbiyyatın uduzduğu toplumda isə cəhalət pərvəriş tapır.

# 1090 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #