Alçaldılmış adamlar

Alçaldılmış adamlar
27 aprel 2015
# 11:58

Dostoyevskinin “Alçaldılmış və təhqir olunmuş adamlar” əsəri Qoca və onun iti Azorkanın təsviri ilə başlayır.

Dahi yazıçı Qocanın və çənəsi sahibinin uzun plaşının ətəklərinə dəyən ələngənin təsvirini elə amansızlıqla verir ki, bir anlıq kitabı qatlayıb ulamaq istəyirsən. Belə bir yer var orda: “Onların görünüşü sanki demək istəyirdi: “Biz qocayıq, ilahi, çox qocayıq!”

Roman boyu Qocayla tanış olub onun cəmiyyət tərəfindən hansı həqarətlərə uğradığını öyrənəndən sonra kitabın əvvəlinə qayıdıb bu təsvirləri təkrar oxumaq sözlə ifadə olunmaz bir duyğudur. Və oxuduqca istər-istəməz qəlbin dərinliklərində çoxlu suallar doğur.

İnsan insanı niyə alçaldır, niyə onun şəxsiyyətini ayaqaltı etməkdən zövq alır? Don Kixotla o boyda məzələnmək, balaca bir adaya yalançı hökmdar təyin edib uzaqdan gülmək hansı ehtiyacdan doğur? Sizi bilmirəm, mən Don Kixotu bu həqarətli rişxəndə layiq bilmirəm. Axı o, nə edib? Onun ləyaqətini alçaltmaq kimə nə verir?

Boynuma alım ki, məsələ çox da sadə deyildir.

Kimisə alçaltmaq adamın öz alçaqlığının kompensasiyası kimi ortaya çıxır. Alt şüurda gora gedən özünə yoldaş axtarar prinsipi amansız mexanizmlə işə düşür. Təmizlik və sadəlövhlük səndə qıcıq yaradır. Məsələ, mıxdakı dananı döymək qədər bəsit məcraya yönəlir.

Hər an alçalan, aldadılan, başına min oyun açılan insan adekvat cavab vermək iqtidarında olmadığı üçün aqressivdir. Onun ifadə edə bilmədiyi etiraz ruhu arxa şüur yarımkürəsinə o qədər itələnib ki, hər an açılmağa amadə olan əl qumbarasına bənzəyir. Və təbii ki, bu qumbara daha aciz və daha zəif insanın üstünə atılacaqdır. Belə anlarda təsir əks təsirə bərabər deyil, sadəcə başqa – daha alçaldıcı, daha idbar təsirə bərabərdir.

Bütün bunları niyə yazıram?

Təsadüfən Youtube-də bir videomateriala baxdım. Açığı, baxılma sayına görə diqqətimi cəlb eləmişdi. Efirdə müğənni kimi tanıdığımız Maral Tahirqızını alçaldırdılar. O, bunu hiss edir, amma heç cür vəziyyətdən çıxa bilmirdi. Onun canlı efirdəki bu əlacsız vurnuxmaları mənə çox pis təsir elədi. Verilişin digər qonağı, müğənni Nadir Qafarzadə özünü saxlaya bilmədi, üzünü aparıcıya tutdu: “Onu niyə incidirsiz, sizə nə edib?”

Sual amansızdır.

Kiminsə rüsvay olması niyə insanları bu qədər şənləndirir?

Birinin şəxsiyyətini itirməsi ilə bağlı video və yazı niyə bu qədər oxunur, like yığır?

Beş-altı kitab oxuyub, beş-altı filmə baxanlar da bu qaragüruha qoşulub adamın canına oxumaqdan həzz alır.

İnsan necə bu qədər vəhşiləşə bilir?

Hamını narahat edən, əsəbləri pozan, həyəcanlandıran nə varsa Maral Tahirqızını alçaldaraq əylənən və tamaşaçılarını əyləndirən aparıcıya da təsir edir. Namiq Abdullayev demiş, adam döyül? Ancaq o, gördüyü, şahidi olduğu, eşitdiyi bu tale yüklü məsələləri qoyub, necə deyərlər, “gic-gic danışmağ”a məhkumdur. Başqa cür efirə çıxa bilməz. Və daha böyük bədbəxtçilik: o, bu problemləri min-bir əziyyət hesabına efirə daşıya bilsə belə, reytinq yığa bilməz, adamlar ona baxmaz. Çünki, adamlar da bu və ya digər şəkildə onun günündədir. Çoxu problemlərinin həllinə inamını itirib. Ona görə, əylənmək, həyatlarını unutmaq, başlarını qatmaq, ən vacibi bir adam tapıb onu alçaltmaqla, ona gülməklə mənəvi-psixoloji krizdən çıxmaq istəyirlər.

Məlum rektorun qızı söhbəti çıxanda azad həyat yaşadığını iddia edən bir xanımla mübahisəm düşdü. O, düşünürdü ki, rektorun qızı gecə saat 3-də oğlanlarla şəhərə çıxdığı üçün kəskin ictimai qınağa məruz qalmalı, hətta cəzalanmalıdır: “Öz səhvidi, ölsün!” Soruşdum: “Sən gecə sevdiyin adamla hardasa olmamısan? O, sənə şillə-təpik vursa və hardasa kameraya düşsən nə edərsən?”

Cavab məntiqsiz idi.

O vaxt evdən çıxmazmış!

Bunun əxlaq kriteriyası metro bağlananacan olar, ondan sonra olmaza qədərmiş.

Xanım öz həyatındakı ağrı-acının baiskarını gəzir, ya tapır heç nə edə bilmir, ya da heç tapa bilmir, ona görə hirsini tökməyə adam axtarır. Facebook da ki, özünüifadə üçün super imkandır. Döşə getsin.

O, səhvi harda edir? Tənqid, təhqir və rişxəndlərinin obyekti kimi əsl günahkarı yox, özünə bənzəyən qurbanı seçir. Çünki güclüyə bir söz deməmək şərtiylə nə yapıb-nə edib bir günahkar tapmağa, onu yaş yuyub-qara sərməyə, bununla da öz eqosunu təmin etməyə, ətrafdakılarda “baxın, mən belə deyiləm” rəyi yaratmağa həyat-məmat məsələsi qədər ehtiyac duyur. Bu proqram onun qafasının qaranlıq guşələrində tıkır-tıkır çalışmaqdadır.

...Don Kixota gülməyə nə var. Oğul ona deyərəm Don Kixotu lağa qoyaraq alçaldan krala rişxənd etməyi bacarsın. Bəşəriyyət nə vaxtsa bunu bacarsa, Servantesin və Dostoyevskinin mesajını almış sayılacaq.

# 1257 dəfə oxunub

Müəllifin son yazıları

# # #