Şeir Nazirliyi

Şeir Nazirliyi
3 noyabr 2015
# 12:01

Sultan Mahmudun zamanında Şeir Nazirliyi adlı ayrıca struktur olub. Burada 400-dən artıq şair qeydiyyatdan keçibmiş. Arada onları toplayır, nə yazmaq, necə yazmaq haqda xüsusi tapşırıqlar verirmişlər.

Bunun müqabilində təltif və mükafatların verilməsi məsələsini məlik-əş-şüara (şairlərin başçısı, baş şair) həll edirmiş.

Bu struktur əslində Sultan Mahmudla başlamamışdı və təbii ki, onunla bitmirdi. Saray şeiri institutu əvvəl də olub, sonralar da. Və bu şairlərin əksəri yaltaq, konyuktura ilə məşğul olan, saray əyanlarının və təbii ki, padşahın xoşuna gəlmək üçün əldən-ayaqdan gedən, mənliksiz, şəxsiyyətsiz adamlar imişlər. Ona görə adları heç it dəftərində də yoxdur.

Təbii, aralarında istedadlı şairlər də olub ki, biz onların bəzilərini tanıyırıq.

Bu mənada böyük şairimiz Xaqini Şirvaninin taleyi bir az fərqlidir.

O, nə Nizami Gəncəvi kimi əvvəldən saraylardan uzaq durub, nə də Ənvəri kimi birbaşa sarayın içində olub. Əvvəl sarayda olub, onların “ədalət”ini, sözə münasibətini görəndən sonra səhv etdiyini anlayıb və saraydan uzaqlaşaraq özünü xalqın şairi adlandırıb.

Bu addımı Xaqaniyə baha başa gəlib.

Üzünə duranlar, dalınca danışanlar, həcv yazanlar, onun fonunda mənasız göründüyünü dərk edib qanına yerikləyənlər olub.

Xaqaninin azadlıq istəyi zindanlaracan gedib çıxıb. Məşhurluğunu, xalq tərəfindən sevilməsini həzm edə bilməyən yaltaq saray şairləri hər vəchlə ona pisliklər etməyə çalışıblar.

Nizaminin də paxıllığını çəkiblər nə qədər!

Bu necə ola bilər ki, sən sarayda ömrünü çürüdəsən, yetənə quyruq bulayasan, amma sultanlar, şahlar sifarişi Nizami Gəncəviyə verə, ona kənd, kəniz bağışlaya.

O da lap peyğəmbərin özü kimi mütəvaze bir həyat seçə, dəbdəbədən qaça, dünya malına görə heç kimin qarşısında əyilməyə. Buna görə sarayın qəzəbinə gəlmək əvəzinə hörmətini qazana, nadir gəlişlərinin birində Qızıl Arslan eyş-işrət məclisini yığışdıra ki, Nizaminin sözü-söhbəti şərabdan şirin, çərəzdən dadlı, qızıldan qiymətli, qadından gözəldir.

Aman, Allahım!

Bir yandan da sadə həyatı xalq arasına şan-şöhrətini artıra.

Padşahla dost ola, amma kasıb, dərvişanə həyat sürə. Dəli, axmaq, avara ləqəbi də qoşmaq olmaya. Bu cəfəngiyatı yeməyə camaat.

Doğrudan ağır dərddir!

Bütün bunlardan sonra saraya quyruq bulayan şair kimi gəl dur Nizaminin yanında, denən ki, mən də şairəm, mən də söz mülkündə sultanlığa iddialıyam!

Deyilənə görə, öz ləyaqətini var-dövlət qarşısında əyməyən adamları tanrı da sevir, onlara uğur, böyüklük nəsib edir.

Belə də iş olar?

Səni Tanrı da sevə, padşah da, xalq da!

İş o yerə çatıb ki, Nizamiyə bağışlanan Həmidünyan kəndini lağa qoyublar. Guya padşah ona qəsdən kasıb bir kənd verib. Əhalisi yoxsuldur, özləri güclə keçinir, şairə nə verəsidirlər?

Nizami isə öz işindədir.

Nə deyilməsindən, necə qələmə verilməsindən asılı olmayaraq ona göndərilən kənizlə kəbin kəsdirib evlənir, kəndi vergilərdən azad edir.

Bu İNSAN SEVGİSİnin qarşılığında Tanrı onu əsrarəngiz mənalar dünyasına bir az da yaxın buraxır, əlini bir az da böyük ərklə onun çiyninə qoyur!

Və beləliklə bir-birindən gözəl əsərlər yaranır.

Məmmədəmin Rəsulzadə özünün çox dəyərli “Azərbaycan şairi Nizami” kitabında Şeir Nazirliyindən bəhs edərək onu “bizim dövrümüzə yad olan xüsusi müəssisə” adlandırır.

Məncə, Rəsulzadə kitabın çap olunduğu 1941-ci ildə Türkiyədə yaşadığı üçün çox yəqin ki, SSRİ-də baş verənlərdən xəbərsiz idi.

O bilmirdi ki, Stalinin göstərişi ilə sovet, o cümlədən Azərbaycan yazıçıları da eyni şəkildə təşkilatlanıblar və ədəbi mühitdə saray dövründən daha dəhşətli və daha iyrənc oyunlar gedir.

Və yəqin indi narahat ruhuna agahdır ki, Stalindən miras qalan və Ədəbiyyat Nazirliyi funksiyasını yerinə yetirən Yazıçılar Birliyi ölkəmiz müstəqilliyə qovuşandan sonra da öz mövcudluğunu müxtəlif üsullarla qoruyub saxlayır.

Və bu dövrün də öz Nizamiləri, Xaqaniləri, Ənvəriləri var...

Azad yazarları, yaltaqları, yalaqları var...

Tarix yenə təkərrür edir.

# 1117 dəfə oxunub

Müəllifin son yazıları

# # #