Qorxulu ölüm sayları

Qorxulu ölüm sayları
14 dekabr 2020
# 10:44

Hardansa maraqlı bir fikir oxumuşdum: doğmaların ölümü, ölümü doğmalaşdırır.

Doğrudan da belədir. Ən yaxın adamların dünyasını dəyişdikcə ölüm sənə yaxınlaşır, səni bu qaçılmaz akta hazırlayır.

Başqa vaxt insanda xoş duyğular yaradan bu fikir pandemiya günlərində öz mənasını dəyişib.

Ətrafımızdakı ölüm xəbərləri bizi əməlli-başlı qorxutmağa başlayıb!

Çox eşitmişik, deyiblər, əvvəllər bu qədər insan ölmürdü. Mən də bu barədə düşünmüşəm və qərara gəlmişəm ki, belə deyil. Əvvəllər çevrəmiz bu qədər geniş deyildi. Çevrə genişləndikcə evlənmə və doğum kimi ölüm xəbərləri də çoxalır

Amma indi vəziyyət çox ciddidir!

Sosial şəbəkələrə girməli deyil.

Bir balaca göz atırsan, azı üç-dörd ölüm xəbəri çıxır qarşına və bu ölənlərin içində artıq gənc adamlar da var.

Yoluxma sayı 4 mini keçibsə, vəziyyət aydındır. Ölüm nisbəti bir faizdir və bu 40-ın üstü deməkdir.

Müqayisə edək: 44 günlük müharibədə orta hesabla hər gün 60 adam ölüb, koronavirusdan hər gün 40!

Sarsıdıcı rəqəmdir!

Həkimlər deyəndə ki, faizin aşağı olduğunu düşünməyin, virusun yayılma arealı çox genişdir, çoxu inanmırdı. İndi buyurun. Mütəxəssislərin qorxduğu vəziyyətlə üz-üzəyik.

Və unutmayaq, bizə təqdim olunan rəqəmlər test götürülən adamlara rəğmən hesablanır. 20 min adamdan test götürülür və 4 mini xəstə çıxırsa, gerisini təsəvvür etmək çətin deyil.

Kitablardan öyrənmişik axı, ürək-damar xəstəlikləri, avtoqəzalar və ən əsası pandemiyalar müharibələrdən qat-qat artıq can alır. Bunlar bəşəriyyətin lazımınca hiss olunmayan düşmənləridir. Fərqinə varmırsan, asta-asta evini yıxır və bir gün ayılıb rəqəmlərə baxanda dəhşətə gəlirsən.

Qorxmaq lazımdır.

Ciddi şəkildə.

Lakin bu qorxu bizdə panik yox, məsuliyyət yaratmalıdır.

Qorunmalıyıq!

Necə?

Mənə elə gəlir, bu barədə yazmağa ehtiyac yoxdur. Koronavirusdan qorunmaqla bağlı orta statistik azərbaycanlı ən azı bir tibb bacısı qədər məlumatlıdır. Çünki bir ildir mətbuat bar-bar bağırır.

Lütfən...

Vəziyyətin çox, çox, çox-çox ciddi olduğunu anlayaq.

# 3270 dəfə oxunub

Müəllifin son yazıları

# # #