Yaddaşımın hansınsa küncündə Ələddin adlı bir kişi yaşayır.
Balacaboy, sarıyanız, kvadratbaş, mırıq dişli adamdır.
Boz kostyumu süzülüb, arxasından sap sallanır...
Əlləri də kvadratdır.
Ələddin hansısa toyda gülümsünə-gülümsünə oynayır.
Oynamır eee... süzür...
Gözünü ləzzətlə yumub mahnının bütün melodiyalarını bədəninə hopdurur və təzədən mütənasib hərəkətlərlə çölə çıxarıb büruzə verir.
Mahnını bədəniylə hərəkətə çevirir.
Ahəngdar səsi canına yığıb atmaqla yüngülləşir, qanadlanır, uçmaq istəyir...
Çox xoşbəxtdir.
Nimdaş əyin-başını, tozlu, əyri ayaqqabılarını, mazutlu əllərini tamam unudub.
Mahnının dalğasına elə düşüb ki, dayandırsalar yıxılar.
İlahi, bu nə gülüşüdür, bu necə xoşbəxtlikdir?
Bu, kimin toyudur ki, Ələddin belə ürəkdən oynayır?
Adamların heç birini tanımıram.
Bu camaat bizim camaat deyil, biz bura təzə gəlmişik...
Ələddini də ilk dəfədir görürəm.
Adını kimsə pıçıldayıb qulağıma.
Bəs niyə bu qədər doğmadır?
Bəlkə, doğma olan Ələddinin özü yox, kasıblığı, tənhalığı və bu kasıblığın, tənhalığın içindəki mübhəm xoşbəxtliyidir?
Mən bu kişini indən belə heç vaxt görməsəm də çətin ki, unudam.
Axı indiyədək nə belə oynamaq görmüşəm, nə belə tənhalıq, nə belə xoşbəxtlik...
Ələddin niyyətimi başa düşür elə bil, yaddaşımda daha dərin iz buraxmaq üçün əlini cibinə soxub, ordan güc-bəla ilə iri, qırmızı bir alma çıxarır.
Kvadrat əlinin içində havaya qaldırıb oynadır, havada tutduğu almanın altında çevrə cızır, onun başına dolanır...
Almanın ətəyinə dolana-dolana ayaqlarını inanılmaz gözəlliklə oynadıb bir də gülümsünür, tütündən qaralmış mırıq dişlərini göstərib təkrar o yana çevrilir...
Bir də bəri...
Bir də o yana...
Ancaq almanı başının üstündən aşağı salmır.
Camaat da əl çala-çala Ələddindən çox bu iri, qırmızı almaya baxır.
Mən yerimdə donub Ələddinlə alma əhvalatının necə bitəcəyini gözləyirəm.
Ələddin oynadıqca oynayır, məşəl kimi başının üstünə qaldırdığı almanın başına dolandıqca dolanır...
Gödək, yoğun barmaqların ucu qırmızı alma boyda gül açır.
Ələddinin qolu uzanır, uzanır, yana əyilir və qəfil qırmızı almanı elə almanın özü kimi al-əlvan geyinmiş qızların-gəlinlərin ortasına atır.
Qızlardan-gəlinlərdən xoşbəxt bir qaqqıltı qanadlanır...
Qızların-gəlinlərin xoşbəxt gülüşü daha aydın eşidilsin deyə, musiqi səsini kəsir...
Ələddin ortalıqdan yox olur...