Deputatlığa namizədlə ağızlaşmağım

Deputatlığa namizədlə ağızlaşmağım
4 fevral 2020
# 10:57

Qollarını çırmalayıb siyasət meydanının düz ortasına atılan köhnə bir dostum dünən mənə zəng edib, xeyli danlayıb.

Niyə təşviqat prosesində belə passivəm, nə əcəb onu axtarmıram, nə səbəbə filan-filan şeyləri filan-filan eləmirəm; siyasətə qarışmıram, amma bir gün siyasət mənə qarışacaq (burda lap kövrəldim), gələcəyimizə belə laqeyd qalmamalıyam, axı mən ziyalıyam, yazaram, hamı mənimlə fəxr edir (burda ürəyim bulandı), ayıb deyilmi, utanmırammı, ata-anamın üzünə necə baxıram (burda hirsləndim), səs namus deməkdir, səsini qorumayan heç nəyini qoruya bilməz (burda əlim ixtiyarsız arxama getdi), ağıllı olum, dərin düşünüm və s.

Tərs kimi qulağımın biri müalicədədir, işləmir, dostumun "xidmətində" tayqulaq dayanmışam. Elə danışır, ağzından dağılan tüpürcək mobil telefondan salamat qulağıma sıçrayırdı.

Axıracan səbrlə qulaq asdım. Səmimi deyim, mənə dediklərini İctimai kanaldan seçicilərə demək imkanı olsa, xeyli tərəfdar toplayardı. Deyəsən, bunu özü də hiss eləmişdi. Getdikcə qızışırdı. Ona verilməyən bütün tribunaların heyfini məndən, daha doğrusu biricik qulağımdan çıxırdı.

Qəfil mənim də çənədən babat olduğumu xatırlayıb, söylədiklərinə münasibətimi öyrənmək üçün kəşfiyyat fasiləsi verdi. O saat ən zəhərli iynələrimi işə saldım. Dedim, “sluşi”, ali məqsədi böyür-başına beş-on adam toplayıb parlamentdə oturmaq olan bir şəxs ali məqsədi yaxşı kitablar oxuyub yaxşı əsərlər yazmaq olan bir şəxsə hansı məntiqlə ağıl öyrədir?

Tutuldu.

Göz açmasına aman verməyib "ikiyə atdım". Dedim, tarixə nəzər salsan, görərsən ki, Aristotel (kitab) İsgəndəri (qılınc) öyrədib, İsgəndər (qılınc) Aristoteli (kitabı) yox.

Bu dəfə nəsə ciddi bir cavab tapdığını düşünüb, partladı:

"Sən Aristotelsən?!"

"Uzaqgörən məntiqinə quzu kəsim!" deyib "odboy" verdim və dərhal dostumun telefon siyahısındakı adını dəyişib "Makedoniyalı İsgəndər" qoydum.

# 5138 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #