Musa Yaqub: “Ömrüm boyu ona həsrətlə baxmışam” - Müsahibə

<span style="color:red;">Musa Yaqub:  “Ömrüm boyu ona həsrətlə baxmışam” - <span style="color:red;">Müsahibə
6 aprel 2019
# 13:22

Kulis.az Şərif Ağayarın Musa Yaqubla söhbətini təqdim edir.

- Musa müəllim, necəsiz, səhhətiniz necədir?

- Yaxşıyam. Böyrəyimdə daş vardı... Əlli ildi mənimlə idi. Dərmanla birtəhər yola verirdim. Amma bu dəfə keçmədi. Getdim Türkiyədə əməliyyat olundum. Oğlumla getdim. “Anadolu” klinikasına... Ağır əməliyyat oldu. 4 saat çəkdi. Həkim zarafatla dedi, bu daşlarla ev tikmək olar (gülür).

- Nə rəngdə idi daşlar?

- Ala-bula...

- Göy rənglisi vardı?

- (Gülür) Şeirə görə deyirsən? Vardı... Şükür ki, böyrək zədələnməyib. Onlar nə bıçaqla işləyir, nə lazerlə, daşı buxarla çəkib çıxartdılar. Əməliyyatdan iki saat sonra ayağa qalxdım. Amma elə zəiflədim ki, gücümü bərpa etmək üçün xeyli vaxt lazım oldu. İndi yaxşıyam.

- Əliniz də bir az əsir elə bil. Əməliyyatdan qalıb?

- Yox, bu əvvəldən vardı, indi bir az artıb. Arada dərman atıram keçir, atmayanda bir də başlayır. Əsəbdəndi.

- Nəyə əsəbiləşirsiz ki, Musa müəllim?

- O mənada yox... Şəxsi həyatım qaydasındadı. Heç nədən narahatlığım yoxdu. Oğlum, gəlinim, nəvələrim mənə çox yaxşı baxırlar. Sadəcə arada gərgin oluram. Bu dünyanın işlərinə, insanların bir-birinə öc düşməyinə çox təəssüflənirəm. İŞİD-di, nədi, onların adı... “İşıq” sözünə də oxşayır... Zülmətdi əslində. Sonra bu Rusiya-Ukrayna məsələsi... Axşam düşünürəm: 70 il dost olmuşuq. Tikəmizi bölmüşük. Bayraq bir, müharibələr bir, dostlar bir, düşmənlər bir. Sən demə 70 il biri-birimizə yalan danışmışıq.

- Şəxsi dostlarınız vardı başqa millətlərdən?

- Moskvada yaşayan rus yazıçı-şairlərlə münasibətim olub. Məni tərcümə ediblər, oturub çörək kəsmişik, dostlaşmışıq. Amma 20 Yanvar hadisələrindən üzübəri biri də məni axtarmadı. O biri yazıçılarımıza da bir barmaq boyda məktub yazan olmadı. Demək, yalançı dostluq imiş...

- Sizcə sovet quruluşu pis idi?

- Müəyyən üstünlükləri vardı. Amma indiki azadlıq yox idi. O vaxt mən sənin kimi kiminləsə müsahibəyə getmək istəsəm, mütləq senzurayla, yuxarıyla razılaşmalı idim. Bəzən deyirlər sovet dövründə müstəqil şeirlər, əsərlər yaranmırdı. Bu yalan söhbətdir. Şəxsən mənə heç bir sifariş vermirdilər. Sadəcə bilirdim ki, bunu yazsam çap olunmayacaq...

- Bəlkə bilirdilər ki, yazmayacaqsız, demirdilər.

- Ola bilər. İnsanı qəlbən, ruhən dəyişmək çox çətindir. Ancaq olurdu ki, şairlər məqsədli şeirlər yazırdı. Mən elə yazmırdım. Yaza bilmirdim. İstəsəm də alınmazdı.

- Sizin məşhur “Bu dünyanın qara daşı göyərməz” şeirinə əl çalmağa ürək eləməyiblər. Rəsul Rza “Yaxşı şeirdir” deyəndən sonra hamı əl çalıb.

- Hə... 7 noyabr – sosialist inqilabının ildönümü münasibəti ilə şeir məclisi idi. Bütün tanınmış yazıçı-şairlər orda idi. Çəkiliş də vardı. Qabil Mirzə İbrahimova dedi ki, Musanın yaxşı bir şeiri var, icazə verin oxusun. Mən ayağa qalxanda fikirləşdim qara daş hara, inqilab hara, istədim başqasını oxuyum, Qabil qoymadı. Dedi, məhz bu şeiri oxumalısan. Oxudum. Əllər havada qaldı. Bilmədilər nə etsinlər. Rəsul Rza “Çox gözəl şeirdir” deyəndən sonra məni gurultuyla alqışladılar.

- Bu gün də əllərini havada saxlayıb Anarın rəyini gözləyənlər var, müşahidə etməmisiniz?

- Olar. Belə adamlar üçün quruluşun dəxli yoxdur. Bəlkə, indi o vaxtkından da pisdir vəziyyət. Çox dəhşətlidir. Qələm adamlarını iki yerə bölürlər: Bizdəndi, bizdən deyil.

- Ncə oldu ki, məhz qara daşa şeir yazdınız?

- Mən Əhmədli qəsəbəsində qalanda axşamlar bizim pəncərəyə işıq düşürdü. Yaxınlıqda əhəng daşı yandırırdılar. Səhərəcən o daşların səsini eşidir, onların necə əziyyət çəkdiyini hiss edirdim. Daşlar yandıqca qaralır, sonra ağarırdı. “Əhəng daşı” adlı şeir də yazdım. Amma ürəyimdə yenə nəsə qaldı. Zaman-zaman deyilə-deyilə, hallana-hallana, canımda-ruhumda bişə-bişə gəlib belə bir şeirə döndü o duyğular. Mən o şeiri yazmadım. Eləcə ayağa qalxıb Sabir adına kitabxanadakı məclislərin birində oxudum. Qabil də hamı kimi ilk dəfə orda eşitmişdi.

- Qədim hind fəlsəfəsinə görə daş canlıdır. Sadəcə trans vəziyyətindədir...

- Mən bunu həmişə hiss eləmişəm. Bəlkə elə daşla bağlı çoxlu şeir yazmağımın da səbəbi budur. Amma dəqiq heç nə deyə bilmirəm. Bu şeirlərin necə yarandığını tam izah edə bilmirəm.

- Uşaqlıda kiməsə daş atmısız?

- Yox. Heç vaxt. Bircə dəfə pambığa gedəndə pulumuzu oğurlayan oğlanı daşla vurmaq istədim, o da öz dostuma dəydi (gülür). Sapandla çox daş atmışam. Uzağa atmaq üçün yarışırdıq, kiməsə atmırdıq. Amma atanlar vardı. Hətta bir uşağı daşla vurub kor eləmişdilər.

- Ağaca necə? Məsələn, armud ağacına...

- O, olub. Meyvə salmaq üçün atırdıq.

- Evlərin çardağına da atmırdınız? Zarafat üçün, ya ev yiyəsini çağırmaq üçün...

- Mən yox. Amma bizdə belə zarafat edənlər vardı. “Bostanına daş atmaq” ifadəsi də yəqin elə ordan qalıb.

- Sizə necə, daş atan oldu? Məcazi və müstəqim mənada...

- Olmadı. Mən uzaqda - rayonda qalırdım deyə hamıyla mehriban idim. Ya mənə qonaq gəlirdilər, ya mən qonaq gəlirdim. Hər dəfə də qarşılıqlı hörmət olurdu.

- “Bu dünyanın qara daşı göyərməz” şeirinə nə qədər nəzirə yazıldı?

- Əlli-altmışını mən bilirəm... İndi uşaqlar bu nəzirələri toplayırlar. Təəssüf ki, hamısını tapa bilmirik. Ən çox məni yandıran rəhmətlik Fərman Kərimzadənin yazdığı şeir idi. Özü mənə oxumuşdu. Amma harda çap elədi, neylədi, bilmədim.

- Məmməd Araz yazıb ki, daş göyərə bilər...

- Məmməd Araz daşa mənsub olan şeylərin göyərməsindən yazmışdı... Karandaş, göz yaşı və s.

- Sizə deyən olub ki, qayaya oxşayırsız?

- Tənqidçi Vaqif Yusiflinin mənim haqqımda kitabı var, orda şəklimi elə çəkiblər ki, qayaya oxşayır. Deyənlər də olub. Sabir Rüstəmxanlı deyib, Ələkbər Salahzadə deyib.

- Məncə, bir az ağaca da oxşayırsız...

- İnsan təbiətin bir parçasıdır, ona görə oxşaya bilər.

- Ağacla aranız necədir? Ağac daşdan hərarətlidir bir az...

- Mən fərq qoymuram. Bir şeir yazmışdım, bəzi bənzətmələrə görə, şair Ənvər Yusifoğlu məni tənqid elədi, dedi, bala, təbiətə heç vaxt lağ eləmə. Qanqala da, sarmaşığa da... Tanrı yaradan heç nəyi aşağılamaq olmaz. Xalqda da gözəl bir misal var: ağacın koğuşuna gülməzlər.

- Koğuşa bir adam niyə gülsün ki? Gözəldi axı...

- Nöqsandı də, bir az. Ağacın o boyda yaraşığının içində...

- Ağac kəsmisiz?

- Cavanlıqda, çox. Kənd adamıyam. Gün-güzəranımız meşəylə bağlı idi. Sonralar ağac kəsməyə, ələlxüsus şiv kəsməyə əlim gəlmədi.

- Ağac əlibaltalı adamdan qorxur deyirlər...

- Qorxur, hətta əsir, titrəyir. Bar verməyən ağacı baltayla qorxudurlar ki, bar gətirsin. Mən bir armud ağacını bu cür qorxutdum, üstünə getdim, hədələdim, o biri il meyvə gətirdi.

- Ən çox hansı ağacı sevirsiz?

- Xan çinarı. Yarpağına görə. Ağac eynən insan kimidir. Cavan vaxtı heç bir qüsuru olmur, bütün kəm-kəsir qocalanda üzə çıxır.

- Dağdağan ağacıyla aranız necədi?

- Çox yaxşı. Amma bizim yerlərdə az olur. Bizim kəndəki o qayamızda bir-iki dənəsi var. Sərt yerlərdə bitir. Ən çox da çürük qayaların çatlağında... Məndə belə bir hiss var ki, dağdağan qayaların uçmaması üçün orda bitir, kök-köməciylə daşı-torpağı biri-birinə bağlayır. Göz ağacı da deyirlər ona...

- Niyyət edib əski bağlayırlar.

- Hə. Çinara da bağlayırlar. Sabir Rüstəmxanlının mənim haqqımda bir şeiri var, deyir, Musa Yaqubun da barmağına əski bağlamaq olar...

- İsmayıllıda pirlərdə müqəddəs ağaclar olur. Məsələn, Pirdinarda... Adamlar tikanını yaraya-ziyilə sancır ki, sağalsın...

- Hə, hə... Çoxdu belə inanclar.

- Siz necə, ağaca inanırsız?

- İnanmışam, necə inanmamışam.

- Heç and içmisiz ağaca?

- Çinara and içmişəm: Çinar haqqı! Buynuzda nəhəng bir çinar vardı, 1946-cı ildə Ukraynadan qaçqın gələn 7 nəfərlik ailə onun koğuşuna sığınmışdı. Bir uşaq da doğuldu orda. Ətrafını bağlayıb ev kimi düzəltmişdilər. İçində ocaq da qalayırdılar. 1976-cı ildə o çinar şaqqıltıyla yıxıldı. O boyda ağac ətrafa heç bir ziyan vurmadı. Camaat qol-budağını yandırmadı. Orda xeyli qaldı. Tanımayan adamlar götürüb aparırdılar şax-şəvəlindən. Hamı o çinarı müqəddəs hesab edirdi.

- Sizi şamana da bənzədirəm... Bakıdan dəfələrlə qaçıb təbiətə sığınan şamana...

- Mən təbiət sevgimi daha çox zərdüştlüklə əlaqələndirirəm. Orda hər şey günəşə bağlıdır. Bütün canlı aləm. Əgər ağacdan büt hazırlamasaydılar və həmin büt Allah kimi qəbul olunmasaydı, təbiətin müqəddəsliyi İslamda da qadağan edilməzdi.

- Quran deyir, ağaclar və dağlar sitayiş edir...

- Bu inanc xalqda da var. Bizdə inam vardı ki, Novruz bayramında su dayanır, ağaclar yerə səcdəyə gəlir. Həmin vaxt üç dilək diləyə bilərsən və üçü də qəbul olunar. Anam danışırdı ki, bir gün bir qadın gecə inək sağanda, buzovu ağacın budağına bağlayır, bir də baxır, buzov göyə qalxdı... Ağac səcdədəymiş, qalxanda buzovu da qaldırıb. Bir dəyirmançı da başını balaca pəncərədən salıb baxır ki, su dayanıb, tez niyyət edir, deyir, Allah məni başı yekələrdən elə... Başı o qədər yekəlir, pəncərədən geri çıxmır. Təzədən deyir, cücəbaş elə məni... Bu səfər də başı çox balacalanır. Üçüncü dəfə xahiş edib əvvəlki halına qayıdır.

- Sizcə, indi yekəbaşlar çoxdu, cücəbaşlar, yoxsa normal adamlar?

- Yekəbaşlar daha çoxdur. Başını hara gəldi soxur, bilmir ki, çıxmayacaq.

- Bir dəfə demisiz ki, Əli Kərim Göyçaya gəlmişdi, mən tələbə idim, uzaqdan həsrətlə ona baxırdım. Poeziyada necə baxırsız ona...

- Ömrüm boyu ona həsrətlə baxmışam. Həyatda da, poeziyada da. Həm də, sevinmişəm ki, bizim belə bir şairimiz olub.

- Neçə il olar həyat yoldaşınız rəhmətə gedib?

- Dördüncü ildir.

- Deyir, adam yaşlananda həyat yoldaşından yetim qalır...

- Çox dəqiq ifadədir. Biz çox mehriban yaşadıq. Zəhmətkeş qadın idi. Evimiz o qədər qonaqlı-qaralı idi, hamının zəhmətini o çəkirdi, bir dəfə də gileylənmədi.

- Təkcə qonaq yox, qaçqın da saxlamısız evinizdə: Füzulidən olan şair Mətləb Misir və ailəsini deyirəm...

- Hə, Füzuli dağılanda bir müddət bizdə qaldılar. Sonra yer tapdım onlar üçün.

- İçkiylə neyləyirsiz? Darıxmırsız?

- Həkim 60 deyib, mən də 10 əlavə edib hərdən 70 qıram vururam (gülür). Onsuz olmur. Əvvəlki içmək yoxdu, təbii ki...

- Neçə ildi içirsiz?

- On yaşımdan. Malyariya xəstəliyinə tutulmuşdum, dəhşətli qızdırmam olurdu. Kimsə anama demişdi ki, araq içirtsən düşər. O da araq verirdi mənə. Belə-belə öyrəşdim. Ən çox ermənilərdən çaxır-filan alırdıq. O vaxt biz yaşda uşaqlar içkiyə yaman həvəsiyirdi. İndi, yaxşı ki, belə deyil.

- Sizin məşhur bir şeiriniz də var: “Taleyin qisməti” Ünvanlı şeirə bənzəyir...

- Necə şeirə?

- Ünvanlı. Yəni, konkret qadına yazılıb elə bil.

- 1986-da yazmışam. 40 yaşım vardı. Həyatımda belə bir yaşantı oldu, amma tez də keçib getdi. Amma sevgiylə bağlı bütün yaddaşımı oyatdı.

- Həyat yoldaşınız qısqanmırdı?

- Məni şeirə bağışlayırdı. Bəlkə içində narahat idi, bildirmirdi. Qürurlu insan idi.

- Adınız Müsavat olub... Cumhuriyyətə görə idi bu?

- Hə. Atam qoyub. Mənasını o vaxt mənə demişdi: Bərabərlik. Sonra “Vat”ı atdılar, “Musa” qaldı.

- Sizcə, təbiəti başqa kim yaza bilir?

- Məmməd Araz, Məmməd Aslan. Məmməd İsmayılda da var... Əkrəm Əylislinin bir neçə hekayəsində var.

- Son olaraq, qayanı uçmağa qoymayan bir dağdağan düşünək və siz ona əski bağlayıb niyyət edirsiz. Buyurun...

- Can sağlığı...

2015

# 5700 dəfə oxunub

Müəllifin son yazıları

# # #