Sazın peyğəmbəri – Şərif Ağayar yazır...

Sazın peyğəmbəri – <span style="color:red;">Şərif Ağayar yazır...
27 yanvar 2020
# 20:55

İnsan geniylə valideyninin, qanıyla millətinin, ruhuyla tanrısının övladıdır. Əsl sənətkar bəşərin tanrı ilə qohumluğunu daima onun yadına salır, ən ağır məqamlarda belə o ipin mənəviyyat və gözəlliklər dünyasından üzülməsinə imkan vermir.

Bu cür sənətkarların sayı dünyada çox azdır, bizdə isə barmaqla sayılacaq qədərdir.

Ədalət Nəsibov bir əlin yarı barmağının saya biləcəyi nadir sənətkarlardandır. Məşğul olduğu saz ifaçılığı sahəsində isə Tanrının özü kimi yekdir, şəriksizdir.

O, özü də hiss etmədən Tanrını imitasiya edir, söylədiyi şeirləri gər səsinin qətiyyətiylə eşidənlərin üstünə vəhy kimi endirir. Dalınca saz çalıb dediyi sözləri ilahi melodiyaların sehriylə yaddaşımıza, ruhumuzun dərinliklərini hopdurur.

Saz yarandığı gündən belə bir ovsunçu görməyib.

Yeganə aşıqdır ki, Qorqud kimi Dədə adıyla da, adi insanlar kimi öz adıyla da, nüfuzlu vəzifə sahibləri kimi familiyasıyla da tanınır. Dədə sözü də, Ədalət adı da, Nəsibov soyadı da onu eyni cür nişan verir. Bir dağa gedən üç yolun eyni zirvəyə aparması kimi...

Başqa aşıqlar sayaq o saza yox, saz ona sığınır, ən ağır sınaqları onun sayəsində yarıb gələcəyə yol açır.

Onu ağlım kəsəndən dinləyirəm və elə ağlım kəsəndən düşünmüşəm ki, görəsən, onun ifa etdiyi havaları kim yaradıb? Təbii, bu meladoiyalar bir anda bəstələnməyib və bir anda ifa olunmayıb. Bunun üçün yüz illərin arxasını yerə veriblər. Amma yenə də, yenə də, bu havaların bir müəllifi var. Görəsən, kimdir o adam? Ümumiyyətlə, adamdırmı? Bir də dünyaya gələcəkmi? Biz onu nə vaxtsa yerdə, göydə, ərafda, axirətdə - hardasa görəcəyikmi?

Xəyalımda o ilahi varlığın mövcudluğuna qətiyyətlə inanmışam. Bu dünyada bütün həqiqətlər inandığın qədərdir.

Sazın Nuh peyğəmbərlə yaşıd olan və hələ də yaşamağa davam edən o əzəli-əbədi sahibi kimdir? Adı nədir? Bizə məlum olan ilk mifdən, ilk dastandan tutmuş Dirili Qurbana, Bozalqanlı Hüseynə, məndən də cavan olan kəlbəcərli Aşıq Şöhrətə qədər böyük bir epoxanı öz sinəsində bəsləyib tarixə necə meydan oxuyur?

Mən onu təkcə xəyallarımda yox, həm də kitablarda, dastanlarda, efirdə, toyda-yasda, sənət məclislərində - hər yerdə, hər şeydə axarırdım.

Günlərin birində tapdım!

Heydər Əliyev Sarayının xidməti girişində qəfil qarşılaşdıq. Foyedə, divanda oturmuşdu. Üzünə baxanda başımın tükləri biz-biz oldu. Canımı elə bir vahimə bürüdü ki, durduğum yerdəcə əsməyə başladım. Onun gözləriylə mənə Ərzurumda borana düşən Kərəm baxırdı, ağrıları sazın tellərinə sığmayan Yəhya bəy Dilqəm baxırdı, yurdu-yuvası yağı tapdağında qalan Bəhmən Vətənoğlu baxırdı... Atam baxırdı, anam baxırdı, müharibədə itkin düşən əmim baxırdı...

Onun üzündən bütün əzablarımızın, ağrılarımızın şırımı keçmişdi. Elə bil səhərəcən ağlamışdı və gözlərindən təkcə sel-su yox, daş-qaya da tökülmüş, sifətinin incə cizgilərini dağıtmışdı. Di gəl, elə əzəmətlə dayanmışdı ki, yerə də, göyə də, zamana da meydan oxuyurdu.

Yüz dəfə rəsminə baxdığım, yüz dəfə efirdə gördüyüm, yüz dəfə video-kasetlərdə və internetdə seyr etdiyim Ədalət Nəsibovu həyatda ilk dəfə görürdüm və onu tanımırdım. Günahım da yox idi. Texnologiya onun daşıdığı mistik enerjini mənə ötürə bilməmişdi. Bunun üçün onu canlı görməyim lazım idi və elə bircə dəfə görməyimlə anladım ki, mən bu kişiylə bir daha üz-üzə gəlməməliyəm. Onun ötürdüyü ağır magik impulslar mənim qaldıracağım yük deyildi. Bu, həmin enerji idi ki, Aşıq Ələsgər Növrəs İmanda görmüşdü və demişdi: “O, çox cavandı, bu yükü çəkə bilməz, qorxuram başına bir iş gələ!” Və Növrəs İman havalanıb ilim-ilim itmişdi.

Mən bundan qorxurdum!

Mən Aşıq Ədalətin üzbəüz ötürdüyü o müdhiş enerjinin məhvedici yabanı halıyla yox, sazla ovunub işığa çevrilən estetik halıyla irtibata girə bilirdim.

Başqa bir gün təsadüfən “Nərimanov” parkında gördüm. Səhər tezdən idi, ağacın altındakı stolda oturub kimisə gözləyir, əynində ağ-qolaçıq köynək narazı baxışlarla sağa-sola baxırdı. Onu bir az müşahidə etmək imkanım oldu. Bir daha qətiləşdirdim ki, bu adam Nuh peyğəmbərlə yaşıd olan həmin adamdır. Mənim axtardığım. Və mən ona yenə yaxınlaşa bilmədim.

Gözlədiyi adam gəldi, ustad onunla söhbət edə-edə kiminsə qarasına söyməyə başladı. Eşidənləri şoka salan bu söyüşlər mənə təəccüblü gəlmirdi, çünki Ədalətin üzündəki əzabın müqabilində “Allah atana rəhmət eləsin” qədər yumşaq görünürdü.

Bethoven deyirdi ki, mənim canımda yalnız özümün eşidə biləcəyim dəhşətli uğultular var, mənə əzab verir, bircə musiqi bəstələyəndə o uğultular səngiyir, əzabımın səbbi alınır. Məncə, Ədalət də bu cür əzab çəkirdi.

O, tanrı qatında olduğunun fərqində deyildi. Sazı qucağına alanda oraları dolaşır, dincəlir, yerə qoyanda adi, sadə, mənasız insanların içinə dönürdü. Ona görə gah içir, gah söyür, gah da inciyib-küsürdü. İçməyin də, söyməyin də, incikliyin də çıxış yolu olmadığını görəndə təzədən saza sarılıb həmin ilahi dərgaha qayıdırdı. Ən vacibi, dinləyənləri də özü ilə ora qaldırmağı bacarırdı.

Bəli, ağlım kəsəndən axtardığım o ilahi varlıq Ədalətin şəxsində qarşıma çıxmışdı və mən ona yaxınlaşmağa cürət eləmirdim.

Onunla görüşmək imkanım həmişə olub, amma bu görüşdən qaçmışam. Dostların çoxu bilirdi bunu. Rəhmətə gedəndə mənə yazdılar ki, yəqin, bu görüşün baş tutmamasına çox üzülürsən. Özümdən soruşdum: “Üzülürəmmi?” Cavabım birmənalıdr: “Qətiyyən!” Səbəb? Ədalətlə danışmağa bir kəlməm də yoxdur. Mən onu kəlmələrin, sözlərin, mənaların bitdiyi, bütün səslərin tamam batdığı yerdə anlamışam. Ona ehtiramımın qarşılığında sözlər, kəlmələr, yazılar, məqalələr ustadın “Nərimanov” parkındakı söyüşləri qədər mənalı və onlar qədər mənasızdır.

Amma ölümünə az qalmış görüşdüm özüylə. Görüşə bildim. Əvvəlki hisslərimdən əsər-əlamət qalmamışdı. Səbəbini çox gec, ustadın özünün köməyi ilə anladım. O, demişdi ki, başımın üstündə həmişə işıq yanırdı, mən o işıqdan güc alıb çalırdım, bir dəfə bu barədə efirdə danışdım, o işıq söndü və bir daha yanmadı.

Bu açıqlamanı vaxtında eşitsəydim, onunla görüşüb, müsahibə edəcəkdim. Çünki artıq mən duyan enerji çəkilib getmişdi, yerdə Ədalətin sadəcə ağrılar içində qıvrılan cismiydi qalan. O, bundan sonra uzun yaşamayacaqdı. Hətta həkimlərin o işıqdan sonra Ədaləti yaşatmaq, ömrünü uzatmaq istəyini ilahi tərbiyəsizlik sayıram. Mənim yanına gedib əlini sıxdığım, “Nərimanov”da kirayə evdə gözlərini əbədi yuman, Bakıda basdırılmağa iki arşınlıq yer tapmayan, qohum-əqrəbanın Qazaxa aparıb dəfn etdiyi mən bildiyim Ədalət deyildi. Mən bildiyim Ədalət o işıqla biryolluq əbədiyyətə çəkilmişdi.

Onunla nə vaxtsa görüşəcəyimə qəti şəkildə əminəm.

Hətta mümkündür ki, nə zamansa yer üzünə təzədən qayıtsın. Necə ki, ömür boyu axtardığım o ilahi bəstəkar kimi qayıdıb sazla yenidən qovuşmuş, min illərin havacatlarını şəxsən öz barmaqlarıyla yenidən çalıb bəşəriyyətin yaddaşını təzələmişdi.

Zaman-zaman yerə enən və öz qövmünə yol göstərən peyğəmbərlər kimi...

Peyğəmbərlər də yer üzünə ona görə gəlirlər ki, insan Tanrıyla qohumluğunu unutmasın, o ip heç vaxt üzülməsin.

2017

# 4512 dəfə oxunub

Müəllifin son yazıları

# # #