Onun sükutunu yaza bilsəydik... - Şərif Ağayar yazır

Onun  sükutunu yaza bilsəydik... - Şərif Ağayar yazır
3 fevral 2016
# 11:55

Kulis Şərif Ağayarın “Bilmək... Dərk etmək... İnanmaq...” essesini təqdim edir

Axundov Şahbaz bəyin Parisdə oxumağa gedə bilməməsinə təəssüflənir.

Az sonra Mirzə Cəlilin “Ölülər” pyesində Şahbaz bəyin Parisdə oxuyub gələn variantı - Kefli İsgəndər və onun riyakar dostlarıyla qarşılaşırıq.

Mirzə Cəlil öz sələfi ilə dialoqa girir: “Bu da oxumaq? Bununla düzəlirmi?”

Çətin sualdır.

“Ölülər” göstərir ki, bizim cəmiyyət üçün oxumaq, hətta Folkner deyən kimi, fərdləri də xilas etmir.

Əksinə, onu işə salır.

İnsanlar oxuyandan sonra da niyə dəyişmirlər?

Hüqodan ötrü ürəyi gedən, Tolstoya az qala biət edən, Nizamini əzbər bilən adamlar görmüşəm ki, çox asanlıqla yalan danışır, yaltaqlıq edir, həqiqəti fərdi maraqlarından xeyli sonraya atır.

Əgər belədirsə, kitablarla yüklənməyin mənası nədir?

Bəlkə oxumaq belələri üçün daha yaxşı yalan danışmaq, daha yaxşı yaltaqlanmaq, daha yaxşı qazanmaq vasitəsidir?

Əgər belədirsə, biz bu adamları tanımalıyıq.

Gənclərin qarşısını kəsən, öz maraqları naminə onların gələcəyini tapdayan insanın Şekspir, Hamlet sevgisi səmimi ola bilməz.

Bəs bu niyə belədir?

Axı adamlar səmimi olduqlarına əmindirlər.

Hətta, Hamletdən danışanda gözləri də dola bilər, götürüb yaxşı bir yazı da yazar, oxuyub heyran qalarsan.

Oxuduğum kitabları, baxdığım filmləri köməyə çağırmaq, az-çox təcrübəmi işə salmaq şərti ilə uzun-uzun və qara-qara düşüncələrdən sonra bu qərara gəlmişəm: ədəbiyyata inanmırlar!

Bildiyiniz kimi bilməklə dərk etmək eyni deyildir. Hər öyrənilən sənət dərk olunmur. Sən dərk etməyə-etməyə bilə bilərsən. Halbuki əsl sənət adamına, əsl oxucuya çevrilmək üçün dərk etmək də azdır.

İnanmalısan!

Ədəbiyyata inanmaq onun üstündə başqa heç nə görməməkdir.

Tanrını söz şəklində qəbul etməkdir.

Cəmiyyətimizdəki problemlərin çoxu bilib dərk etməməkdən irəli gəlir.

Ədəbiyyatı yalnız sənət kimi qəbul etməyin fəsadları olmalıdır bu. Halbuki, məncə, ədəbiyyat həm də həyat tərzidir.

O qədər ki, pis adamın böyük əsər yaradacağına inanmaq olmaz. Mən pis deyəndə yazıçı və şairlərin şəxsi mənfiliklərini nəzərdə tutmuram. İctimai zərərli əməllərdən danışıram.

Bilən adam çox danışır, mübahisə edir, opponentləri susdura bilir.

Dərk edən adam ehtiyatlı davranır.

İnanan adam ümumiyyətlə susur və mətnə üstünlük verir.

Bu mənada tənqid BİLƏN ADAMın işidir.

Bütün bilinən mətləblər isə qeyri-adilikdən çıxır.

Dərk edən adam ittihamdan uzaq olur. Məsələnin qəlizliyini anladığı üçün bütün hallarda başa düşməyə çalışır.

İnanan adam isə daha çox əməllərinə üstünlük verir. Ədəbiyyatı, təmizliyi, humanizmi ön planda qoyur, insana acıyır, yanır, onu başa düşür. Yalan danışmır, yaltaqlıq etmir. Çünki onun üçün “dünya cifəsi”ndən öndə gələn ədəbiyyatdır.

O, sözə, mətnə biət edir, ona şəkk gətirmir.

Dəb və populyarlığa həvəs göstərmir.

Məncə, ədəbi aləmdə dərk edənlərin ən unikal nümayəndəsi Folkner, inananlarınkı isə Selincerdir.

Selincerin susduqlarını yazsaq, söz fərdləri deyil, bəşəriyyəti xilas edərdi.

Belə bir həssas və müqəddəs konunun içində bilənlərin - ədəbiyyatı həyatdan, insandan, əməldən kənarda əlahiddə bir nəsnə kimi görənlərin saldığı səs-küy gülməli görünür.

Ona görə yazıçıların çoxu tənqidçiləri və şünasları sevməyiblər.

Hər şeyi izah etməyə çalışmaq sənəti təkzib edir, onun ecazını öldürür.

Ədəbiyyatşünas elm adamıdır və buna görə mətnə müqəddəs baxa bilmir.

Halbuki, mətn doğrudan da müqəddəsdir.

Yoxsa, Tanrı dünyaya şair kimi yox, alim kimi gələrdi.

Mətn müqəddəs olduğu üçün o, insanlığı xilas etmək əzmindədir.

Sadəcə ona inanan yoxdur.

Ona görə, burdan oxuyub, ordan öz həyatlarını yaşayırlar.

# 1373 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #