Əkrəm Əylislinin ardıcıl yazdığı ikinci hekayədir ki, ədəbi mühitdə fərqli rezonans yaradır. Düzdür, yazıçının bütün mətnləri kimi sonuncular da özünə görə səs-küylüdür. Ancaq məni bir oxucu – həm də Əkrəm Əylislinin köhnə mətnləri ilə yaxından tanış biri kimi bu rezonansın içindəki diletant xor narahat edir: “Alınmayıb!”
Ümumiyyətlə, elə yazıçılar var ki, onların mətnləri haqqında birmənalı şəkildə “Alınmayıb” demək olmaz. Ola bilər, həmin mətndə əvvəlkilərlə müqayisədə gözlənti təmin olunmayıb, amma heç kəsin şəxsən Əkrəm Əylisli hekayəsinə “alınmayıb” deməyə haqqı yoxdur. Çünki onun öz plastında illərlə təcrübəsi var və alınmayan mətnin altına imza atmaz. Həm də “Əkrəm Əylisli” və “hekayə” sözlərinə “alınmayıb” sözü heç vaxt yapışmır.
Yazıçı haqqında, daha doğrusu, “Ölmüş arvadların qayıtmağı” və “Ömür kimi bir gecə” hekayələri barədə çox adamın eyni anda, eyni avazla pıçıldamağı, nə qədər acı olsa da, qoca aslanın ləngər vurmasına sevinən ərəğac şir-pələngin bığaltı sevinməsinə oxşayır.
Əkrəm tənqid oluna bilərmi?
Təbii!
“Ömür kimi bir gecə” Əkrəmin şedevridirmi?
Qəti!
Hekayədə tənqid olunası məqamlar varmı?
“En” qədər!
Amma məni bundan daha çox yeni nəslin bəzi nümayəndələrinin bu hekayəyə var gücü ilə ağız büzməsi narahat etdi. Son beş gündə sosial şəbəkələrdə əksəriyyəti təcrübəsiz olan yazarların Əkrəm mətninə yaraşmaz münasibəti hekayənin açıq şəkildə tənqidinin ortaya çıxmasını tələb edir.
Hekayəyə gözdənsalma, qarayaxma, hoydu-hoyduya götürmə müstəvisində deyil, əsl tənqid plastında nəzər yetirək:
Məncə, “Ömür kimi bir gecə” Əkrəm Əylislinin zəif hekayələrindəndir. Ancaq bu qiymətləndirməni yalınız Əkrəmin öz mətnlər ilə qiyaslamada demək mümkündür. (Biri var zəif, biri də var Əkrəmin zəif hekayələrindən biri. Bunlar tamam ayrı kateqoriyalardır).
İlk cümlələrdən hekayənin mahiyyət etibarilə arxaikliyi bəlli olur...
Mehmana nəşriyyatdan deyirlər ki, kitabı nəşr olunmadı və bu xəbər Mehmanı pərişan edir. Axı bu günün reallığında nəşriyyat-yazıçı əlaqəsində belə bir problem mövcud deyil. Nəşriyyatlar yazıçı ilə ayrı prinsiplər üzərindən çalışır. “Kitabın çıxmayacaq” kimi bir cavab nəşriyyatdan gələ bilməz, gəlsə belə, bu yazıçını pərişan etməz. “Çıxmır cəhənnəmə çıxsın, başqa nəşriyyatda çıxaracam”.
Əkrəm Əylislinin başlanğıc problemi sovetdənqalmadır və məncə Əkrəm bəy artıq çoxdan bu mövzulardan arınmalı idi.
“Təfəkkür (tfu) Təvəkkül pencəyini əynindən çıxarıb, səliqə ilə otaqdakı yeganə stulun başından asdı.” Müəllifin bu cümlədəki təhkiyəçi driblinqinin də uğurlu alındığını düşünmürəm.
Ümumiyyətlə, qocaman yazıçılar adətən yeniliyi, çağdaş tendensiyalarla ayaqlaşmağı bəzən ayrı cür qəbul edir. Yuxarıdakı həmləni - təhkiyəçinin mətndə bilərəkdən səntirləməsni – Əkrəmin əvvəlki mətnlərində müşahidə etməmişəm.
“Dünyamalı Dumanlıdağ”, “Təvəkkül Təfəkkür”, “Mirzə Müştaq Əbdülbaqi” kimi uydurma imzalar da çox köhnə, pafoslu görünür. Təbii, müəllif bununla həmin imzaların sahiblərinin mahiyyətini göstərmək istəyir, lakin bu nailiyyət çox ucuz başa gəlir və mətn bu hissələrdə təbiiliyini itirir.
Hekayəni “Əkrəm Əylisli hekayəsi” kateqoriyasından çıxaran əsas məqam isə yazıçının mətn boyu yersiz izahat verməsidir. Məsələn, mətnin mərkəzində duran “Cinayət və cəza” motivi bir cümlə ilə aydın olduğu təqdirdə, müəllif hekayə boyu hərlənib, fırlanıb Raskolnikovun bəlli addımı ilə qəhrəmanının yuxudakı cəhdini uyğunlaşdırmağa çalışır. Hərçənd, hekayənin ilk hissəsində “Cinayət və cəza” kitabının stoldan yerə “hoppanması” hər şeyi “danışırdı”. Mətnin bu hissəsindəki izah isə mənə artıq Əkrəmin həqiqətən qocaldığını sübut etdi:
“– Deyəsən, kitab oxumaqla aranız yoxdur.
– Var, niyə yoxdur. Mən bunun ruscasını oxumuşam. – Fəxrlə, qürurla dedi. Ruslar və rus dili müəllimi barədə indicə gic-gic danışan elə bil bu adam deyildi”.
Əminəm, min kərə əminəm ki, bu izaha ehtiyacın olmadığına Əkrəm müəllim özü də əmindir. Onsuz da oxucu - ələlxüsus da Əkrəmin oxucusu – qəhrəmanın rus dili müəllimi ilə bağlı az əvvəlki sayıqlamasını xatırlayacaqdı. Axı Əkrəm Əylisli çox yaxşı bilir ki, müəllif şərh verməli deyil, situasiya yaradıb oxucuya qənaət çıxarmaq üçün şərait yaratmalıdır. Bu həm də oxucuya şərəf verməkdir: “Yazıçı bunu demək istəyirdi, başa düşdüm”.
Mətnə alışqanlıq yaradan həm də bu kimi şirin oxucu təkəbbürləridir. Bəs bunları bilə-bilə yazıçı niyə yeniyetmə yazarlar kimi davranır?
Qəhrəman evinə gələn uğursuz qoca şairin kitabına ön söz yazan “dünya şöhrətli alim”ə əsəbiləşir. Bu əsəb anidən (məncə kal vəziyyətdə) süni partlayış yaradır: “Salım onun dünya şöhrətinə!” – Ürəyində dedi”.
Bu cümləni yazan qocaman müəllifin rahatlığını, cəsarətini alqışlamaq olar, amma mənə bu cümlə daha çox onun qəzəbini nişan verdi. Əkrəmin qəzəbinin səbəbini başa düşmək olar, haqqı var, amma bu qəzəbin mətnə belə tökülməsi ürəkaçan deyil.
Bununla yanaşı, yazıçının “fason” əvəzinə “sayaq”, “zibil bakı” əvəzinə “zibil qutusu”, “əlaçı şagird” əvəzinə sadəcə əlaçı yazmaması nə qədər xırda məsələ kimi görünsə də, Əkrəm sənətkarlığına xələl gətirir, nəsrə publisistika çaları qatır.
Ola bilər, Əkrəm Əylislinin sözügedən hekayəsini ədəbi mühitdə əksər adamların bəyənməməsinin səbəbi gözləntidir. Axı, Əkrəm Əylisli deyiləndə, ağlımıza həmən “Mənim nəğməkar bibim”, “Mavi sulu dəniz”, “Ürək yaman şeydi” və digər hekayələri gəlir. Amma istənilən halda “Ömür kimi bir gecə”nin ifrat tənqidə layiq hekayə olduğunu düşünmürəm.
“Yaşamaq da yuxu görmək kimi bir şeydir: gah yaxşısın görürsən, gah pisin”. Orijinaldırsa, qiymətli fikirdir.
“Anası həyətin hər yerində, Ağəlinin hələ araq içmədiyi vaxtlardan qalan təsərrüfatçı səliqə-sahmanını qoruyub saxlaya bilmişdi”.
Hekayənin içində elə regionlar var ki, onları ayrıca oxuyub əzizləmək olar. Mehmanın anasının çimdiyi gecələrlə bağlı hissəsi isə unikaldır. Bu hissə hekayəyə yersiz ağız büzənlərin ağzını əyər:
“Anasının çimməyindən Mehmanın heç vaxt xoşu gəlməmişdi, xüsusən atası Ağəli öləndən sonra.
Gündüz çimib, alt paltarını dəyişəndə gecələr anasının yuxusu ərşə çəkilirdi.
Yerinin içində ilan kimi qıvrılırdı.
Yorğanını gah üstündən atırdı, gah üstünə çəkirdi. Yastığını o üz-bu üzünə çevirirdi: elə bil öz yatağında yatmağa yer tapmırdı”.
Yazıçı sevgilisinin şəhərdə olmasına rəğmən, anasının, yuxularının – bir sözlə hər şeyi kənddə qalmış qərib bir adamın – adı kimi özü də bu yad yerlərə mehman olan qəhrəmanının evində bir gecə ərzində bir şüşə araq, iki siçovul, biri diri, biri ölü - əslində hər ikisi ölü uğursuz şairlə hekayə qurur. Bu bir “hekayə”yə bir romanın hekayətçiliyini sürükləyib sonda oxucuya dişə dəyən bircə cümlə verə bilməyən yazarlara ustad dərsidir.
Bu gün ədəbiyyatda yalnız dramaturgiya sərgisi, sosial problemlər meydanı kimi baxan insanlar bir daha başa düşməlidir ki, əsl ədəbiyyat, sənət dramaturgiyanın quzeyində qalan nəsnədir. Mətndə yadda qalanlar, ələ keçənlər əslində təbiətdən plagiat – dramaturgiyadır, o dramaturgiya ki, onu Allah hər gün yaradır, bizə göstərir, biz ondan ötə bir hadisə göstərə bilmərik, çünki onu özümüz də görməmişik. Mətnin dadı, yazıçının gücü yarada biləcəyi atmosferdədir. Müəllif yalnız bu müstəvidə yaradanla şirin rəqabətə girir, özündən nəsə qurmağa çalışır.
“Ömür kimi bir gecə”nin də öz nəğməsi var. Çox istərdim, bütün oxucular bu nəğməni zümzümə eləyə bilsin, köksündə bəsləsin, bir gecənin nabələd sevdasından pay alsın.
Sirli, qorxulu, qanlı, zülmət nağıldan sonda onlara da bir alma düşsün.