Gülməli karantin qadağaları

Gülməli karantin qadağaları
9 sentyabr 2020
# 12:01

Çox ürəksıxan sözdü – karantin!

Uzandıqca uzanır, acı bağırsağa dönür. 2020-ci ilin yay fəsli hər detalı ilə iddia olunan cəhənnəmdən çox da fərqlənmədi.

Bu qara buludun təkcə ölkəmizin üstündə olmadığını, dünyanı bürüdüyünü düşünəndə isə adam lap birtəhər olur. Bir anlıq dünya adamın üstünə gəlir, bu böyük, yaşıl planetdə qaçmağa yer tapmayacağını düşünəndə adamın kələyi kəsilir.

Təəssüf ki, sıxıntı bununla da bitmədi... Bu bəşəri hadisə də bizdə fərqli mənzərə yaratdı. Pandemiyamız da, karantinimiz də Azərbaycansayağı oldu.

Məsələn, dünyanın demək olar ki, bütün ölkələrində sərt karantin rejimi bir ay çəkmədi, proses yekunlaşdı, yalnız tibbi maska və ara məsafəsi saxlanmaqla, digər qadağalar götürüldü. Bizdə isə 4-5 aydır qalmış olan bir çox qadağaların məntiqini anlamaq olmur.

Götürək şəhərdaxili nəqliyyat sistemini;

Tutaq ki, Bakıda hər səhər 1 milyon adam işə gedir. Kobud bölüşdürmə etsək, bu insanların təxminən yarısı işə gedərkən metrodan istifadə edir. Metronun qapadılmasından sonra hər gün 500 min insan məcburiyyət qarşısında avtobusdan istifadə etmək zorunda qalır. Hansı ki, metro işlədiyi müddətdə də avtobusdan istifadə edən bəlli bir kütlə var idi. İndi yerüstü və yeraltı nəqliyyat vasitələrinin sərnişinləri birlikdə avtobuslara doluşmaq məcburiyyətində qalıblar. Nəticədə avtobusda ikiqat sıxlıq yaranır.

Belə olduğu halda metronun qapadılması karantin qaydalarına zidd deyilmi?

Bu qərar insan sıxlığı yaradaraq karantin qaydalarını pozmurmu?

Metro açılsa, həmin 500 min insan təzədən metrodan istifadəyə başlayacaq, nəticədə marşrutlarda seyrəlmə baş verəcək. Görəsən, hər şey bu qədər aydın olduğu halda, metro niyə fəaliyyətə başlamır?

Yeraltı nəqliyyat vasitəsində havalandırmanın zəif olduğunu iddia edənlər varsa, qeyd edim ki, bu informasiya əsassızdır. Metro sistemində intensiv havalandırma mövcuddur, hansı ki, bəzi hallarda hava heç bayırda o qədər hərəkətdə olmur. Karantin tətbiq olunan ilk günlərdə bu mövzu Qərb mətbuatında da müzakirə edilmişdi, o zaman mütəxəssislər açıqlama vermişdilər ki, xəstəliyin qarşısının alınması nöqteyi-nəzərindən sərnişinlərin metro qatarları, yaxud avtobuslarda daşınmasının ciddi fərqi yoxdur, əsas sosial məsafənin qorunmasıdır.

Karantin müddətində Bakı metropolitenində relsə əlavə qatarların buraxılması, qatarlararası müddətin aşağı salınması, nəticədə vaqonlarda sərnişin seyrəkliyinin təmin olunması gözlənildiyi halda, paytaxtda metro bağlandı. Karantin yumşaldılsa da, hələ də, metro açılmayıb.

Görəsən, yuxarıdakı reallığı TƏBİB bilmir, yoxsa bizim bilmədiyimiz başqa səbəblər var?!

Bu günə qədər tətbiqi davam etdirilən qadağalardan biri insanların paytaxtdan rayonlara və əksinə hərəkətinin qarşısının alınması idi. Aydın məsələ idi ki, yay fəsli olduğundan əksər sektorda çalışan adamlar rayonlara gedəcəkdi, nəticədə Bakıda insan seyrəkliyi müşahidə olunacaqdı, nəqliyyat vasitələrində, mağazalarda mənzillərdə və digər məkanlarda adamlar az olacaqdı. Lakin qoyulan qadağa nəticəsində əhalinin hamısı Bakıda sıxlaşıb qaldı.

2020-ci ilin yay fəslində Bakıya kənardan baxsaydıq, bura böyük bir qazanxananı xatırladırdı, insanlar şəhərdə o qədər sıxlaşmışdı ki, parnik effekti yaranmışdı. Xülasə, şükür, bu qadağının məntiqsizliyini gec də olsa, anladılar, artıq dünəndən – sentyabrın 8-dən etibarən rayonlardan paytaxta və əksinə hərəkət bərpa edildi. Amma məntiqsizliyinə rəğmən davam edən qadağa sərnişin avtobuslarının işləməmisidir. Hansı ki, sosial məsafə qorunaraq avtobuslarla rayonlararası və paytaxta sərnişindaşıma bərpa oluna bilər. Sərnişin avtobuslarından istifadəyə ehtiyacı olan şəxslərin böyük hissəsi şəxsi avtomobil almağa imkanı olmayan – yəni, qismən imkansız təbəqədir. Avtobusların işləməməsi də hazırda həmin təbəqənin belini qırır. Taksilərlə paytaxta gəlib getmək onlara 3 qat baha başa gəlir. Məncə bu məqam mütləq nəzərə alınmalıdır.

TƏBİB dəfələrlə məlumat yaymışdı ki, Azərbaycanda vətəndaşlar karantin qaydalarını ciddiyə almır, Qərb ölkələri ilə müqayisədə bizim adamlar intizamlı deyil. Əmin olun ki, insanlarımızın intizamsız davranışı, karantin qaydalarına həssaslıq göstərməməsinin ilk səbəbi məntiqsiz və gülməli qadağalar idi. Qoyulan qaydaların bir çoxu yumora yatırdı, zarafata gəlirdi, vətəndaş bu qaydalara gülə bilirdi. İnsan bir şeyə güldüsə, apar qaytar, o qaydaya heç vaxt əməl etməz, zor göstərilsə, özünü əməl edirmiş kimi göstərər, təklikdə yenə də bildiyini eləyər.

Məsələn, bu günə qədər saxlanılan qadağalardan biri restoran və kafelərin saat 22-də qapadılması idi. Həmin saatda olduğum bütün restoranlarda saat 21.50-də, demək olar ki, insanlar xorla “gedək, 10 dəqiqədən sonra korona gəlir” deyir, gülüşür və qalxırdılar. Gərək qayda tətbiq edəndə onun ciddiyyəti barədə də düşünülə. Bura Qafqazdır. Gülməli qərarların gülməli də sonluğu olur. Gün ərzində, 14 saat işləyən bir restoranın daha 2 saat işləməsinin xəstəliyin yayılmasına nə qədər müsbət təsir edə bilər? Əksinə, restoranlar fasiləsiz işləyəndə insanlar oradan müxtəlif vaxtlarda qalxır, sıxlıq yaranmır. Restoran eyni vaxtı qapananda hamı qalxır, eyni vaxtı qapıdan çıxır, sıxlıq yaranır və s.

Bu tip qadağaların əksəriyyətinin effektiv olmadığı gec də olsa, qəbul edilməlidir və birdəfəlik aradan qaldırılmalıdır. Necə ki, Türkiyə, Rusiya da daxil olmaqla dünyanın əksər ölkələrində qadağalar aradan qaldırıldı, yalnız tibbi maskanın istifadəsi və sosial məsafənin qorunması tövsiyə edildi. Çəkici sosial çarxlar vasitəsilə insanlarda da bu tövsiyələrə maraq oyatdılar. Hansı ki, həmin ölkələrdə yoluxma və insan ölümün bizdən dəfələrlə çox olduğu göstərilirdi.

Dünyada bəzi qüvvələrin marağından dolayı saxlanan cüzi səksəkəni nəzərə almasaq, pandemiya təhlükəsi aradan qalxıb. Planetimiz öz düzəninə qayıdıb və üfüqlərdə təhlükə görünmür. O böyük yarasanın bir daha geri dönməməsi də artıq bizdən asılıdır; həm xırda gigiyenik tələblərə əməl etməliyik, həm də bir az gözüaçıq olmalıyıq.

# 4173 dəfə oxunub

Müəllifin son yazıları

# # #