Sərdar Amin: “Bahar”- Ən qısa hekayə

Sərdar Amin: “Bahar”- Ən qısa hekayə
20 dekabr 2013
# 16:00

Kulis.az Sərdar Aminin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Bahar” (497 işarə) hekayəsini təqdim edir.

‎- Ana, atanı niyə bağlayıblar?

- Yıxılmasın deyə.

- Bəs boğazından niyə bağlayıblar?

- Heç vaxt yıxılmasın deyə.

Dar ağacından səs gəldi:

- Oğlum, öpdüm səni.

- Hanı?

-...

Üçüncü baharıyla indicə müjdələnən balacaya belə çətin sualı kim öyrətmişdi?

Şair yenə nəsə pıçıldadı:

“Bu yarpaqlar siçan qulağı deyil,
bülbül dili boydadı.
Yaz dil göstərdi daha qışa.
Biri pardaq, biri qönçə qızılgüllərlə göz vurdu bahar qışa.
Bir salxım...”

Gülümsədi...

Gülümsədi ki, traktor çömçəsindən yox, məmləkətin yeganə dar ağacından asıldı.

Asılmadı.

“...bir salxım şair gətirdi o bahar dar ağacı”.

# 3301 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #