Sevmədən evləndik, inanmadan namaz qıldıq... - Sərdar Amindən yeni şeirlər

Sevmədən evləndik, inanmadan namaz qıldıq... - Sərdar Amindən yeni şeirlər
10 mart 2020
# 18:11

Kulis.az Sərdar Aminin yeni şeirlərini təqdim edir.

Qış kəpənəkləri

Cibində mandarin qabığı gəzdirən
duz qoxulu
sarı qız,
Gəl, günəşim ol.

Ürəyində nəsə var,
Ya da çantanda.
Yoxsa məni görəndə
Çiynindən sürüşüb
dirsəyində bənd olmazdı.

Arxamca qaç,
bir tin tapaq nəm qoxan
Silah kimi gəzdirdiyin
çətiri aç!
Gəl, evim ol.

Pəncərəmiz olsun çirkli divardakı “A4”lər
Elanlarda “çörək var və qril var”.
Heç nə lazım deyil başqa.
Döngələrdə zibil var.

Özüylə danışıb Allaha and içən bu qoca
babamız olsun,
Elandan baxan leykoz uşaq
balamız olsun.
Qorxma, sağaldarıq, quzum.
Onsuz da
bütün xəstələrlə üst-üstə düşür qan qrupum.

Nəsə olmalıdır,
eşitmədiyimiz bir səs gəlməlidir hardansa.
Yanımda ol, sarı qız.

Sarı işığın düşsün
Boz çətirə gecələr.
Bitməyəcək onsuz da
soyuq tire gecələr.

İlğım tənhalığı var.
insanların qaynaşdığı küçələrdə
Bu insanlar kimlərinsə ilğımıdır,
Şəklə bax, nəsə demək istəyir
balamızın çöhrəsi:
insanlar bir-birinə nəzirədir,
ulduzlar da onların kölgəsi.

Sarı qız,
qızım var,
bir az sənə oxşayır,
bir az da anasına.

Mən qızımçün bir az gec darıxıram
Amma batıq yanaqları düşəndə xatirimə
heç kəsdə ağrımayan yerlərim sızıldayır.

Hamiləlik testində
nazik qoşa xətt kimi
uzanaq çətir altda.
Susaq xəcalət kimi

Sevmədən evləndik,
inanmadan namaz qıldıq, sarı qız.
Hər şeyin yaxşı olacağını düşündük,
Bütün ölülər də belə düşünürdü, diriykən...

Gözəllik gözdən yoluxur...
Bir adi sözdən yoluxur
Uşaqlar bizdən yoluxur.
Qovur kəpənəklərini.

İndi yaz gələcək...
babamız öləcək.
Sən də çətirini bağla, sarı qız.
Aç-bağla, aç-bağla, aç-bağla...
Uç, bu nəzirə dünyadan.


Güləsər - Bir zəmi əfsanəsi

Əlinin tərsində tər
Ovucunda sərasər
Un gəzdirər Güləsər.

İşdən gecələr çıxar
Yuxunun kəm çağında
Sübhün nabələd vaxtı
Günün mübhəm çağında.

Özündən əvvəl çatar
Evə unlu xəyalı
Çörək sexində qalar
Boz, dama-dama şalı

Bakı; qara buruqlar,
Bir tərəfdə Ağ şəhər
Bir yanda neft qoxusu
Bir tərəfdə Güləsər

Səhərin ilk addımın
Gecədən çölə qoyar
Şəhərin ac itləri
Ətəklərindən doyar.

Xəyalının ardınca
Evə çatar Güləsər
İşığı da yandırmaz
Elə yatar Güləsər.

Özü yatar, əlləri
Saçın hörər qızının
Bir azdan oyananda
üzü gülər qızının.

Hörüyü anasının
Bu səhər də əlindən
Hədiyyə kimi alar
Vərdişkərdə əlindən.

Xəmirli biləyindən
Öpüb məktəbə gedən
Qızıyçün ovucları
Yuxulu dua edər.

Gecə çörək bişirər
Çörək qoxar nəfəsi
Gündüz yatar Güləsər
Əhmədli qəsəbəsi
Çörəyindən dadanda
Yuxu görər – yuxusu
Bir zəmi əfsanəsi.


İkincilərə…

Bax, Ameli, yenə dovşan çıxacaq
Bu uzunbığ sehrbazın əlindən
Bax, verməsən o qırmızı dəsmalı
Heçnə gəlməz yaramazın əlindən

Yenə sabah o filləri döyəcək
Qamçı onun, yarıtmaz zor onundu
Xortumların dik tutar səni görcək
Mən bilirəm, fillər sənin dostundu

Salınarsan tənin boyda çənbərə
Tən ortadan... bu şəlalə qamətin
Sağ tərəfdə ayaqların tərpənər
Sol tərəfdə gülümsəyər sifətin

İzlərimi tapdayan ayaqlarım
Qopsun, getsin, gəzsin ayaqlarınla
Qoy uzanım bu qabırğa çənbərə
Alma yeyim gülümsəyən yarınla

Hamı səni ikinci tək alqışlar
Bilməzlər ki, yeganə canbaz sənsən
Heç kim belə gözəl yarı bölünməz
Bax, Ameli, əsl sehrbaz sənsən.


Göy üzlü dəftər

Qaranlıqda o dərəylə baxsam geri
Aradakı milyon illik sirr pozulsa,
Duman birdən ərkin çəksə qaranlıqdan
Uman yerdən əlin üzsə, bulud olsa...

Səhv dayansam, günəş qapsam güneylərdən.
Quzeylərdən uyğulu meh qopar bir az
Titrəsə də şıltaq mehdə göy sünbüllər
qədərindən artıq, əksik sanballanmaz

Qovluq-qovluq yarpaq çıxmaz rəflərimdən
Milyon il də sıralasam təşbehləri
Mavi üzlü, laqeyd qeyd dəftərimdə
oğrun-oğrun sürüşməz su hörümçəyi.

Keçər ömrüm Dmitriçin döngəsində
Çovdarlıqda bir uçurum qırağında
Çiçək açan gənc qızların kölgəsində
İtirilmiş bir zamanın sorağında.

# 5544 dəfə oxunub

Müəllifin son yazıları

# # #