Mehdi Məmmədov bərbərxanada necə öldü? – İlham Rəhimlidən MARAQLI XATİRƏLƏR

Mehdi Məmmədov bərbərxanada necə öldü? – İlham Rəhimlidən <span style="color:red;">MARAQLI XATİRƏLƏR
22 may 2018
# 21:00

Kulis.az görkəmli rejissor Mehdi Məmmədovun doğum günü münasibəti ilə İlham Rəhimlinin “Bitməyən söhbətlər” silsiləsindən birinci yazını təqdim edir.

Günlərin birində Azərbaycan Dövlət İncəsənət İnstitutunda Mehdi Məmmədovlagörüşdük. Mən mühazirədən çıxdım və Mehdi müəllimin müdir olduğu kafedranın qabağından keçəndə gördüm ki, dərs jurnalını doldurur. İçəri keçib salamlaşdım. İkilikdə təxminən 20-25 dəqiqə söhbətimiz oldu. Sonra otağa başqa müəllimlər də gəldilər və mən xudahafizləşib onlardan ayrıldım. Bu maraqlı söhbətimizdən sonra belə qərara gəlmişdim ki, ona 1001 sual verim. O suallarımı cavablandırandan sonra kitabça şəklində çap edim. Adını da belə qoyum: “1001 suala 1000 cavab”.

Evdə yazı-pozularımı yığdığım qovluqları, gündəliklərimi açıb baxdım. Mehdi müəllimlə ayrı-ayrı vaxtlardakı söhbətlərimizdən fraqment və qeydləri bir yerə topladım. Hamısının altında tarix vardı. Lap qısa qeydlər 1972-ci ilin oktyabr ayından, nisbətən iri həcmli qeydlər 1974-cü ilin iyun ayından başlayır. Mən instititutu 1972-ci ilin iyun ayında bitirib “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində ədəbi işçilik fəaliyyətinə başlamışam. 1972-ci ilin mayından 1973-cü ilin mayına kimi hərbi xidmətdə olmuşam və qayıdıb yenə redaksiyada çalışmışam.

Qeydlərimin bəzisində bir, bəzisində ükü-üç, bəzisində dörd-beş, lap çoxunda ona yaxın sual-cavab vardı. Bunları Mehdi Məmmədovla söhbətlərdən sonra gəlib evdə qələmə almışdım. Bu qeydlərin də içərisində Mehdi müəllimin maraqlı fikirləri vardı. Bəzilərinə sual əlavə edib, cavab əvəzində Mehdi Məmmədovun sözlərini verdim. Ancaq uzun müddət fikrimi Mehdi Məmmədova demədim. Fikirləşirdim ki, suallarımı vaxt, imkan, məqam olduqca Mehdi müəllimə verərəm. 1001 sual məsələsini ən axırda ona deyərəm. Buna kimi müxtəlf vaxtlardakı görüşlərimizdən ara-sıra qeydlər götürmüşdüm...

Onu da deyim ki, Mehdi Məmmədovla bir sıra görüşlərimiz məhz redaksiyanın tapşırığı ilə olub. Xüsusən 1972-1980-ci illərdə. Təbii ki, müxtəlif məkanlarda, çünki görüş yerini möhtərəm sənətkarımız müəyyənləşdirirdi. Nə yaxşı ki, mən qəzetimizin adi əməkdaşı kimi şöbə müdirim, xeyirxah insan Əfqan Əsgərovdan bu tapşırıqları almışam. Həm də nə yaxşı ki, Mehdi müəllim gəlişimin niyyətindən başqa da suallarımı cavablandırmağa imtina etməyib.

1984-cü ilin mart ayı təzəcə başlamışdı. Günlərin birində heç özüm də bilmədən qəflətən fikrimi Mehdi müəllimə bildirdim. O da başını bulayıb dedi:

– Səndən də əndrəbadi sözlər çıxır. Necə yəni min bir suala min cavab?

Cavab verdim:

– 1001-ci sualı elə verəcəm ki, onu cavablandırmayasınız.

Bir xeyli fikrə getdi. Sonra dedi:

– Fikirləşdiyin o suallardan on-on beş dənəsini yaz ver mənə, evdə baxaram...

Razılaşdım və səhərisi Azərbaycan Dövlət İncəsənət İnstitutuna gəldim. Mehdi müəllimin müdir olduğu kafedrada yazdığım sualları ona verdim. Üstündən iki gün keçəndən sonra mənə zəng vurdu.

– İlhamdı?

– Bəli, Mehdi müəllim, mənəm.

Onun səsini tanımamaq mümkün deyildi.

– Salam. Suallarının cavabı hazırdı. Saat 12-də institutda olacam, gəlib götürərsən.

Getdim və sualların cavabını aldım. Əl yazısı idi, ancaq xətti aydın olduğu üçün asanlıqla gözdən keçirdim. Sonra soruşdum:

– Mehdi müəllim, suallar xoşunuza gəldi?

Nəsə yazırdı. Başını qaldırıb çəpəki mənə baxdı.

– Yəqin xoşuma gəlməsəydi cavablandırmazdım.

– Razısınız min bir sualın minini cavablandırmağa?

– Yazılı istəmirəm. Arada görüşüb söhbətləşsək hamısından yaxşı olar. Sual içindən sual çıxar.

– (Sevincək) Onda icazə verirsinizsə sizin bu cavabları da söhbət kimi verim, hardasa təzə sual çıxsa deyərəm. Ona ayrıca cavab verərsiniz, sonra mətnə əlavə edərəm.

Razılaşdıq.

Məqsədimi ona deyəndən sonra ilk söhbətimiz 1984-cü il mart ayının 25-də olub. 27 mart Beynəlxalq teatr günü münasibətilə Mehdi Məmmədovdan qəzet üçün müsahibə alırdım. Redaksiyanın tapşırığını yerinə yetirəndən sonra öz suallarımı verdim. Mənim arxiv qeydimə əsaslansam, həmin gün ona 12 sual vermişəm. Sonralar bir neçə dəfə də söhbətləşdik...

Ancaq çox-çox təəssüflər olsun ki, sualı 1001-ə çatdıra bilmədim...

1985-ci il yanvar ayının 28-də Mehdi Məmmədov saat on radələrində iş yerimə zəng vurdu.

– Günorta sizin idarənin birinci mərtəbəsindəki bərbərxanaya gələcəm. Saçımı vurdurub sənə zəng edəcəm. Düşərsən aşağı, 26-lar bağında bir az gəzib sənin o sualların barədə söhbət edərik. Mənim özümün də özümə suallarım var, istəyirəm onları sənə verim baxasan. Razılaşsaq sonra görüşərik, həmin suallara bir-bir cavab verərəm.

– Oldu, Mehdi müəllim. Otaqdayam, nə vaxt zəng vursanız düşərəm aşağı. Fasiləyə də çıxmayacam.

İşlədiyim “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetinin redaksiyası 6 mərtəbəli binanın 3-cü və 5-ci mərtəbələrində yerləşirdi. Mənim müdiri olduğum mədəniyyət, ədəbiyyat və incəsənət, publisistika və felyeton şöbəsi 5-ci mərtəbədəydi. Mehdi müəllimlə telefon danışığımızdan xeyli müddət sonra üçüncü mərtəbədə oturan, redaksiyanın məsul katibi, Mehdi müəllimin dostu Alp Ağamirov mənə zəng vurdu. Salamsız-kalamsız sərt səslə “İlham, tez düş aşağı” dedi.

Soruşdum:

– Alp müəllim, Mehdi müəllim zəng vurmalıdı, onu gözləyirəm. Olar sonra düşüm?

Öskürdü. “Bilirsən...” deyib, susdu. Hiss etdim ki, qəhərləndi. Susdum. Özü dilləndi:

– Mehdi müəllim yoxdu...

Hövlnak aşağı düşdüm və birlikdə bərbərxanaya getdik. Mehdi müəllimin meyiti ortada idi, üstünə mələfə örtmüşdülər. Bərbərxanadan milisə zəng vurmuşdular ki, gəlib sənədləşmə aparsınlar.

Meyitin yanında Mehdi Məmmədovun qardaşı oğlu Əsəd Məmmədov, aktyorlar Eldəniz Zeynalov və Mikayıl Mirzə vardı. Hardan belə tez xəbər tutduqlarını bilmirəm. Onlarla səssizcə görüşdük.

Mehdi müəllimin ustasını tanıyırdım. Yaxınlaşıb ondan soruşdum ki, hadisə necə oldu?

O, bunları danışdı.

“İçəri keçdi. Şərfi paltonun üstündən boynuna dolamışdı. Sağa-sola baxıb astaca salamlaşdı. Həmişəki kimi üzümə baxdı. Yavaşca “Vəziyyət necədir?”, - dedi. Gözlüyün, uzağı beş dəqiqəyə qurtarıram. Bir neçə saniyə üzümə baxdı. Qoltuğundakı qovluğu qoydu mizin üstünə. Palto-papağını çıxarıb asdı. Qayıtdı mizə tərəf. Dərindən elə nəfəs aldı ki, o biri ustalar da əl saxladılar. Heç kəsə məhəl qoymadan əyləşdi. Biz hər gün təzə qəzetlər alıb mizin üstünə qoyuruq. Qəzetdən birini götürdü. İki, ya üç dəqiqə keçmişdi. Bərk taqqıltı gəldi. Qanrılıb baxdım. Mehdi müəllim necə ayağa qalxmışdısa, oturduğu stul yıxılmışdı. Beləcə dimdik durdu, durdu... və birdən əlini ürəyinə aparıb yıxıldı. Tez əyilib nəbzini yoxladıq... gec idi... keçinmişdi...”

Bu faciəli hadisəyə görə də mənim istəyim baş tutmadı. Amma di gəl ki, müxtəlif vaxtlarda olan söhbətlərimizə cüzi əl gəzdirib (özümün bəzi üslub xətalarını qaydaya salıb) qoymuşdum bir kənara. Daha onları birləşdirib müəyyən sıra düzümünə salmamışdım. Düzdür, dəfələrlə bu mövzuya qayıtmaq istəmişəm, ancaq nədənsə tərəddüd göstərmişəm.

2017-ci ilin əvvəllərində “Şərq-Qərb” nəşriyyatından nəhəng sənətkar Mehdi Məmmədov barədə kiçik kitab yazmaq sifarişini aldım. Dedilər ki, elə et kitab şəkillərlə bir yerdə uzağı 150 səhifədən çox olmasın. Əvvəlcə kitabın həcmi və formatı kiçik olduğu üçün razılıq vermədim. Ancaq sonra fikirləşdim ki, indiki zamanda dünyasını dəyişmiş görkəmli sənətkar barədə kitab yazmaq sifarişi verirlərsə razılaşmaq lazımdır...

Nəhayət, üstündən 32 il keçəndən sonra söhbətlərimizi də müəyyən sistemə salıb bu kitabda vermək qərarına gəldim.

Söhbət-müsahibələrdə müəyyən mövzu qırıqlığı ola bilər. Xahiş edirəm oxucu nəzərə alsın ki, bu söhbətlər müxtəlif vaxtlarda aparılıb. Yuxarıda dediyim kimi, əvvəllər danışıqlarımız olub, lakin ilk yazılı qeydlərim isə 1976-cı ilə aiddir. Onda hələ bu müsahibələri toplayıb çap etmək fikrim yox idi. Heç Mehdi müəllim də bilmirdi ki, kağız-qələmsiz, diktofonsuz etdiyimiz söhbətləri axşamlar isti-isti kağıza köçürürəm. Mehdi Məmmədov dünyasını dəyişəndən sonra ayrı-ayrı vaxtlardakı söhbətlərimizi aşağıdakı şəkildə sistemləşdirmişəm. Burada bəzən il ardıcıllığını gözləməmişəm. Yəni, məsələn, 1983-cü ildə elədiyim söhbət 1979-cu ildəki dialoqumuzdan əvvəl verilib. Yaxud, 1977-ci ildə verdiyim hansısa sualı oradan çıxarıb 1981-ci ilə əlavə etmişəm. Sistemləşdirmə zamanı çalışmışam mövzularda müəyyən ardıcıllıq və ya bağlılıq olsun...

Bu məqamda 1977-ci ildə Mehdi müəllimlə olan bir görüşümüzdən danışmaq istəyirəm. Çünki həmin görüşümüzdə müəllim-tələbə münasibətimizdə daha dərin səmimiyyət yarandı...

Sentyabrın 25-də tezdənki ilk reyslə Moskvaya gəlmişdim. Bir zülmnən “Moskva” otelində yer almışdım. Günorta SSRİ Jurnalistlər İttifaqına gedib qeydiyyatdan keçdim və xarici pasportumu verdilər. Ayın 27-də qəzetçilərdən ibarət 24 nəfərlik dəstə ilə qatarla Polşa və Almaniya Demokratik Respublikasına turist səfərinə yola düşməliydik.

Otelə yorğun-arğın, ac-susuz qayıtmışdım. Axşam saat yeddiyə işləyirdi. Əl-üzümə su vurub ikinci mərtəbədəki restorana getdim. Restoranda seyrəklik idi, çünki adətən əsas müştərilər saat yeddidən, səkkizdən sonra gəlirlər. Yemək və 150 qram araq sifarş verdim. Xörəkpaylayan arağı xüsusi qrafində gətirmişdi. Qəlyanaltı ilə bir qədəh içmişdim.

Restorana iki giriş vardı, biri otelin içindən, digəri bayır qapıdan. Mən üzü otel girişinə tərəf oturmuşdum. Bir də gördüm ki, Mehdi müəllim içəri daxil oldu. Dayandı və sağa-sola baxmağa başladı. Yəqin ürəyinə yatan yer axtarırdı. Hələ bilmirdim nə edim, maraqla ona baxırdım.

Xidmətçi xanımlardan biri cəld Mehdi müəllimə tərəf gedib təbəssümlə özünə aid stolları göstərib nəsə dedi. Yəqin ki, “buyurun bu stollara” dedi. Tez ayağa qalxıb Mehdi müəllimə yaxınlaşdım. Görüşdük və onu əyləşdiyim stola dəvət etdim. Bu stola baxan restoran xidmətçisi Mehdi müəllimə söhbətləşən həmkarına gülə-gülə nəsə deyib, əlində kağız-qələmi ilə bizə yaxınlaşdı. Mehdi müəllim qəlyanaltı və yemək sifarışini verdi. Xidmətçi onun üzünə baxıb rus dilində məlahətli səslə soruşdu:

– Vəssalam?

Mehdi müəllim da gülümsər üzlə, amairanə səslə cavab verdi:

– Bəli, vəssalam!

Xidmətçi təəccüblə mənim üzümə baxdı. Baxışlarından bu sözlər oxunurdu: belə yaraşıqlı Qafqaz kişisi yəni içki içməyəcək? Mehdi müəllimin üzünə baxdım. Birinci dəfə idi onunla süfrə arxasında əyləşmişdim, açığı, bir az həyəcan keçirirdim. Ürəyimdən keçdi ki, Moskvada bizi tanıyan kimdi, qoy ona içki təklif edim. Cəsarətləndim. Xidmətçi başa düşməsin deyə öz dilimizdə soruşdum:

– Mehdi müəllim, axşamdı, yəqin ki, bundan sonra gedən yeriniz yoxdur. Elədir?

– Təyyarədən bir az var düşmüşən, yorğunam. Şam edib otağa çıxacam.

– Lap yaxşı... Bəlkə onda bir az içki...

O, çəpəki nəzərlərlə qrafindəki arağa baxdı. Dodaqları qaçdı, təbəssümlə dedi:

– İlham, müəllimin tələbəsi ilə araq içməsi qəbahətdir... (pauza verdi) Ancaq konyak olar.

İki saata qədər süfrə arxasında səmimi söhbətimiz oldu. Əsas o idi ki, həmin görüşdən sonra Mehdi Məmmdəovla söhbətlərimizdə özümü daha ürəkli və cəsarətli hiss edirdim. Bu qənaətə gəlmişdim ki, artıq Mehdi müəllimlə hər cür sənət söhbətləri edə bilərəm...

***

Burada topladığım sual-cavabları müxtəlif vaxtlardakı görüşlərimizdə olan söhbətlərdən götürmüşəm. Hətta burada Mehdi müəllimin elə cavabları var ki, onu bizim qrupa dərs dediyi illərdə auditoriyada söyləyib. Mən onun söylədiklərinə sual əlavə etmişəm. Fikirləşmişəm ki, bu dialoq ümumi mövzuya giriş xarakteri daşıyar, belə təqdimat onun ömür yoluna müəyyən işıq salar.

– Teatra neçə yaşından maraq göstərmisiniz?

– On iki, on üç yaşlarımdan.

– Necə oldu maraq göstərdiniz?

– Məndən yaşca böyük məhlə uşaqlarından bir neçəsi Türk İşçi Teatrında kütləvi səhnələrə çıxırdılar. Bir neçə dəfə onlara qoşulub mən də teatra getdim. Beləcə, məndə də səhnəyə güclü maraq oyandı. Özümüzün məhlə teatrımız da vardı. Hərdən kiçik vodevillər, məzhəkələr hazırlayıb oynayırdıq. Türk İşçi Teatrına yardım heyətinə ştata götürülmüşdüm.

– İxtisas təhsili almamış getdiniz teatra?

– Birinci il Bakı Teatr Məktəbinə daxil ola bilmədim. Dedilər ki, boyun balacadır, cılızsan. Türk İşçi Teatrında işləyə-işləyə ikinci il ora daxil oldum.

– Həmin təhsil ocağını bitirənlərin bir qismi məktəb, digərləri texnikum deyirlər. Sizcə hansı doğrududr?

– Moskvada, Leninqradda, Kiyevdə bu tipli təhsil ocaqları məktəb adlanır. Rus dilində məktəb texnikumdan daha təntənəli səslənir. Ancaq əslində bu iki sözün daşıdığı maarifçilik mənası baxımından o qədər də fərqləri yoxdur.

– Akyorluğa bu qədər marağınız vardısa onda bəs nə üçün ali təhsilinizi rejissor sənəti üzrə aldınız?

– Hiss edirdim ki, məndən güclü aktyor olmayacaq.

– Bəs nə bilirdiniz ki, siz güclü rejissor ola bilərsiniz?

– Ürəyimə dammışdı ki, rejissorluğu bacararam.

– O vaxta qədər heç olmasa məhlə teatrında tamaşa hazırlamışdınız?

– Yox.

– Adamın inanmağı gəlmir ki, 16-17 yaşlı gənc heç bir səbəb olmadan Moskvaya ali rejissor təhsili almağa gedir.

– Sən inanmırsan... özün bilərsən... Amma həqiqət budur.

– Diplom tamaşası hazırlamaq üçün Gəncə teatrını özünüz seçdiniz, yoxsa institutdan belə məsləhət oldu?

– Bizim institutda Azərbaycanda fəaliyyət göstərən bütün rayon teatrlarının siyahısı vardı. O siyahını mənə göstərib dedilər ki, hansı teatrı istəyirsən seç. Mən Gəncə teatrını seçdim.

– Bilmək olar nə üçün?

– Yəqin bilirsən ki, Türk İşçi Teatrı 1932-ci il dekabr ayının 28-də Bakı fəaliyyətinə son qoydu. 1933-cü ildən Gəncə Dövlət Dram Teatrı adı ilə yaradıcılığını davam etdirdi. Mən həmin teatrda işləmişdim, aktyorlarını tanıyırdım. Gəncə teatr truppasını özümə müəyyən qədər doğma bildiyim üçün o kollektivi seçdim.

– Təyinatınızı sizin istəyinizlə Gəncə teatrına verdilər?

– Diplom işi kimi Məmmədhüseyn Təhmasibin “Bahar” pyesini tamaşaya hazırladım. Tamaşanı qəbul etmək üçün iki sənət müəllimim də gəlmişdi. Tamaşa “əla” qiymətlə qəbul olundu. Teatrın aparıcı aktyorları İsmayıl Talıblı, Əşrəf Yusifzadə, Solmaz Orlinskaya, Rəmziyyə Veysəlova moskvalı qonaqlardan xahiş etdilər ki, bu cavan oğlanın təyinatını Gəncə teatrına verin. Onların xahişləri nəzərə alındı.

– Gəncə teatrında işləməyə peşiman olmadınız?

– Niyə peşman olmalıydım ki...

– Bəs onda nə üçün 1945-ci ilin ikinci yarısında Azərbaycan Dövlət Dram Teatrına gəldiniz?

– 1945-ci ilin iyul ayında Moskvaya getdim. İstəyirdim rejissor sənəti üzrə aspiranturaya daxil olum. Ancaq həmin il bu ixtisas üzrə aspiranturaya yer ayırmamışdılar. Mənə sənədlərimi teatrşünaslıq ixtisasına verməyi məsləhət gördülər. Ancaq razı olmadım.

– Bəs niyə Gəncəyə qayıtmadınız?

– O vaxtı mən Barat Şəkinskaya ilə evli idim. Barat xanım 1935-1942-ci illərdə Bakıda dram teatrında işləmişdi. Onunla danışmışdıq ki, mən Moskvada təhsil alan illərdə o, Bakıda işləsin. Ədil İsgəndərov elə yay təzə başlayanda Barat xanımı truppaya qəbul etmişdi. Ona görə mən də Moskvadan Gəncəyə yox, Bakıya qayıtdım.

– 1945-ci ilin payız mövsümü yenicə başlayanda siz də Şekspirin “On ikinci gecə” komediyasının məşqlərinə başladınız. Əsəri özünüz seçmişdiniz, yoxsa teatrın rəhbərliyi məsləhət görmüşdü?

– Özüm təklif etdim. Çünki mən bu əsəri bir neçə il əvvəl Gəncə teatrında tamaşaya qoymaq istəyirdim. Ancaq onda alınmamışdı...

***

Maksim Qorkinin “Meşşanlar” əsərinin ilk tamaşası 1975-ci il martın 22-də göstərildi. Terenti Teterov rolunu Mehdi Məmmədov və Məmmədrza Şeyxzamanov ifa edirdilər. Birinci və ikinci premyerada Məmmədrza Şeyxzamanov oynadı. Fasilədə Yaşar Qarayev, Bəkir Nəbiyev, Xalid Əlimirzəyev və Mehdi Məmmədov teatrın foyesində söhbət edirdilər. Mən də yaxınlaşıb söhbətə qulaq asırdım. “Xəyyam” tamaşası barədə danışırdılar. Mehdi müəllim dedi ki, vaxtaşırı Cavid repertuarda olmalıdır. Bəkir müəllim ona belə bir sual verdi:

– “Xəyyam”dan sonra Cavidin hansı əsərini hazırlamaq istiyərdiniz?

Mehdi müəllim gülümsəyib dedi:

– Dəqiq deyə bilmərəm… Amma neçə ildir “Topal Teymur” barədə düşünürəm.

Elə bu vaxt rejissor assistenti Nəcəf Həsənzadə yaxınlaşıb astadan Mehdi müəllimə nəsə dedi. Mehdi müəllim üzr istəyib Nəcəflə səhnə arxasına keçdi. Bu söhbət yadımda qaldı. Truppa müdirindən öyrəndim ki, üçüncü tamaşa martın 30-da olacaq və Teterovu Mehdi müəllim ifa edəcək. Həmin gün Mehdi müəllimlə qrimdən əvvəl görüşmək üçün teatra tez gəlmişdim. Çünki Teterovun qrimi uzun çəkirdi. Eşitmişdim ki, qrim zamanı o, heç kimlə danışmır. Yalnız hərdən nəsə ürəyincə olmayanda qrimçiyə bir-iki söz deyir.

Aktyor foyesində var-gəl edirdim ki, Mehdi müəllim gələn kimi ona yaxınlaşım. Bir azdan ləngərli yerişlə foyeyə daxil oldu. Salam verdim. Təbəssümlə:

– Sən aktyorlardan intizamlısan. Tamaşadan xeyli əvvəl gəlmisən.

– Sizə sözüm var.

– Axı mən bir azdan səhnəyə çıxacam, fikrimi cəmləşdirməliyəm.

– Mehdi müəllim, vallah heç on dəqiqə çəkməyəcək.

“Gəl görək” deyib, başını bulaya-bulaya qrim otağına tərəf addımladı.

– “Meşşanlar”ın premyerası günü foyedə Bəkir müəllimlə söhbətiniz yadınızdadı?

– (Qrim stolunun siyirməsində nəsə axtarırdı. Çevrilib çəpəki mən baxdı) Yaddaşımdan şikayətim yoxdur. Nə demək istəyirsən?

– Dediniz ki, “Topal Teymur” barədə düşünürəm.

– Dedim… sonra?

– Bəs nə vaxt hazırlamaq istəyirsiniz “Topal Teymur”u?

– Hazırlamaq qərarına gələndə sənə xəbər edərəm.

– Mehdi müəllim, zarafata salırsınız?

– Elə sənin sualların da zarafata oxşayır.

– Sizcə, Cavid barədə sual vermək zarafatdır?

– Baxır sualı necə verirsən. Mən bir sözdü dedim, sən də yapışmısan o sözdən. “Meşşanlar”ı təhvil verdiyimiz heç on gün deyil… Bir az nəfəs dərmək lazımdır, ya yox?

– Əsər barədə fikirlərinizi bilmək istəyirdim.

Təzədən siyirməni axtarmağa başladı. Kostyum sexinin işçisi əlində Terenti Teterovun asılqana keçirilmiş paltarları olan qapını döyüb içəri keçdi. Gətirdiklərini divardakı asılqana keçirib otaqdan çıxdı. Mehdi müəllim ayağa qalxıb paltarlarını bir-bir nəzərdən keçirdi. Sonra yenə qrim stolunun qarşısında əyləşdi və xeyli diqqətlə özünə baxdı. Birdən çevrildi. Guya məni indi görürmüş kimi soruşdu.

– Tamaşaya baxmağa gəlmisən?

İşarə verirdi ki, söhbətimiz bitdi.

– Bəli.

– Yaxşı eləmisən… (Bic təbəssümlə) Bax ha, birdən gecikərsən…

Mən otaqdan çıxdım. “Xəyyam” tamaşasından on üç il sonra Mehdi Məmmədov yenidən Hüseyn Cavid yaradıcılığına müraciət etdi. Ancaq “Topal Teymur”u deyil, “İblis” faciəsini tamaşaya hazırladı. Mehdi müəllimə “Topal Teymur” barədə ayrı-ayrı vaxtlarda da sual verdim. Dəqiq cavab vermirdi. Ancaq hiss edirdim ki, “Topal Teymur” faciəsi üzərində işləyir.

***

Yeni illə bağlı müsahibə almaq üçün beş incəsənət xadimi nəzərdə tutulmuşdu. Onlardan biri də Mehdi Məmmədov idi. 1975-ci ilin sonlarında onun mənzilində müsahibə aldım. Müsahibələr qəzetdə şəkillə verilməli idi. Ona görə mənimlə fotoqraf Cahangir İbadov da getmişdi. O, müxtəlif pozalarda Mehdi müəllimin bir neçə şəklini çəkdi. İcazə alıb sənətkarla şəkil çəkdirdim. İşimizi qurtarıb xudahafizləşəndə Mehdi müəllim fotoqrafa dedi:

– Əgər imkan olsa o şəkillərdən mənim üçün də çıxara bilərsinizmi?

Cahangir dərhal cavab verdi.

– Mütləq çıxararam. İlhama verərəm, o sizə çatdırar.

1976-cı ilin yanvar ayının ortalarında Cahangir şəkilləri mənə verdi. Təxminən üç saatdan sonra Mehdi Məmmədovun mənzilində idim. O, şəkillərə baxırdı. Mən də sakitcə onu gözləyirdim. Axırıncı şəklə də baxıb dedi:

– Çox sağ ol. Təşəkkürümü o fotoqrafa da çatdır.

“Baş üstə”, deyib bayaqdan içimdə qaynayan sualı verdim.

– Stolunuzun üstündə Cəlil Məmmədquluzadənin kitabları var…

(Gülümsəyir) Mirzə Cəlili oxumaq qadağandır?

– Bəlkə onun hansısa əsərini tamaşaya hazırlamaq istəyirsiniz?

– Mənə əvvəldən danışmaq düşmür.

– Deməli, mütləq Mirzə Cəlilin pyesini tamaşaya qoyacaqsınız. Bilmək olar, hansı əsərini seçmisiniz?

– Bayaq dedim ki, kərəmovçuluq teatrlara da sirayət edib. Həmin vəziyyət artsa teatrlar olacaq dəli yığıncağı.

– Belə çıxır “Dəli yığıncağı”nı tamaşaya qoymaq istəyirsiniz, hə?

– Mən elə demədim, onu sən söylədin.

– Bu əsər akademik teatrda heç vaxt oynanılmayıb.

– Arxiv araşdırmaq siz teatrşünasların işidir.

– Əsas rolları – Molla Abbasla Sonanı kim oynayacaq?

– Deyəsən, sənin sözün qurtardı...

davamı burda

# 2823 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #