“Hitlerin kabinetində olmuşam” – Veteranların Sərgisindən Reportaj

“Hitlerin kabinetində olmuşam” – <span style="color:red;">Veteranların Sərgisindən Reportaj
6 may 2019
# 17:35

Kulis.az Ayxan Ayvazın bu gün Rəssamlıq Akademiyasında təşkil olunan “Manifest" sərgisindən yazdığı reportajı təqdim edir.

- Dayı, Hitleri görmüsünüz?

- Kimi?

- Hitleri...

- Yox, oğlum... Amma Berlinə qədər gedib çıxmışdım. Hitlerin kabinetində oturmuşam.

- Kabinetində?

- Hə, 15 dəqiqə oturdum, durub çıxıb getdim.

Yer: Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksi. Arzu Mürvətovanın Böyük Vətən Müharibəsi veteranlarının tariximizdə qoyduğu qəhrəmanlıq izlərini ehtiva edən "Manifest" adlı fərdi sərgisində veteran Mirməhəmməd kişi ilə dialoqum.

- Şəklimi verməyiblər mənim.

- Niyə?

- Bilmirəm ki...

Narazı-narazı əlləri əsə-əsə müharibə iştirakçılarının şəkillərinin yanından keçib gedir.

Arzu Mürvətovanın yanına gedib kişinin narazılığını deyirəm:

- Mən 56 veteranın şəklini çəkmişəm. İnanırsınız, 56 evdə olmuşdum. Sonra metopolitenlə birgə bu layihəni davam etdirdik. O şəkillərin çoxu Gənclik metrosunda göstəriləcək.

- Kişinin şəkli niyə burda getməyib?

Gülümsünür:

- Gedim kişinin könlünü alım...

Bir azdan bu kişi mikrofonun qabağında olacaq:

- Əziz, qardaş və bacılar...

Və mənə dediyi cümləni təkrarlayır:

- Hitlerin kabinetinə girdim...

Sərgiyə təşrif buyurmuş veteranlar onun sözlərini gülüşlə qarşılayır.

- Nə deyir?

- Hitleri görübmüş...

- Yox a...

- Elə demir, deyir, Hitlerin kabinetində oturub.

- Hitler bir arvada qoşulub qaçmışdı.

Xanım veteranla tanış olduq. Adı Anna Xarxovskayadır. Deməli, bu qadın 1941-ci ildən ta 1943-cü ilə qədər Rostov Hidremeterologiya Bürosunda xidmət edib.

- Mən xəritələri cızırdım, sabah müharibə vaxtı havanın necə olacağını deyirdim...

Anna xanımı öz şəklinin yanına apardım. Kövrəldi deyəsən, əlindəki əsa aram-aram titrədi. Öz şəklinin yanında fotosunu çəkdim.

- Canlı klassikdir... – rəfiqəsi dedi.

- Müharibə olmasın, “sınok”, çox dəhşət idi. – dedi Anna. Mən onu qucaqladım. Ağaca oxşayırdı Anna. Elə bildim gövdəsi iri, qoca bir ağacı qucaqlayıram. O da güldü, məni müharibənin izlərini daşıdığı sinəsinə bərk-bərk sıxdı. Medalları cingildədi, gülüşlərinə qarışaraq...

Bir veteran beli əyilmiş başını yelləyə-yelləyə öz şəklinə baxırdı. Nazim Ramazanov adlı veteran 1941-1944-cü illərdə Ukrayna, Krasnodar və Pribaltika ölkələri uğrunda gedən döyüşlərdə bölük komandirinin köməkçisi vəzifəsində xidmət edib.

- Çox çətin idi mənim vəzifəm. Düz dörd dəfə yaralanmışam. Axırıncı əlimə dəydi. – şəkildə o əlini gizləməyə çalışıb. Deyir, kaş güllə dəymiş əlim o şəklə düşməyəydi.

Sərgidə gəzə-gəzə dostlarının fotoları ilə rastlaşır və tez-tez başını yellədib təəssüflənirdi.

- Buna demişdim ki, - bir veteranı göstərir – medallarını düz tax. Bax yenə səhv taxıb.

- Hara taxmalıydı ki?

- Hər medalın sinədə taxılmaq yeri var. Rəsmi göstərilir. Bunlar... - əlini yellədi.

Balaca bir uşaq onunla şəkil çəkdirmək istəyir. Nazim dayı gülümsünür. Anası onları çəkəndə medalları taxdığı kostyumu çıxarıb uşağa geyindirir. Yaranmış bu mənzərəyə anası çox sevinir və hamı uşağın şəklini çəkmək üçün özünə bir yer axtarır.

- Sənin neçə yaşın var?

- Məktəbdə oxuyur. – anası cavab verir.

Cibindən attestatını çıxarıb göstərir:

- Bax, oxu bura. Gör nə yazılıb?

- “Otliçno” – uşaq deyir.

- Hə, bax sən də bu cür oxu, hamısı səndə də belə olsun. Yoxsa dostluğumuzu pozarıq.

Və ona kostyumunu geyindirirəm. Medallar təzədən onun sinəsində məskən salır.

Mikayıl Hüseynov adlı veteranın fotosu diqqətimi çəkir. Xanımı ilə birgə çəkdirib. Yarısı ağ düşüb, yarısı qara. Deməli, Mikayıl dayı 1942-ci ilin fevral ayından Ukraynanın cənub-şərqində Donbass vilayəti ərazisində gedən döyüşlərdə iştirak edib. 1942-ci ildə 5 aylıq əsir həyatı yaşayıb və yenidən ordu sıralarına geri qayıdıb. 1945-ci ildə Çexoslovakiyada yaralanıb.

Yarısı ağ, yarısı qara düşən fotolardan biri də Tacirə Qazıyevanın şəklidir. 1942-ci ildə könüllü cəbhəyə yollanıb. Cəbhədə tibb kurslarına qatılıb. Mazdokun azad olunmasında, Stalinqrad və Kiyev uğrunda gedən döyüşlərdə arxa cəbhədə iştirak edib. “Qəhrəman ana” adına layiq görülüb.

Onun fotosu sənət əsəri idi sanki – bəlkə də müharibə il həyatın hekayəsini danışırdı bizə. Ağ və qara şəklin anlamı bu olsa gərək.

Bir də gördün fotodu adam... Amma burdakı fotoların hamısı canlıydı, bəziləri gəlmişdi bura. Medalları cingildəyə-cingildəyə gəzinir, öz müharibə dostları ilə söhbətləşirdilər.

- Dayı, sizin də şəkliniz var? – birindən soruşuram.

- Deyəsən, var, amma tapa bilmədim. Get tap görüm.

- Adınız?

- Mamed müəllim.

Getmək istəyəndə əlimdən tutub əlavə edir:

- Əsl veteran özüməm ha...

Qoca təbəssümlə üzümə baxır...

Sərgi salonunu ələk-vələk elədim və bayaq gördüyüm adamı şəkildə tapdım.

- Ordadı şəkliniz...

- Harda?

- Gedək göstərim.

- Ehtiyac yoxdu. Canlı şəkil oturmuşam da burda. Mən Berlinə qədər getmişəm e.

- Siz də Hitleri görmüsünüz?

- Yox, görməmişəm. – birdən nəsə yadına düşür. – Hə, şəklini göstərmişdilər.

Qadınlar daha maraqlı gəlir mənə. Onların şəkillərinə baxıram. Həcər İsababayeva... Poçtalyon işləyib. Lenin ordeni və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 15 il Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Bəstəkar Eldar Mansurov Həcər xanımın poçtalyon fəaliyyətinə “Xoş müjdəli Həcərim” mahnısını həsr edib.

Veteranlardan biri qızı, nəvəsi ilə gəlmişdi. Öz şəklini tapan kimi hamı onunla şəkil çəkdirməyə başladı. Bir, iki, üç, dörd...

- Kişi bezdi, üzündən hiss edirəm. – yanında gəlmiş xanım dedi.

Nəvəsi:

- Baba, müharibə xatirələrini danış görək...

Deyəsən, veteranın fikri ayrı yerdəydi. Birdən tüfəng kimi açıldı: “Mən Fərəcov İsmayıl Mövsüm oğlu Moldova, Ruminiya, Çexoslovakiya, Macarıstan... Berlinə qədər gedib çıxmışam”.

Hamısı da Berlini görüb. Əksər danışdığım veteranlara soruşurdum:

- Harda olmusuz?

- Dünyanın hər yerində...

Deyəsən, onlar bu əraziləri dünyanın tamamı hesab edirdilər.

- Hitler səhv elədi.

- Hə, sonra səhvini başa düşdü axı.

Mövsüm dayı ilə başqa bir veteranın dialoqu.

Rəsmi çıxış hissəsi oldu. Arzu Mürvətova bu ideyanın yaranmasından danışdı. Çoxdankı arzusuymuş və elə bu günlərə təsadüf edib. Zamanı azmış və 56 evdə olub. Evləri tapmağı bəzən çətin olub. Elə veteran olub ki, heç nəyi xatırlamayıb, divar saatı kimi ona baxıb. Bəziləri hələ də müharibədə olduqlarını sanırlar. Bəlkə də bu foto sərgini təşkil edə-edə çox maraqlı hadisələrlə qarşılaşıb və onları qələmə alsa, maraqlı bir kitab olar.

Veteranlar da bir-bir çıxıb sözlərini dedilər. Mikrofona öyrəşə bilməmişdilər. Bəziləri sözləri bitən kimi ordan ayrılmır, ayaqüstü dururdular, bu da sərgi iştirakçılarında gülüş yaradırdı. Hətta bir veteran çıxış eləmişdi, bir beş dəqiqədən sonra təzədən çıxış üçün mikrofonun yanına tələsəndə hamıda təbəssüm yarandı.

Skripkada həzin musiqilər səslənirdi bu arada...

- O vaxt Moskvada veteranların parkı vardı. Hamımız ora yığışardıq. Hansı diviziyada olduğumuz da üstümüzdə yazılardı. Bir-birimizi elə tapardıq.

- Yadındadır, medallara görə pul da alırdıq.

- Hə... Hə... Müharibə olmasın e... Dəhşətdi.

- O vaxt biz Hitlerə qalib gəldik. İndiki cavanlar edə bilməzdi bunu. – bir veteran səhvən bunu dedi, sonra da cavanları təriflədi.

Qarabağ üçün dualar edildi. Ağaca oxşayan və üstlərindəki medalları göz bəbəyi kimi qoruyan veteranların əsə-əsə, kövrələ-kövrələ dediyi bu dualar skripkanın həzin musiqisi üstündə gəzişə-gəzişə sərgi salonunu dolaşdı...

# 3757 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #