Pərviz Əsədov rəssamdır. Neftçalada dünyaya gəlib, ixtisasca mühəndisdir. Əksər yaradıcı insanlar kimi, o da rəssamlığa uşaqlıqdan maraq göstərib. Amma sənətə gəlişi təsadüfi olub: “Bu sənətə sırf terapiya məqsədilə gəldim. Art terapiya deyilən bir şey var. Əslində çox kömək elədi. Stress atır adam, yorğunluq çıxır. İçindəkiləri, heç kimə deyə bilmədiklərini kətana köçürürsən, yaxud kağıza. Belə başladı...”
Bu sənətlə peşəkar şəkildə məşğul olmağı qərara alanda isə tamamilə yeni istiqamət yaratdığının fərqinə varır. Kətan üzərində çəkilən rəsmlər xüsusi qoruma tələb edir. Amma daha təbii materialda işlənmiş əsərlərin ömrü uzun olur. Məsələn, bizə gəlib çatan qədim yazılar dəri üzərinə köçürülüb. Pərviz Əsədov da araşdırma apardıqda, bu amilə diqqət yetirib: “Tarixdə olub, dəri üzərində rəsmlər olub. Arxasına çəkməklə və yaxud tüksüz hissəsinin üzü kəsilməklə. Dedim nəyə görə mən başlamayım bunu? İdeya gəldi, testlər, sınaqlar elədik. 2013-cü ildə uğursuz sınaqlar oldu. Dəriləri özümüz aşılayırdıq. Amma bu günə gəlib çıxmağım təcrübələrin nəticəsidir”.
Və beləcə, sınaqlar uğurlu nəticə verir. Fərqli, diqqəti cəlb edən dəri üzərində çəkilmiş əsərlər yaranır.
Pərviz Əsədov müəllim dəstəyi olmadan, mərhələ-mərhələ çalışaraq özünü inkişaf etdirir. Dəri kətandan 20 dəfə bahadır. Bu, maliyyə baxımından əlavə çətinlik yaratsa da, rəssamı qorxutmur.
Qeyd edək ki, yaxşı aşılanmış bütöv inək dərisinin qiyməti 700-800 manatdır. Bir dəridən 1 əsər də çıxa bilər, 2-3 ədəd də. Rəsmlər üçün akril yağlı boyadan istifadə olunur. Rəsm əsəri bir həftə, 10 gün müddətində tam quruyur.
Rəssamın ilk sərgiləri ötən il ABŞ-da, daha sonra Azərbaycanda baş tutub: “22 ədəd heyvan rəsmi işləmişəm. Bəzi heyvansevərlərin, vegeterianların əks münasibəti olub. Bəziləri olub ki, deyib ki, “sən inəkləri qətl edirsən”. Normal qarşılayıram bunları. Bu olmalıdır. Hər kəs eyni şeyi sevə bilməz. Bir mesaj vermək istəyirdim. İlk sərgim də 22 rəsmdən ibarət olmuşdu. Bu rəsmlər uzun müddət yaşayacaq. O rəsmlərdə həm yırtıcılar var idi, həm də ev heyvanları. "Təbiəti qoruyaq!" mesajı verirdim insanlara”.
Pərviz Əsədovun rəsmlərinə ABŞ-da da reaksiya birmənalı olmayıb: “Kaliforniyada oldum. Dörd-beş böyük şəhərində. Rəsmləri qalereyalara göstərdim. Hamısı “vov” eləyib baxırdı ki, bu işdir, bunu sata bilmərəm. Çəkinirdilər. Hamısı da dəstəkləyirdi, bəyənirdi. Orda məntiq var - art biznes deməkdir onlar üçün. Deyir ki, “mən sənə vurulmamışam, şəklinə vurulmamışam. Mən bunu alıram ki, bu gün 5 manata almışamsa, 5 il sonra 50 manata satım”.
Heyvanlar seriyasından hər əsər 500-600 manata satılıb. Hazırda bu rəsmlərin sayı azdır. Amma sifariş olarsa, 800-1000 manat ödəmək lazımdır.
Pərviz Əsədov portret janrında işləməyi hədəfləyir. Amma bu dəfə tək dəri üzərində yox, kətan və kağızda da rəsmlər çəkmək istəyir. Qadın portretlərinə üstünlük verməyi planlaşdırır. Yay aylarında Türkiyəyə, gələn il isə Dubaya dəvət olunub.