Kulis.az Alim Qasımovun müsahibəsini təqdim edir.
- Yeddi əsas muğam var. Adi mahnılar kimi olsaydı, bu yeddi mahnıya qulaq asan insanlar çoxdan bezərdi. Bəs hansı səbəbdəndir ki, illərlə yeddi muğama qulaq asan insanlar bezmir, usanmır?
- Yeddi muğamın olması tamaşaçı üçün maraqlı deyil. Tamaşaçıya maraqlı olan muğamın əhval-ruhiyyəsidir. Muğam əsrlərdən bəri xalqın ruhundan süzülüb gələn mənəvi bir sənətdir, bütün Şərq ölkələrinin mənəvi dəyəridir. Elmi cəhətdən bu suala cavab verə bilməsəm də, hisslərimlə deyə bilərəm ki, muğam hər ifaçıyla özünü tapır. Hər ifada muğam tamam ayrı vəziyyətə düşür, dəyişir və muğamın böyüklüyü də elə bundadır. Hər muğam yaxşı xanəndənin səsinə, ahənginə, tərzinə görə təkrarsızlaşır. Ona görə də hər yaxşı xanəndənin oxuduğu muğamla dinləyicilər sanki təzə muğama qulaq asırlar. Hər səs muğamatı təzələyir deyə, muğamat həmişə maraqlıdır, təzədir, sevilib, sevilir və seviləcək.
- “Muğamı özününküləşdirib”, “Mahnını özününküləşdirib” kimi ifadələr günümüzdə tez-tez təkrarlanır, qulaq deşir. Sizcə, hər yetən muğamı, mahnını özününküləşdirə bilərmi, bunu etmək bir belə asandırmı?
- Baxır ifaçı muğama nə qədər ürək qoyur, zəhmət çəkir. Əgər bunları edə bilirsə, istər-istəməz özü kimi oxuyur. Bizim səsimiz bir-birimizə bənzəyə bilər, ancaq ürəyimiz və ordan qopan haray bir-birinə bənzəyə bilməz axı. Ona görə də ürəklə, hisslə oxuyan hər bir adam öz ürəyinin səsini çatdırır və təbii ki, başqasından fərqlənir.
Muğamı özününküləşdirməyin də müəyyən çətinlikləri var. Çünki edilən dəyişikliklər bəzən çoxluq tərəfindən qəbul edilir, bəzənsə yox. Elə xanəndə var dinləyəni daha çoxdur, eləsi var azdır. Eləsi var muğamda nəyisə dəyişir, ancaq baxırsan ki, yeniliyinin fəlsəfəsi yoxdur.
- Əvvəlki dövrlərdə Bakının kəndlərində muğam xiridarları vardı, indi də var, ancaq mən eşitdiyim və oxuduğum qədər onların çoxluq təşkil etdiyi vaxtlar olub. Paytaxt kəndlərinin dörd bir yanında muğam zövqüylə hesablaşmaq da hər muğam ifaçısının işi deyilmiş. Onlar həm də əruz vəzninin gözəl biliciləri idilər. Bu gün isə daha çox sərbəst, heca vəznində şeirlər yazılır və onların auditoriyası genişlənir və insanlar da modern ab-havaya köklənirlər. Sizin duyumunuzla bu auditoriya dəyişkənliyinin muğamatın dinlənilməsinə, anlaşılmasına nə dərəcədə təsiri var?
- Qəzəllə muğam elə bil əzəldən kodlaşıb. İfa zamanı muğam sanki sözləri əruz vəznində olmağa məcbur edir. Və bu, insanlara çox böyük təsir edir. Ancaq bəzən qoşmalar da oxuyublar. Bu, elə bil qızılgül dəstəsinin içində bir dənə başqa bəzəkdir və maraqlıdır. Ancaq o bəzəkdən ibarət gül alınmaz, əgər belə olsa, muğam öz fəlsəfəsini itirər.
Onu da deyim ki, indi muğama maraq azalmayıb, insanlar telefonlarında, maşınlarında, radioda, televizorda muğamdan onlara lazım olan qidanı alırlar. Sadəcə, əvvəlki muğam biliciləri azalıb. İndi başdan-başa muğam olan məclislər demək olar yoxdur. Bizim gəncliyimizdə məclislərdə 6-7 saat muğam oxunardı. İndi şadlıq evləri var, 6-7 müğənni gəlir, hərəsi yarım saat oxuyur gedir. Həm də o zallar elə qurulub ki, orda dəsgah oxuyub kiməsə təsir eləmək çətindir.
- Deyirlər ki, hər bir xanəndənin öz nəğməsi olur, o nəğmə onu həm məşhur edir, həm də xanəndə həmin nəğməylə ürəyini boşaldır. Məsələn, Qədir Rüstəmovun “Sona bülbüllər”ni misal çəkirlər. Sizin belə bir nəğməniz varmı?
- Mən bir-iki muğamı çıxmaq şərtiylə muğamların hamısını ürəklə oxumuşam, onların hər birindən özümə məxsus intiqamımı almışam. Ona görə mən muğamlar arasında fərq qoymuram.
- Sizi Türkiyədə və İranda təqdim edəndə “modern muğam ustası” ifadəsiylə təqdim edirlər. Hətta haqqınızda dərc olunan yazılarda və informasiyalarda da bu ifadə işlənir. Məncə, Siz muğamı modernləşdirməmisiniz, əksinə, onu bir az da kökünə, unudulan yerlərə aparıb çatdırmısınız. Bəs Sizi niyə belə təqdim edirlər?
- Onlar öz düşündüklərini yazıblar. Ancaq mən ustalaşdıqca daha qədimə gedirəm, daha qədimlərdən xəbər gətirirəm. Həm İranın, həm Ərəbistanın, həm Azərbaycanın, ümumən Şərqin ən qədim muğamlarını araşdırıram, qulaq asıram, öyrənirəm. Mən nə qədər inkişaf edirəmsə, o inkişaf o qədər qədim dövrə gedib çıxır. Mən nə qazanmışamsa, qədim muğamlardan öyrənib qazanmışam.
- Sizin oxu tərziniz yaradıcılığınızın ilk illərində o qədər də qəbuledilən olmayıb, çünki bu fərqliliyi birdən-birə öz içində əritmək çoxlarına çətin olub. Belə bir ifadə də var ki, bütün yenilikçilər bir gün qatı ənənəçiyə çevrilir. Sizdə necədir, elə muğam ifaçıları var ki, onların yenilikləri, yaxud fərq yaratmaq istəkləri Sizə çöçün gəlsin, qəbul edə bilməyəsiniz?
- Bir-iki müğənni ola bilər ki, mən onların yeniliklərini bəyənməyim. Ancaq onların adını deməyəcəyəm. Biri var muğamı korlayıb yenilik edəsən, biri də var daha da gözəlləşdirəsən, irəli aparasan, ifanın meydanını genişləndirəsən. Muğamı korlayaraq yenilik edən bir-iki adam var və bunu görürəm, dərk edirəm. Mən ənənələrimizi sevirəm, ancaq ənənəçi olmamışam heç vaxt. Gözəllik yaradan hər muğam ifaçısını sevirəm. Mənim kimisə qısqanmaq kimi bir vərdişim olmayıb və olmayacaq da.
- Sizin İctimai Televiziyada gedən “Ustad dərsi” verilişinizə baxanda görürdüm ki, izahlarınızın çoxu əllə-qolla, jestlərlə, mimika ilə, hətta deyərdim, ruhun diliylədir, nəinki akademik bilgilərlə, nəzəriyyə ilə. Televiziya verilişində görünürdü ki, siz tələbələrinizə o “dili” əvvəldən başa salmısınız. Çünki kənardan qavrayışları ilə olduqca püxtə görünürdülər. Ancaq mən bilmək istərdim ki, püxtələşməmişdən, bilginləşməmişdən əvvəl tələbələrinizə o ruhun dilin, üz ifadəsi ilə səslərinə etdiyiniz müdaxilələri necə başa salırsınız, yaxud onlar bunu necə öyrənirlər?
- İllərdir dərs deyirəm və bu xüsusiyyət illər ərzində formalaşıb. Tələbələrimə deyirəm ki, mən çox ustadların dərsində olmuşam, ancaq heç kəsdən belə dərs almamışam. Mənimçün muğamda akademik bir şey yoxdur. O verilişdə isə biz teatrlaşmış bir yol tutmuşduq ki, tamaşaçıya da, tələbələrə də maraqlı olsun. Sənin dediyin keyfiyyəti illərlə zəhmətdən sonra əldə etmişəm və məni ruhən duyan tələbə də o yolları bilir. Bununçün hansısa konsepsiya, çertyoj yoxdur. Konsert verə-verə indiki kimi fərqli konsert verə bilirəm, bunu mənə hansısa rejissor öyrətməyib ki?
- Bəzən deyirlər ki, sənətkar oxuyub öz üslubunu formalaşdırmalıdır, daim eksperimentlərdə olmaq özünü tapmamaq deməkdir. Bəzilərisə tam əksini düşünür. Siz bu iki fərqli fikir qütbündən hansının tərəfdarısınız?
- Yenilikçilərin tərəfində. Daim inkişaf olmalıdır. Bir yerdə küllənib qalmaq olmaz. Sənətkar həmişə özünü yetişdirməlidir. Sənin ustadlığın tələbələrin üçündür, özünə isə həmişə öyrənən – tələbə gözüylə baxmalısan.
- Söz seçimində Alim Qasımovun meyarı nədən ibarətdir?
- Bilirsiniz, biz çox məktəblərdən qidalanmışıq. Klassik ədəbiyyatı oxumuşuq, ədəbiyyat biliciləri ilə məsləhətləşmişik və illər ərzində formalaşmışıq. Və həmin yüksək zövq formalaşandan sonra başlamışıq başqa kitablardan da seçməyə. Zövqüm qəliz ilə asan başa düşülənin ortasında bir yerdə qərarlaşıb. Çox dərinlərə gedə bilmirəm. İndi isə məni tutan qəzəli yazıb əzbərləyirəm. Özü də mənim qəzəl əzbərləməyim zülümdür, çox çəkir.
- İllər keçdikcə bəzi tələbələriniz bilərəkdən, bəziləri bilmədən başlayırlar Sizi təqlid eləməyə. Belə hallarla rastlaşanda reaksiyanız necə olur?
- İlk mərhələdə sənətdə kimisə təkrarlamaq o qədər də ayıb sayılmır. Mən özüm də gəncliyimdə xoşum gələn ifaçılardan hansısa muğamı, şöbəni əzbərləyirdim. Sənətdə öz yolunu tapana qədər belə şeylərin olması mümkündür. Təzə-təzə başlayanda olur ki, hansısa sənətkarın yolu ilə gedirsən, onun ifa tərzində oxuyub-oxuyub, qabında varsa, öz yolunu tapırsan, əgər istedadın yoxdursa, elə o cür oxuya-oxuya çörək pulunu qazanırsan. Dünyəvi olmaq üçün təkrarsız olmaq lazımdır.
- Sənətkar fərdi ifa üslubunu formalaşdırmaq üçün nə etməlidir?
- Mənə elə gəlir bu Allahın işidir. Bunu nə mənə izah ediblər, nə də öyrədiblər ki, mən də indi bunun yolunu kiməsə öyrədim. Birinci zövq formalaşmalıdır ki, seçimin olsun. Seçim təkcə başqaları üçün deyil, həm də sənin özünü seçməyin, seçdirməyin deməkdir.
- Qızınız Fərqanə xanımın istedadının qığılcımını nə zaman və necə hiss elədiniz?
- Deməli, o 3-4 yaşında olanda, bir gün qapıdan çıxa-çıxa “Məndə Məcnundan füzun aşiqlik istedadı var” misrasını özümçün oxuyurdum, bir də gördüm o da təkrarladı. Həyat yoldaşıma dedim ki, mən gələnəcən buna bir-iki beyt, nə bacarırsan öyrət. Ha yavaş-yavaş başladı öyrənməyə, sonra dəf tutmağı öyrətdilər. Həm də hiss edirdim ki, bunun səsi gələn, davamı olan səsdir. Ancaq səhnəyə çıxan məqamda ona bir də düşünmək imkanı verdim. Dedim ki, qızım, bu, çox çətin sənətdir, elə sənətdir ki, hər an imtahandasan: bir adam üçün də oxusan imtahan verirsən, yüz min adam üçün oxusan da. Saatlarla oxusan da imtahandır, bir ağız oxusan da. Mən ikiqat yox e, yüz qat o zülmləri görüb gəlmişəm. Şükür, bu da Allahın qismətidir, razı oldu, qorxmadı. O da qarşısına məqsəd qoyub çata bilən adamdır.
- Siz oxularınızda sənəti ruhun diliylə oxumağa, insanlara ruh vasitəsiylə xitab etməyə çalışırsınız. Əks təqdirdə qəlblərə yol tapmağınız çətin olardı. Sualım ondan ibarətdir ki, Siz öz ruhunuzu duyan bir insan kimi, oxuduğunuz auditoriyaya da nə dərəcədə təsir etdiyinizi nədən bilirsiniz?
- Mən hiss edəndə ki sərbəstəm, kefim də yaxşıdır, bilirəm ki, auditoriyanı valeh etmişəm. Şükür ki, bir-iki istisna məqamı çıxmaq şərti ilə həmişə həmin ovqatda olmuşam. Yox, mən narahatamsa, yalandan oxuyuramsa, bilirəm ki, əhli-halı istədiyim ruhi vəziyyətə çatdıra bilməmişəm. Məndə orta vəziyyət yoxdur, ya ürəyimi qoyuram, ya da heç oxumuram. Tamaşaçını ləzzət məqamına çatdırmağa çalışmışam həmişə. Mən təkcə özümü yox, məni müşahidə edənləri də eyni dərəcədə yüksək ovqatda saxlamağa çalışıram, əks təqdirdə yüksək sənət nümunələri yaratmaq mümkünsüzdür.
- Sizin muğamda əsas xidmətlərinizdən biri də muğamda ritmikliyi artırmağınızdır. Bəs bu hansı ehtiyacdan yarandı?
- O ağılla görülən iş olmadı. Elə bil Allah elədi. Son vaxtlar hazırladığımız dəsgahların da çoxu ritmikdir. Bu ritm elə bil sənətə bir ətir qatdı, dad gətirdi. Nə qədər “ey dad, ey dad, ey dad” oxumaq olar? İnsanlar muğamın imkanları ilə, sənətin nəhayətsizliyi ilə tanış olmaq istəyirlər. Allah dünyanı yekrəng yaratmayıb axı, muğam da dünyadır və o da rəngarəng olmalıdır. Allah elə yaradıb ki, hər şey improvizasiyadır. Biz də o fərqli əhval-ruhiyyəni çatdırırıq.
- Alim müəllim, Sizin oxumağınıza səbəb sadəcə səsiniz olub, yoxsa hansısa ehtiyac?
- Açıq deyəcəm. Mən əlacsızlıqdan oxumuşam. Sürücü işlədim, fəhlə işlədim, hər şey elədim gördüm əlimdən heç nə gəlmir. Axırda elə bil Allah yol açdı ki, ay bala, get səsini sına, oxu... O vaxt kim mənə qulaq asırdısa, deyirdi ki, gözəl səsin var, məşğul ol. Beləcə, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil oldum, sonra müsabiqədə yer tutdum, qiymətləndirildim. Bir də gördüm ki, əməlli-başlı oxuyanammış ki, mataha mindirdilər məni. Mənə ilk qapı açan isə Ağaxan Abdullayev və Hacıbaba Hüseynov oldu.
- Şöhrətin vəfasızlığı haqqında düşünmüsünüz heç?
- Yox. Çünki mən şöhrətimi özümə hiss etdirməmişəm, onu camaat düşünüb, hörmət qoyublar. Mən şöhrət atına minməmişəm, şöhrət atının yanında piyada getmişəm həmişə. Qorxuram ki, üstünə minsəm, aşırda məni. Bunu da bilərəkdən eləməmişəm, Allah belə istəyib.
Kaspi.az